18 Aprel 2024 08:10
155
SİYASƏT
A- A+

Fransa çirkin məqsədinə çatmaq üçün Ermənistanı müharibəyə hazırlayır

 

İkinci Qarabağ müharibəsi Azərbaycanın Ermənistan üzərində qələbəsi ilə başa çatdıqdan sonra iki ölkə arasında sülh müqaviləsinin imzalanması  istiqamətində həm beynəlxalq təşkilatların, həm də dünyanın aparıcı dövlətlərinin vasitəçiliyi ilə danışıqlar prosesi başlandı.  
Təəssüflər olsun ki, ABŞ-nin və Avropa İttifaqının Azərbaycan və Ermənistan arasında sülh danışıqları təşkil etmək cəhdləri uğursuzluqla nəticələndi. Bundan sonra Bakı sülhə daha tez nail olmaq üçün İrəvana birbaşa təmaslara keçməyi təklif etdi. Amma  Ermənistan bu formatda görüşdən boyun qaçıraraq gözləmə taktikasını seçdi. 
Bakının ikitərəfli təmas təklifindən İrəvanın imtinası bir daha bu ölkənin  müstəqil olmadığından xəbər verir. Aydın görünən odur ki, Ermənistan Fransasız heç bir görüşə razılıq vermir. Bacısı kimi Parisi həmişə yanında görmək istəyir. Bu ölkənin baş naziri N.Paşinyan Fransa prezidenti Makronun dedikləri ilə oturub-durur, bütün addımlarını onun dirijorluq çubuğu ilə nizamlayır. 
Təəssüf və təəccüb doğuran odur ki, müharibədən məğlub çıxmış, uduzmuş Ermənistan Azərbaycanın sülh çağırışını layiqincə qiymətləndirmir. Deməli, bölgədə sülhün yaranmasını istəmir. Fransadan aldığı döyüşə yararsız olan silahlarla nəyisə dəyişə biləcəyinə ümid edir. Buna görə də müxtəlif bəhanələrlə sülh danışıqlarını uzatmağa çalışır. Ermənistan parlamentinin sədr müavini Akop Arşakyan sülh danışıqlarını manipulyasiya edərək deyir: "Effektivliyi etimad yaratmayan platformalar varsa, Ermənistan həmin platformalardakı danışıqlarda iştirak etmir. Platforma etimad yaradırsa, biz də iştirak edirik. Ermənistanın hər hansı effektiv platformadan qaçmaq arzusu yoxdur. Bu, onun üçün faydalı deyil". Göründüyü kimi, Ermənistan Xarici İşlər Nazirliyi ilə bərabər, vitse-spiker Arşakyan da Bakının birbaşa danışıqlar təşəbbüsünü kifayət qədər incə düşünülmüş hiyləgərliklə ört-basdır edir. Arşakyanın belə sərsəm, heç bir məntiqə sığmayan açıqlaması İrəvanın səmimiyyət anlayışına xeyli uzaqlardan baxdığını bir daha təsdiqləyir. Guya ki, hansısa vasitəçilik missiyasının xidmətini nəzərə almaq, ölkə üçün daha effektiv imiş, nəinki birbaşa danışıqlar aparmaq. Məhz belə məntiqsiz yanaşmalar danışıqlar prosesini xeyli uzadır. Bu da Ermənistanın ziyanınadır. Çünki bu gün zaman Azərbaycanın xeyrinə işləyir.
İrəvan həm də Moskvanı effektiv danışıqlar platforması saymır. Çox qəribə səslənsə də bildirək ki, ermənilər Rusiyanın münaqişədə vasitəçi deyil, tərəf olduğunu iddia edirlər. Erməni siyasi dairələri son zamanlar vurğulayırlar ki, Rusiya Azərbaycanla birlikdə Zəngəzur dəhlizini tələb edərək, İrəvana qarşı ərazi iddiası irəli sürür. Atdığı addımlar onu sübut edir ki, Ermənistan daha çox Qərb platformasına üstünlük verir. Qərbin isə məqsədi Cənubi Qafqazda sülh yaratmaq deyil. Baş verən proseslər onu aydın şəkildə göstərir ki, kollektiv Qərbi təmsil edən ABŞ və Aİ iki ölkə arasındakı sülh danışıqlarını özünün anti-Rusiya seqmentinin tərkib hissəsi kimi görüb. Yəni daha çox Bakı və İrəvan arasındakı durumun normallaşmasını deyil, bu müstəvidə Rusiyanı Cənubi Qafqazdan sıxışdırıb çıxarmaq istəyini əsas götürür. Azərbaycan isə öz növbəsində başda Fransa olmaqla Qərbin xəyallarının regionda gerçəkləşməsinə qarşı çıxır. Təkbətək danışıqlar formatını irəli sürərək, sülh prosesini başqa ölkələrin təsirlərindən uzaq tutmağa çalışır. Ermənistan Qərbin diktəsinə əməl edərək sülh danışıqlarının əksinə addımlar atır. Bu yolla nəsə bir uğur qazanacağını zənn edir. Ölkənin gələcəyini xəyallar üzərində qurur. Amma unudur ki, heç də bütün xəyallar gerçəkləşmir. 
Qərb ölkələrindən və Ermənistandan fərqli olaraq dünyanın müdrik insanları regionda sülh istəyirlər. Roma Papası I Fransisk "Urbi et Orbi" (şəhərə və dünyaya) papalıq xeyir-duası zamanı Azərbaycan və Ermənistan arasında danışıqları dəstəkləyib. Roma Papası xeyir-duası zamanı deyib ki, Azərbaycan və Ermənistan beynəlxalq ictimaiyyətin dəstəyi ilə dialoqu davam etdirə və ən qısa zamanda yekun sülh razılaşmasına nail ola bilər. Fransaya, Qərb ölkələrinə arxalanan Ermənistan  isə sülh müqaviləsinin bağlanması üçün yaranmış fürsətlərdən istifadə etmir. Hansı ki, sülh müqaviləsinin bağlanması və iki ölkə arasında diplomatik münasibətlərin qurulması özü ilə bir çox üstünlüklər gətirə bilər və region tranzit yüklərin daşınması üçün böyük  əhəmiyyət daşıyar. Belə ki, Azərbaycanın əsas hissəsinin Naxçıvanla kommunikasiya vasitəsilə birləşməsi Orta dəhlizin inkişafına və Çindən Avropa ölkələrinə yüklərin daşınmasına təkan verə bilər.
Sülh danışıqları aparmaq əvəzinə, Ermənistan Fransa ilə hərbi sahədə əməkdaşlıq haqqında saziş imzalayır, bu ölkədən silah-sursat alır. Paris ilə İrəvan arasında imzalanan müdafiə sahəsində əməkdaşlıq sazişində silah verməklə yanaşı, Fransa ordusunun erməni hərbçiləri üçün "hərbi dağ alpinizmi" adı altında döyüş hazırlığı kursu keçməsi də nəzərdə tutulur. Beləliklə, rəsmi Paris təcavüzkar Ermənistanı silahlarla təmin etməklə sülh prosesinə zərbə vurmağa və regionda gərginliyin artmasına səy göstərir. Fransa Cənubi Qafqazda fəal şəkildə genişlənmək üçün Ermənistanla müdafiə sahəsində əməkdaşlığın hüquqi bazasını formalaşdırmağa çalışır. Fransanın bu "canfəşanlığı" Parisin Ermənistanın hərbi arsenalını genişləndirmək istiqamətindəki ilk addımı deyil. Fransa həm ATƏT-in Minsk qrupunun həmsədri olduğu zamanlarda, həm 44 günlük Vətən müharibəsi dövründə, eləcə də ondan sonra Ermənistan ordusuna Azərbaycanın əsgərinə və vətəndaşlarına tuşlanmış silahların verilməsində fəal iştirak edib. İkinci Qarabağ müharibəsinə qədər bu iki ölkə arasında münasibətlərin hərbi-siyasi ölçüsünü tam əhatə edəcək hərtərəfli strateji saziş və ya müqavilə mövcud deyildi. Hazırda isə Fransa Ermənistanla müdafiə sahəsində əməkdaşlığın inkişafını üç istiqamətdə - ikitərəfli, Avropa İttifaqı (Aİ) missiyası və NATO çərçivəsində davam etdirmək üçün hüquqi baza formalaşdırır. Paris çirkin məqsədlərinə çatmaq üçün addım-addım Ermənistanı yeni müharibəyə hazırlayır.  
Azərbaycan həmişə olduğu kimi bu gün yenə də regionda sülhün əldə olunmasına çalışır. Sülh danışıqlarını kənar təsirlərdən, regionu Qərb ölkələrinin ambisiyalarından qorumaq üçün bütün zəruri addımları atır. Bu gün hansı istiqamətə gedəcəyini müəyyənləşdirə bilməyən, yolayrıcında çaşqın qalan Ermənistanın yalnız bir yolu var. İrəvan Bakının təklifi ilə razılaşmalı və sülh müqaviləsinə imza atmalıdır! Ermənistanın bundan başqa yolu yoxdur. İlkin addımlarını atdığı Qərb yolu isə gec-tez İrəvanı dibsiz uçuruma aparacaq. 

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video