ABŞ Prezidenti Donald Tramp Ali Məhkəmənin mənfi qərarına baxmayaraq, yeni qlobal gömrük rüsumlarını 15 faizə qaldırdığını elan edib. Bu fonda Fransa Prezidenti Emmanuel Makron demokratiyalarda tarazlıq mexanizmlərinin mövcudluğunu alqışlayaraq, beynəlxalq ticarətdə sakitləşmə və ədalətli qaydalara çağırış edib.
AZƏRTAC xəbər verir ki, ABŞ Ali Məhkəməsi Tramp administrasiyasının tətbiq etdiyi gömrük rüsumlarının böyük hissəsini qanunsuz sayaraq, onların Konstitusiyaya uyğun olmadığını bildirib.
Buna baxmayaraq, Ağ Evin rəhbəri qərardan geri çəkilməyərək yeni tarif tədbirlərini açıqlayıb. Yeni 15 faizlik rüsum Vaşinqtonla ticarət sazişi imzalamış tərəfdaşlara – Avropa İttifaqı, Yaponiya, Cənubi Koreya və Tayvana da şamil olunacaq.
Tramp qeyd edib ki, yaxın aylarda administrasiya “qanuna uyğun” yeni gömrük rüsumlarını müəyyənləşdirəcək və bununla da MAGA (Make America Great Again) siyasətini davam etdirəcək. Bu addım bir sıra ölkə rəhbərlərinin narazılığına səbəb olub. Parisdə Kənd Təsərrüfatı Sərgisinin açılışında çıxış edən Emmanuel Makron isə ABŞ Ali Məhkəməsinin qərarını müsbət qiymətləndirib. O bildirib ki, demokratiyada hakimiyyət bölgüsü və tarazlıq mexanizmlərinin mövcudluğu yaxşı haldır.
“Ali Məhkəmənin və hüquq dövlətinin olması pis deyil. ABŞ Ali Məhkəməsi Konstitusiyaya baxdı və qərara gəldi ki, tətbiq olunan gömrük rüsumları ona uyğun deyil”, – deyə Makron vurğulayıb.
Fransa Prezidenti, eyni zamanda, ölkəsinin iqtisadi maraqlarını xatırladaraq bildirib ki, Fransa ixracını davam etdirmək və bunu ən ədalətli qaydalar çərçivəsində həyata keçirmək istəyir. O, birtərəfli qərarlardan yayınmağa və beynəlxalq ticarətdə sakitləşmə məntiqinə üstünlük verilməsinə çağırıb. Lakin Donald Trampın son açıqlamaları göstərir ki, Vaşinqtonun ticarət siyasəti ilə bağlı gərginlik yaxın vaxtlarda da davam edə bilər.