29 Mart 2023 01:13
1118
Mədəniyyət
A- A+
O, dövrünün böyük sənətkarı idi

O, dövrünün böyük sənətkarı idi

 

Abbas Mirzə Şərifzadə Azərbaycan xalqının dünya mədəniyyətinə bəxş etdiyi görkəmli sənətkarlardan idi. Gənclik illərindən aktyorluq sənətinə yiyələnmiş, sonralar həm də rejissor kimi püxtələşmişdi. Azərbaycanın Xalq artisti kimi şərəfli ada layiq görülmüşdü.
A.M.Şərifzadə orijinal siması olan nadir istedadlardan idi. Teatra yüksək ideya-tərbiyəvi əhəmiyyəti olan məktəb kimi baxırdı. Böyük ideyalarla yaşayırdı. Yaradıcılığında həmişə ciddi məsuliyyət hiss edirdi. Həyatın, inkişafın zəruri tələbi olan prinsipləri böyük iradə ilə müdafiə edirdi.
O, 1893-cü ildə Şamaxının Yuxarı Qala məhəlləsində ziyalı ailədə anadan olmuşdur. Atası Mirzə Rəsul geniş dünyagörüşünə, yeni ruhlu mədəniyyətə malik insan idi. Seyid Əzim Şirvaninin "Üsuli-Cədid" məktəbində dərs deyirdi və Şamaxının ən mötəbər müəllimlərindən biri kimi dərin hörmət qazanmışdı.
1902-ci ildə Şamaxıda dəhşətli zəlzələ baş verir. Ailə Bakıya köçmək məcburiyyətində qalır. Beləliklə, yeniyetmə Abbas Mirzənin həyatında sərt bir dönüş yaranır, bütün sonrakı fəaliyyəti Bakı ilə bağlı olur.
1908-ci ildə Abbas Mirzə Molyerin "Zorən təbib" əsərindəki epizodik rolla ilk dəfə səhnəyə çıxır. İki il sonra "Maarif" cəmiyyəti nəzdində yaradılmış teatr kollektivinə qəbul olunur. 1911-ci ildə Əbdürrəhim bəy Haqverdiyevin "Ağa Məhəmməd şah Qacar" faciəsinin əsas qəhrəmanı olan Qacarın obrazını yaratmaqla özünü peşəkar aktyor kimi təsdiq edir. Cəfər Cabbarlı Abbas Mirzənin o dövrdəki fəaliyyəti barədə yazırdı ki, bu çəlimsiz, arıq, zahirən zəif görünən gəncin içində çox güclü, odlu mənəvi bir qüdrət aşıb-daşmaqdadır. Əsərin müəllifi Ə.Haqverdiyev onu "Şah Qacarın padşah yaradıcısı" adlandırırdı.
Görkəmli aktyor Azərbaycanın ozamankı teatr həyatının məhvəri sayılırdı. O həm də təşkilatçılıq bacarığı ilə fərqlənirdi. İstedadını düzgün istiqamətləndirə bilmişdi və onu ardıcıllıqla xalqa xidmətə həsr edirdi. Bir aktyor kimi üzərinə düşən vəzifəni yerinə yetirməkdə ona istedadı ilə yanaşı, savadı və intellekti də kömək edirdi. Bütün bu xüsusiyyətlər Abbas Mirzəyə müxtəlif obrazlar vasitəsilə insan faciəsini göstərməyə, həm də dövrünün qabaqcıl ideyalarını tərənnüm etməyə imkan verirdi.
Şərifzadənin obrazlar qalereyasına ötəri nəzər salaq: Otello, Şeyx Sənan, Oqtay, Karl, Aydın, Don Kixot, Maqbet, Teymur Ağa, Səyavuş, Eyvaz, Dəli Knyaz, Hamlet, İblis... Bunlar bir-birindən tam fərqlənən obrazlardır. O, bu surətlərin hər birini fərdi yanaşma ilə yaradırdı. Lakin bütün bu müxtəlifliyi birləşdirən yeganə oxşarlıq aktyor oyunundakı təbiilik idi. Başqa sözlə desək, Abbas Mirzə səhnədə özünü unudaraq gah şeyxə, gah ağaya, gah da sevən gəncə çevrilirdi.
A.M.Şərifzadə Azərbaycan teatrı tarixinə Hamleti oynayan ilk aktyor kimi daxil olmuşdur. Əsər 1926-cı ildə Dram Teatrının səhnəsində qoyulmuşdu. Tamaşanı Cəfər Cabbarlının tərcüməsi əsasında A.A.Tuqanov səhnələşdirmişdi. Ümumiyyətlə, C.Cabbarlı yaradıcılığı Abbas Mirzə sənətindən qırmızı xətlə keçirdi. Aktyorun fəaliyyətinin 20 illik yubileyində Cabbarlı ona "Oqtay Eloğlu" əsərini təqdim edir. Yazır ki, burada yaratdığım obraz sənin obrazındır. Fərqli odur ki, onun adı Oqtay, sənin adın Abbasdır. İkinizin həyatda qayəsi birdir. 
Bu böyük səhnə xadimi yaşadığı dövrün tamaşaçısını tam qane edə bilir, hətta zamanı qabaqlamağı belə bacarırdı. Fəaliyyət göstərdiyi illərdə istər ictimaiyyət, istərsə də dövri mətbuat onu həmişə yüksək dəyərləndirmişdir. Abbas Mirzə haqqında yazılan məqalələrə "Milli səhnəmizin qəhrəmanı", "Şərq teatrının böyük qəhrəmanı", "Avropa səviyyəli aktyor" kimi başlıqlar verilmişdir.
Azərbaycan teatrı Moskvada çıxış edərkən görkəmli teatrşünaslar Abbas Mirzənin oyunundan heyranlıqlarını gizlədə bilməmişdilər. Əbdürrəhim bəy Haqverdiyev, Mustafa Mərdanov və digər görkəmli insanlar Şərifzadə sənətkarlığına çox yüksək dəyər vermişdilər.
Onun yaradıcılıq imkanları çox geniş idi. Məhz bunun sayəsində o, Azərbaycanın mədəniyyət tarixinə təkcə aktyor deyil, həm də rejissor kimi daxil olub. Görkəmli sənətkar "Şeyx Sənan", "Oqtay Eloğlu", "Aydın", "Ağa Məhəmməd şah Qacar", "Qaçaq Kərəm" kimi tamaşalara rejissorluq edib, "Leyli və Məcnun", "Əsli və Kərəm", "Aşıq Qərib", "Şah İsmayıl" operalarına quruluş verib.
Çox ilklərə imza atıb Abbas Mirzə. İlk kino rejissorumuz olub. "Bismillah", "Hacı Qara", "Gilan qızı", "Məhəbbət oyunu" filmlərini çəkib.
1920-ci illərin ortalarından başlayaraq Abbas Mirzə digər istedadlı həmkarları Mirzağa Əliyev, Kazım Ziya, Sidqi Ruhulla, Mustafa Mərdanov, İsmayıl Hidayətzadə, Möhsün Sənani ilə birgə çalışmışdır.
Görkəmli teatr xadimi təkcə istedadına güvənən sənətkar deyildi. Daim öz üzərində işləyirdi, irəliyə can atırdı. Yenilikləri sevir və onlara həvəslə yiyələnirdi. Bu, onun aktyor və rejissor ustalığını artırır, uğurlarının, qələbələrinin sayını çoxaldırdı. Kinolarda bəzən montaj işini də öz üzərinə götürürdü. Montajı aktyor və rejissor işinin yekunu sayırdı. Daim mütaliə edirdi. Baxdığı, hətta baxmadığı filmlər haqqında resenziyaları oxuyurdu. Moskvadakı rəsm qalereyası ilə tanış olmuşdu. Tez-tez Əzim Əzimzadə ilə görüşür, maraqlı söhbətlər edirdi. Bütün bunlar çəkdiyi filmlərin bədii tərtibatında da özünü göstərirdi.
Beləliklə, qısa bir ömürdə çox böyük, çox zəngin sənət yolu keçən, təkrarsız obrazlar yaradan, monoloqları ilə teatr salonlarını lərzəyə gətirən Abbas Mirzə o dövrün yüzlərlə günahsız ziyalısı, sənətkarı, sadə vətəndaşı kimi repressiya qurbanı taleyi də yaşamalı olub. Əlbəttə ki, ona qarşı əsassız ittihamlar irəli sürülüb. Bu ittihamlar o dərəcədə saxta, uydurma idi ki, onların müəlliflərinin yazdıqları tarixin "gizlətdiyi" sənədlərdə dolaşıq düşür, yəni biri digərini inkar edirdi.
İttiham belə idi: "Əldə edilmiş məlumatlara görə, Şərifov Abbas Mirzə Rəsul oğlu bir xarici dövlətin xeyrinə casusluqda ifşa olunur. Qeyd olunanlara əsasən, o, həbsə alınıb Azərbaycan SSR Cinayət Məcəlləsinin 68-ci maddəsi ilə məsuliyyətə cəlb edilməlidir".
O zaman qarşısıalınmaz olan bu rejimə Abbas Mirzə də qurban gedir. 1937-ci il dekabrın 3-də Dövlət Təhlükəsizliyi İdarəsi 3-cü şöbəsinin müvəkkili, leytenant Kovrijenko Şərifovun məsuliyyətə cəlb edilib həbs olunması barədə qərar verir. Qərar yuxarı instansiyalarda da təsdiq edilir. Böyük teatr xadimini ad günü ərəfəsində həbsə salırlar. Bakının Çadrovaya küçəsi, 115 ünvanında yerləşən evində axtarış aparılır və müsadirə zamanı tapdıqları bir teatr qılıncı və iki teatr tapançası (!) olur.
Dekabrın 4-də həbs olunan Abbas Mirzədən nələr soruşmurlar! Xaricdə yaşayan qohumu, İran və Türkiyə konsulluqları, əksinqilabçılarla əlaqəsinin olub-olmadığı barədə onu sorğu-suala tuturlar. O, bütün suallara vicdanının səsi ilə səmimi cavablar verir.
Tanınmış bir aktyorun, əlbəttə ki, pərəstişkarlarının, çoxsaylı tanış və dostlarının olması təbii bir haldır. Abbas Mirzəyə Hüseyn Cavid, Cavad Axundzadə, Mikayıl Müşfiq, Seyid Hüseynlə əlaqələri barədə də suallar verirlər. Təbii ki, aldıqları cavablara inanmır, daha doğrusu, inanmaq istəmirlər. "...Səmimi deyilsiniz. Siz yaxşı artist olmağınızdan istifadə edərək Cavid, Cavad və Müşfiq kimi burjua antisovet yazıçılarını tərənnüm edib onların pantürkist xəttini həyata keçirirdiniz. Nə üçün siz konsertlərdə və radioda repertuarınıza Müşfiqin, Hüseyn Cavidin və Əhməd Cavadın əsərlərini salırdınız?" - deyirlər. Abbas Mirzə bildirir ki, konsert proqramlarını İncəsənət Komitəsi təsdiq edir və icazə olmadan heç bir əsəri ifa etmək mümkün deyil. 
Müstəntiqlər istədiklərinə nail olmaq üçün əsl tamaşa qururlar. Elə bir tamaşa ki Abbas Mirzə onu heç vaxt ağlına belə gətirə bilməzdi. Çünki ona atılan böhtanlardan tamamilə uzaq idi. Dönə-dönə deyirdi: "Mən heç vaxt sovet hakimiyyəti əleyhinə işləməmişəm və əgər bir şey etsəydim, bu barədə xəbər verərdim. Mən nəinki Müsavatın işləri ilə məşğul olmamışam, hətta bu haqda belə düşünməmişəm..."
Dindirmələr 1938-ci ilin yanvarında da davam etdirildi. Müsavatın əks-kəşfiyyat idarəsi ilə münasibətdə ittiham olunurdu. Müttəhim isə yenə də bu idarə ilə heç bir əlaqəsi olmadığını və idarənin heç bir məmurunu tanımadığını bildirirdi. Altı dəfə uzun sürən dindirilmələr, eyni suallara verilən eyni cavablar, təzyiqlər, işgəncələr davam edirdi. Hətta Abbas Mirzənin üzünə duranlar da tapılırdı. 
Məhkəməsi cəmi 15 dəqiqə çəkən bir çox "qırmızı terror" qurbanlarından fərqli olaraq Abbas Mirzə Şərifzadənin işi xeyli vaxt davam edir. 1938-ci il oktyabrın 30-da onun casusluq fəaliyyətinə görə güllələnməsi qərara alınır. 
Aktyorun "cinayət işi"nin 51-ci vərəqəsində qeyd olunub ki, onun güllələnməsi haqqında qərar noyabrın 16-da yerinə yetirilib. Yəni ölüm hökmünün icra edilməsi bir aya qədər ləngidilib. Deməli, Abbas Mirzə lazımi ifadələri verərsə, onu güllələməyəcəklərini vəd ediblərmiş...
Ömrünün və sənətinin çiçəklənən dövründə qətlə yetirilən Şərifzadə kim bilir səhnəmiz üçün, Azərbaycan teatrı və kinosu üçün daha nələr edərdi? Lakin elə bu qısa ömründə etdikləri də onun Azərbaycan mədəniyyəti tarixində bir ustad sənətkar kimi qalması üçün kifayətdir. 

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Türkiyənin internet ixracı üzrə əsas hədəf bazarları sırasında yer alıb

19:48
30 May

Britaniyalı nazir: Azərbaycan Britaniya üçün təhlükəsizlik və diplomatiya sahələrində vacib tərəfdaşdır  

18:28
30 May

Birinci Qax Kitab Sərgisi başlayıb

17:34
30 May

Avropa çempionatı: Minifutbol üzrə Azərbaycan millisindən növbəti qələbə  

17:16
30 May

Qəbələdə təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir

16:44
30 May

Çin avtomobil batareyalarının təkrar emalına nəzarəti gücləndirir

15:43
30 May

Ombudsmanların beynəlxalq konfransında Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində görülən işlərdən danışılıb

13:41
30 May

Sabahın hava proqnozu açıqlanıb

13:04
30 May

Bakıda şiddətli külək nəticəsində 41 ağac sınıb

13:03
30 May

İran yığması FIFA-dan cavab gözləyir

12:57
30 May

Rusiya Ermənistandan tərəvəz və giləmeyvə idxalını məhdudlaşdırdı

12:56
30 May

Bu gün UEFA Çempionlar Liqasının qalibi bəlli olacaq

12:22
30 May

Azərbaycan neftinin qiyməti 98 dollar olub

11:43
30 May

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

11:34
30 May

Rusiya Ermənistandakı səfirini geri çağırıb

11:13
30 May

Xorvatiya Respublikasının Prezidenti Zati-aliləri cənab Zoran Milanoviçə  

11:02
30 May

Zəngilanın “ağıllı kənd”indən dünyaya: Ağalı bağlarının meyvələri xarici bazarlarda  

10:49
30 May

Vaşinqtonda Müstəqillik Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş rəsmi qəbul keçirilib

10:32
30 May

Pentaqon rəsmisi: Azərbaycanı geostrateji tərəfdaş hesab edirik

10:19
30 May

Daha bir ölkə uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırır

09:31
30 May

Sonata Koulter: ABŞ Azərbaycanla strateji tərəfdaşlıq xartiyası imzalamaqdan olduqca məmnundur 

09:24
30 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!