15 Sentyabr 2023 10:33
1210
CƏMİYYƏT
A- A+
Ənvər Paşa

Ənvər Paşa

 

(romandan bir hissə)

 

1918-ci ilin soyuq mart ayı. Azərbaycan Milli Komitəsi Nağı Şeyxzamanlı ilə Ömər Faiq Nemanzadəni Türkiyə hökuməti ilə danışıqlar aparmaq üçün İstanbula göndərib. Qonaqlar hərbi nazir Ənvər Paşayla, Baş nazir Tələt Paşayla, Ədliyyə naziri Xəlil Paşayla görüşlərə necə də ümid bəsləyirdilər…
...Hərbiyyə Nəzarətinin binasında naxışlı, bəzəkli, şəbəkəli otaqdadırlar. Nağı Şeyxzamanlı etimadnaməsini Tələt Paşaya təqdim edəndə paşanın nəzərləri qeyri-ixtiyari olaraq sənədin üzərindəki ay-ulduz rəsminə dikilib qaldı. Məmnunluğunu gizlətmədən vərəqi Ənvər Paşaya göstərdi.

- Gözəlliyi görürsünüzmü?
Nağı Şeyxzamanlı fürsəti qaçırmadan izahat verdi: 
- Əzizlərim, dili, dini bir olan Azərbaycan xalqı uzun sənələr idi imperiya zülmü altında inləməkdəydi. Azərbaycan türkləri  sizinlə dili bir, dini bir, adət-ənənələri bir olan qardaşlarınızdır. Millətimiz illərlə mübarizə aparıb boyunduruqdan azad oldu. İstiqlalımızı qazandıq. Ancaq bu müstəqilliyi qoruyub-saxlaya bilmək üçün sizlərə, qardaş Osmanlı dövlətinin köməyinə böyük ehtiyacımız var. Bizi hər yandan sıxırlar. Azərbaycan xalqı sizdən kömək gözləyir. Bizə böyük hərbi qüvvələr yox, hərbi mütəxəssis və çavuş kadrları göndərməyinizi, ordu quruculuğumuza kömək etməyinizi rica edirik... Bizim tezliklə güclü bir ordu qurmaq imkanımız var. Sadəcə, mütəxəssis sarıdan sizin köməyinizə ehtiyac duyuruq...
Ənvər Paşa dedi: 
- Əmin olun, hər arzunuzu yerinə yetirəcəyik...
Dedi və bunu özünə mənəvi borc bildiyi üçün etdi də... Çünki kimliyindən asılı olmayaraq harada bir türk yaşayırdısa, Ənvər Paşa onu özünün qan qardaşı, canının ayrılmaz parçası hesab edirdi, o yeri özünə vətən bilirdi. Həmin o tarixi görüş günü canının-qanının bir parçası olan azərbaycanlı qardaşlarının nümayəndələri ona vəziyyəti anladır, qardaş köməyi istəyirdilər. Etməyə bilməzdi. Azərbaycanlı qardaşları müstəqil dövlətlərini qurmaq və erməni işğalından qurtulmaq üçün Osmanlı ordusunun xilaskar missiyasına güvənirdilər. Onları sındırmaq, naümid qoymaq olmazdı.
İnsafən, Nağı Şeyxzamanlı həmin görüşdə Osmanlı ordusunun rəhbərliyi qarşısında Azərbaycanda olan hərbi-siyasi vəziyyəti çox dəqiqliklə diqqətə çatdırırdı və bu məlumatlar Ənvər Paşanın çevik qərar verməsinin yolunu açırdı. Ənvər Paşa Osmanlı dövlətinin siyasətini idarə edənlərin ön sırasındaydı. Hərbiyyə naziri kimi ən mühüm vəzifəni daşıyırdı. Sahib olduğu mövqe ona imkan verirdi ki, azərbaycanlı qardaşlarına kömək məqsədi ilə qoşun göndərilməsi barədə qərar qəbul etsin. Belə də etdi. Heç bir tərəddüd göstərmədən... Həmin o xilaskar orduya komandanlıq etməyi əvvəl şahzadə Fərruxa və Kazım Qarabəkir Paşaya təklif etdi. Amma son anda bu vəzifəni qardaşı Nuri Paşaya  həvalə etdi. Məsələ onda deyildi ki, bu zaman qardaşlıq duyğusunun üstün gəlməsi onu öz qərarından vaz keçdirmişdi. Yox... Bu təklif işlərin gedişi ilə bağlı bu günlərdə tez-tez onunla görüşüb məsləhətləşən Nağı bəydən gəlmişdi. Aralarında belə bir söhbət olmuşdu: 
- Paşam, sizinlə açıq danışmaq istəyirəm... - Bunu Nağı Şeyxzamanlı demişdi.
Ənvər Paşa özünəməxsus şəkildə, hərbi ədayla "Buyurun, əfəndim, çəkinməyin, nə xüsusda danışmaq istədiyinizi açıq deyin" - söyləmişdi.
Nağı bəy ürəyindən keçənləri dilə gətirmişdi: 
- Biz Qafqaz türkləri iki qüvvəyə inanırıq - yuxarıda Allaha, aşağıda şəxsən sizə! Eşitdiyimə görə, sizin  Nuri Paşa adında bir qardaşınız var. Sizdən xahiş edirəm, mümkünsə Qafqaza göndərəcəyiniz qüvvənin başına Nuri Paşanı təyin edəsiniz. 
Ənvər Paşa bu təklifi gözləmirdi: 
- Səbəb? 
- Gizlətməyəcəyəm, üç gündür göz qoyuram, sizin Qafqaza gedəcək əsgərlərə komandan təyin etdiyiniz şahzadəni hər axşam hotel salonunda içki içib, rəqs edən görürəm. Bizlərdə belə şeyləri xoşlamazlar.
- Nağı bəy, sizdə orada içki içmirlərmi? - deyə soruşdu.
- İçirlər Paşam, ancaq pivə kimi zəif alkoqollu içki olan şərab, "Vodka" deyilən sərt içkidən isə ruslar istifadə edirlər. Bizdə içki içərlər, ancaq sərxoş olmaq üçün deyil.   
Dəlil qarşısında xeyli susub qalmış, dərin xəyala getmişdi. Bilirdi ki, bu adam boşuna söz deməz. Odur ki, razılıq cavabını da gecikdirmədi: 
- Yaxşı, siz deyən olsun. Mən razı. Amma Nuri Paşa çox cavandı, bu xüsusda onunla da danışmağım gərəkdi...
- Necə məsləhət bilirsiniz! 
Sonra telefonu götürüb dəstəyin o başında dayanan köməkçiyə qəti tapşırığını verdi: 
- Diqqət yetirin, Qafqaza gedəcək zabitlərin içki içib içmədiklərinin yoxlanılmasını tapşırdı. Hər birinin dilindən Qafqazda olduqları müddətdə içki içməyəcəkləri barədə yazılı kağız alın. Deyin ki, mənim göstərişim belədir...
Ertəsi gün təbəssümlə qarşılamışdı Nağı bəyi: 
- İstədiyiniz baş tutdu. Mən Nuri Paşa ilə danışdım. Təklifinizi xoşluqla qəbul etdi.
- Ənvər bəy, siz də heç nigaran qalmayın, öz əzizimiz kimi yanında olacağıq Nuri Paşa bəyin. Yolunda sinəmizi qabağa verəcəyik. Əmanətini əmanətimiz biləcəyik. 
Azərbaycanlılar Nağı Şeyxzamanlının dediyi kimi, sonadək Nuri Paşanın yanında oldular, verdikləri sözü tutdular...
İndi Pamir dağının ətəyinə sığınıb təkləndiyi, köməksiz qaldığı bu dar macalda Ənvər Paşa daha çox öz sözünü, əhdini sonacan tuta bilən azərbaycanlı qardaşlarının, milli mücadilə yolunda bir addım da olsun belə geri ayaq qoymayan o mərd insanların onun yanında olmağını istəyirdi. Yanında azərbaycanlılardan bircə Axund Yusif Ziya Talıbzadə vardı. Ənvər dili, dini və məsləki bir olan azərbaycanlı qardaşları, o doğma diyarla bağlı olan xatirələrilə bir ömür boyunca baş-başa qalmaq istəyirdi...
...Heç unutmurdu Nağı bəyin onu Bakıya qonaq dəvət etməsini. Dərin sayğı və səmimiyyətlə: 
- Gəlin, müsafirimiz olun - demişdi Nağı bəy,  - Bakı əhli yolunuzu gözləyir. Bizlərdə yaxşı üzüm, əncir olur, hələ qara kürü - sizlərdə havyar deyərlər...
Ənvər Paşa minnətdarlıq etmişdi: 
- Sağ olun, təşəkkür edirəm... 
Sonra Nağı bəylə söhbətini xəyalən davam etdirdi:
- Atam Əhməd bəy Bakıdadı... Komandan qardaşım Nuri Paşa, əmim Xəlil oradadı. Nəfəslərini duyuram. Aldığım hər nəfəsdə sizlər varsınız. İnşallah, vaxtın imkan verdiyi günlərin birində Azərbaycanı mütləq özüm də ziyarətə gələcəm...
Nağı bəy dərin bir əminliklə: 
- İnşallah! - deyə söhbəti bitirmişdi.
Qeyri-ixtiyari hər ikisinin nəzərləri məchul bir nöqtəyə dikilib qalmışdı. 
Vidalaşarkən xalqı adından bir daha təşəkkür etmişdi Nağı bəy: "Bizlərlə nəfəs aldığınızı yaxşı bilirik. Azərbaycan öz xilaskarlarını heç unutmadı. Unutmayacaq da. Qardaşınız Nuri Paşa indi bizim də millət qəhrəmanımızdır. Minnətdaram ki, o zaman bizi qırmadınız, sözümü tutdunuz və Nuri Paşanı Qafqaz İslam Ordusunun başına gətirdiniz, şükür ki, hər şey istədiyimiz kimi oldu. Azərbaycan Nuri Paşanı doğma övladı və sizin şəxsinizdə, milli qəhrəman, xilaskar olaraq qəbul etdi. Söz verdiyimiz kimi həmişə yanında olduq... Amma Nuri Paşa da Azərbaycanın yanında oldu.  Nuri Paşanın hərbi dəyanəti olmasaydı, Azərbaycanın istiqlalı olmazdı..." 
  Müstəqil Azərbaycan hökumətinin "bir oyuncaq" olduğunu və onu tanımayacaqlarını bəyan edən general Tomson Bakının boşaldılmasını istədiyi 1918-ci ilin noyabrında belə Nuri Paşa qətiyyətlə Azərbaycan hökuməti əmr verəcəyi halda Bakını müdafiə edəcəyini bildirmişdi. Qarşılığında ingilis komandanlığı Mondros sazişinin bəndlərini pozduğu üçün Nuri Paşanın təslim edilməsini Azərbaycan hökumətindən istəmişdi. Qədirbilən azərbaycanlılar ingilislərin bu tələbinə məhəl belə qoymamış, Nuri Paşanın artıq öz istəyilə Azərbaycan hökuməti xidmətinə daxil edildiyini bildirmişdilər.
Əslində, bu bəyanatla Azərbaycan tərəfi Nuri Paşanı həm ingilis, həm də rus hökumətinin təzyiqindən xilas etmişdi. Həmin dönəmdə Azərbaycan Xalq Cümhuriyyəti parlamentinin sədri kimi Əlimərdan bəy Topçubaşovun başçılıq etdiyi nümayəndə heyətinin üzvləri Versal Sülh Konfransında iştirak etmək üçün İstanbulda Parisə veriləcək vizanı gözləyirdilər. Azərbaycan parlamentinin sədri həmin vaxt yerli qəzetlərdən birinə verdiyi müsahibəsində Nuri Paşa ilə bağlı fikrini qətiyyətlə ifadə etmişdi: "Biz məmləkətimizdə əsgəri təşkilat yaratmaq üçün Nuri Paşanı cəlb etdik və ondan həddən ziyadə mənfəətlər gördük... Nuri Paşanın indiki anda Azərbaycanda olmasının səbəbinə gəlincə, yalnız onu deyə bilərəm ki, bu, tamamilə Azərbaycan hökuməti ilə azərbaycanlıların arzularından ibarət bir şeydir və Nuri Paşa Azərbaycanda qalacaqdır..."
Yəni Azərbaycan dövləti və azərbaycanlılar heç vaxt əhdinə, haqq-saya dönük çıxmır, yaxşılığı unutmur, qardaşa arxa çevirmir...
Ənvər Paşa həmin il mayın 31-də Nuri Paşadan aldığı məktubu az qala sözbəsöz xatırlayırdı: "Bolşeviklər Dağıstan və Şimali Qafqazı tamamən ələ keçirmək üzrədirlər. Hər yerdə ermənilərin təcavüzü artmaqdadır. Bakı sürətlə zəbt edilməzsə, buralarda durum daha təhlükəli bir hal alacaqdır. Müsəlmanların təşkil etdiyi korpusda əsgərdən çox zabit vardır. Korpusun tərkibi minə qədər olub, bunun yarısı türk sıraviləridir. Bakı məsələsinin yardımsız həlli mümkün deyildir. İngilislərin Bakını gücləndirdiyi zənn edilir. Burada taxıl məhsulları ixrac ediləcək qədər çoxdur. Əhali türk ordusunun gəlməsini səbirsizliklə gözləməkdədir..."
Nuri Paşanın Bakını qurtarması xoş xəbəri isə türk dünyasına bağlı olan hər kəsin, xüsusilə də Ənvər Paşanın böyük sevincinə səbəb olmuşdu. Bütün Azərbaycan ayağa qalxaraq onda uca Türkün bayrağına salam vermişdi! 1914-cü ildə Əhməd Cavadın yazdığı, 1918-ci ildə Üzeyir bəy Hacibəylinin   bəstələdiyi "Çırpınırdı Qara dəniz" türküsü isə damarlarında qan kimi dolaşırdı hər dəfə. 
"Vəfalı türk gəldi yenə!" söyləyən azərbaycanlı qardaşlarının ümidlərini boşa çıxarmamışdılar. 
Cəmi bir neçə ay sonra, 1918-ci ilin avqustunda general Denstervillin rəhbərliyi altında Britaniya qoşunu Bakıya soxulanda buradakı Qafqaz İslam Ordusunun gücündən də, mətanətindən də, xalqın onlara olan sevgisindən və dəstəyindən də xəbərdar olanda məyusluğunu gizlədə bilməmişdi. Çünki azərbaycanlılar da eynilə Osmanlı türkləri kimi Vətənin azadlığı üçün son damla qanlarına qədər vuruşmağa hazır idilər. Üstəlik, Ənvər Paşanın dəstəyi, Nuri Paşanın komandanlığı ilə indi azərbaycanlılar daha da güclü və sarsılmaz idilər. Ölümün gözünə dik baxıb əcəlin düz üstünə gedirdilər. 
...Qapı astaca döyüləndə Ənvər Paşa qarşısındakı xəritələrə diqqətlə baxır, ağlındakı hansısa planı xəritə üzərində yoxlayaraq saf-çürük edirdi. "Gəl" deyə ötkəm şəkildə səsləndi. Hündürboylu, saçları çallaşmış olsa da, gümrah görünüşlü, şax qamətli köməkçisi Nazim bəy otağa daxil oldu. 
- Hörmətlər Paşam, əhvali şərifiniz yaxşıdır ümid edirəm.
- Buyur, Nazim bəy, yaxşıyam əlhəmdülillah. Bakıdan nə xəbər? Nuri Paşa ilə tez-tez xəbərləşirəm, deyəsən, vəziyyət get-gedə qarışır. 
- Elədir Paşam, general Denstervillin ordusu artıq Bakıdadır. Gizli kəşfiyyat xəbərlərimiz gəlməkdədir. Aldığımız məlumata görə, ingilis generalı Bakının müdafiə xəttini ətraflı təftiş edib. Amma türk ordusunun Bakıda olmasından da xeyli dərəcədə rəncidə olub, qorxu və əndişə içindədirlər.
- Əlbəttə, qorxacaqlar, ingilis ordusunun Çanaqqaladakı uğursuzluğu onların hərb tarixinin unudulmaz qara ləkəsidir. Yaxşı bilirlər, Azərbaycan və Osmanlı türklərinin birliyinə gücləri çatmayacaq. Mənə xəbər veriblər ki, Denstervill elə peşman olub ki, məyusluqdan "Bakını türklərin hücumundan fələk də qurtara bilməz" deyib. 
- Paşam, Rusiyanın Almaniyadakı səlahiyyətli nümayəndəsi də Almaniya Xarici İşlər Nazirliyinə nota verib türk ordularının Bakı üzərinə hücumunu dayandırmağını tələb edir. 
Ənvər Paşa köməkçisinin bu sözlərindən sonra qımışdı. Əliylə qeyri-ixtiyari ucları yuxarı qatlanmış bığlarını burdu. 
- Onların çəkinməsi o qədər təbiidir ki! Onlara, əslində, yazığım gəlir. Kimlərlə üz-üzə olduqlarının fərqində deyillər. Biz heç Bakını ingilisə, yaxud qeyri-ingilisə təslim edərikmi? Qafqaz İslam Ordusu nə günə durur bəs? Yeni əmr imzalamışam, Xəlil Paşanın komandanlıq etdiyi Şərq Orduları qrupu 9-cu ordudan alınıb Qafqaz İslam Ordusunun tərkibinə daxil edilsin. Azərbaycana çatanda artıq diviziyanın tərkibində 38-ci, 56-cı, 106-cı piyada alayları, topçu bölməsi olacaq. Cəmi 7636 əsgər və 157 zabit. Həmin firqə Qarakilsə-Qazax yoluyla Azərbaycana çatmalıdır, ondan sonra da qatarla Bakıya daxil olacaqlar. Bu diviziya Biləcəri tərəfdə mövqe tutmalıdır və oradan hücuma keçməlidir. Bütün fikrim indi bu məsələ üzərindədir, sən də bütün diqqətini buna yönəlt, mənə hər vaxt təfərrüatları bildir. Məhəmməd Əmin bəylə də danışmışam bir neçə gün əvvəl, Azərbaycan hökumətinə dediyi və bizdən yardım istədiyi bircə cümlə  var: "Bakı təcili alınmalıdır, hansı yolla olursa-olsun". Biz də Rəsulzadə ilə eyni fikirdəyik, Bakı təcili işğaldan qurtarılmalıdır. 
- Paşam, elə bu yaxınlarda Nuri Paşanın sərəncamına sizin tapşırdığınız kimi Qarakilsədən Ağstafaya min sandıq güllə, beş min ədəd top göndərilib. Rus hökuməti də dayanmadan Almaniyaya notalar verir. 
- Bolşeviklər Bakının türklər tərəfindən tutulmasını özləri üçün əsl fəlakət hesab edirlər. Bakı nefti olmadan Rusiyanın xalq təsərrüfatı çökər axı, bunu yaxşı bilirlər. İnşallah ki, onların arzusunu gözündə qoyub Bakını qurtararıq!
Avqustun sonlarında bütün diqqətlər Bakının üzərində idi. Həyəcanlı xəbərlər gəlirdi. Ənvər Paşa demək olar ki, hər gün Bakı ilə əlaqə saxlayır, vəziyyətin gedişatı ilə tanış olurdu. Sentyabrın ilk günlərində isə Denstervillin Bağdaddakı ingilis qüvvələri qərargahına yolladığı teleqramın mətnindən artıq xəbərdar idi: "İngilis təqviyyə qüvvələrinin Bakıya gəlməsinin gecikməsi səbəbindən düşmən üstünlüklər əldə edib, ingilis qoşunu son müdafiə xəttinə çəkilməyə məcbur olub. Bakıda doqquz yüz nəfərlik ingilis qüvvələrinə və güvənə biləcəyim min nəfər rusa malikəm. Bakı qüvvələrinin qalan qisminin heç bir faydası yoxdur". 
Ənvər Paşa bu teleqramın nə demək olduğunu yaxşı bilirdi və Denstervillin artıq ümidsizliyə qapıldığını açıqca anlayırdı. 
Nuri Paşanın xəbər verdiyinə görə, sentyabrın ortalarına doğru türk qoşun hissələrinin hamısı Yanardağ-Binəqədi ərazisinə toplanmışdı. Məqsəd isə düşməni yanıldıb hücumun şimaldan olacağı fikrini yaratmaq idi. Sentyabrın 14-də isə artıq general Denstervill və Mərkəzi Xəzər Diktaturası hökumətinin Bakı komissarlarının arxalarına da baxmadan Bakıdan qaçdığı xəbəri yayıldı. 
Ənvər Paşa o günlərdə fərəhindən bir yerdə qərar tuta bilmirdi, sevincindən az qala qanadlanıb uçurdu. Masasının üstündə Azərbaycan Xalq Cümhuriyyətinin sədri Fətəli xan Xoyskinin qəhrəman Nuri Paşaya təbrikinin mətni vardı. Oturub təbrik məktubunu bir daha gözdən keçirdi: "Qafqaz İslam Ordusunun komandanı səadəti Nuri Paşa həzrətlərinə. Təhti-komandanızda olan igid türk əsgərlərimiz tərəfindən Azərbaycanın paytaxtı olan Bakının düşmənlərdən xilas edilməsi münasibətilə millətim zati-həmiyyəti-pərvəranələrinizə və dünyanın ən nəcib və  cəsur əsgəri olan türk oğullarına minnətdar olduğumu ərz etməklə iftixar edirəm, əfəndim".
Onsuz da kövrək olan Ənvər Paşa riqqətə gəldi, boğazına düyünlənən qəhəri uddu, gözü doldu. Hamısı sevincdən, fərəhdən idi...
Hələ işlər tam yekunlaşmamışdı, Bakı qələbəsi digər qələbələrin açarı olmalıydı. Hələ azad ediləsi Qarabağ vardı, Şuşa vardı... Gövhər ağa məscidi öz müsəlman qəhrəmanlarının yolunu gözləyirdi, onların gətirəcəyi təkbirin həsrətində idi. O gün isə çox da uzaqda deyildi. 
Qafqaz İslam Ordusunun oktyabrın 
8-də Şuşaya daxil olması xəbəri elə həmin günün axşamı Ənvər Paşaya yetişdi. Düşmən Əsgəran keçidində darmadağın edilmişdi. Gövhər ağa məscidindən "Allahu Əkbər" sədaları ucalmışdı. Elə təntənəli qarşılanma mərasimi də orada keçirilmişdi. 
Sonrakı günlərdə "İttihad və Tərəqqi" partiyası mənsublarından Tələt Paşanın kabinəsi bütünlüklə rəsmi istefaya getdiyindən Ənvər Paşa artıq hərbi nazir olmasa da, qəlbi, düşüncəsi qardaş Azərbaycanın yanında idi. Qardaşı Nuri Paşayla daim əlaqə saxlayırdı. Son ünsiyyətləri zamanı  Nuri  Paşa onun şərəfinə verilən vida ziyafəti haqqında qardaşına söz açmışdı:
- Bilirsənmi, əziz qardaşım, vida ziyafətində deyilən sözlər indiki kimi qulağımda çınlayır. Özümü güclə tuturdum ki, ağlamayım. Düşünsənə, biz bunu bacardıq, Qafqaz İslam Ordusu Bakını, Gəncəni, Qarabağı azərbaycanlı qardaşlarımızla birgə düşməndən azad elədi.  Vida ziyafətində çox dəyərli nazir Fətəli xanın dedikləri heç ağlımdan çıxmır. Osmanlı türklərinin Azərbaycanda axıtdıqları qana, onların qəhrəman mücadiləsinə işarət mənasında dedi ki, "nə bu qan, nə də bu qan tökülən mübarək yerlər heç vaxt unudulmaz və xatirdən çıxmaz..." Ümid edirəm ki, yüzillər sonra da azərbaycanlı qardaşlarımızla birgə olacağıq və həqiqətən də oradakı qəhrəmanlığımız unudulmayacaq. Yaxşı ki, vaxtında-vədəsində azərbaycanlı qardaşlarımızın harayına çata bildik. Heç bilirsənmi, Paşam, Azərbaycan xalqı bizi necə sevir, bizə necə etimad göstərir? Bu sevgi Qafqaz İslam Ordusuna güc verirdi. Azərbaycanın Abdulla Şaiq adlı şairinin bu yaxınlarda Qafqaz İslam Ordusunun xilaskar yürüşünə həsr etdiyi bir şeiri oxumuşam. Necə fərəhləndim, qürurlandım, kövrəldim, Paşam, təsəvvür etməzsiniz. Yazır ki: 

Sənsiz qəlbim qırıq, sönük, çeynənmiş, xırpalanmış,
Ömür şüşəm daşa dəymiş, həyatım parçalanmış.
Qırıq bir saz kimi sızlar qanlı, yorğun telləri.
Yakılar da, yakar bütün qayğı vurmuş elləri.

Şu vətənin öksüzləri, gəlinləri,dulları,
Göz yaşıyla sulanmış həp keçdiyiniz yolları.
Yolunuzu bəkləməkdən bənizləri saralmış,
Heç gəlmədin...O şən, gülər ürəkləri qəm almış...

Sən gəlməsən, dolumsanmış ürəklər heç şad olmaz,
Sən gəlməsən, xərabəyə dönən qəlb abad olmaz,
Sən gəlməsən, günəş doğmaz, ümid gülüm açılmaz,
Dodaqlarım gülməz, sönük baxtıma nur saçılmaz.

Başqasını istəməm də, ey türk, çabuq sən gəl, sən,
Bəkləməkdən yoruldum, eh, iştə gec qaldın nədən?
Yollarına daşmı qalanmış? Ya azğın quldurlar
Burakmıyor? Daş, dəmir, ya polad olsa da onlar
Ürəyində şölələnən mətin, qızğın atəşlə
Yak onları, ərit, söndür, çeynə, boğ, əz, xırpala!
Xain, alçaq düşmənlərə qol gücünü həp göstər,
Aç yolları, çabuq gəl ki, qəlbim səni həp istər...

Nuri Paşa daha sonra Abdulla Şaiqin qardaşı Yusif Ziya Talıbzadənin Qafqaz İslam Ordusunun igid zabitlərindən olduğunu da Ənvər Paşaya xəbər vermişdi.
Nuri Paşanın bu söhbətini sonralar da xatırlayacaqdı Ənvər Paşa. Türküstana xəyalını gerçəkləşdirməyə gedəndə Abdulla Şaiqin qardaşı, Azərbaycanın igid hərbçisi Yusif Ziya bəylə yolları kəsişəcəkdi, yaxın dost olacaqdılar. Amma bu, hələ sonralar olacaqdı, hələ buna zaman vardı...
...Dövr çox qarışıq idi, Azərbaycan dörd bir tərəfdən dünyanın böyük güclərinin müdaxiləsi ilə əhatə olunmuşdu. Qafqaz İslam Ordusu bir müddətdən sonra geri çəkilməyə məcbur olacaqdı, amma qəhrəman türk paşa və əsgərlərinin ürəyi o doğma qardaşlarının yanında qalacaqdı, igid türk şəhidlərinin nəşi isə Azərbaycanın torpaqlarında uyuyacaqdı... 

Yaşa, sən yaşa, qəhrəman Ənvər Paşa,
Məhv olsun düşmənin cümləsi başdan-başa!

Elə o zamandan Bakıda, Azərbaycanın hər yerində şəninə marşlar, türkülər oxunmaqdaydı:

Yaşa, ey qaziyi əzəm, yaşa, ey möhtəşəm Ənvər!
Səninlə fəxr edir şimdi böyük sultan, ulu qeysər
Ki, sənsən dahiyi-dövran, sənsən fatihi kişvər!
Doğarmı analar bir də sənin tək bir nər ər, 
Xəyalı ay kimi aydın, məramı gün kimi Ənvər!

Heç nə unudulmamış, heç kim yaddan çıxmamışdı, lap yüz il keçsə də...

Hüseynbala MİRƏLƏMOV
 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!