Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta və Avropa Komissiyasının Prezidenti Ursula fon der Lyayen ilə danışıqlar aparıb.
AZƏRTAC Prezidentin mətbuat xidmətinə istinadla xəbər verir ki, dövlət başçısı danışıqlar zamanı Qazaxıstanla Avropa İttifaqı arasında münasibətlərin ikitərəfli əməkdaşlıq tarixində ən yüksək səviyyəyə çatdığını bildirib.
“Qarşılıqlı etimad və hörmətə əsaslanan münasibətlərimiz həqiqətən strateji xarakter alıb. Mən Brüsselə aydın məqsədlə gəlmişəm: qarşılıqlı maraq doğuran bütün sahələrdə çoxtərəfli əməkdaşlığımızı daha da dərinləşdirmək. Bir qədər əvvəl imzalanmış mühüm sazişlər və memorandumlar əməkdaşlığın daha da möhkəmləndirilməsinə sadiqliyimizin bariz göstəricisidir. Əminəm ki, bugünkü danışıqların nəticələri Qazaxıstan–Avropa əməkdaşlığında yeni səhifə açacaq”, – deyə o bildirib.
Ticarət-iqtisadi və investisiya əlaqələrinin inkişafı məsələlərinə xüsusi diqqət yetirilib. Kasım-Jomart Tokayevin sözlərinə görə, Avropa İttifaqı Qazaxıstanın ən böyük ticarət və investisiya tərəfdaşıdır. “Avropa şirkətləri artıq iqtisadiyyatımızın müxtəlif sahələrində geniş şəkildə təmsil olunurlar”, – deyə o qeyd edib.
Qazaxıstan Prezidenti nəqliyyat-logistika əlaqələrinin möhkəmləndirilməsi məsələləri üzərində ayrıca dayanıb. O, xüsusilə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta Dəhlizin) Avropa İttifaqının “Global Gateway” təşəbbüsü ilə əlaqələndirilməsi perspektivlərinə diqqət çəkib.
Onun fikrincə, Qazaxıstanın zəngin ehtiyatlara malik olduğu kritik əhəmiyyətli xammal sahəsi də əməkdaşlığın inkişafı üçün geniş imkanlar yaradır. Dövlət başçısı bildirib ki, Avropa investisiyalarının ölkənin emal sənayesinə, texnologiya transferinə və birgə istehsal layihələrinə cəlb olunmasına ümid bəsləyir.
Qazaxıstan enerji, o cümlədən nüvə energetikası, rəqəmsal transformasiya, kənd təsərrüfatı, su təhlükəsizliyi və iqlim gündəliyi kimi sahələrdə də Avropa İttifaqı ilə əməkdaşlığın davam etdirilməsində maraqlıdır.
Kasım-Jomart Tokayev təhsil, elm, mədəniyyət və insanlar arasında əlaqələri əhatə edən humanitar sahəni də əməkdaşlığın mühüm istiqamətlərindən biri adlandırıb. O, həmçinin viza rejiminin sadələşdirilməsi və readmissiya ilə bağlı saziş layihələri üzrə danışıqların başa çatmasını alqışlayıb.
Qazaxıstan Prezidenti “Mərkəzi Asiya – Avropa İttifaqı” dialoq platformasının mühüm rolunu vurğulayaraq bildirib ki, bu platforma regionlararası tərəfdaşlığın möhkəmləndirilməsi üçün səmərəli mexanizmə çevrilib.