Lakin vətən sevgisi Bünyad kimi cəsur oğulların geri çəkilməsinə imkan vermirdi
Otuzillik ayrılıqdan sonra tarixi torpaqlarımıza -Qarabağa, Şərqi Zəngəzura üz tutan hər kəsin ilk səfəri müqəddəs yurd yerlərini ziyarət etmək olur. İnsanlar birinci fürsətdə düşmənin viran qoyduğu doğma kənd-kəsəyə baş çəkirlər. Belə dar macalda görülən təxirəsalınmaz işlərdən biri də vaxtilə həmin ərazilərin müdafiəsində canını, sağlamlığını qurban vermiş şəhidlərin qəbirlərini axtarıb tapmaq, qəhrəman qazilərin xatirəsini əbədiləşdirməkdir.
Bir neçə gün öncə Ağdamın Qalayçılar kəndinin sakinləri də yaşayış məntəqəsinin girəcəyində silahdaşlarının şəkli və ad-soyadı həkk edilmiş lövhələr qoyublar. Göründüyü kimi, el-oba qəhrəmanlarını unutmur, imkan yarandıqca onların əziz xatirələrinə ehtiram nümayiş etdirməyi özünə borc bilir. Həmin plakatların birində Vətən müharibəsi qazisi, igid döyüşçü mərhum Bünyad Quliyevin əksi diqqət çəkir. Həmişəki kimi qorxmaz, qələbəyə inamlı, məğrur, düşmənin bir gün "dəmir yumruq"la əziləcəyinə əmin şəkildə...
O, Qarabağ acılarını - daşnakların namərd xislətini münaqişənin başlanğıcında, hələ buna qədər gizli hazırlıqlardan dadmışdı. Vaxtilə Ağdərədə 6-7 erməninin bir azərbaycanlını vəhşicəsinə döydüklərini görəndə, onları şil-küt edib yaralı soydaşını öz maşını ilə aradan çıxarmışdı. Gəncliyi şahə qalxan at belində keçən, qolu qüvvətli bu igidi Kolanı elində hamı cəsarətli, millətin, vətənin təəssübünü çəkən şəxs kimi tanıyır, hörmətini saxlayırdı. Yaxşı futbolçu idi. Xankəndidə separatçıların meydanlara toplaşıb ərazi iddiaları irəli sürməsini eşidəndə, erməni quldurlarının sərhədboyu qəfil basqınlarını görəndə daha futbol oynamaq zamanı olmadığını, bu məkrli oyunlara qarşı çıxmağın zəruriliyini anladı. O zaman nizami ordu formalaşmadığından, yurd-yuvanı, elin namusunu qoruyacaq vətənpərvərləri təşkilatlandırdı. Əvvəlcə qardaşı Nüsrət Quliyevlə birlikdə futbol komandasındakı 28 cavanı başına toplayıb özünümüdafiə dəstəsi yaratdı. Əlinə silah alıb idmançı dostları ilə eyni sırada - doğma kəndin və əhalinin keşiyində dayandılar. Qalayçılar döyüş meydanına çevriləndə düşmən üzərinə yeriyən könüllülərin önündə getdi. 1989-1991-ci illərdə kənd özünümüdafiə dəstəsinin komandiri, sonra isə Azərbaycanın Milli Qəhrəmanı Şirin Mirzəyevin Ağdam özünümüdafiə batalyonunun ən fəal döyüşçüsü oldu. Kiçik qardaşı Fikrət də onlara qoşuldu.
1992-ci ilin 31 yanvar Fərrux, 4 mart Qazançı, 21 iyul Canyataq-Gülyataq döyüşlərində Quliyev qardaşlarının necə qorxmazcasına savaşdıqlarının çoxsaylı şahidləri var. Birinci Qarabağ müharibəsi qaziləri Elman Bayramov, Pənah Məmmədov, Xanlar İsmayılov və başqaları Bünyad, Nüsrət və Fikrətin hər zaman hücumun önündə olduqları, Vətən uğrunda sinələrinı qabağa verdikləri barədə konkret faktlarla danışırlar.
Xanlar İsmayılov deyir: "Bünyad və qardaşları bəzən ölümə getdiklərini bilə-bilə, düşmənin ağır texnikasının qarşısına adi avtomatla çıxırdılar. 2 fevral 1992-ci il tarixində birgə döyüşürdük. Azad etdiyimiz Fərrux kəndinə gecəylə yenidən soxulan erməni birləşmələri bizi mühasirəyə alıb sağ ələ keçirməyə çalışırdılar...
Bünyad ayağından vurulduğuna görə yeriyə bilmirdi. Əlindəki qumbaranı açıb gözləyirdi ki, özü ilə bərabər yaxınlaşan düşməni də məhv etsin. Köməyə gəldiyimi görüb çox yalvardı ki, vaxt varkən uzaqlaşım. Onu qoyub gedə bilməyəcəyimi qəti şəkildə bildirdim və pulemyotla düşmənin başını qaldırmasına imkan vermədim, o isə qanı axa-axa, arxası üstə sürünərək mühasirədən çıxa bildi. Bünyad aslanlar kimi cəsur ürəkliydi, elə oğullar dünyaya tək-tək gəlir".
O, təkcə döyüş meydanında yox, başqa vaxtlarda da əsl insanlıq, cəsurluq, fədakarlıq nümayiş etdirib, dara düşənlərə kömək əli uzadıb. Göldə batan iki nəfərin - Tərtər rayonunun Əskipara və Səhləbad kəndlərindən olan Azər və Ədalətin həyatını qurtarıb, özlərinin söylədikləri kimi, onlara ikinci ömür bəxş edib.
B.Quliyev bu dünyada cəmi 54 il yaşadı - 1958-ci il dekabrın 15-dən 2012-ci il sentyabrın 28-dək... İşğaldakı yurd-yuvanın fəryadına və həsrətə ürəyi dözmədi, infarktdan dünyasını dəyişdi. Niyə 54 il, bəs bu müddət ərzində yaddaşların, ürəklərin Bünyad ünvanlı dua və minnətdarlıqları, 34 il sonra doğma kəndində yaradılan xatirə kompleksi həmin ömrün davamı və əbədiyyətə calanacaq körpüsü deyilmi?
Qurban MƏMMƏDOV