Fərdi yaşayış evlərini dövlət reyestrində
qeydiyyata almaq istəyən şəxslər sənədlərini Əmlak Məsələləri Dövlət Komitəsinin
müvafiq ofislərinə təqdim edə bilərlər.
Komitədən AZƏRTAC-a bildirilib ki, qeydiyyata
alınma ilə bağlı xidmətlər Əmlak Xidmətləri Məkanında, Daşınmaz Əmlakın Dövlət Reyestri
Xidmətinin ərazi idarələrində, o cümlədən əvvəlcədən elan edilməklə müxtəlif kənd
və qəsəbələrdə səyyar kampaniyalar vasitəsilə göstərilir. Fərdi yaşayış evinin dövlət
qeydiyyatına alınması üçün yaşayış məntəqələrinin təyinatlı torpaqlarda tikilməsi
əsasdır. Digər hallarda həmin daşınmaz əmlakın dövlət qeydiyyatına alınması mümkünsüzdür.
Qeydiyyat üçün tələb olunan sənədlərə gəldikdə
isə qanunvericiliyə əsasən sənədlər əmlakın tikildiyi tarixdən asılı olaraq dəyişir.
Belə ki, "Daşınmaz Əmlakın Dövlət Reyestri haqqında” Qanuna əsasən, Azərbaycan Respublikasının
Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək, yəni 2013-cü il yanvarın 1-dək
inşa edilmiş tikililərə dair müvafiq sənədlər tələb olunur. Hündürlüyü 12 metrədək
olan yaşayış evləri icarədə və ya istifadədə olan torpaq sahəsi üzərində yerləşirsə,
bu zaman torpaq sahəsi üzərində icarə və ya istifadə hüququnu təsdiq edən sənəd
və müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə və ya yaşayış evinin
istismara qəbul aktı təqdim edilməlidir. Vətəndaşın xüsusi mülkiyyətində olan torpaq
sahəsində yerləşən, hündürlüyü 12 metrədək olan yaşayış evləri üçün torpaq sahəsi
üzərində mülkiyyət hüququnu təsdiq edən sənəd tələb olunur.
Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən,
yəni 2013-cü il yanvarın 1-dən sonra inşa edilən tikililər üçün isə digər sənədlər
tələb olunur. Tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün vətəndaşlar
torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd,
tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma
bölməsi və tikinti obyektinin istismarına icazə kimi sənədləri təqdim etməlidir.
Əgər daşınmaz əmlak məlumatlandırma icraatının
tətbiq edildiyi yaşayış evidirsə, bu halda torpaq sahəsi üzərində mülkiyyət, icarə
və ya istifadə hüququnu təsdiq edən sənəd, tikinti layihəsinin memarlıq-planlaşdırma
bölməsi, sifarişçi tərəfindən tikinti başa çatdıqdan sonra müvafiq icra hakimiyyəti
orqanınına məlumat verilməsini təsdiq edən sənəd tələb olunur.
Qeyd edək ki, fərdi yaşayış evlərinin dövlət
qeydiyyatına alınması xidməti vətəndaşın istəyindən asılı olaraq 1, 3, 7, 10 iş
günü ərzində göstərilə bilər. Çıxarışın verilməsi üçün tələb olunan dövlət rüsumu
30 manatdır. Xidmət haqqı isə Tarif Şurasının 2009-cu il 31 iyul tarixli qərarı
ilə müəyyən edilib.