Aprelin 23-də Milli Məclisin Regional məsələlər komitəsinin təşkilatçılığı ilə “Azərbaycanda regionların, yerli demokratiyanın və özünüidarəetmənin inkişafında Heydər Əliyev irsi” mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən Siyavuş Novruzov Ulu Öndər Heydər Əliyevin dövlətçilik irsinin Azərbaycanın bütün sahələrində olduğu kimi, regionların inkişafı, idarəetmənin təkmilləşdirilməsi və yerli özünüidarəetmə institutlarının formalaşdırılmasında da mühüm rol oynadığını deyib. O qeyd edib ki, regionların sosial-iqtisadi inkişafı Heydər Əliyevin rəhbərliyi dövründə dövlət siyasətinin əsas istiqamətlərindən biri olub.
Siyavuş Novruzov çıxışında Ulu Öndər Heydər Əliyevin regionlara mütəmadi səfərlər etdiyini, yerlərdə mövcud vəziyyətlə birbaşa maraqlandığını və bölgələrin inkişafı üçün məqsədyönlü addımlar atdığını bildirib. Vurğulanıb ki, həmin dövrdə bölgələrdə genişmiqyaslı infrastruktur layihələri icra olunub, yollar salınıb, məktəblər, xəstəxanalar və digər sosial obyektlər tikilib, yeni istehsal sahələri yaradılıb.
S.Novruzov deyib ki, Ulu Öndərin regionların sosial-iqtisadi inkişaf siyasəti bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla davam etdirilir.
Milli Məclis sədrinin müavini Ziyafət Əsgərov vurğulayıb ki, Azərbaycan Respublikasında demokratik və hüquqi dövlət quruculuğu, müstəqil dövlət institutlarının formalaşdırılması, eləcə də yerli özünüidarəetmə və vətəndaş cəmiyyəti təsisatlarının yaranması məhz Ulu Öndərin adı ilə bağlıdır. Qeyd olunub ki, Azərbaycan üçün nisbətən gənc təsisat olan yerli demokratiya və özünüidarəetmənin hüquqi əsasları Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası ilə müəyyənləşdirilib. Onun sözlərinə görə, sonrakı dövrdə qəbul olunan qanunlar və digər normativ-hüquqi aktlar da bələdiyyələrin hüquqi əsaslarının formalaşdırılmasında mühüm rol oynayıb.
Milli Məclis sədrinin müavini bu gün suveren Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə regional inkişaf proqramlarının ardıcıl icrası, yerli özünüidarəetmə sisteminin təkmilləşdirilməsi və demokratik institutların möhkəmləndirilməsi istiqamətində həyata keçirilən uğurlu islahatlardan bəhs edib.
Sonra Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov “Heydər Əliyev - Azərbaycanda regional inkişaf strategiyasının banisi” mövzusunda çıxış edib. O bildirib ki, Ulu Öndər Heydər Əliyevin regional iqtisadi siyasət təcrübəsi bu gün də aktualdır. Komitə sədri qeyd edib ki, həmin regional iqtisadi inkişaf strategiyası ölkənin bütün bölgələrinin tarazlı və dayanıqlı inkişafını təmin etməyə yönəlmiş uzaqgörən dövlət yanaşmasına əsaslanıb. Vurğulanıb ki, bu strateji yanaşma nəticəsində regionların inkişafı üçün etibarlı zəmin formalaşdırılıb, onların iqtisadi imkanlarından daha səmərəli istifadə olunub, istehsal və infrastruktur potensialı genişləndirilib, bölgələrdə sənayeləşmə inkişaf edib.
Tədbirdə Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş baş idarəsinin rəisi Elmin Həsənov “2026 – Şəhərsalma və Memarlıq İli: bələdiyyələr qarşısında duran vəzifələr” mövzusunda çıxış edib. O bildirib ki, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması yerli özünüidarəetmə orqanları qarşısında yeni çağırışlar və mühüm vəzifələr müəyyənləşdirir. Onun sözlərinə görə, bu mərhələdə bələdiyyələr öz fəaliyyətlərinə yeni baxış formalaşdırmalı, şəhərsalma məsələlərinə birbaşa məsuliyyət sahəsi kimi yanaşmalıdırlar.
Sonra Azərbaycan Bələdiyyələrinin Milli Assosiasiyasının Bələdiyyələrin Onlayn Xidmət Mərkəzinin direktoru Adil Əhmədov “Rəqəmsal İnkişaf Konsepsiyası və bələdiyyələrin fəaliyyət istiqamətləri” mövzusunda çıxış edib. O, rəqəmsallaşmanın bələdiyyələrin fəaliyyətinə tətbiqi, bu sahədə əldə olunan nəticələr və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.