Milli köklərə və dəyərlərə möhkəm bağlı olan cəmiyyət hər cür yad təsir qarşısında sarsılmazdır
Dünyada sürətlə dəyişən siyasi mənzərə, beynəlxalq hüququn işləmədiyi şərait və güc amilinin ön plana çıxması ideoloji müstəvidə də ölkələrin tam müstəqilliyini zəruri edir. Bu baxımdan, ideoloji təhlükəsizlik məsələsi hərbi və fiziki təhlükəsizliklə eyni dərəcədə həyati və strateji əhəmiyyət daşıyan vacib istiqamət kimi irəli sürülür. Yeni Azərbaycan Partiyasının (YAP) VIII Qurultayında Prezident İlham Əliyevin proqram xarakterli nitqi həm də müasir dövrün mürəkkəb geosiyasi reallıqları fonunda Azərbaycanın milli dövlətçilik konsepsiyasının əsas istiqamətlərini özündə ehtiva edir.
Milli ideologiyamız daha da möhkəmləndirilməlidir
Müasir dövrdə informasiya müharibələri, kibertəhdidlər və süni intellekt texnologiyalarının sürətli inkişafı sərhəd tanımayan yeni təhlükə mənbələri formalaşdırır. Klassik təhdidlərdən fərqli olaraq, ideoloji təxribatlar bilavasitə cəmiyyətin daxili həmrəyliyinə, gənclərin şüuruna və milli-mənəvi dəyərlər sisteminə hədəflənir.
Bu gün Azərbaycana qarşı yönələn təzyiq və təxribat cəhdləri xüsusilə xaricdə formalaşdırılan azərbaycandilli media platformaları və sosial şəbəkə resursları vasitəsilə həyata keçirilir. Xaricdən idarə olunan bu cür platformaların ana xətti cəmiyyətdəki sarsılmaz xalq-dövlət birliyini zəiflətmək, müstəqil xarici siyasət kursumuza kölgə salmaq və ölkəni kənar güclərin təsir dairəsinə salmaqdır. İdeoloji məkanın bu cür zəhərli təsirlərdən təmizlənməsi dövlət suverenliyinin qorunmasının ayrılmaz şərtidir.
Bu reallıq informasiya və ideoloji məkanın yad, zərərli ünsürlərdən qorunmasını və milli ideologiyamızın daha da möhkəmləndirilməsini dövlətin və cəmiyyətin birinci dərəcəli vəzifəsinə çevirir.
“Nə üçün hansısa ölkədə Azərbaycan dilində bir resurs yaradılır? Yəni bizə kömək etmək üçün? Yox, bizə qarşı təxribat etmək üçün. Xalqımızı çaşdırmaq üçün. Gənclərin beyinlərini zəhərləmək üçün. Budur. Görürsünüz ki, haradasa Azərbaycan dilində resurs yaranıb, bilin ki, məqsəd odur... ... Yəni bax, bu birliyi sarsıtmaq üçün, Azərbaycanı özlərinə tabe etdirmək üçün, bizi müstəqillik yolumuzdan döndərmək üçün, sonra da bizi idarə etmək üçün. Bax, budur məqsəd”, - deyə ölkəmizin rəhbəri bu mühüm məqama çıxışında xüsusi vurğu etdi.
Azərbaycanın dünyada və yerləşdiyi geosiyasi regionda “təhlükəsizlik və sabitlik adası” kimi tanınması təsadüfi xarakter daşımır. Bu, illər boyu aparılan ardıcıl, düşünülmüş və milli maraqlara əsaslanan dövlətçilik siyasətinin məntiqi nəticəsidir. Bölgədə və dünyada hərbi münaqişələrin, siyasi böhranların, xaosun və sosial gərginliklərin dərinləşdiyi bir dövrdə Azərbaycanda mövcud olan əmin-amanlıq xalqımızın ən böyük milli sərvətlərindən birinə çevrilib.
Milli dəyərlərə və dövlətçilik ideologiyasına sadiqlik
Ölkəmizdəki təhlükəsizlik mühitinin ən möhkəm sütunlarından biri sarsılmaz xalq-dövlət birliyidir. Dövlət sərhədlərinin qorunması, müasir hərbi texnologiyaların tətbiqi və güclü ordu faktoru daxili sabitliyi xarici hərbi təhdidlərdən tam sığortalayır. Eyni zamanda, ölkə daxilində hər hansı ideoloji və ya fiziki risk mənbəyinin olmaması, cəmiyyətin milli dəyərlərə və dövlətçilik ideologiyasına sadiqliyi ideoloji təhlükəsizliyin də yüksək səviyyədə təmin edilməsinə şərait yaradır.
Fərqli millətlərin və dinlərin nümayəndələrinin əsrlər boyu vahid ailə kimi, təhlükəsiz və dinc şəraitdə yaşaması Azərbaycanın zəngin milli-mənəvi dəyərlərinin təzahürüdür. Bu unikal birgəyaşayış modeli kənardan cəmiyyətimizə yönələn ideoloji təxribatlara və bölüclük cəhdlərinə qarşı aşılmaz sipər rolunu oynayır.
YAP-ın VIII qurultayındakı nitqində dövlətimizin başçısı ölkədəki sabitliyə və xaricdən gələn təzyiqlərə qarşı cavab mexanizminə bu sözlərlə toxundu: “Bəli, bu gün Azərbaycan xalqı təhlükəsizlik, əmin-amanlıq şəraitində yaşayır. Bu, indiki dünyada böyük sərvət sayıla bilər. Çünki bu gün dünya xəritəsinə baxsaq görərik ki, Azərbaycan xalqı qədər sabitlik, əmin-amanlıq, sülh şəraitində yaşayan çox az xalqlar və ölkələr var... ... Azərbaycan gücləndikcə, daha fəal və açıq müstəqil siyasət apardıqca, bizə tuşlanan hər bir oxa 10 ox geriyə buraxdıqca, bizə qarşı təzyiqlər daha da çoxalacaq. Bax, biz bu gün bizə qarşı olan bir dənə də zərbəni cavabsız qoymuruq. Bir zərbəyə bəlkə 2, 5, 10 zərbə qaytarırıq ki, hərə otursun yerində, bizim işlərimizə qarışmasın, bizim həyat tərzimizə burnunu soxmasın və bizə yol göstərməsin. Hərə getsin öz xalqına, dövlətinə gün ağlasın”.
İdeoloji təxribatların və psixoloji hücumların qarşısını almaq üçün ən etibarlı qalxan maariflənmiş cəmiyyət, güclü təhsil sistemi və yüksək vətənpərvərlik ruhudur. Təhsilli, analitik düşüncəyə malik gənclik dezinformasiyalara, şayiələrə və zərərli ideoloji cərəyanlara qarşı təbii dözüm qazanır.
Xalqımızın əsrlər boyu formalaşmış zəngin milli-mənəvi dəyərləri, ailə institutu, həmrəylik və dözümlülük ənənələri onun mənəvi kimliyidir. Bizim kənardan təlqin olunan ideoloji modellərə, süni dəyərlərə və ya kiminsə “yol göstərməsinə” ehtiyacımız yoxdur.
Azərbaycanın nümayiş etdirdiyi daxili həmrəylik, müstəqil inkişaf yolu və öz gücünə arxalanmaq prinsipi bu gün dünyada bir çox ölkələr üçün nümunəvi inkişaf modelidir. Öz milli köklərinə və dəyərlərinə möhkəm bağlı olan cəmiyyətimiz hər cür ideoloji təxribat qarşısında sarsılmazdır.
Xalqımızın həmrəyliyi, dövlətimizin qüdrəti, ölkə liderimizin qətiyyətli siyasəti ilə Vətən müharibəsində qazanılan şanlı Zəfər sayəsində Azərbaycan reallıqlarını dünya da əyani şəkildə görüb.
Yasəmən MUSAYEVA,
“Azərbaycan”