COP31 Antalyada təşkil edəcək. Türkiyə bu illər ərzində həm COP prosesində, həm də iqlim siyasətində dialoq və uzlaşma prinsiplərinə böyük önəm verib. COP31-də məqsədimiz yalnız qərar qəbul etmək deyil, həm də həmin qərarların icrasına, yenidən hərəkətə keçməyə yönələcək.
AZƏRTAC xəbər verir ki, bu barədə COP31-in sədri və Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum jurnalistlərə açıqlamasında bildirib.
Nazir qeyd edib ki, enerji məsələləri həm iqlim dəyişikliyinin, həm də qlobal böhranların əsas səbəblərindəndir: “Dünyada emissiyaların təxminən 70 faizi enerji mənbələrindən qaynaqlanır. Hər bir ölkə özünü təmin edə biləcək enerji siyasətini həyata keçirməli, bərpaolunan enerji mənbələrinə xüsusi diqqət yetirməlidir”.
Nazir, həmçinin qeyd edib ki, dünya əhalisinin 700 milyona yaxın hissəsi hələ də elektrik enerjisinə çıxış imkanına malik deyil. “Məsələn, Efiopiya xalqı öz prioritetlərini bizə çatdırdı. Pasifik adaları isə su altında qalma təhlükəsi ilə üzləşir. COP31 prosesində bu və digər ölkələrin ehtiyacları nəzərə alınaraq müzakirələr aparılacaq”,- deyə Murat Kurum əlavə edib.
COP31-in bərpaolunan enerji mənbələrinin maksimum istifadəsi və iqlim maliyyəsinə ədalətli çıxışın təmin olunması kimi məsələlərə diqqət yetirəcəyini bildirən nazir, Forum çərçivəsində keçirilən görüşlərin bu məqsədlərə xidmət edəcəyini vurğulayıb.
Murat Kurum, həmçinin Türkiyədə birinci xanım Əminə Ərdoğanın rəhbərliyi ilə həyata keçirilən “Sıfır Tullantı” layihəsinin artıq dünya markasına çevrildiyini və bu layihənin qlobal səviyyədə genişləndiriləcəyini diqqətə çatdırıb.