27 Sentyabr 2025 08:00
5313
SİYASƏT
A- A+
İLHAM ƏLİYEVİN SÜLH DƏRSLƏRİ

İLHAM ƏLİYEVİN SÜLH DƏRSLƏRİ


Bütün müharibələr sülhlə qurtarır!

Aylar, illər, hətta əsrlər boyu davam etsələr belə!

Lakin tərəflər əvvəlcədən məsələni sülh yolu ilə çözmək istəmirlər, yaxud gücsüzlüklərini etiraf etməkdə çətinlik çəkirlər.

Əksinə, hər bir tərəf özünü daha güclü, haqlı, rəqibini isə zəif və haqsız hesab edir!

Sonda yenə məsələ hərb meydanında həllini tapır:

Xeyli qurbanlar, dağıntılar baş verəndən, quruculuq işlərinə xərclənəcək böyük vəsaitlər döyüşlərdə puça çıxarılandan sonra!

Belə bir vəziyyət Azərbaycana yaxşı tanışdır.

Çar Rusiyası tərəfindən Azərbaycana məxsus ərazilərdə yerləşdirilərək Azərbaycan torpaqları hesabına özünə dövlət yaradan vətənsiz ermənilər daim Azərbaycanın yeni ərazilərini ələ keçirməklə vassal dövlətlərini genişləndiriblər.

Buna sovet Rusiyası da daim və yaxından kömək göstərib.

Qırmızı imperiya laxlayaraq dağılmağa başlayanda yenə Ermənistanın və onun havadarlarının əllərinə fürsət düşdü.

Ulu Öndər Heydər Əliyevin müvəqqəti olaraq ölkə rəhbərliyindən ayrılmasından, Azərbaycana maymaq, qorxaq, səriştəsiz və təcrübəsiz insanların başçılıq etməsindən istifadə edərək Qarabağ münaqişəsini yenidən alovlandırdılar, erməniləri dəstəkləyərək iyirmi faiz ərazimizin işğalına nail oldular.

Ulu Öndər Heydər Əliyev xalqın arzu və tələbi ilə yenidən ölkə rəhbərliyinə qayıtdıqda artıq iş-işdən keçmişdi.

Dünya işğal faktını qəbul etsə də, münaqişənin sülh yolu ilə nizamlanması üçün xüsusi bir qurum - ATƏT-in Minsk qrupu yaradılsa da, beynəlxalq hüquq Azərbaycanın tərəfində olsa da, BMT-nin Təhlükəsizlik Şurası münaqişə ilə bağlı dörd qətnamə qəbul etsə də, Ermənistan işğal etdiyi ərazilərdən könüllü şəkildə çıxmaq istəmədi.

Nə həmsədr dövlətlər, nə BMT, nə digər beynəlxalq təşkilatlar Ermənistanı buna vadar etdilər, nə də ona qarşı sanksiyalar tətbiq olundu.

Bu minvalla Qarabağ münaqişəsinin sülh yolu ilə həlli variantı baş tutmadı.

*** 

Münaqişənin sülh danışıqları ilə həllinin qəsdən uzadılması Azərbaycanı işğal faktı ilə barışmağa vadar etmənin düşünülmüş bir yolu idi!

Bunu heç ermənilər də gizlətmir, bizi mövcud "reallıqla barışmağa", "de-faktonu de-yure tanımağa" çağırırdılar.

Azərbaycanın mövqeyi də qəti idi: "bir qarış torpaq belə kimsəyə güzəştə gedilməyəcəkdir!" 

Prezident İlham Əliyev isə dövlətə rəhbərlik etdiyi ilk günlərdən daim açıq şəkildə və ucadan bəyan edirdi:

* Azərbaycan heç zaman öz ərazisində ikinci erməni dövləti yaradılmasına yol verməyəcəkdir!

* Əgər sülh variantı baş tutmasa, digər vasitələrdən istifadə olunacaqdır!

Lakin Azərbaycan heç zaman sülh danışıqlarından imtina etmədi!

Hətta onlar səmərəsiz və nəticəsiz olsalar belə!

Amma eyni zamanda münaqişənin "digər vasitələrlə", başqa sözlə, hərbi yolla həllinə ciddi hazırlıqlarını da bir an belə dayandırmadı!

Azərbaycan ATƏT-in həmsədr dövlətlərinin Ermənistana birbaşa yardımlar etdiklərini gözəl bilirdi.

MƏSƏLƏN:

* İşğalçı dövlət Ermənistan olduğu halda ABŞ 1992-ci ildə Azərbaycana qarşı birbaşa dövlət yardımını qadağan edən Azadlığı Müdafiə Aktına 907-ci düzəlişi qəbul etdi.

* Rusiya hər dəfə bir milyard dollar həcmində silah-sursatla iki dəfə Ermənistana kömək göstərdi.

* Fransa maliyyə yardımları verməklə yanaşı, beynəlxalq təşkilatlarda da Azərbaycan əleyhinə qərar və qətnamələr çıxarılmasının daimi təşəbbüsçüsü idi.

Odur ki, Azərbaycan müharibəyə daha ciddi hazırlaşmalı və Ermənistanı silahların keyfiyyəti baxımından da üstələməli idi.

Buna isə külli miqdarda vəsait tələb olunurdu.

İlham Əliyevin səmərəli və məqsədyönlü fəaliyyəti nəticəsində tarixinin ən qüdrətli Azərbaycanı yaradıldı!

Bu həm də yeni ordu quruculuğunun baş şərtlərindən biri idi!

* Yeni gənclər nəsli tərbiyə olundu, onların iştirakı ilə müasir ordu quruldu.

* Ordu ən yeni texnologiyalara əsaslanan silahlarla təchiz edildi.

* Yeni xüsusi təyinatlılar və Komando hissələri hazırlandı.

* Müntəzəm təlimlər keçirilərək ordunun döyüş qabiliyyəti daim yüksəldildi.

* Hücum diplomatiyasına keçən Azərbaycan beynəlxalq təşkilatlarda fəaliyyətini gücləndirdi.

* İlham Əliyevin BMT Təhlükəsizlik Şurasının iclaslarına, habelə İslam Əməkdaşlıq Təşkilatına və Qoşulmama Hərəkatına rəhbərliyi dövründə gördüyü işlər, atdığı addımlar Azərbaycanın dünyadakı siyasi nüfuzunu xeyli artırdı, mövqeyini möhkəmləndirdi, dostlarının sayını çoxaltdı.

Ermənistanın yeni başçısı N.Paşinyanın "Qarabağ Ermənistandır və nöqtə" söyləməsi isə sülh danışıqlarının mənasızlığını ortaya qoydu.

Havadarlarına güvənən Ermənistan artıq Azərbaycanı "yeni müharibə yeni ərazilər olacaqdır" deyərək hədələyir, Tovuz bölgəsində təxribatlar törədərək strateji boru kəmərlərini hədəfə alacaqları ilə təhdid edirdi.

Odur ki, hərbi əməliyyatlara, əslində, sülhə məcburetmə əməliyyatına başlamalı olduq!

Əslində isə, Azərbaycan Prezidenti İlham Əliyev Ermənistanın baş naziri N.Paşinyana və onların müdafiəçilərinə bir neçə hissədən ibarət sülh dərsi də verdi!

***

Birinci dərs 2016-cı ilin dördgünlük Aprel müharibəsində oldu.

Bu həm də Azərbaycanın ən yeni silahlarla silahlanmış yeni ordu yaratdığının anonsu idi.

Çox qısa bir müddətdə Azərbaycan Ordusu düşmənə böyük tələfat yaşadaraq bir neçə mühüm strateji mövqeyi və yaşayış məntəqəsini işğaldan azad etdi.

Lakin Ermənistan Azərbaycanın gücləndiyinin və güclü ordu qurduğunun fərqində olmadı!

* Baş verənlərdən ciddi nəticə çıxarmadı!

* Yeni reallıqla hesablaşmaq istəmədi!

Odur ki, işğalı həmin qayda ilə davam etdirdi.

İkinci dərs isə ildırım sürətli və analoqsuz oldu!

Cəmi 44 gün çəkdi!

Ermənistanın bütün dostlarının orbitdə kəşfiyyat peykləri, güclü kəşfiyyat strukturları vardır.

Azərbaycanla bağlı əldə etdikləri məlumatları isə daim ermənilərlə bölüşürdülər.

Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyev yeni ordu quruculuğu, ən müasir silahların alınması, müharibəyə hazırlıq işlərini elə bir məxfiliklə aparmışdı ki, kimsə bundan xəbər tuta bilməmişdi.

Hərbi əməliyyatların başlandığı ilk günlərdən bunun şahidi olduq.

Ermənilər bizim mərkəzdən - Ağdam, Laçın və Kəlbəcərdən hücuma keçəcəyimizi güman edirdilər.

* Yerli şəraitdən, relyefdən istifadə etməklə altıqat müdafiə sistemi qurmuşdular.

* Hətta lovğalıqla "keçilməz" adlandırdıqları "Ohanyan xətti" də burada idi.

* Ən əsası, Ermənistan ordusu bizi yerdə, açıq hücum şəraitində gözləyirdi.

* Özləri də Birinci Qarabağ müharibəsindəki "qələbə taktikası"na köklənmişdilər.

Lakin Azərbaycan Ordusu yeni strategiya və taktika tətbiq etməklə XXI əsrin ən yeni müharibəsini apardı!

Düşmənin başına göydən od yağdırdı!

Ordumuz dəqiq zərbələrlə onların müdafiə qurğularını, atəş nöqtələrini, zirehli texnikalarını darmadağın etdi.

Erməni əsgər və zabitləri elə bir vahiməyə düşmüşdülər ki, döyüş mövqelərini, zirehli texnikalarını atıb, canlarını qurtarmaq üçün qaçırdılar!

On iki min fərarisi oldu erməni ordusunun!

Bu, onların öz etiraflarıdır! 

Azərbaycan Ordusu isə sərhədboyu irəliləyərək çox qısa müddətdə bir-birinin ardınca Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı rayonlarını işğaldan azad etdi!

Azərbaycan əsgəri görünməmiş, misilsiz rəşadət göstərdi!

Keçilməz cığırlarla irəliləyərək, sıldırım qayalara dırmaşaraq Şuşa qalasına daxil oldular, əsgər xəncərləri və belləri ilə əlbəyaxa döyüşlərdə şəhəri murdar ləpirlilərdən təmizlədilər.

Bununla da Ermənistanın 20 minlik ordusu mühasirəyə alınaraq qısa zamanda real məhvedilmə təhlükəsi ilə üzləşdi!

Hərbi, informasiya və diplomatiya meydanında gedən müharibədə İlham Əliyev Ermənistana diplomatik - sülh dərsini də verdi!

Ermənistana dost dövlət başçıları dayanmadan çoxsaylı zənglər edərək hərbi əməliyyatların dayandırılmasını təkidlə xahiş edirdilər!

Hətta bəzən təhdidə də keçirdilər!

Lakin Müzəffər Ali Baş Komandan İlham Əliyevin polad iradəsini heç nə sarsıda bilmirdi!

Növbəti sülh dərsinin şərtləri isə belə oldu:

Əvvəla, kapitulyasiya aktını əvəz edən üçtərəfli Bəyanat Azərbaycanın tələbləri əsasında tərtib olunmalıdır!

İkincisi, Ermənistan bütün hərbi birləşmələrini Azərbaycan ərazisindən çıxarmalıdır!

Üçüncüsü, Ağdam, Laçın və Kəlbəcər rayonları dərhal boşaldılmalıdır!

Ən nəhayət, Ermənistan öz qoşunlarının ərazimizdən çıxarılma qrafikini təqdim etməlidir!

Hər şey cənab İlham Əliyevin tələb etdiyi kimi oldu!

Kapitulyasiya aktını əvəz edən üçtərəfli Bəyanat Rusiyanın vasitəçiliyi ilə imzalandı!

***

Erməni verdiyi sözün üstündə dursaydı, daha erməni olmazdı ki!

Ermənistan havadarlarına güvənərək üçtərəfli Bəyanatın bir sıra bəndlərinin icrasından yayınmağa çalışdı!

Onlardan biri Laçın dəhlizi ilə bağlı idi!

Hələ də bu yolla Azərbaycan ərazisinə silah-sursat, qanunsuz hərbi birləşmələrə təchizat daşınır, yeni minalar gətirilərək torpaqlarımızda basdırılırdı.

Rusiya sülhməramlıları isə bütün bunlara göz yumur, hətta bəzən erməni hərbi texnikasının önündə gedərək onları müşayiət edirdilər.

İlham Əliyevin üçüncü sülh dərsi Laçın yolu ilə bağlı oldu!

Həkəri çayı üzərindəki körpüdə çox sürətli və unikal bir əməliyyat keçirilərək Laçın dəhlizi qapadıldı, bu yola nəzarət Rusiya sülhməramlılarından Azərbaycan Ordusuna keçdi!

Beləliklə, daim Azərbaycana xain insanlar tərəfindən xəyanət əməllərinin daşındığı yol birdəfəlik bağlandı!

***

Dördüncü sülh dərsi üçtərəfli Bəyanatın qeyri-qanuni hərbi birləşmələrin çıxarılması bəndi ilə bağlı oldu!

Ermənistan hələ nəyəsə ümid edərək terrorçu dəstələrini bizim ərazidə saxlayır, "Artsax xalqı"nın hüquqlarından dəm vururdu.

Azərbaycan yenə də hərb tarixinə yazılacaq möhtəşəm bir əməliyyat keçirdi!

Əsas hissəsi 6 saat, bütövlükdə isə 23 saat çəkən antiterror tədbirləri zamanı bir nəfər mülki adama və mülki obyektə zərər dəymədən qanunsuz silahlı dəstələr darmadağın edildi, ağ bayraq qaldıraraq təslim oldular, aman dilədilər.

Azərbaycan böyük alicənablıq göstərərək tərk-silah edilmişləri və ölkəmizdə yaşamaq istəməyənləri təhlükəsiz şəkildə ərazilərimizi tərk etmələrinə imkan yaratdı!

Beləliklə, Azərbaycan öz ərazisində bir nəfər separatçının belə olmadığı ilk dövlətə çevrildi!

***

İlham Əliyevin sonrakı dərsləri isə sülh müqaviləsinin imzalanması prosesi ilə bağlı oldu.

Üçtərəfli Bəyanatın icrasının qarantı Rusiya olsa da, yenə reallıqda ermənipərəst mövqe sərgiləyirdi.

Fransa, Avropa İttifaqı da Ermənistanın maraqlarını təmin etməkdən ötrü vasitəçiliyə girişmişdilər.

İlham Əliyev onlara əsl sülhün necə yaradılacağını başa salaraq vasitəçilikdən birdəfəlik kənarlaşdırdı.

Bundan zəruri nəticə çıxaran N.Paşinyan 6 oktyabr 2022-ci ildə Praqada dördtərəfli formatda keçirilən görüşdə Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu göstərən sənəd-bəyanatı imzaladı!

Beləliklə, Qarabağın Azərbaycana məxsusluğunu rəsmən təsdiqlədi!

***

Müzəffər Ali Baş Komandan İlham Əliyev yalnız öz yolu ilə getdi!

Bildiyi kimi hərəkət etdi!

Altıncı sülh dərsi isə Paşinyana dünyanın birnömrəli dövlətinin birnömrəli ofisində verildi.

ABŞ Prezidenti D.Tramp sülhpərvərlik missiyasını davam etdirərək Azərbaycan tərəfinin bütün maraqları gözlənilməklə sülh müqaviləsinin imzalanması üçün möhkəm təməl qoydu!

Başqa sözlə, "Azərbaycan Respublikası və Ermənistan Respublikası arasında sülhün və dövlətlərarası münasibətlərin təsis edilməsinə dair Saziş" layihəsi paraflandı.

Bu bağlaşmanı etibarlı edən bir neçə hadisə də baş verdi.

BELƏ Kİ:

* Azərbaycanla ABŞ arasında Strateji Tərəfdaşlıq Xartiyasının hazırlanması üçün Strateji İşçi Qrupunun yaradılması;

* ATƏT-in Minsk qrupunun ləğv edilməsi;

* Azadlığı Müdafiə Aktına 907-ci düzəlişin tətbiqinin dayandırılması;

* Habelə Zəngəzur dəhlizinin (TRIPP) açılması barədə müvafiq sənədlər imzalandı.

***

Bu gün finişə yaxınlaşmaqda olan sülhün yolu o qədər asan və rahat olmamışdır.

Lakin Azərbaycan heç zaman öz qəti və prinsipial mövqeyindən bir addım belə geri çəkilməmiş, ilk günlərdən qarşısına məqsəd qoyduğu bütün hədəflərə çatmışdır!

Ötən ay Kəlbəcər şəhərinin sakinləri ilə görüşündə Azərbaycan Prezidenti İlham Əliyevin toxunduğu məqamlara bir daha diqqət çəkirik:

"Güclü iqtisadiyyat qurduq, beynəlxalq müstəvidə Ermənistanı işğalçı dövlət kimi ifşa etdik. Bir çox aparıcı beynəlxalq təşkilat bizim səylərimiz nəticəsində mövqeyimizi qəbul etməyə məcbur olmuşdur. Güclü ordu yaratdıq, ən müasir silahlar aldıq və gənc nəsil yetişdirdik. O gənc nəsil ki Vətən müharibəsində sinəsini qabağa verib torpaqlarımızı düşməndən azad etdi".

"44 günlük Vətən müharibəsi şanlı tariximizdir. Biz hər gün irəli gedirdik. Bir dənə də olsun döyüş meydanını tərk edən olmamışdır. Bir dənə də olsun fərari olmamışdır. Yəni bu, xalqımızın yüksək keyfiyyətlərini göstərir və onu göstərir ki, bütün xalqımız və Silahlı Qüvvələr Vətən uğrunda ölümə getməyə hazır idi. Ermənistan ordusunda isə özlərinin dediklərinə görə 12 min fərari olmuşdur".

"Tarix bir daha göstərdi ki, 2020-ci il noyabrın 10-da müharibənin dayandırılması ən düzgün addım idi. Ancaq bununla bərabər, o vaxt hələ də torpaqlarımızın bir hissəsi nəzarətimizdə deyildi. O vaxtdan 2023-cü il sentyabrın 19-na qədər bizim qarşımızda duran əsas hədəf ölkəmizin suverenliyini tam bərpa etmək idi. O tarixi siz yaxşı xatırlayırsınız, həm dırnaqarası Laçın dəhlizini yox etmək və bunu Laçın-Xankəndi yoluna çevirmək, həm Ermənistan-Azərbaycan sərhədində Laçın istiqamətində nəzarət-buraxılış məntəqəsinin yaradılması, eyni zamanda 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər önəmli strateji nöqtələrin götürülməsi, "Fərrux", "Qırxqız", "Sarıbaba" əməliyyatları - bütün bunlar şanlı tariximizdir və bütün bunlar məqsədyönlü siyasətimizin bir hissəsi idi".

"Ermənistanla sülh müqaviləsinin müəllifi də bizik, o bəndlərin tərtibatında da bizim mövqeyimiz hər zaman əsas götürülmüşdür. Bu sənədin paraflanması faktiki olaraq Ermənistan-Azərbaycan qarşıdurmasına son qoyur. Bununla bərabər, bizim tarixi diyarımız olan Naxçıvanla quru bağlantısı da təmin edildi. 2020-ci ilin noyabrından son günlərə qədər biz təkidlə bu məsələni daim gündəlikdə saxlayırdıq və müxtəlif yollarla bu məqsədə çatmaq üçün səylər göstərirdik və nəhayət, biz buna da nail olduq".

İlham Əliyevin sülh dərslərinin Ermənistanın baş naziri N.Paşinyan tərəfindən düzgün qavranılaraq dərindən dərk edildiyi də aydın görünür.

Hakim "Vətəndaş Müqaviləsi" partiyasının sentyabrın 20-də keçirilən qurultayındakı çıxışı zamanı baş nazir Paşinyanın dedikləri bunu bir daha təsdiq edir:

"Sülh avqustun 8-də Vaşinqtonda ABŞ Prezidenti Donald Trampın iştirakı və dəstəyi, mənim və Azərbaycan Prezidenti İlham Əliyevin qəbul etdiyi Bəyannamə ilə bərqərar oldu. Avqustun 8-i uzun bir prosesin kulminasiya nöqtəsi, zirvəsidir. Bir il yeddi aydır ki, Ermənistan-Azərbaycan sərhədində atışma nəticəsində bir nəfər də əsgər ölməyib və yaralanmayıb. Sülh budur. İndi bu 1 il 7 ay tarixi olan böyük sülhü 2 il 7 ay, 3 il, 4 il, 100 il, 200 il və sair halına gətirməliyik və Ermənistanın bütün sərhədlərinə şamil etməliyik".

Qalır Azərbaycanın sonuncu şərti - Ermənistan konstitusiyasından ölkəmizə qarşı ərazi iddialarının çıxarılması.

Bundan sonra Cənubi Qafqazda sülh və əməkdaşlıq üçün heç bir maneə qalmır.

***

Nəhayət, Ermənistanın baş naziri N.Paşinyan dərk elədi ki, sülh Azərbaycandan çox Ermənistana gərəkdir! 

Bunu ona İlham Əliyev "dəmir yumruğ"u, yeritdiyi siyasət, habelə müharibədə və müharibədən sonrakı dövrdə atdığı addımlar, gördüyü işlər və qazandığı nəticələrlə başa saldı!

Paşinyan başa düşdü ki, Ermənistan həmişə ona-buna arxalanaraq Azərbaycana meydan oxuyub!

Bu gün isə heç kim Ermənistanın arxasında dayanmır və dayana bilmir!

Çünki Azərbaycan buna öz gücü və imkanları ilə yol vermir!

Paşinyan başa düşdü ki, Azərbaycan Ermənistandan qat-qat üstün və güclüdür, qüvvələr nisbətindəki bu fərqi heç zaman dəyişmək mümkün olmayacaqdır!

ÇÜNKİ:

* Azərbaycan iqtisadiyyatı, potensialı ilə güclüdür!

* Azərbaycan qüdrətli ordusu ilə güclüdür!

* Azərbaycan insan resursları ilə qat-qat üstün, xalqın mənəvi birliyi və yekdilliyi baxımından güclüdür!

* Azərbaycan müdrik və uzaqgörən rəhbəri, Müzəffər Ali Baş Komandanı ilə güclüdür!

* Azərbaycan xalqı torpağa bağlılığı, vətənpərvərliyi, yurdsevərliyi və rəhbərinə məhəbbəti ilə güclüdür!

Bunların heç biri Ermənistanda yoxdur və olmayacaqdır da!

Çünki Ermənistan işğalçıdır, dağıdıcıdır, yırtıcıdır, ona öz torpaqlarında yer verərək dövlət qurmasına şərait yaradan xalqa xain çıxıb, olmazın pisliklərini edib!

Bu gün isə əməllərinin cəzasını alır!

Amma bu xalq, bu dövlət yenə ona güzəştə gedir, sülhün vacibliyini başa salır!

Ermənistan və onun rəhbəri Paşinyan sülhdən başqa çarələri qalmadığına görə sülh istəyirlər!


Bəxtiyar SADIQOV

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!