Fevralın 8-də Prezident İlham Əliyev minimum
aylıq əməkhaqqının artırılması və "Minimum aylıq əməkhaqqının artırılması haqqında”
Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 25 dekabr tarixli 3545 nömrəli
sərəncamında dəyişiklik edilməsi barədə sərəncam imzalayıb. Sərəncamda deyilir ki,
minimum aylıq əməkhaqqının məbləği 2019-cu il martın 1-dən 180 manat müəyyən edilsin.
Nazirlər Kabinetinə Azərbaycan Respublikası
Nazirlər Kabinetinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən
sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərini bir ay
müddətində bu sərəncamın 1-ci hissəsinə uyğunlaşdırmaq, Azərbaycan Respublikası
Prezidentinin aktları ilə müəyyən olunmuş dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə
çalışan işçilərin aylıq tarif (vəzifə) maaşlarının məbləğlərinin bu sərəncamın
1-ci hissəsinə uyğunlaşdırılması ilə bağlı təkliflərini bir ay müddətində Azərbaycan
Prezidentinə təqdim etmək, bu sərəncamdan irəli gələn digər məsələləri həll etmək
tapşırılıb.
Dövlət başçısı cənab İlham Əliyevin bu addımını
zəruri edən əsas səbəb odur ki, manatın dəyər itirdiyi və onun səbəb olduğu ikirəqəmli
inflyasiyanın baş verməsi nəticəsində
2014-cü ildən indiyədək yaşayşın dəyəri 50 faizədək artıb. Məsələn,
2014-cü ilin yekunlarına görə, rəsmi təsdiqlənən yaşayış minimumunun dəyəri 125
manat idisə, hazırda bu rəqəm 180 manatdır, yəni 55 manat artım var.
Minimum əməkhaqqının bu qədər artırılması dövlətimizin xalqa qayğısının
ifadəsidir. Minimum əməkhaqqının artımı birbaşa olaraq 600 minədək insanı əhatə
edəcək. Onlardan dövlət sektorunda işləyən 450 min nəfərin əməkhaqqında 30 faiz,
özəl sektorda işləyən 150 min nəfərin əməkhaqqında isə 25 faiz artım olacaq. Minimum
əməkhaqqının artırılması ilə bağlı dövlət büdcəsindən illik 400 milyon manat ayrılacaq.
2019-cu il üzrə isə 335 milyon manata qədər əlavə vəsait yönəldiləcək. Çünki bu,
ilin 10 ayını əhatə edəcək. Demək lazımdır ki, minimum əməkhaqqının 50 manat artırılması
böyük bir addımdır.
Minimum əməkhaqqının 40 faizə yaxın artırılması
ölkə prezidentinin əhalinin yaşayış səviyyəsinin yaxşılaşdırılmasının daim diqqət
mərkəzində olduğunun bariz nümunəsidir. Xüsusilə qeyd olunmalıdır ki, minimum əməkhaqqının
bu cür çoxaldılması MDB ölkələrinin heç birində müşahidə olunmur. O da nəzərə alınmalıdır
ki, Azərbaycan Prezidentinin qərarı ilə minimum əməkhaqqının məbləği parlament tərəfindən
bu yaxınlarda təsdiq olunmuş yaşayış minimumla bərabərləşmiş, ehtiyac meyarı göstəricisini
isə 26 faiz üstələmişdir. Beləliklə, minimum əməkhaqqı göstəricisinə görə ölkəmiz
MDB-yə daxil olan dövlətlər arasında 7-ci yeri tutmuşdusa, hazırda bir neçə ölkəni qabaqlayaraq 4-5-ci yerdə qərarlaşmışdır.
Bu gün minimum əməkhaqqının orta əməkhaqqında payına nisbətdə ölkəmiz MDB məkanında
ön sıralardadır. Bu qədər yüksək maaş artımı dünya dövlətlərində çox nadir hallarda
olur. Qürurverici haldır ki, Prezident İlham Əliyev bu cür addımları hər il atır.
Artım dövlət sektorunda işləyən 450 min nəfəri
əhatə etdiyi üçün, nəinki maaşı 180 manata qədər olan insanlara təsir edəcək, ümumiyyətlə,
dövlət büdcəsindən maliyyələşən müəssisələrdə vahid tarif cədvəli üzrə işləyən bütün
şəxsləri əhatə edəcək. Çünki bu cədvəl 19 pillədən ibarət əməyin ödənişi sistemidir
və onun birinci pilləsi artıq 180 manat müəyyən ediləndə növbəti pillələr artımla
gedir. İkinci pillə 180 manatdan 2,5-3 faiz daha çox, üçüncü pillə isə bundan da
çox təşkil edir.
Minimum əməkhaqqının 180 manat müəyyən edilməsi
nəinki az maaş alan insanlara, eləcə də vahid cədvəl üzrə işləyən 450 min nəfərə
də şamil ediləcək. Orta hesabla onların əməkhaqqısı 30 faiz artacaq. Özəl sektorda
olanlar üçün də zəncirvari müsbət effekt
özünü göstərəcək. Bu səbəbdən həmin sektor üzrə maaş artımının əhatə edəcəyi şəxslərin
sayı üzrə ilkin rəqəm kimi 150 min olsa da, bu göstəricinin daha yüksək olacağı
gözlənilir. Hazırda ölkə üzrə 150 minədək işçi 180 manatdan az əmək haqqı alanlardır.
Sərəncama əsasən, dövlət sektorunda olduğu kimi, özəl sektorda da əsas iş yeri və
tam iş günü üzrə işləyənlərin əməkhaqlarının minimum məbləği martın 1-dən 180 manatdan
az müəyyən oluna bilməz.
Martın 1-dən özəl sektor üzrə bütün işəgötürənlər
əmək müqavilələrində müvafiq dəyişikliklər edərək minimum əməkhaqqını 180 manata
çatdırmalı və bu dəyişikliyi əmək müqaviləsi
bildirişi üzrə elektron informasiya sistemində qeydiyyatdan keçirib rəsmiləşdirməlidirlər.
Bu prosesə qeyd olunan
elektron sistemi vasitəsilə ciddi nəzarət ediləcək. Minimum əməkhaqqını 180 manat
səviyyəsinə çatdırmayanlar bununla əmək qanunvericiliyini pozmuş olacaqlar ki, belə
olan halda da aidiyyəti məsuliyyət tədbirləri görüləcək.
Prezident
İlham Əliyevin imzaladığı sərəncamın bir müsbət cəhəti də qadınlarla kişilərin əməkhaqları
arasında olan fərqin azaldılmasına xidmət etməsidir. Çünki sərəncamın əhatə dairəsi
məhz vahid tarif cədvəli üzrə işləyənlərdir ki, onların da böyük əksəriyyətini qadınlar
təşkil edir. Vahid cədvəl üzrə tarif vəzifə maaşları artdığına görə qadınların əməkhaqqında
artım olacaq. Bu gün az maaşla işləyənlərin bir çoxu qadınlardır. Bu sərəncam qadınların
əməkhaqqının və gəlirlərinin artmasına xüsusi təsir edəcək.
Minimum əməkhaqqının
artırılması ölkə iqtisadiyyatında çalışan insanların əməkhaqlarının artırılmasına
və pensiya fonduna ödənişlərin çoxalmasına gətirib çıxaracaq ki, bu da öz növbəsində
əmək pensiyalarının əhəmiyyətli dərəcədə artması deməkdir.
Ölkə rəhbərinin
bu qərarını Milli Məclisdə ratifikasiya edilmiş və minimum əməkhaqqı ilə bağlı öhdəlikləri
ehtiva edən Dəyişdirilmiş Avropa Sosial Xartiyasının, eləcə də Beynəlxalq Əmək Təşkilatının
131 saylı Konvensiyasının yaxın illərdə tam həcmdə yerinə yetirilməsi istiqamətində
atılan mühüm addım kimi qiymətləndirmək olar.
Hesablamalar göstərir ki, minimum əməkhaqqının respublika üzrə orta aylıq əməkhaqqına
nisbəti ötən il 30 faiz təşkil etmişdirsə, hazırda bu göstərici birdən-birə 10 faizdən
çox artaraq 41 faizə bərabər olmuşdur. Heç şübhə yoxdur ki, yaxın gələcəkdə ölkə
prezidenti Avropa Sosial Xartiyasında qeyd olunan beynəlxalq normanın yerinə yetirilməsi
üçün müvafiq qərarlar verəcək.
Əməkhaqqı
dövlətin əhalinin həyat səviyyəsi siyasətinin fundamental kateqoriyasıdır və eyni zamanda əməyin ödənilməsinin
səviyyəsi bu siyasətdən əhəmiyyətli dərəcədə asılıdır. Nəzərə almaq lazımdır ki,
qeyd olunan siyasətin işlənilməsi və həyata keçirilməsi həmkarlar ittifaqlarının
bilavasitə iştirakı ilə baş tutur.
Layiqli əməkhaqqı
uğrunda mübarizə həmkarlar ittifaqlarının fəaliyyətində prioritet yerlərdən birini
tutur, gələcəkdə də AHİK-in və onun üzv təşkilatlarının işində real əməkhaqqının
əhəmiyyətli dərəcədə artırılması, onun vaxtında ödənilməsi, bu sahədə təbəqələşmənin
azaldılması və ayrı-seçkiliyə yol verilməməsi məsələləri mühüm yer tutacaqdır. Minimum
əməkhaqqının yaşayış minimumu səviyyəsindən aşağı olmamaqla beynəlxalq normalara
uyğun təyin edilməsi istiqamətində səylər davam etdiriləcəkdir.
Cənab Prezidentin
bu sərəncamı son illərdə apardığı sosial siyasətin tərkib hissəsi olaraq əhaliyə
çox böyük töhfəsi oldu.
Səttar MÖHBALIYEV,
Azərbaycan
Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı