21 Fevral 2023 02:23
1728
Mədəniyyət
A- A+
"Əzəl çərşənbə" - Su çərşənbəsi

"Əzəl çərşənbə" - Su çərşənbəsi

 

Xalqımızın ulu bayramlarından ən möhtəşəmi olan Novruz erkən dövr mifik düşüncə və təsəvvürləri, ayin-etiqadları, inancları,  mərasimləri özündə yaşadıb  bu günümüzə yetirən humanizm, həmrəylik kimi bəşəri duyğuları qabarıq şəkildə göstərən mənəvi dəyərlər sistemidir. Novruz insana həyat verən, ilk insanın yaranmasında bilavasitə iştirak edən dörd müqəddəs varlığın adı ilə bağlıdır ki, bunlar Su, Od, Yel və Torpaqdır. 
Əski inanc və etiqadlara görə, dörd çərşənbənin hər birində bir həyat varlığı "dirilir", oyanır, təzələnir və bununla bağlı olaraq xalq arasında müxtəlif ayinlər, mərasimlər keçirilmişdir.  Novruzun müjdəçisinə çevrilən İlaxır çərənbələrin hər biri mifoloji  mənbələrə istinad edir.
Boz ayın dörd çərşənbəsindən birincisi Su çərşənbəsidir, xalq arasında həm də "Əzəl çərşənbə", "Sular Novruzu", "Gözəl çərşənbə","Gül çərşənbə", "Zəmzəm çərşənbə", "Sel çərşənbə" və s. adlandırılır.
Həm təbiətdə, həm də insan həyatında suyun yeri və əhəmiyyəti müstəsnadır. Susuz həyatı  təsəvvür etmək qeyri- mümkündür. Hətta İslamda su sədəqəsi  ən üstün sədəqə sayılır. Uca Yaradan "Qurani-Kərim"də buyurur ki, "Hər canlı şeyi sudan yaratdıq" ("Ənbiya", 30). 
Məlumdur ki, insan orqanizminin təqribən 70 faizi, baş-beynin isə 90 fazi sudan ibarətdir. Suyun ən əhəmiyyətli xassələrindən biri onun yaddaşıdır. Su verilən informasiya və ya kənar təsirlərin daşıyıcısıdır. 
Türk xalqlarının mifoloji düşüncəsində su müqəddəs hesab olunur və su kultu mühüm yer tutur. Xalq arasında Su Tanrısı Abanın və Nahidin adı ilə bağlı folklor mətnləri yaranmış və  bu günə qədər qorunub saxlanmışdır: 

Aban abana gəldi,
Aban imana gəldi,
Abana yol verin, 
Abana qol verin. 
Al Aban  haylı gəlib,
Al Aban paylı gəlib...

Suyun müqəddəsliyini, paklığını tərənnüm edən Novruzun başlıca rəmzlərindən olan Su çərşənbəsi şifahi yaddaşda zəngin  inanc və etiqadlar, mərasimlər sistemində  təzahür  olunur. Su çərşənbəsi suya inam, suya tapınma ilə bağlıdır. Çox erkən dövrlərdən insanlar hələ gün doğmamış su üstünə gedər, pak, təmiz, axar suda yuyunar və bununla da özlərini paklanmış hesab edərdilər. Əski inanclara görə, Su çərşənbəsində insanlar axar sudan gətirib evə, həyət-bacaya səpər, bununla da müşküllükdən, çətinlikdən, azar-bezardan azad olmalarına inam bəsləyirdilər. Suyun müqəddəsliyi erkən folklor mənbələrində, o cümlədən "Kitabi-Dədə Qorqud"da Qazan xanın "Su həq didarın görmüşdür" ("Su Tanrının  üzünü görmüşdür") müraciətində, "Koroğlu"da Qoşabulağın timsalında, Xızırın dirilik çeşməsində içdiyi suda əyan olmuşdur. Türk mifoloji qaynaqlarında "idi kimi sahib mənasını verən "su əyəsi" obrazına rast gəlmək olar ki,  o, bütün əyələrdən güclü hesab olunur. Hətta bəzi mifoloji təsəvvürlərə görə, "su əyəsi", yaxud "su yiyəsi" qadın obrazı kimi səciyyələndirilir. Digər mənbəyə görə,  "suyun altında su əyəsinin  öz səltənəti , öz sarayı var. Həmin su əyəsinin adı İlyasdır".  İnanca görə,  su üstünə gedərkən mütləq su əyəsinə  salam vermək lazımdır.
Əski türklər bulaqları "qara su", yəni ulu, ilahi, müqəddəs hesab etmiş və bulağı yeraltı qaranlıq dünya ilə yerüstü işıqlı dünya, eləcə də olum və ölüm arasındakı bir vasitə kimi qəbul etmişlər. Ona görə də həmin suyu  "abi- həyat", "dirilik suyu" adlandırmışlar. Xalqımız onu müxtəlif adlarla, "həyat suyu", "Xızır suyu", "Zəmzəm suyu" və s. ifadə etmişdir. Folklorumuzda dirilik suyu ilə bağlı əfsanə və rəvayətlər mövcuddur. Həmin süjetlərə görə Xızır, yaxud Xıdır dirilik suyunu tapıb içir, əbədi həyat qazanır,  ona görə də "Nəbi" peyğəmbərlik statusunu qazanır. 
Xalq ənənəsində yuxunu axar suya danışmaq və sanki bununla yuxunun  mənfi təsirindən qurtulmaq inamı da mövcuddur ki,  bu da suyun  aydınlığı  və  arzuolunmaz enerjini yuyub aparması inancına söykənir.
Erkən inanclara görə, "Sular toyu" və ya "Axar sular Novruzu" adlandırılan bu çərşənbə axşamında Dan ulduzu doğulan zaman yer üzündəki bütün axar sular bir an donub dayanır, hətta bu zaman suya heç nə batmır.
Su həmçinin sağlamlıq rəmzidir. Su çərşənbəsində müəyyən ayinlər icra edilərdi ki, bunların  mahiyyəti, özəllikləri diqqəti cəlb edir. Məsələn, Su çərşənbəsində ərgən qızlar axar sudan "lal su" , yəni suyu evə gətirərkən bir kimsə ilə danışmazdılar. Suyu bir neçə qaba qoyub saxlayardılar. Qızlar bir yerə yığışar, hərə öz üzüyünü saçına sürtüb suya salar, inanca görə üzük suda neçə dəfə cingildəsə, demək, həmin yaşda  gəlin köçəcəklər. 
Su çərşənbəsi ərəfəsində Günəş zodiak qurşağında "Dolça" bürcündən "Balıqlar" bürcünə keçir və Müştəri - Yupiter planetinin himayəsinə daxil olur. Ona görə də Əzəl çərşənbə süfrəsində ağzına qızıl keçirilmiş balığın və dolçada  suyun olması gərəkdir.
Xalqımızın şifahi yaddaşında həyatı, erkən baxışları, mənəvi əxlaqi dəyərləri tərənnüm edən və artıq milli təfəkkürdə qətiləşən bədii mətnlər toplusunda suya inam və tapınma ilə bağlı saysız nümunələrə rast gəlmək olar. Onlar ibrətamizlik rəmzi olan atalar sözü və məsəllərdə, bayatılarda, inanclarda türkəçarələrdə, tapmacalarda bu günümüzlə səsləşməkdədir. Həmin nümunələrdən bir qisminə nəzər salaq:

Su səni,
Su göyərtmiş süsəni,
Keçmə namərd körpüsündən,
Qoy aparsın su səni...
***
Su axır samanlıqdan,
Yol keçir qaranlıqdan.
Çalış yaxşılıq elə,
Nə çıxar yamanlıqdan?

Yuxuda su görmək aydınlıqdır. 
Erkən təsəvvürlərlə bağlı  suya inamın tarixi köklərindən xəbər verən həm mifik, həm də  xalq  yaradıcılığı nümunələri  çağdaş dövrümüzdə  öz aktuallığını nəinki itirməmiş, onların milli-mənəvi dəyərlərin qorunması və təbliği baxımından əhəmiyyəti daha da artmışdır.
                                                 
Ülkər NƏBİYEVA, 
Bakı Dövlət Universitetinin professoru, filologiya üzrə elmlər doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

Azərbaycan və Türkiyənin ali təhsil müəssisələri arasında əməkdaşlıq imkanları müzakirə edilib  

16:29
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!