11 Mart 2015 12:03
465
Mədəniyyət
A- A+
“Mənə yaşamaq yox, şeir yazmaq gərəkdir”

“Mənə yaşamaq yox, şeir yazmaq gərəkdir”

 

(Vaqif Səmədoğlunun əziz xatirəsinə)

 

Vaqif Səmədoğlu. Müasir Azərbaycan poeziyasının görkəmli nümayəndələrindən biri - ustad şair. O, dünyasını dəyişsə də, həyatının son anına qədər Ölüm haqqında düşünmürdü.
Vaqif böyük Azərbaycan şairi Səməd Vurğunun oğludur. Səməd Vurğun isə Azərbaycan deməkdir. Və Vaqif həm də Azərbaycanın oğludur.
Mən Yusifli Vaqif isə həm Səməd Vurğunun, həm də Vaqif Səmədoğlunun oxucularından biriyəm. Səməd Vurğunun “Vaqif” pyesi məşhurlaşandan sonra atam bu adı mənə götürüb. Deməli, adaşıq. İllər gəlib keçdi, mən kənddən Bakıya gəldim, günlərin birində Vaqif Səmədoğlu ilə tanış oldum. Onu bir şair kimi də, insan kimi də çox sevdim. Əlbəttə, bu sevginin əsasında onun poeziyası durur. Oxuduğum çox-çox şairlər mənə şairdən başqa ictimai həyat adamı, siyasətçi, rəssam, musiqiçi təsiri bağışlayırlar. Vaqifə isə şairlikdən başqa bir ad yaraşdıra bilmədim... Hərçənd Vaqif Səmədoğlu təhsilinə görə musiqiçidir, cazı çox sevir və təbliğ edirdi.
Vaqif Səmədoğlu ilə onun şeirləri arasında heç bir təzad görmürəm. Əslində, əsl şair şeirində yaşamalıdır. İllər keçəndən sonra o şairin obrazı yaddaşlardan silinə bilər, o şair haqqında təsəvvürlər tamam yox ola bilər. Amma şeir yaddaşdır və nəsildən-nəslə ötürülür, şairi yaşadan da elə budur... Bu gün çox şairin şeiri özünə bənzəmir. Şeiri özünə, özü şeirinə bənzəməyən çox-çox şairlər görürəm bu gün... Vaqif Səmədoğlu şeirlərinin birində yazır:

Mənə sevib ayrılmağa
bir qadın verin.
Ürəyimdə bir ayrılıq qəribsəyib
və bu ayrılıqdan bir şeir.
Mənə baş götürüb getməyə
bir yol göstərin.
Ürəyimdən bir yol keçir
və bu yoldan bir şeir.
Mənə yaşamağa bir qürbət verin.
Ürəyimdə bir vətən qəribsəyib
və bu vətəndən bir şeir.

Təkrirlər üzərində qurulan bu şeirin hər bəndində bir istək, bir duyğu səslənir. Ayrılıq, Yol, Vətən, bir də bu üç duyğunu birləşdirən şeir.Yeri gəlmişkən deyim ki, Vaqifin şeirlərində məxsusi poetik obrazlar var: Ayrılıq, Yol, Vətən, Qadın, Ömür, Ölüm... bunlardan öncə Allah və Azadlıq. İstəyirəm söhbətimə sonunculardan başlayım.
Son otuz ildə doğrudan da şeirimizdə Allaha müraciətlər, xitablar çoxalıb. Bu, yaxşıdımı, pisdimi, - deyə bilmərəm, çünki şairin də sığındığı Allahdır, sözün də... Ancaq istənilən müqəddəs bir sözü şeirdə həddindən artıq istismar etdikdə o sözü adiləşdirib gözdən salmaq da olar. Yaxud o müqəddəs söz az və ya çox işlənməyindən asılı olmayaraq, hər dəfə şeirdə yeni məna kəsb edə bilər. Vaqif Səmədoğlunun şeirlərində “Allaha müraciətlər” cavabsız qalmır. Ulu Tanrının cavabı yaşadığımız bu dünyadır, hər birimizin və hamımızın birlikdə ömrüdür, həyatıdır, taleyidir” (Anar).

Kimin var, Ulu Tanrı,
Məndən savayı bu dünyada?
Kimim var Səndən başqa
bu aləmdə mənim?
Sən tək, mən tək,
Ulu Tanrı...

Vaqif Səmədoğlunun bu mövzulu şeirləri, mənim fikrimcə, poeziyamızda ilk dəfə olaraq Allah üzərindəki mistik örtüyü götürdü. İnsanla Allah doğmalaşdı və bu doğmalıq insanın son pənahı olan Allaha doğru yolu da qısaltdı.
Vaqif Səmədoğlunun şair kimi susan vaxtları da olub. Onun şair dostları tribunalardan, meydanlardan, şeir məclislərindən qışqıranda o, daş səbri ilə susurdu. Daha doğrusu, yazırdı, amma susurdu... Sən demə, Azadlıq və İstiqlal haqqında hamıdan çox düşünürmüş. Bizim içimizdə yaşayan kədəri hamıdan çox çəkirmiş:

Mənə Vətən yolu
dar gəlir yenə,
üzümə bahar yox,
qar gəlir yenə.

Mənə elə gəlir, bu şeiri o zaman Vaqif heç cür işıq üzünə çıxara bilməzdi:

Sən mənim
doğma anamsan, Azadlıq,
Mən sənin
Yad qapısında böyümüş balan.

Heç bir QLAVLİT Vaqifin bu misralarını da yaxına buraxmazdı:

Belə gündə şəhər
üstüaçıq qəbristanlığa bənzər.
..Məğlub Vətən bayrağı tək
Ayaq altda qalıb bahar.

Deyirlər ki, şeir zamanına görə yazılır və öz vaxtında meydana çıxmalıdır. Guya zaman ötəndən sonra o şeirlər millət üçün heç bir əhəmiyyət kəsb etmir. Təbii ki, bu fikrin böyük poeziyaya dəxli yoxdur. Əsrin o başında yazıb-yaradan Sabirin şeirləri öz zamanında yazılıb, öz zamanında deyilib, amma elə bil bugünün şeiridir. Öz zamanında yazılan və deyilən çoxlu şeirlər də var ki, onların heç biri bu gün yaşamır. Vaqif Səmədoğlu bir şeirində yazır:

Şair kimi yox,
şeir kimi ölmək istəyirəm.
Vaqif Səmədoğlunun şeiri fərdi, intim olduğu qədər də ictimaidir. Ümumiyyətlə, kim deyirsə ki, şeir ancaq ruhun ifadəsidir və onun ətraf mühitə, cəmiyyətə heç bir dəxli yoxdur, onunla razılaşmaq olmaz. Yaxud, kimsə deyirsə ki, şeir cəmiyyət üçün yazılır, o fikir də yanlışdır. Qışqıran şairlərin “ictimai” şeirləri də, öz daxili dünyasına qapılan şairlərin “fərdi” şeirləri də dünyadan təcrid oluna bilməz. Pıçıltıda da, həzinlikdə də, səssiz fəryadda da böyük dünyanı görmək olar. Böyük dünya dediyimiz isə mənəm, sənsən, cəmiyyətdi, təbiətdi. Və Vaqif Səmədoğlu o böyük - son dərəcə ziddiyyətli, ağlamalı, gülməli, komik, faciəli dünyanı bizim içimizdən keçirə bilir.
Vaqif Səmədoğlunun şeirlərindəki ağrı-acını, kədəri-qəmi, Allah, Dünya, Ömür və Ölüm haqqında düşüncələrini bir yerə toplayanda belə qərara gəlirsən ki, o, bu dünyanın - faniliyin içində əzab çəkirmiş. Onun şeirlərinin hər biri əzabın səslərdə, sözlərdə ifadə olunan nəqşidir.
Vaqifin “dərdli” şeirlərində pataloji ağrı yoxdur, cismani əzabların sıxıntısından doğan qüssəyə rast gəlməzsən, bu, mənəvi ağrıların yaratdığı hisslərin, duyğuların ifadəsidir.

Ayrılıq da, qürbət də xəstəlikdir,
Yoluxucu azardır ikisi də.
Doğulub yaşadığın vətəndə
mühacir üşütməsiylə titrəyirsən
illər uzunu, bir tale boyu.
Sonra qərib məzarı qazılır sənə
ana torpaqda...

Vaqif Səmədoğlu şeiri öz poetik sanbalına, yükünə görə çağdaş poeziyamızda ayrıca bir qoldur desəm, səhv etmərəm. Burada Söz adilikdən və hər cür təmtəraqdan, ritorikadan xilas olur. Söz fikirlə hissin poetik daşıyıcısına çevrilir. Biz Vaqif şeirində bəlkə də çoxları üçün qəribə təsir bağışlayan ifadələr, deyimlərlə qarşılaşırıq.
Fikrimizcə, Vaqif Səmədoğlu poeziyası Azərbaycan və dünya şeirinin ən müasir meyillərinin bir nöqtədə birləşdiyi, vəhdət təşkil etdiyi bir poeziyadır. Vaqif Səmədoğlu ilə beş əsrlik Füzuli arasında qırılmayan poetik tellər gözə göründüyü kimi, atası Səməd Vurğun arasında da oxşarlıq, yaxınlıq tapmaq mümkündür. Həmçinin Vaqif Səmədoğlu şeirləri ilə müasir postmodernist poeziya arasında da belə bir uyuşmanı açıqlamaq müşkül deyil. Dünyada bütün gözəl şairlərin yolu bu vəhdətdən keçir. Amma ilk növbədə V.Səmədoğlu yalnız özünə bənzəyən şairdir. Onun “Günün baxtı” (1972) ilk şeirlər kitabı ilə son şeirləri arasında təbii, poeziya üçün qanunauyğun bir inkişaf prosesini izləmək çətin deyil, amma o ilk şeirlərlə son şeirlər arasında elə bir bağlılıq var ki, bunu başqa bir şairdə tapmaq çətindir.
Vaqif Səmədoğlu şeirlərində tez-tez atasını - XX əsrin böyük söz ustadı Səməd Vurğunu xatırlayır. Bu, sadəcə oğul məhəbbəti deyil, həm də böyük poeziya qarşısında ehtiram əlamətidir. Vaxtilə Vaqifin şeirlərindən söz açanda bəziləri onu qınayırdılar ki, niyə atası kimi yazmır. İndi deyə bilərik ki, məhz Səməd Vurğun kimi yazmadığı üçün Vaqif Səmədoğlu öz poetik istedadını tam mənada sübut edə bildi. Poeziyada Səməd Vurğun yolunu tutanlar onsuz da çox idi və bu yolu tutanların çoxu, açığını desək, orijinal şair ola bilmədi.
Vaqif Səmədoğlu şeiri məzmunca da, formaca da yenidir, lakin öncə dediyim kimi, Azərbaycan poeziyasının qaynaqlarından üzülməyir, öz minor kökü, həzin və elegik ruhu, yeri gələndə ironik tərzi ilə Füzuli, Sabir, Hadi şeirinə, xalq ədəbiyyatına ilişiklidir.

Yer altından min ah kimi
Çıxdı çiçəklər səhər.
***
Allah, məni yarı öldür,
Yarı saxla ağlamağa.
***
Mənə bir az yağış,
bir az konyak
bir az da göz yaşı lazımdır.
Bir də elə bu otaq,
bu işıq, bu kağız, qələm
Bu gün lazımdır yaman.
Və bir də qapısının açarı
öz cibimdə olan bir məzar lazımdır mənə.
Bu qapının dalında,
bu otaqda oturub
rahat şeir yazmaqdan ötrü.

Bu da Vaqifin şeiridir. Bu şeir onun taleyidir. Vaqifin taleyi isə sirlərlə doludur.

Mənə yaşamaq yox,
şeir yazmaq gərəkdir.


Vaqif YUSİFLİ,
filologiya elmləri doktoru

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dövlət qulluqçularının təltif edilməsi haqqında

01:50
24 İyun

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:49
24 İyun

Ronaldu dubl edib, Portuqaliya qələbəyə sevinib

23:07
23 İyun

Azərbaycanın namizədi BMT-nin Uşaq Hüquqları Komitəsinin 2027-2031-ci illər üzrə üzvlüyünə seçilib  

22:21
23 İyun

Prezident İlham Əliyevin sosial media hesablarında Sərdar Berdiməhəmmədovun Azərbaycana səfəri ilə bağlı videoçarx paylaşılıb VİDEO  

22:18
23 İyun

Rəcəb Tayyib Ərdoğan: NATO çərçivəsində Avropa müttəfiqlərimizdən daha böyük məsuliyyət gözləyirik  

21:34
23 İyun

Nazir müavini: Mil-Muğanda pambıq və taxıl istehsalında məhsuldarlığın artırılması prioritetdir 

21:02
23 İyun

Türkiyə Parlamentinin sədri Numan Kurtulmuş TÜRKPA Beynəlxalq Katibliyində olub

20:57
23 İyun

Oman Sultanlığı Şura Məclisinin sədri ölkəmizə səfərə gəlib

20:46
23 İyun

Putin Ukrayna ilə danışıqların şərtlərini açıqlayıb

20:35
23 İyun

Qazaxıstan Prezidenti Avropa İttifaqı ilə qarşılıqlı fəaliyyətin yeni mərhələsinin başlandığını bəyan edib  

20:01
23 İyun

Milli Məclisdə İran parlamentinin üzvü ilə görüş olub

19:51
23 İyun

Sahibə Qafarova Mozambik Respublika Assambleyasının sədri ilə görüşüb  

19:46
23 İyun

Çin günəş paneli sektorunda liderdir

19:39
23 İyun

Türkiyə Böyük Millət Məclisinin sədri ölkəmizə səfərə gəlib

19:38
23 İyun

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

19:33
23 İyun

Enerji böhranında dövlət yardımları iqlimə zərər verir

19:27
23 İyun

Türk dövlətləri arasında rəqəmsal ticarətdə yeni dövr başlayır

19:08
23 İyun

İƏT Parlament İttifaqının Baş Komitəsi 2026-2027-ci illər üçün büdcə layihələrini təsdiqləyib  

18:54
23 İyun

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib

18:52
23 İyun

Süni intellektə keçid edən texnologiya nəhəngi “Oracle” 21 min işçisini ixtisar edib

18:51
23 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!