11 Oktyabr 2022 00:42
1900
SİYASƏT
A- A+
İlham Əliyevin müstəqil siyasəti milli ideologiyanın əsas prioritetidir

İlham Əliyevin müstəqil siyasəti milli ideologiyanın əsas prioritetidir

 

Xalqların inkişaf tarixi bitməyən böyük bir yoldur. Zaman dəyişdikcə, dövrlər, reallıqlar bir-birini əvəzlədikcə bu yol da davam edir.
Bu gün Azərbaycan dünya miqyasında ən sürətlə inkişaf edən ölkələr sırasında öncül yerlərdən birini tutur. Bu inkişafın əsasında uğurla, uzaqgörənliklə reallaşdırılan daxili və xarici siyasət kursu dayanır. Ulu Öndər Heydər Əliyevin müəyyənləşdirdiyi strateji kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün reallıqlarına, tələblərinə və qanunauyğunluqlarına müvafiq surətdə uğurla və qətiyyətlə davam etdirilməsi indiki milli inkişafın fundamental əsaslarını təşkil edir. Müxtəlif inkişaf modellərinin uğurla tətbiqi və hədəflənən nəticələrin əldə olunması, sosial-siyasi islahatların mütəmadi qaydada həyata keçirilməsi, qanunvericilik bazasının zənginləşdirilməsi, vətəndaş cəmiyyəti və hüquqi dövlətin inkişafına maksimum əlverişli şəraitin yaradılması, möhkəm təməllərə söykənən ictimai-siyasi sabitliyin qorunması, ölkəmizin beynəlxalq münasibətlər sisteminin nüfuz və güc müstəvisində sürətli şəkildə irəliləməsi müasir Azərbaycanın gerçəkliklərini təşkil edir. Hazırda inamla irəliləyən ölkəmizdə müstəqil siyasət, müstəqil dövlətçilik, müstəqil xarici siyasət, müstəqil daxili siyasət milli ideologiyanın əsas prioritetləridir.

 

Düşünülmüş siyasət

 

Azərbaycanın sürətli inkişafı və əldə edilmiş mühüm tarixi nailiyyətlər Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi və iqtisadi kursun qanunauyğun nəticəsidir. Dövlət başçısının qeyd etdiyi kimi: "Düşünülmüş siyasət, siyasi və iqtisadi islahatlar, xalqla iqtidar arasında birlik, xalq tərəfindən ölkədə aparılan iqtisadi islahatlara dəstəyin verilməsi, liberal iqtisadiyyat, eyni zamanda güclü hakimiyyət, sabitlik - budur bizim uğurlarımızı şərtləndirən əsas amillər".
Bu gün xalq-iqtidar birliyi islahatların, daxili və xarici siyasət kursunun səmərəliliyini təmin edən əhəmiyyətli strateji faktor kimi çıxış edir. Eyni zamanda mütəmadi surətdə həyata keçirilən islahatlar mövcud inkişafı sürətləndirməklə yanaşı, yeni inkişaf perspektivlərini də müəyyənləşdirir. İlk növbədə rasional iqtisadi islahatlar Azərbaycan iqtisadiyyatının dinamik inkişafını təmin edən mühüm amil qismində çıxış edir. Ölkə iqtisadiyyatının inkişafı üçün mütəmadi surətdə reallaşdırılan praqmatik islahatlar modeli formalaşdırılıb. Bu da bütövlükdə milli inkişafa təkan verən əhəmiyyətli amildir. Güclü iqtisadi inkişafa əsaslanan bir sıra tədbirlərin görülməsi isə Azərbaycanın milli tərəqqisini sürətləndirən, gücünü artıran başlıca strateji komponent qismində çıxış edir. 
İnsana qayğı, vətəndaşların maddi, mənəvi tələbatlarının ödənilməsi üçün zəruri şəraitin yaradılması Prezident İlham Əliyevin apardığı müstəqil daxili siyasətin mühüm prinsiplərindəndir. Bu siyasətin başlıca məqsədi sosialyönümlü dövlət quruculuğunu təmin etməkdir. Hazırda bu istiqamətdə böyük uğurlar əldə edilir. Azərbaycan Prezidenti hər zaman öz çıxışlarında sosial siyasəti dövlət siyasətinin ən zəruri sahələrindən biri kimi dəyərləndirərək vurğulayır ki, layiqli sosial siyasət gələcəkdə də Azərbaycan hökuməti üçün prioritet olaraq qalacaqdır.
Təhsilin inkişafı hər bir ölkədə inkişaf konsepsiyasının mühüm tərkib hissəsidir. Respublikada son illərdə bu sahədə həyata keçirilən islahatlar deməyə əsas verir ki, Azərbaycan öz gələcəyini daha etibarlı və inamlı görmək istəyir. Prezident İlham Əliyevin təhsilin inkişafına göstərdiyi diqqət və qayğı onu təsdiqləyir ki, bu mühüm sahə dövlət siyasətinin mühüm strateji istiqamətlərindən, bəlkə də, ən başlıcasıdır. 
Ölkəmizdə insan kapitalının inkişafı çox mühüm amildir. Azərbaycan Prezidenti ölkə gənclərinin dünyanın aparıcı universitetlərində təhsilinə çox böyük diqqət və önəm verir. Bu, ölkəmizin inkişaf prioritetlərindən biridir, bu siyasətin daha dərin kökləri, ənənələri var. Respublikanın tərəqqisində, dünyada tanınmasında xaricdə təhsil alan gənclərin əməyi böyükdür. Gənclərimiz yüksək biliklərə yiyələnməklə yanaşı, Vətənin fəal təbliğatçısı funksiyasını da yerinə yetirirlər. Bütün bunlar müstəqil daxili siyasətin, eyni zamanda milli ideologiyamızın əsasını təşkil edir.
Hazırda Azərbaycan təkcə qlobal inkişafdan faydalanmaqla kifayətlənmir, həm də bu inkişafa multikulturalizm, tolerantlıq, iqtisadi islahatların idarə edilməsi modeli, brendlər və innovativ mexanizmlərlə də rəng qatır. Azərbaycan Prezidenti qlobal gündəmi formalaşdıran liderlərdəndir. BMT Təhlükəsizlik Şurası, Davos İqtisadi Forumu, Qoşulmama Hərəkatı, Türk Şurası, mədəniyyətlərarası dialoq və digər platformalarda Prezident İlham Əliyev qlobal və regional gündəliyin formalaşdırılması prosesində iştirak etməklə yanaşı, həm də ölkəmizin bu gündəliyə uyğun müstəqil siyasi xətlə inkişafını təmin edir. 

 

Müstəqil xarici siyasət milli ideologiyanın əsas prioritetidir

 

Ölkəmizdə həyata keçirilən çoxtərəfli və balanslaşdırılmış xarici siyasət nəticəsində respublikamız regionun ən güclü dövlətinə çevrilib. Beynəlxalq siyasi-iqtisadi arenada gələcəyə aydın nəzərlərlə baxmağı bacaran hər kəs Azərbaycanı Cənubi Qafqazın gələcəyinin, bu bölgədə sülh və əməkdaşlıq mühitinin qarantı kimi görür. Bu, ölkəmizin illər ərzində yaradıb formalaşdırdığı, Vətən müharibəsindəki Zəfərlə də nidasını qoyduğu tarixi reallıqdır. Dövlət rəhbərimizin apardığı müstəqil siyasətdən, müasir çağırışlara uyğun çevik qərarlar verərək onları zamanında həyata keçirmək əzmindən, hər cür vəziyyətə hazırlıq və imkanlardan istifadə məharətindən, eyni zamanda qonşularla sıx faydalı əməkdaşlıq, sülh, bir-birinin ərazi bütövlüyünə, dövlət maraqlarına hörmət arzusundan yaranmış bu reallıq əksər dünya dövlətləri tərəfindən alqışlanır. Son onilliklərdə, hətta daha geniş götürsək, XX əsrin əvvəllərində tarixi torpaqlarımızda Ermənistan dövləti yaranan vaxtlardan bu dövlətin ideoloji təməlləri əsasən işğal və onun legitimləşdirilməsi üzərində qurulmuşdur. Azərbaycanın Vətən müharibəsindəki qələbəsi bu təməlləri sarsıtdı. Ermənistanın və dünya erməniliyinin onilliklərdir ki, bütün bəşəriyyətə yaydığı saxta mifləri puça çıxardı. İndi Ermənistanın bölgədəki mövcud reallıqları nəzərə alan yeni hədəflər müəyyən etməsi zəruridir. Hamıya məlumdur ki, Ermənistan saxta miflərə söykənərək daha bölgədə təcrid olunmuş ada kimi yaşamaqda davam edə bilməz. Bu ölkənin gələcəyi qonşularla normal münasibətlərdən asılıdır. Digər tərəfdən, qlobal proseslər Azərbaycanın təşəbbüskarı olduğu enerji-kommunikasiya layihələrinin beynəlxalq önəmini daha da artırır. Dünya bu imkanlardan daha geniş şəkildə faydalanmağa çalışır. Beynəlxalq dairələr Ermənistanın uydurma iddiaları, mənasız hikkəsi üzündən dünya iqtisadiyyatı üçün böyük imkanların, əlverişli marşrutların əldən çıxmasına, yaxud risk altına düşməsinə daha etinasız yanaşmaq fikrində deyil.
Buna görə də qonşularla münasibətlər normallaşdırılmalıdır. Ermənistan  Azərbaycana və Türkiyəyə qarşı ərazi iddialarına son qoymalıdır. Cənubi Qafqazda üçtərəfli səviyyədə qarşılıqlı təmasdan çəkinməməlidir. Regional inkişafın bir hissəsi olması, bölgənin həyatına fəal inteqrasiya üçün əməkdaşlığın, konstruktivliyin önəmini anlaması, yeni reallıqları nəzərə alan, revanşizmə yol verməyən siyasət yürüdülməsi qarşı tərəf üçün yeganə xilas yoludur. 
Azərbaycanın açıq bəyan edilmiş və beynəlxalq ictimaiyyət tərəfindən də qəbul olunan sülh gündəliyi və gələcək əməkdaşlığa dair təşəbbüsləri Cənubi Qafqazda regional inkişaf üçün yeni imkanların yaradılmasına yönəldilib. Bu, ümumiyyətlə, Cənubi Qafqaza aid məsələdir. Dövlət rəhbərimiz çıxışlarının çoxunda bu məsələlərlə bağlı aydın izahlar verir, Azərbaycanın konstruktiv mövqeyini dünya ictimaiyyətinin diqqətinə çatdırır. Regiondakı siyasi proseslərə maraq göstərən ictimai xadimlərlə daim fəal söhbətlər aparır. Öz prinsiplərini ortaya qoyur. Azərbaycanın ərazi bütövlüyünü bərpa etməsi təcrübəsinin ədalət naminə bütün ölkələr üçün əhəmiyyətli olmasının zəruriliyini göstərir. Heç vaxt işğalla barışmamağı, öz resurslarına bel bağlamağı, müstəqil siyasətin önəmini əsas prinsip olaraq irəli sürür. Azərbaycanın bütün münaqişələrin həllində beynəlxalq hüququn prinsiplərini rəhbər tutduğunu vurğulayır.
Azərbaycan son onilliklərdə bütün dünyada multikulturalizmi, tolerantlığı, fərqli mədəniyyətlər arasında qarşılıqlı hörmət mühitini təşviq edən aparıcı ölkələrdəndir.  "Bakı prosesi" bu istiqamətdə böyük uğur qazanıb. Çoxmillətli ölkə olan Azərbaycanın tarixi təcrübəsi, əsrlərlə formalaşmış milli ənənələri xalqlar arasında sülhün əldə olunmasına aydın istiqamətlər verir. Əlbəttə, müharibənin ağrı-acılarını unutmaq, vurduğu yaraları sağaltmaq hər iki tərəf üçün çox çətindir və heç mümkün də deyil. Amma bu faciələrin gələcəkdə bir daha təkrarlanmaması üçün xalqlar barış naminə ortaq imkanlar tapıb onlardan faydalanmağı bacarmalıdırlar. Dövlət rəhbərimizin apardığı müstəqil siyasət, postmünaqişə dövrünün reallıqlarını təmkinlə, bölgənin gələcəyini aydın nəzərlərlə dəyərləndirməsi, qonşuluq məsələlərinə baxışları regionda gözəl bir inkişaf mühitinin təmin olunmasına imkanlar yaradır.
Digər bir məqama da diqqət çəkək. Postmünaqişə dövründə Azərbaycanla Ermənistan arasında münasibətlərin normallaşması prosesində Avropa İttifaqının rolu xüsusilə təqdirəlayiqdir. Bu təşkilatın belə bir mövqeyi də səbəbsiz deyil. Azərbaycan öz məqsədyönlü, müstəqil siyasətinə uyğun olaraq dünyanın əksər aparıcı qurumları kimi, Avropa İttifaqı ilə münasibətlərini də qarşılıqlı fayda və maraqlar üzərində qurur. Azərbaycan regionda sülh və davamlı inkişaf arzuladığı kimi, Avropa İttifaqı da öz sərhədlərində sabitlik istəyir. Ölkəmizin enerji potensialı, nəqliyyat-kommunikasiya infrastrukturu bu nüfuzlu təsisat üçün son dərəcə maraqlıdır. Ümumiyyətlə, ortaya qoyduğu mövqe Avropa İttifaqının yeni reallıqları tam qəbul etdiyini göstərir. Azərbaycan Avropa İttifaqının Cənubi Qafqaz ölkələrinə eyni bucaq altında yanaşmasının tərəfdarıdır. Bu baxımdan təşkilatın postmünaqişə dövründə tutduğu mövqe, danışıqlar prosesində oynadığı rol onun haqqında müsbət rəylər yaradır. 
Bütün bunlar bir daha Azərbaycanın müstəqil siyasətini, regionun gələcəyi ilə bağlı səmimi niyyətlərini göstərir. Bu isə ölkəmizin milli ideologiyaya əsaslanan maraqlarının müəyyən etdiyi inkişaf yoludur.

İradə ƏLİYEVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kanadanın Vankuver şəhərində fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin rəhbəri Tamella Severcandan  

15:52
19 Dekabr

Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadədən  

15:50
19 Dekabr

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan

15:47
19 Dekabr

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilir  

15:40
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qərəzli qətnaməsi ilə əlaqədar bəyanat yayıb  

15:37
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Kərkicahan qəsəbəsində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənib

15:29
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!