İsveç Ədliyyə Nazirliyi ağır cinayətlər üçün cinayət məsuliyyəti yaşının 15-dən 13-ə endirilməsini nəzərdə tutan qanun layihəsi təklif edib. Əgər parlament tərəfindən qəbul edilərsə, qanun layihəsi 2026-cı il iyulun 3-də qüvvəyə minəcək. Hökumət yeniyetmələrin mütəşəkkil cinayətkar qruplarda iştirakı səbəbindən cinayət məsuliyyəti yaşının endirilməsinin zəruriliyini qeyd edir.
"Son illərdə mütəşəkkil cinayətkarlıq əhalinin getdikcə daha geniş təbəqəsinə təsir göstərib. Ağır cinayətlər törədənlərin yaşı getdikcə azalır", - deyə İsveç Ədliyyə Nazirliyi veb saytında dərc olunmuş qanun layihəsini izah edərkən bildirib.
Hazırda İsveçdə cinayət məsuliyyəti 15 yaşında başlayır. Lakin ağır cinayətlərdə (qətl, təcavüz və ağırlaşdırılmış soyğunçuluq) məhkum edilmiş 17 yaşdan kiçik yeniyetmələr ümumiyyətlə həbsxanaya deyil, ixtisaslaşmış mərkəzlərə göndərilir.
"Aftonbladet" qəzetinin məlumatına görə, 2025-ci ildə 15 yaşdan kiçik 52 yeniyetmə qətl və ya qətl cəhdi ilə bağlı məhkəmə işlərində iştirak edib. Hazırda onlar heç bir cəza ilə üzləşmirlər: yeniyetmələr törətdiyi cinayətlərdən sonra sosial xidmətlərin himayəsinə verilirlər.
İsveç Milli Cinayətkarlığın Qarşısının Alınması Şurasının məlumatına əsasən, son on ildə 15 yaşdan kiçik yeniyetmələrlə bağlı qeydə alınan cinayətlərin sayı ikiqat artıb.
İsveçdə cinayət məsuliyyəti yaşının azaldılması ilə bağlı müzakirələr uzun müddətdir davam edir. 2025-ci ilin sentyabr ayında Baş nazir Ulf Kristersson cinayət məsuliyyəti yaşının azaldılması planlarını təsdiqləyərək, "cinayətkar təşkilatların uşaqları ağır cinayətlər törətmək üçün amansızcasına istismar etdiyini" bildirib.
Rizvan CƏFƏROV,
"Azərbaycan"