Qərbi Avropada istilik dalğasının başlamasından sonra Fransada gündəlik ölüm hallarında artım qeydə alınıb. Bu, bütün yaş qruplarına aiddir. Bu barədə yerli səhiyyə orqanı olan "Sante publique France" məlumat verib.
Mətbuat açıqlamasında xəbər verilir ki, "Sante publique France"nin, ilkin (ümumiləşdirilməmiş) ölüm məlumatlarına əsasən, 23 iyun 2026-cı ildən bəri müşahidə edilən gündəlik ölüm nisbətində artım olub. "Qırmızı" həyəcan səviyyəsi altında olan bölgələrdə, xüsusən də evdə ölənlər arasında qeydə alınan ölümlərin sayında daha çox artım müşahidə olunub.
Bu məlumatlara görə, 24 iyun tarixində ölkədə 1200-dən çox ölüm halı (bütün səbəblərdən) qeydə alınıb. 25 və 26 iyun tarixlərində isə 1400-dən çox ölüm qeydə alınıb, Sonrakı məlumatlar hələ dəqiqləşdirilməyib. Agentlik müqayisə üçün aprel və may aylarında gündəlik ölüm halları rəqəmlərini təqdim edib: bu ayların hər birində 900 ilə 1000 arasında ölüm hadisəsi baş vermişdi.
"Sante publique France" bildirib: "Beləliklə, 24 iyundan bəri əvvəlki ayların rəqəmləri ilə müqayisədə təxminən daha çox – 1000 ölüm (ilkin məlumatlar) qeydə alınıb". Hesabata görə, son günlər gündəlik ölüm hallarının artması "qırmızı" həyəcan səviyyəsi altında olan bölgələrdə, yəni İl-de-Frans, Yeni Akvitaniya, Bretan, Sent-Val-de-Luar bölgəsi, Normandiya və Pays de la Luarda daha çox müşahidə olunub.
Agentlik xəbərdarlıq edir ki, ölüm hallarının artması bütün yaş qrupları arasında müşahidə olunur kli, bu da isti dalğasının fəsadlarının bütün əhaliyə təsiretmə potensialını vurğulayır. Lakin hesabata görə, qeydə alınan ölüm hallarının 85 faizi 65 və daha yuxarı yaşda olan insanlar arasında baş verib.
Fransada bir neçə gün davam edən şiddətli istilərdən və bir çox bölgələrdə temperaturun 40°C-dən yuxarı qalxmasından sonra istilər bir qədər səngiyib.
Rizvan CƏFƏROV,
"Azərbaycan"