Albaniyanın paytaxtı Tiranada keçirilən yunan-Roma güləşi üzrə Avropa çempionatında iki qızıl və üç bürünc medal qazanan Azərbaycan komandası 133 xal toplayaraq Türkiyəni (121) və Gürcüstanı (118) qabaqlayıb və yenidən qitənin ən güclü komandası tituluna sahib olub. Həsrət Cəfərov (67 kq) və Qurban Qurbanov (82 kq) qızıl, Rəşad Məmmədov (55 kq), Nihat Məmmədli (60 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal qazanıblar. Milli komandamız ilk dəfə 2022-ci ildə Avropanın ən güclüsü olub.
Qeyd edək ki, H.Cəfərov dördüncü dəfə Avropa çempionu titulunu qazanaraq Azərbaycan güləşi tarixində bu nailiyyətə görə rekord qırıb. Üstəlik, 23 yaşlı idmançı ardıcıl olaraq bu uğurlara imza ataraq, bütövlükdə unikal bir nailiyyətə imza atıb. Növbəti qələbədən sonra o, təəssüratlarını bölüşüb: “Təəssüratlarım həqiqətən çox gözəldir. Bu gün çox sevincliyəm. Ardıcıl 4-cü qızılımı qazanıram. Həqiqətən də bu qızılların arxasında böyük əziyyət, zəhmət dayanır. Bu qızılı qazandıqdan sonra onun həzzini indi hiss edirəm. Heç bir əziyyət yadıma düşmür. Yalnız yadda qalan bu qızıl olur. Bu qızılımı, tarixi uğurumu qızıma həsr edirəm”.
Bu arada Q. Qurbanov ardıcıl ikinci dəfə Avropa çempionatının qızıl medalını qazanıb. O, möhtəşəm uğurdan sonra deyib: “İndiki keçid dövrümdə titulu qorumaq daha çətin oldu. Ötən il Avropa çempionu olduqdan sonra ardıcıl ağır zədələr aldım. Hər iki çempionluğum mənə əzizdir. Sözsüz, çempion kimi çıxış edəndə məsuliyyət daha çox olur. Həsrət Cəfərov 4-cü dəfə Avropa çempionu oldu. Əlbəttə, aramızda xoş bir rəqabət var. Biz də istəyirik ki, bundan da böyük uğurlar qazanaq. Özümü, Həsrəti, bütün komandanı təbrik edirəm”.
Albaniya paytaxtında keçirilən AVRO həm də yeni baş məşqçi Məhəmməd Bananın rəhbərliyi altında milli komanda üçün ilk ciddi sınaq olub. İki qızıl medal və qalib komanda titulunu yaxşı başlanğıc hesab etmək olar. Lakin əsas sınaq, şübhəsiz ki, oktyabr ayında Bəhreyndə keçiriləcək Dünya çempionatında olacaq.
Azərbaycan yunan-Roma güləşi üzrə komandasının baş məşqçisi Məhəmməd Bana komandanın Avropa Çempionatındakı qələbəsini şərh edib: "Əvvəlcə bütün Azərbaycan xalqını bu qələbə münasibətilə təbrik edirik. Komandamızın çempion olmasına sevinirik. Bunu gözləyirdik. Ümid edirəm ki, gələcəkdə daha da yaxşı nəticələr əldə edəcəyik. Bu hazırkı nəticə asan əldə olunmayıb. Biz aylarla əmək sərf etdik - güləşçilər, biz və federasiya. Gələcəkdə daha da yaxşı olmağa ümid edirik. Bütün güləşçilərimdən razıyam. Deyirlər ki, güləş fərdi idman növüdür. Amma bu, doğru deyil. Komanda çempionluğu qazanır. Beş medal qazandıq - iki qızıl və üç bürünc. Sənan Süleymanov və ya Beka Kandelaki kimi digər güləşçilər də xal qazanmasaydılar, komanda qalib gəlməyəcəkdi. Buna görə də hər birindən məmnunam və onlara təşəkkür edirəm. Məqsədimiz təkcə Dünya çempionatı deyil, həm də Olimpiya Oyunlarıdır. Biz bunu planlaşdırırıq. Bəli, qarşıda başqa yarışlar da var. Amma əsas məqsəd klassik komandanın sonuncu dəfə 23 il əvvəl qazandığı qızıl medalı əldə etməkdir. Və biz 2028-ci ildə qızıl medal qazanaraq bu seriyanı qırmağa ümid edirik”.
Rizvan CƏFƏROV,
“Azərbaycan”