19 Aprel 2024 08:55
182
İQTİSADİYYAT
A- A+

İlk rübün makroiqtisadi göstəriciləri açıqlanıb

 

Rəqəmlər sosial-iqtisadi inkişafın dinamikliyindən xəbər verir

 

Dövlət Statistika Komitəsi (DSK) cari ilin ilk rübünün makroiqtisadi göstəricilərini açıqlayıb. Məlum olub ki, ötən 3 ayda ölkə üzrə 29,1 milyard manatlıq və ya əvvəlki ilin müvafiq dövründəkindən 4 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunmuşdur. Əlavə dəyər istehsalı iqtisadiyyatın qeyri-neft-qaz sektorunda 6,7, neft-qaz sektorunda 0,4 faiz artmışdır. 
DSK-nın hesabatına görə, ilin ilk rübündə ÜDM-in 39,3 faizi sənaye, 9,7 faizi ticarət və nəqliyyat vasitələrinin təmiri, 6,8 faizi nəqliyyat və anbar təsərrüfatı, 2,9 faizi kənd və meşə təsərrüfatları, eləcə də balıqçılıq, 5,9 faizi tikinti, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə, 20,4 faizi digər sahələrdə istehsal olunmuşdur. Məhsula və idxala xalis vergilər ÜDM-in 10,9 faizini təşkil etmişdir. Əhalinin hər nəfərinə isə 2856,5 manat əlavə dəyər düşmüşdür.    
Rüb ərzində ölkə üzrə 15,7 milyard manatlıq sənaye məhsulları istehsal edilmişdir. Ümumilikdə bu dövrdə məhsul istehsalı sənayenin qeyri-neft-qaz sektorunda 7,8, neft-qaz sektorunda 0,2 faiz artmışdır. Sənaye məhsullarının 64,5 faizi mədənçıxarma, 29 faizi emal, 5,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,8 faizi su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal edilmişdir. Mədənçıxarma sektoru üzrə əmtəəlik neft hasilatı 6 faiz azalmış, əmtəəlik qaz hasilatı 5,4 faiz artmışdır. 
Emal sektorunda metallurgiya sənayesi məhsullarının istehsalı 49,7, mebel istehsalı 39, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 37,3, tikinti materiallarının istehsalı 34,4, rezin və plastik kütlə məmulatlarının istehsalı 26,2, içkilərin istehsalı 24,5, geyim istehsalı 21,1, elektrik avadanlıqlarının istehsalı 16,8, kimya sənayesi məhsullarının istehsalı 16,7, tütün məmulatlarının istehsalı 15,6, toxuculuq sənayesi məhsullarının istehsalı 9, kompüter, elektron və optik məhsulların istehsalı 7,9, neft məhsullarının istehsalı 5,4, kağız və karton istehsalı 2, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 1,3, əczaçılıq məhsullarının istehsalı 0,9 faiz artmış, hazır metal məmulatlarının istehsalı 0,1, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 0,4, qida məhsullarının istehsalı 2,6, poliqrafiya məhsullarının istehsalı 4, maşın və avadanlıqların istehsalı 19,5, ağacın emalı və ağacdan məmulatların istehsalı 16,3, sair nəqliyyat vasitələrinin istehsalı 45,1, sair sənaye məhsullarının istehsalı isə 46,9 faiz azalmışdır.
Azalma (5,2 faiz) həmçinin qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda qeydə alınmışdır. Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 6,6 faiz artım olmuşdur. 
Dövlət Statistika Komitəsininn açıqlamasına görə, cari ilin yanvar-mart aylarında  əsas kapitala 3 milyard 809,2 milyon manat vəsait yönəldilmişdir. Bu, 2023-cü ilin ilk rübündəkindən 4 faiz çoxdur. İstifadə olunmuş ümumi vəsaitin 55,7 faizi məhsul istehsalı və 38,2 faizi xidmət obyektlərinin, 6,1 faizi yaşayış evlərinin tikintisinə sərf edilmişdir. 79,4 faizi daxili sərmayələr olan vəsaitin 70,4 faizi bilavasitə tikinti-quraşdırma işlərində xərclənmişdir. Bu dövrdə neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 2,7, qeyri-neft-qaz sektoruna sərf edilən vəsaitin həcmi isə 4,8 faiz artmışdır.   
Sosial sahəyə, daha dəqiq desək, muzdla işləyənlərin orta aylıq nominal əməkhaqqına gəldikdə, Dövlət Statistika Komitəsinin məlumatına görə, ölkə üzrə yanvar-fevral aylarında bu göstərici 2023-cü ilin eyni dövrünə nisbətən 10,8 faiz artaraq 946,8 manata çatmışdır. Əhalinin ümumi gəlirləri isə yanvar-mart ayılarında 5 faiz artaraq 19,4 milyard manat olmuşdur. 
DSK-nın hesabatında həmçinin bildirilir ki, ilin ilk rübündə pərakəndə ticarət şəbəkəsindən əhaliyə 13 milyard 474,2 milyon manatlıq məhsul satılmış, 2 milyard 827,4 milyon manatlıq ödənişli xidmətlər göstərilmişdir. 2023-cü ilin ilk rübü ilə müqayisədə əmtəə dövriyyəsi 3,1, əhaliyə göstərilmiş xidmətlərdən əldə olunan gəlir 5,8 faiz artmışdır. 
Yanvar-mart aylarının nəticələrinə əsasən, ölkənin informasiya və rabitə müəssisələri tərəfindən ümumilikdə 766,4 milyon manatlıq müxtəlif xidmətlər göstərilmiş və həmin xidmətlərin 74,1 faizindən əhali istifadə etmişdir. Rüb ərzində bu xidmətlərin həcmi 10,4 faiz artmışdır. Əldə edilmiş gəlirlərin 83,5 faizi qeyri-dövlət sektorunun payına düşmüşdür. Nəqliyyat sektorunda da göstəricilər müsbətdir: ötən rüb ölkə üzrə 54,6 milyon ton yük, 452,9 milyon nəfərdən çox sərnişin daşınmışdır ki, bu da 2023-cü ilin eyni dövrünə nisbətən yük daşınması üzrə 4,7, sərnişin daşınması üzrə 6,9 faiz çoxdur.   
Sonda istehlak qiymətləri barədə: cari ilin yanvar-mart aylarında ötən ilin eyni dövrü ilə müqayisədə istehlak qiymətləri 101, o cümlədən qida məhsulları, içki və tütün məmulatları üzrə 99,7, qeyri-qida malları üzrə 101,4, əhaliyə göstərilən ödənişli xidmətlər üzrə 102,5 faiz olmuşdur. 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video