11 Aprel 2026 08:10
182
PARLAMENT
A- A+
Əmək bazarında gender bərabərliyinin təminatlarının hüquqi bazası təkmilləşdirilir

Əmək bazarında gender bərabərliyinin təminatlarının hüquqi bazası təkmilləşdirilir


Aprelin 10-da  Milli Məclisin növbəti plenar iclası keçirilib. Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, iclası açan Milli Məclisin Sədri Sahibə Qafarova əvvəlcə başçılıq etdiyi nümayəndə heyətinin martın 24-dən 26-dək Çin Xalq Respublikasına işgüzar səfəri barədə məlumat verib. 

Spiker bildirib ki, səfərdə məqsəd Asiya naminə Boao Forumunda iştirak etmək idi. Diqqətə çatdırılıb ki, forum Asiya-Sakit Okean regionunun 26 ölkəsi tərəfindən 2001-ci ildə təsis edilib, sonradan daha 3 ölkə onlara qoşulub. Azərbaycan bu tədbirə xüsusi qonaq kimi dəvət olunub. 

Milli Məclisin Sədri bildirib ki, Asiya naminə Boao Forumunun illik konfransında Azərbaycan Prezidenti İlham Əliyevin və Çin Xalq Respublikasının Sədri Si Cinpinin səyləri ilə strateji tərəfdaşlıq səviyyəsinə yüksəlmiş Azərbaycan-Çin münasibətləri barədə məlumat verib.

Çıxışda Çin tərəfindən irəli sürülən və Azərbaycanın dəstəklədiyi qlobal təşəbbüslərin əhəmiyyəti vurğulanıb. Azərbaycanın Avrasiyanın əsas nəqliyyat qovşaqlarından birinə çevrildiyi, "Bir Kəmər, Bir Yol" layihəsinin inkişafına fəal şəkildə töhfə verməyə davam etdiyi diqqətə çatdırılıb. Qeyd edilib ki, Azərbaycan Çindən sonra bu təşəbbüsə ən böyük sərmayə qoyan ikinci ölkədir. 

Milli Məclisin Sədri çıxışında deyib ki, Azərbaycanla Ermənistan arasında sülh prosesi çərçivəsində ölkəmizin qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası Orta dəhlizin səmərəliliyini daha da artıracaqdır.

Diqqətə çatdırılıb ki, 30 illik işğala son qoyan Azərbaycan suverenlik, ərazi bütövlüyü və daxili işlərə qarışmama prinsiplərini daim dəstəkləyir. Azərbaycan dövlətinin irəli sürdüyü qlobal təşəbbüslər, Bakıda keçirilmiş və  keçirilməsi nəzərdə tutulan beynəlxalq tədbirlər haqqında forum iştirakçılarına məlumat verilib. 

Səfər zamanı Azərbaycan parlamentinin spikerinin Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin Sədri Cao Lıci ilə görüş keçirilib. Görüşdə ölkələrimiz arasında dostluq əlaqələrinin inkişafından məmnunluq ifadə edilib. Parlamentlərarası əməkdaşlığın genişləndirilməsi yolları haqqında fikir mübadiləsi aparılıb, o cümlədən  qanunvericilik orqanlarının komitələri arasında institusional əlaqələrin inkişaf etdirilməsi imkanları və digər məsələlər nəzərdən keçirilib. 

Milli Məclisin Sədri bildirib ki,  Çin Xalq Respublikasına işgüzar səfər uğurlu olub.

Sonra Sahibə Qafarova iclasın gündəliyinə 11 məsələnin daxil edildiyini, ilk məsələnin "Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında Saziş"in təsdiq edilməsi barədə qanun layihəsi  olduğunu bildirib. O, layihənin beynəlxalq sənədlə bağlı olduğunu və "Normativ hüquqi aktlar haqqında" Konstitusiya Qanununun tələbinə uyğun olaraq bir oxunuşda qəbul ediləcəyini bildirib.

Bu məsələ barədə məlumat verən parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsi sədrinin müavini Elşən Musayev bildirib ki, "Azərbaycan Respublikası Hökuməti ilə Belarus Respublikası Hökuməti arasında sürücülük vəsiqələrinin qarşılıqlı tanınması və dəyişdirilməsi haqqında" Saziş 2026-cı il yanvarın 16-da Bakı şəhərində imzalanıb. 15 maddədən ibarət sazişə əsasən, tərəflər səlahiyyətli qurumları tərəfindən öz dövlətlərinin milli qanunvericiliklərinə uyğun olaraq verilmiş daimi və etibarlı sürücülük vəsiqələrini qarşılıqlı olaraq tanıyırlar. Sənəd sürücülük vəsiqələrinin qarşılıqlı tanınmasının  və dəyişdirilməsinin prosedur qaydaları, rüsumların ödənilməsi, zəruri məlumatların ötürülməsi və fikir ayrılıqlarının həlli  kimi  məsələləri tənzimləyir.

Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü Elçin Mirzəbəyli təmsil etdiyi komitənin sənəd barədə müsbət rəyini diqqətə çatdırıb.

Müzakirədə komitə sədri Zahid Orucun fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq qəbul olunub.

İclasda Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə və "Mədəniyyət haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələri üçüncü oxunuşda qəbul edilib.

Sonra Azərbaycan Respublikasının Cinayət Məcəlləsində dəyişiklik edilməsi haqqında, Azərbaycan Respublikasının Cinayət Məcəlləsində, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında" və "Media haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində dəyişiklik edilməsi haqqında qanun layihələri isə ikinci oxunuşda qəbul olunub.

Milli Məclisin Sədri gündəliyin qalan 5 məsələsinin birinci oxunuşda təqdim edilən qanun layihələri olduğunu bildirib. Spiker deputatlardan müzakirələrdə birinci oxunuşun tələblərinə riayət etməyi diqqətə çatdırıb.

Yeddinci məsələ olan Əmək Məcəlləsində və "Narkoloji xidmət və nəzarət haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) barədə Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev məlumat verib. Komitə sədri bildirib ki, qanun layihəsi "Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə və narkomanlığa qarşı mübarizəyə dair 2025-2030-cu illər üçün Dövlət Proqramı"nın icrası ilə bağlı  hüquqi bazanın təkmilləşdirilməsi məqsədilə hazırlanıb. Bu məqsədlə Əmək Məcəlləsinin 4 maddəsinə 6 dəyişiklik təklif olunur. Məcəllənin 48-ci maddəsinin 5-ci bəndinə əlavələr edilir. Yeni müddəalarda narkoloji xəstələr üçün fəaliyyət məhdudiyyəti nəzərdə tutulmuş peşə növlərinə və vəzifələrə qəbul edilərkən işçinin dövlət narkoloji tibb müəssisəsi tərəfindən verilmiş  tibbi müayinə haqqında rəy təqdim etməsi, işçilərin əmək funksiyasını yerinə yetirməsi zamanı əsaslı şübhələr yarandığı halda işəgötürənin hesabına müvafiq dövri və ya növbədənkənar icbari tibbi müayinədən keçirilməsi məsələlərinin tənzimlənməsi öz əksini tapıb. 

Habelə dəyişikliyə əsasən, Əmək Məcəlləsinin 74-cü maddəsində qeyd olunan peşə və vəzifələr üzrə narkoloji xəstə olduğu müəyyən edilən şəxslə əmək müqaviləsinin bağlandığı aşkar edildikdə və ya əmək münasibətləri dövründə tibbi müayinə zamanı şəxsin narkoloji xəstə olması müəyyən edildikdə, tərəflərin iradəsindən asılı olmayan əsas kimi işçinin əmək müqaviləsinə xitam verilməsi nəzərdə tutulur. 

"Narkoloji xidmət və nəzarət haqqında" qanunun 24.3-cü maddəsinə də uyğunlaşma xarakterli "işçinin davranışında narkotik maddənin təsiri altında olmasına əsaslı şübhələr yarandığı halda dərhal, işəgötürənin vəsaiti hesabına narkoloji müayinədən keçməsi" müddəası əlavə olunub.

Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov layihə barədə rəhbərlik etdiyi komitənin müsbət rəyini təqdim edib. 

Müzakirədə komitə sədri Siyavuş Novruzovun dəyişikliklərlə bağlı fikirləri dinlənildikdən sonra qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul olunub.

Parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov isə Azərbaycan Respublikasının Cinayət Məcəlləsində və "Terrorçuluğa qarşı mübarizə haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. Bildirilib ki, layihəyə əsasən, Cinayət Məcəlləsinə terror təşkilatı yaratma, ona rəhbərlik etmə və ya onun fəaliyyətində iştirak etməyə görə cinayət məsuliyyətini müəyyən edən yeni 214-4-cü maddə əlavə olunur. Həmin maddəyə əsasən, terror təşkilatı yaratma, yaxud həmin təşkilata və ya onun struktur bölməsinə rəhbərlik 10 ildən 14 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Terror təşkilatına üzv olma və ya onun fəaliyyətində iştirak isə 7 ildən 12 ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Maddənin Qeyd hissəsində isə terror təşkilatına üzv olan və ya onun fəaliyyətində iştirak edən şəxsin hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla cinayət əməllərinin qarşısının alınmasına, terror təşkilatını yaratmış, ona rəhbərlik etmiş, fəaliyyətində iştirak etmiş və ya onu maliyyələşdirmiş şəxslərin aşkarlanmasına yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilməsi nəzərdə tutulur.

Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev məsələ barədə rəhbərlik etdiyi komitənin rəyini açıqlayaraq, terrorçuluğun insan həyatını, ictimai sabitliyi, iqtisadi inkişafı və beynəlxalq münasibətləri ciddi şəkildə sarsıtdığını qeyd edib. O, bu gün terrorçuluğa qarşı mübarizənin yalnız hüquq-mühafizə tədbirləri ilə məhdudlaşmadığını, eyni zamanda maarifləndirmə, beynəlxalq əməkdaşlıq, sosial ədalətin təmin edilməsi və radikallaşmanın qarşısının alınması kimi kompleks yanaşmanı tələb edən  bir proses olduğunu deyib. Bu baxımdan təqdim edilən qanun layihəsində zəruri dəyişikliklərin nəzərdə tutulduğunu söyləyib.

Komitə sədri məsələ ilə bağlı bildirib ki, Cinayət Məcəlləsinin 282-ci maddəsi yeni redaksiyada təqdim olunur. Belə ki, 282.1-ci maddəyə elmi-texniki potensialı zəiflətmək məqsədi, habelə kritik informasiya infrastrukturu, enerji, nəqliyyat və telekommunikasiya şəbəkələrinin normal fəaliyyətinin pozulması kimi yeni obyektlər əlavə edilir. Həmçinin təxribatın törədilmə üsullarına əməli süni intellekt texnologiyalarından və xüsusi proqram təminatlarından istifadə halları da daxil edilir. 282.2-ci maddədə təxribatın cinayətkar birlik tərəfindən törədilməsi, fövqəladə və ya hərbi vəziyyət, sosial xarakterli fövqəladə mühit rejimi, habelə kütləvi iğtişaşlar zamanı törədilməsi, şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədilməsi, ehtiyatsızlıqdan insan ölümünə və ya digər ağır nəticələrə səbəb olması kimi yeni ağırlaşdırıcı hallar nəzərdə tutulur.  282-ci maddənin Qeyd hissəsinə  əsasən isə təxribatın hazırlanmasında iştirak etmiş şəxs hakimiyyət orqanlarını vaxtında xəbərdar etməklə və ya başqa üsulla bu cür əməlin qarşısının alınmasına yardım etdikdə və onun əməlində başqa cinayətin tərkibi olmadıqda, cinayət məsuliyyətindən azad edilir.

Sənədin müzakirəsi zamanı deputatlar Hikmət Məmmədov, Nizami Səfərov, Vasif Qafarov çıxış edərək öz fikirlərini bölüşüblər.

Qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev Azərbaycan Respublikasının Əmək Məcəlləsində və "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" Qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi (birinci oxunuş) ilə bağlı məlumatı nəzərə çatdırıb. Komitə sədri bildirib ki, Beynəlxalq Əmək Təşkilatının 100 nömrəli Konvensiyasına və Avropa Sosial Xartiyasına uyğun olaraq, kişi və qadınlara bərabər dəyərli əməyə görə bərabər əməkhaqqı verilməsi tam təmin olunmalıdır. Lakin mövcud qanunvericilkdə  bu prinsip yalnız "eyni və ya oxşar işlər" çərçivəsində tətbiq olunur və daha geniş anlayışı əhatə etmir.

O diqqətə çatdırıb ki, təqdim olunan layihəyə əsasən, Əmək Məcəlləsində dəyişiklik edilərək işəgötürənlərin bərabər əməkhaqqı təmin etmək öhdəliyi konkretləşdirilir və əməkhaqqı sistemində cinsə görə ayrı-seçkiliyin qarşısının alınması gücləndirilir. Belə ki, Məcəllədə işəgötürənin vəzifələrini nəzərdə tutan 12-ci maddənin "g" bəndi təkmilləşdirilir və cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə bərabər əməkhaqqının verilməsini təmin etmək öhdəlik olaraq müəyyən edilir.  

Eyni zamanda Məcəllənin 154-cü maddəsinə yeni hissə əlavə edilməklə bərabər dəyərli işin obyektiv qiymətləndirilməsinin əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan Vahid Tarif-İxtisas Sorğu Kitabçalarında nəzərdə tutulmuş tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürənlər tərəfindən müəyyən edilməsi nəzərdə tutulur. Qeyd edilib ki, sənəddə "Gender (kişi və qadınların) bərabərliyinin təminatları haqqında" qanuna təklif olunan dəyişikliyə əsasən əməkhaqqının yalnız eyni və ya oxşar işlərə görə deyil, bərabər dəyərli işlərə görə də ödənilməsi nəzərdə tutulur. Belə ki, qanunun yeni redaksiyada təqdim edilən 9.1-ci maddəsinə əsasən, işəgötürən tərəfindən cinsindən asılı olmayaraq eyni və ya bərabər dəyərli müxtəlif işi yerinə yetirən işçilərə əməkhaqqı bərabər ödənilməlidir. İşin bərabər dəyərli olması Əmək Məcəlləsinin tələblərinə uyğun olaraq əmək şəraiti, əmək funksiyasının xarakteri və qüvvədə olan vahid tarif-ixtisas sorğu kitabçalarında əks olunan tarif-ixtisas xüsusiyyətləri nəzərə alınmaqla işəgötürən tərəfindən müəyyən edilir.

Musa Quliyev deyib ki, bu qanun layihəsinin qəbul edilməsi ölkəmizdə əmək bazarında gender bərabərliyinin təminatlarının hüquqi bazasının daha da təkmilləşməsinə, Azərbaycanın beynəlxalq reytinqinin yüksəlməsinə xidmət edəcək.

Sonra Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Hicran Hüseynova layihə barədə rəhbərlik etdiyi komitənin rəyini açıqlayıb. O bildirib ki, Azərbaycanın qoşulduğu Beynəlxalq Əmək Təşkilatının "Bərabər dəyərli əməyə görə kişi və qadın işçilərin bərabər ödənişi haqqında" 100 nömrəli Konvensiyasına və digər normativ hüquqi aktlara əsasən, kişi və qadınlara bərabər dəyərli əməyə görə bərabər əməkhaqqı verilməsi tam təmin olunmalıdır. Həmin sənədlər əməkhaqqı ilə bağlı gender ayrı-seçkiliyinin aradan qaldırılmasına xidmət edir və bu prinsipi həyata keçirmək üçün bərabər dəyərli işin obyektiv qiymətləndirilməsi aparılmalıdır. 

Komitə sədri qeyd edib ki, ölkəmizdə kişi və qadınların orta əməkhaqqı fərqinin aradan qaldırılması üçün mühüm islahatlar həyata keçirilir. Vətəndaşların məşğulluq məsələsi, onların layiqli işlə təmin edilməsi daim dövlətin diqqət mərkəzindədir. İşsizliyin aradan qaldırılması, yeni iş yerlərinin açılması, əməyin qiymətləndirilməsi prioritet məsələlərdən hesab edilir və bu istiqamətdə müsbət nəticələr əldə edilib.

Məsələ ilə bağlı müzakirələrdə deputatlar Elçin Mirzəbəyli və Günay Ağamalı bəzi qeyd və fikirlərini səsləndirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul olunub.

İclasda Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli "Yol hərəkəti haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihəsini (birinci oxunuş) təqdim edib. Komitə sədri bildirib ki, qanun layihəsi "operativ nəqliyyat vasitələri" anlayışının yeni redaksiyada genişləndirilməsini nəzərdə tutur və bu dəyişiklik hüquq-mühafizə, habelə digər xüsusi təyinatlı dövlət orqanlarının fəaliyyətinin daha səmərəli təşkilinə yönəlib. Xüsusilə prokurorluq orqanlarına məxsus, kriminalistik avadanlıqlarla təchiz edilmiş nəqliyyat vasitələrinin bu kateqoriyaya daxil edilməsi mövcud praktiki tələbatdan irəli gəlir. Layihədə hadisə yerinə operativ şəkildə çatdırılmanın təmin edilməsi, təxirəsalınmaz prosessual hərəkətlərin yerinə yetirilməsi və operativ-axtarış tədbirlərinin həyata keçirilməsi üçün həmin nəqliyyat vasitələrinin digər operativ xidmətlərlə eyni hüquqi statusa malik olması təsbit edilir.

Qanun layihəsi səsə qoyularaq birinci oxunuşda qəbul edilib.

Parlamentin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Arzu Nağıyev Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Təhsil haqqında" və "Minatəmizləmə fəaliyyəti haqqında" qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinə dair (birinci oxunuş) məlumatı nəzərə çatdırıb. O, minatəmizləmə fəaliyyətinin müasir dövrdə həm humanitar, həm də milli təhlükəsizlik baxımından mühüm əhəmiyyət daşıdığını, işğaldan azad olunmuş ərazilərdə həyatın bərpası, keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı, infrastrukturun yenidən qurulmasının məhz bu fəaliyyətin nəticəsində mümkün olduğunu vurğulayıb. Minatəmizləmə zamanı həlak olan şəxslərə dövlət qayğısı sosial siyasətin bir istiqaməti olması ilə yanaşı, eyni zamanda mənəvi borc, milli məsuliyyət və ədalət prinsipinin təzahürüdür. Onların ailələrinin sosial müdafiəsi, təminatı və diqqət mərkəzində saxlanılması dövlətin humanitar siyasətinin əsas prioritetlərindəndir.

Komitə sədri diqqətə çatdırıb ki, layihədə Vergi Məcəlləsinə təklif edilən dəyişiklik minatəmizləmə fəaliyyətini həyata keçirən zaman vəzifə borcunu yerinə yetirərkən həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin vergi tutulmalı olan aylıq gəlirinin 400 manat məbləğində azaldılmasını, "Təhsil haqqında" qanuna təklif olunan dəyişiklik isə minatəmizləmə fəaliyyəti həyata keçirən zaman həlak olmuş minatəmizləyənlərin övladlarının mülkiyyət formasından asılı olmayaraq, Azərbaycan Respublikasının təhsil müəssisələrində ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə təhsil haqqının dövlət büdcəsinin vəsaiti hesabına ödənilməsini nəzərdə tutur. 

Qanun layihəsinin keçid müddəalarına əsasən, 2026-cı il sentyabrın 15-dən tətbiq edilməsi nəzərdə tutulan dəyişikliklər bu qanun qüvvəyə mindiyi tarixədək minatəmizləmə fəaliyyətini həyata keçirən zaman həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladlarına da şamil olunur.

İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov layihə barədə rəhbərlik etdiyi komitənin rəyini bildirib. O, sənəddə Vergi Məcəlləsinə təklif edilən  minatəmizləmə fəaliyyətini həyata keçirən zaman vəzifə borcunu yerinə yetirərkən həlak olmuş minatəmizləyənlərin ailə üzvlərinin vergi yükünün azaldılması ilə bağlı dəyişikliklərin vacibliyini qeyd edib. Komitə sədri diqqətə çatdırıb ki, gəlir vergisi üzrə güzəştə malik olan şəxslərin sırasına Vətən müharibəsi qəhrəmanları, Milli qəhrəmanlar, müharibə ilə əlaqədar əlilliyi olan şəxslər, həlak olmuş, yaxud sonralar vəfat etmiş döyüşçülərin ailə üzvləri, "Müharibə veteranı" adı almış şəxslər və digərləri daxildir.

Elm və təhsil komitəsinin sədri Anar İsgəndərov məsələ barədə bu komitənin rəyini açıqlayaraq, layihədə "Təhsil haqqında" qanuna təklif olunan dəyişiklik barədə danışıb. O qeyd edib ki, qanuna əlavə edilməsi təklif olunan 14.8-1.10-cu maddəyə əsasən, dövlət, bələdiyyə və özəl ali, orta ixtisas və peşə təhsili müəssisələrində təhsil alan minatəmizləmə fəaliyyətini həyata keçirən zaman partlayıcı sursatların işə düşməsi nəticəsində baş verən bədbəxt hadisə ilə əlaqədar həlak olan və ya bu zaman aldığı xəsarətdən həyatını itirən minatəmizləyənlərin övladları təhsil müəssisələrində ödənişli əsaslarla təhsil (əlavə təhsil istisna olmaqla) aldıqları müddətdə təhsil haqqı dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.

Məsələ ətrafında müzakirələrdə parlamentin komitə sədri Fazil Mustafa, deputatlar Azər Allahverənov və Nigar Məmmədova fikirlərini səsləndirdikdən sonra qanun layihəsi birinci oxunuşda qəbul edilib.

Sonda Milli Məclisin Sədri Sahibə Qafarova bir neçə gün əvvəl Milli Məclisin bir qrup deputatı və parlament Aparatı əməkdaşlarından ibarət futbol komandasının Türkiyənin Antalya şəhərində keçirilmiş Türk Dünyası Parlamentlərarası Futbol Turnirində iştirak etdiyini və yüksək yer tutduğunu bildirərək, bu münasibətlə öz təbriklərini çatdırıb.

İclasda Milli Məclisin futbol komandasının kapitanı, parlamentin komitə sədri Fazil Mustafa turnir barədə məlumat verib. O, Türkiyə Böyük Millət Məclisinin təşkilatçılığı ilə keçirilmiş Futbol Turnirində 6 komandanın təmsil olunduğunu söyləyib. Qeyd edib ki, ilk dəfə idi ki, TÜRKPA-ya daxil olan ölkələrin parlament nümayəndələri burada iştirak edirdilər. Komitə sədri spiker Sahibə Qafarovanın dəstəyi ilə formalaşmış  Milli Məclisin komandasının finala çıxdığını bildirib. İdman oyunlarında, eyni zamanda dostluq və əməkdaşlıq münasibətlərinin qurulduğunu da deyən Fazil Mustafa turnirdə iştirak edən komanda üzvlərinə təşəkkür edib.


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Odessa dron hücumuna məruz qalıb, ölənlər var  

10:41
11 Aprel

ABŞ nümayəndə heyəti də İslamabada gedib

10:35
11 Aprel

“Anadolu Ankası – 2026” təlimində tapşırıqlar uğurla icra olunub  

10:26
11 Aprel

ABŞ Prezidenti İranla qarşıdan gələn danışıqlarda əsas tələbini açıqlayıb

10:13
11 Aprel

“Artemis II” missiyası Aya uçuşunu başa vuraraq Yerə qayıdıb

10:01
11 Aprel

Media: ABŞ Yaxın Şərqdəki hərbi mövcudluğunu artırmaqda davam edir

09:43
11 Aprel

Tramp: Hörmüz boğazı tezliklə gəmiçilik üçün açılacaq

09:34
11 Aprel

Xəzərdə zəlzələ olub

09:12
11 Aprel

Bilmək istəyirəm

08:50
11 Aprel

Şuşanın şəhərsalma mədəniyyəti və memarlıq abidələri

08:45
11 Aprel

Bakının anası - İçərişəhər

08:40
11 Aprel

Ermənistan cəmiyyəti ideoloji sınaq qarşısındadır

08:35
11 Aprel

Qarabağ və Şərqi Zəngəzurda yeni tarix yazılır

08:30
11 Aprel

Azərbaycan hər zaman sülhü və sabitliyi təşviq edir

08:25
11 Aprel

Uzanan münaqişələr fonunda Azərbaycan modeli

08:20
11 Aprel

Rəqəmsal keçid: yeni çağırışlar, prioritetlər və hədəflər

08:15
11 Aprel

Əmək bazarında gender bərabərliyinin təminatlarının hüquqi bazası təkmilləşdirilir

08:10
11 Aprel

Azərbaycan nümunəsi

08:05
11 Aprel

Bütöv və qüdrətli Azərbaycan missiyası

08:00
11 Aprel

Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyi əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

00:29
11 Aprel

“İstilik təchizatı şəbəkəsinin mühafizə zonalarının ölçüləri və həmin ərazilərdə təsərrüfat işlərinin aparılmasına dair tələblər”in təsdiq edilməsi haqqında

00:26
11 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!