18 Aprel 2024 08:35
241
SİYASƏT
A- A+

Makron hökuməti terrorizmi dəstəkləyir

 

Fransa əsrlərdir müstəmləkə siyasəti yürüdərək başqa xalqların öz ölkələrində, dədə-baba yurdlarında azad yaşamaq, maddi və mənəvi sərvətlərinə sahib çıxmaq, qoruyub yaşatmaq hüquqlarını əllərindən alıb. İstila etdiyi bütün ərazilərə yalnız müsibətlər, fəlakətlər aparıb. Müstəmləkəsi altında saxladığı xalqlara qarşı qanlı əməllər, dəhşətli qırğınlar, soyqırımları törədib... 
Belə böyük faciələrin baiskarları, qatı cinayətkarları nə tarixlərinə qara ləkə vurmaqdan utanıblar, nə də beynəlxalq hüquqdan, dünya ictimaiyyətinin qınağından çəkiniblər. Əksinə, Fransa hökumətinin rəhbərləri başqa dövlətlərə "sülh yolu" göstərməyə, demokratiya dərsi keçməyə səy ediblər.

 

Fransa tarixinin utancverici səhifələri...

 

Tarixinin ən utancverici səhifələrindən biri də Fransanın bəşəriyyətin ən böyük, qlobal bəlalarından olan beynəlxalq terrorizmə dəstək verməsidir. Özü də Fransanın bu dəhşətli əməllərinin tarixi yeni deyil.
Yalnız keçmiş və bugünkü deyil, gələcək nəsillərinin də üzqarası olan bu dəhşətli əməllərdən rəsmi Parisin müasir dövrümüzdə də uzaqlaşmaması, tarixinin qaranlıqlarında dəfn edərək, əsl demokratiya, haqq, ədalət, beynəlxalq hüquq tərəfdarı olaraq çıxış etməməsi təəssüf doğurur. Əfsus ki, Emmanuel Makron hökuməti "ənənələri" cidd-cəhdlə davam etdirir. Odur ki, bu gün də Fransa müstəmləkəçilik siyasətindən əl çəkməyib. Fransa hazırda da müstəmləkəsi altında olan ölkələrdə terror ruzigarı əsdirir, rəsmi Paris iradəsinə tabe olmayan siyasətçilərin, ictimai fəalların qətllərinə fərman verir. Eyni zamanda rəsmi Parisin terrorçulara qol-qanad gərməsi təkzibedilməz faktlardandır. "ASALA", "Daşnaksütyun", İŞİD kimi terror təşkilatlarını dəstəkləməsi Fransanın terrorçu xislətindən irəli gəlir.
Martın 22-də Moskvada "Crocus City Hall"da həyata keçirilən və hazırda araşdırılması davam etdirilən terror aktını törədənlərin sifarişçisi kimi də açıq şəkildə məhz Fransanın adı hallanır. Bu günlərdə Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedevin Moskvadakı terror aktının arxasında Fransanın və birbaşa Emmanuel Makronun durduğunu bəyan etməsi çox ciddi fakların əldə olunduğundan xəbər verir.   

 

Fransanın təhdid, təzyiq dili ilə danışmağı heç bir nəticə verməyəcək

 

Dövlətimiz dünyanın bütün xalqlarına qarşı hər zaman humanizm, sülhsevər mövqe sərgiləyib, dostluq, qarşılıqlı əməkdaşlıq şəraitinin hökm sürməsinə və inkişaf etdirilməsinə səy göstərib. Azərbaycan bütün dövlətlərlə münasibətlərin qarşılıqlı hörmət və beynəlxalq hüquq prinsipləri çərçivəsində qurulmasına tərəfdardır.
Parlamenti qondarma "arsax"ı tanıyan da, BMT-də Azərbaycana qarşı qətnamələr qəbul etdirməyə cəhdlər göstərən də, Avropa İttifaqında ölkəmizə qarşı çirkin kampaniya aparan da, Avropa Parlamentində respublikamıza qarşı qətnamələrin qəbulunda aktiv iştirak edən də, Laçın yolundakı ekoaksiya zamanı "blokada şousu" ilə çıxış edən də, Ermənistanı silahlandıraraq revanşa hazırlayan da Fransadır. Növbəti addımını Azərbaycandakı səfiri Ann Buayonun məsləhətləşmələr üçün ölkəsinə geri çağırılmasını da rəsmi Parisin anti-Azərbaycan siyasətinin tərkib hissəsi kimi dəyərləndirmək olar.
Fransanın uzun illərdir ki, Cənubi Qafqazla bağlı siyasətində də qətiyyən sülhsevərlik olmadığı artıq bütün dünyaya bəllidir. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat katibi Ayxan Hacızadənin Fransanın ölkəmizdəki səfirinin geri çağırılması ilə bağlı yerli mətbuatın sualına cavabında diqqətə çatdırdığı kimi, məhz Azərbaycanın razılığı əsasında Fransanın 25 ilə yaxın müddətdə vasitəçilik roluna baxmayaraq, bu ölkənin 2020-ci il Vətən müharibəsindən sonra açıq-aşkar anti-Azərbaycan addımları hər kəsə məlumdur.

 

Azərbaycan milli maraqlarını qorumaq üçün zəruri tədbirlərini görür

 

Uzun illər düyünə salınmış Qarabağ probleminin həllini Azərbaycan sülh yolu ilə həll etmək üçün əlindən gələni əsirgəmədi. Ərazilərinin iyirmi faizi otuz ilə yaxın Ermənistanın işğalı altında qaldı. İşğalçı ölkə də, onun havadarları da belə güman edirdilər ki, Azərbaycanda Qarabağı, Şərqi Zəngəzuru görmədən böyüyən gənc nəsil özlərindən əvvəlkilər qədər həmin ərazilərə bağlı olmayacaqlar. Ancaq 2020-ci ilin payızında Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı nəticəsində başlayan İkinci Qarabağ müharibəsində tamamilə yanıldıqlarını anladılar. Gördülər ki, Azərbaycan xalqı hər zaman öz yurduna sadiqdir, vətənpərvərdir. Azərbaycan öz gücü, hərbçilərinin hazırlığı, peşəkarlığı, cəsurluğu, qəhrəmanlığı sayəsində öz ərazilərini Ermənistanın işğalından azad edə bildi. 
Bu gün Cənubi Qafqazın lider dövlətinə çevrilmiş Azərbaycan yalnız regionda deyil, bütün dünyada sülhün bərqərar olması istiqamətində səylərini əsirgəmir. Heç bir ölkəyə qarşı qərəzi də yoxdur. Ayxan Hacızadənin diqqətə çatdırdığı kimi, Fransa tərəfinin Azərbaycanı birtərəfli hərəkətlərdə təqsirləndirməsinə baxmayaraq, ölkəmizin Parisə qarşı addımları və verdiyi rəsmi bəyanatlar yalnız bu ölkənin destruktiv fəaliyyətinə cavab xarakterli olub: "Ölkəmizə qarşı qarayaxma kampaniyasına baxmayaraq, tərəfimizdən hər zaman dialoq qapıları açıq saxlanılıb".
Ayxan Hacızadə nəzərə çatdırıb ki, Fransa xüsusilə son 3 il yarım müddətdə atdığı addımlar ilə Azərbaycanla Ermənistan arasında suverenlik və ərazi bütövlüyü əsasında əlaqələrin normallaşdırılması səylərini ciddi şəkildə sual altına qoyub və vəziyyətin gərginləşməsinə rəvac verib.
Xarici İşlər Nazirliyinin mətbuat katibi vurğulayıb ki, Azərbaycan tərəfi dəfələrlə Fransaya təhdid, təzyiq dili ilə danışmağın heç bir nəticə verməyəcəyini bildirib və öz milli maraqlarının qorunması üçün bütün zəruri tədbirlər görəcəyini bir daha bəyan edir.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video