25 Aprel 2024 09:00
380
Mədəniyyət
A- A+

Gözəlliyi rənglərə köçürən rəssam

 

Mədəniyyət beşiyimiz olan Şuşada neçə-neçə böyük sənətkar - musiqiçi, aktyor, rəssam, yazıçı və şairlər doğulub. Heyranlıq doğuran bu gözəl diyarın əsrarəngizliyi və bənzərsizliyi zaman-zaman yerli sənətkarların qəlbinə, ürəyinə, oradan da yaradıcılıqlarına hopub. Şuşada dünyaya göz açmış, çəkdiyi əsərləri ilə insanların sevgisini qazanmış sənətkarlardan biri də rəssam Rövşən Mehrab oğlu Bayramovdur. Fırçasını daim ürəyinin başında gəzdirən rəssam Şuşanın gözəlliyini özündə əks etdirən bir-birindən dəyərli əsərlər yaradıb.
Rövşən Mehrab oğlu Bayramov 9 fevral 1953-cü ildə musiqi və poeziya beşiyimiz olan Şuşa şəhərində həkim ailəsində dünyaya göz açıb. Kiçik yaşlarından rəssamlığa böyük maraq göstərib. Hələ orta məktəb illərində onun rəsm əsərlərinin sərgisi olub. Ziyarətçilər gənc rəssamın əsərlərinə yüksək qiymət veriblər. Böyük yaradıcılıq arzuları ilə 1970-ci ildə Əzim Əzimzadə adına Rəssamlıq Məktəbinə qəbul olub. Bu təhsil ocağında rəssamlığın sirlərinə dərindən yiyələnib. 
Gələcəyin görkəmli rəssamı Rövşən Bayramov 1974-1982-ci illərdə Şuşa şəhərindəki Mədəniyyət evində tərtibatçı rəssam vəzifəsində işləyib. Bu vəzifədə işləyəndə də möcüzələr yaradan fırçası həmişə sənətinə diqqət çəkib. Bir-birindən maraqlı əsərlər yaradıb. 
8 may 1992-ci ildə Şuşa Ermənistan tərəfindən işğal olunanda  Rövşən Bayramov da doğma yurdundan məcburi köçkün düşüb. Ailəsi ilə birlikdə Bakı şəhərində müvəqqəti məskunlaşıb. Ömrünün ən çətin günlərini yaşayıb. Rəssam üçün nə qədər çətin olsa da, işini davam etdirib, yaradıcılığından qalmayıb. Ötən illər ərzində bir-birindən dəyərli tablolar çəkib.  Onun əsərləri təkcə Azərbaycanda yox, dünyanın bir çox ölkəsinin sərgi salonlarında da nümayiş etdirilib. Bu əsərlər bir çox fərqli xüsusiyyəti ilə insanların diqqətini özünə cəlb edib. Rəssamın ən çox üstünlük verdiyi peyzaj və qrafika əsərləri zaman-zaman Yuqoslaviyada, Venesiyada, Macarıstanda, İtaliyada, Moskvanın Şərq Muzeyində nümayiş olunub. Onu da qeyd edək ki, Rövşən müəllimin əsərləri həm yerli, həm də xarici ölkələrdə şəxsi kolleksiyalarda da qorunub saxlanılır. O, 1987-ci ildə keçmiş SSRİ Rəssamlar İttifaqının üzvü olub. 
Daim sənətindən mənəvi zövq alan Rövşən Bayramov 2013-cü ildə "Fəxri mədəniyyət işçisi" döş nişanına layiq görülüb. Maraqlı və dəyərli əsərlər yaradan rəssam 2021-ci ildə təqaüdə çıxıb. Amma fırçasını yerə qoymayıb. Yenə də bir-birindən maraqlı əsərlər yaratmağa davam edib.
 Şuşalı rəssam uzun illər göstərdiyi səmərəli fəaliyyətinə görə, fəxri fərmanlar, diplom və qiymətli hədiyyələrlə təltif olunub. 
Rövşən Bayramovun yaradıcılığının ana xəttində Şuşa dayanır. Haqqında tanınmış rəssamlar, ziyalılar, sənət və peşə sahibləri mətbu orqanlarda onun istedadı barədə dəyərli fikirlər yazıblar. Daim yaradıcılığına yüksək qiymət verilən rəssam Rövşən Bayramov həmçinin Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə "Heydər Əliyevin 100 illiyi (1923-2023)" yubiley medalına layiq görülüb.
Rövşən Bayramovun öz yolu, öz yaradıcılıq üslubu və fərqli düşüncələri var. Bu düşüncələr daim ona yaradıcılıq uğurları gətirir. "Gövhər ağa məscidi", "Xan qızı" bulağı, "Gəncə qapısı", "Vaqifin məqbərəsi", "Bulaq başında", "Xarıbülbül", "Qala divarları", "Zöhrabbəyovların mülkü", "Misgər", "Qədim qablar", "Haray" və başqa əsərləri R.Bayramovun milli kökə bağlılığını bir daha təsdiq edir. Şuşanın məhəllələri, abidələri və təbiəti mövzusunda olan bu əsərlər baxanlar tərəfindən həmişə  maraqla qarşılanır, yüksək qiymətləndirilir. 
2023-cü ildə Qazaxıstan və Türkiyə respublikalarında "Şuşa günləri" keçirilib. Həmin tədbirlərdə rəssam Rövşən Bayramovun Şuşa mövzusunda çəkdiyi əsərlər iştirakçılara təqdim olunub. Onun əsərləri TÜRKSÖY-un rəhbərliyi tərəfindən yüksək qiymətləndirilib. 
Söhbət zamanı Rövşən Bayramov yaradıcılıq planlarından da söz açdı: "Qoynunda doğulduğum Şuşa mənim üçün əbədi mövzudur. Hazırda yeni əsərlər üzərində işləyirəm. Yaxın günlərdə Şuşada sərgimiz olacaq. Çəkdiyim əsərləri sərgidə iştirakçılara təqdim edəcəm".   

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video