"Mədəniyyətimizin
gələcək inkişafı, cəmiyyətdə mövcud olan ovqat, gənc nəslin tərbiyə olunması, bütün
bu məsələlər bir-biri ilə bağlıdır. Gənc nəslimiz milli ruhda tərbiyə olunmalıdır.
Ancaq bu halda Azərbaycan əbədi müstəqillik yolu ilə gedə bilər. Buna nail olmaq
üçün, əlbəttə ki, əsas amil bizim mədəniyyətimizdir, incəsənətimizdir, ədəbiyyatımızdır,
ana dilimizdir, milli təfəkkürümüzdür”.
Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev bu fikirləri 2019-cu il mart ayının 1-də
ölkəmizin mədəniyyət və incəsənət xadimlərinin bir qrupu ilə görüşündə səsləndirdi.
Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da iştirak etdiyi bu tarixi görüş
Azərbaycan dövlətinin mədəniyyətimizə gerçək münasibətini ortaya qoymaqla yanaşı,
bu sahənin inkişafında yeni üfüqlərin açılmasına vəsilə oldu.
Həmin görüşdə
qaldırılan məsələlərin, demək olar ki, hamısı müsbət həllini tapdı. Dövlət başçısı
görüş zamanı bir sıra tapşırıqlar verdi, sonrakı günlərdə isə müvafiq sərəncamlar
imzaladı. Dövlət Musiqili və Dövlət Rus Dram teatrlarına "akademik” statusun verilməsi,
Azərbaycan teatrlarının və Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı əlavə
tədbirlər haqqında, eləcə də teatr və konsert müəssisələri işçilərinin sosial müdafiəsinin
gücləndirilməsi, altı yaradıcılıq ittifaqına vəsaitin ayrılması, Tovuz rayonunda
Hüseyn Bozalqanlı adına Azərbaycan Aşıq Sənəti Muzeyi binasında tikinti işlərinin
başa çatdırılması ilə bağlı sərəncamlar ölkə Prezidentinin mədəniyyətimizin inkişafına,
mədəni irsimizə diqqət və qayğısının daha bir nümunəsi idi.
Mədəniyyətimizə
göstərilən bu cür diqqət və qayğı zəngin tarixi olan ənənənin davamıdır. Azərbaycan
mədəniyyətinin son yarım əsrdəki inkişafına nəzər salsaq, bunu bariz şəkildə görə
bilərik.
Bu bir gerçəkdir
ki, mədəniyyətimizin sistemli inkişafı, beynəlxalq aləmdə tanınması onun böyük himayədarı,
Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin respublikaya rəhbərlik
etdiyi ötən əsrin 70-ci illərindən başlayaraq, ölkə həyatının bütün sahələri kimi,
mədəniyyətimiz də özünün intibah dövrünü yaşamışdır. Paytaxtdan ucqarlaradək kinoteatr,
klub, mədəniyyət evi, kitabxana və muzeylərin inşa edilməsi, kino, musiqi, teatr,
rəssamlıq, memarlıq, heykəltəraşlıq və digər sahələrdə əldə edilən nailiyyətlər
həmin dövrdə mədəniyyətimizin inkişafının parlaq örnəkləridir.
Dahi siyasətçi
müstəqil Azərbaycana rəhbərlik etdiyi illərdə də bu sahəyə qayğısını əsirgəmədi.
Ötən əsrin 80-ci illərinin sonu - 90-cı illərinin əvvəlində ölkəmizdə yaşanan qorxunc
hadisələr, ictimai-siyasi böhran mədəniyyət sahəsinə də mənfi təsir göstərmişdi.
Heydər Əliyevin 1993-cü ildə hakimiyyətə qayıdışı ilə Azərbaycan mədəniyyətinə də
yeni nəfəs gəldi. Sonrakı 10 il müddətində sənətə və sənətkara diqqət artdı, görkəmli
mədəniyyət xadimlərinin fəxri adlara, Prezident təqaüdünə, müxtəlif mükafatlara
layiq görülməsi, dünyasını dəyişən şəxsiyyətlərin yubileylərinin keçirilməsi, xatirələrinin
əbədiləşdirilməsi, ev-muzeylərinin yaradılması, bir sözlə, Azərbaycan mədəniyyətinin
inkişafı naminə çox mühüm qərarlar qəbul
edildi.
Ulu Öndərin
zəngin dühası ilə əsasını qoyduğu uğurlu inkişaf strategiyası 2003-cü ildən yeni
parlaq üfüqlərə doğru yol aldı. Ümummilli Liderin dövlətçilik kursunu layiqincə
davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə arxada qoyduğumuz 16 ildə
ölkəmiz dinamik inkişaf dövrünü yaşayıb. Bu tərəqqi mədəniyyət sahəsində də yeni
layihələrin, dövlət proqramlarının həyata keçirilməsi, müasir maddi-texniki bazanın,
infrastrukturun yaradılması, yaradıcı fəaliyyətə stimul verilməsində özünü göstərir.
Ötən dövrün mədəniyyət salnaməsini vərəqləyəndə qürur hissi keçirməyə bilmirik.
Mədəniyyət obyektlərinin, ilk növbədə, kütləvi nümayiş məkanları olan teatr və muzeylərin
yüksək səviyyədə təmir-bərpası, ölkənin müasir inkişafını təcəssüm etdirən yeni
mədəniyyət ocaqlarının yaradılması bu sahəyə göstərilən yüksək diqqət və qayğıdan
xəbər verir.
Bu illər ərzində
Prezident İlham Əliyev tərəfindən mədəniyyət sahəsi ilə bağlı 650-dən çox fərman
və sərəncam imzalanıb. Dövlət başçısının sərəncamları ilə təsdiq olunan proqram
sənədlərdən bir qismi ("Kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı”,
"Azərbaycan kinosu 2008-2018-ci illərdə”, "Azərbaycan teatrı 2009-2019-cu illərdə”)
icra olunub, "Daşınmaz tarix və mədəniyyət abidələrinin bərpası, qorunması, tarix
və mədəniyyət qoruqlarının fəaliyyətinin təkmilləşdirilməsi və inkişafı:
2014-2020” və s. proqram və layihələrin reallaşdırılması davam etdirilir.
Müasir dövrdə
mədəni irs, incəsənət xalqları, ölkələri tanıdan, insanları birləşdirən əhəmiyyətli
vasitələrdən hesab olunur. Xalqımızın qədim və zəngin mədəniyyəti ölkəmizdən çox-çox
uzaqlarda uğurla təqdim və təbliğ olunur. Bu xüsusda Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri, mədəni irsimizin himayədarı
Mehriban Əliyevanın müstəsna xidmətlərini qeyd etmək lazımdır. Mehriban xanımın
2004-cü ildə UNESKO-nun xoşməramlı səfiri adına layiq görülməsi Azərbaycanın zəngin
maddi və qeyri-maddi mədəni irs nümunələrinin dünyada tanıdılmasında mühüm rol oynadı.
Azərbaycan muğam sənəti ilk olaraq UNESKO tərəfindən bəşəriyyətin mədəni irs xəzinəsinə
daxil edildi. 2009-cu ildə Azərbaycanın aşıq sənəti və ölkəmizin yaxından iştirakı
ilə beynəlxalq nominasiya kimi təqdim olunan Novruz bayramı, 2010-cu ildə xalça
sənətimiz, 2012-ci ildə tar ifaçılığı, 2013-cü ildə Qarabağ atları üzərində çövkən
milli oyunu, 2014-cü ildə kəlağayı sənəti, 2015-ci ildə Lahıc misgərlik sənəti,
2016-cı ildə ölkəmizin Türkiyə, İran, Qazaxıstan və Qırğızıstanla birgə təqdim etdiyi
lavaş - nazik çörəyin hazırlanma və paylaşma mədəniyyəti UNESKO-nun siyahılarında
yer alıb. Həmçinin 2017-ci ildə milli mətbəximizin nümunəsi olan dolmanın hazırlanma
və paylaşma ənənəsi, kamança musiqi alətinin hazırlanması və ifaçılıq sənəti,
2018-ci ildə "Yallı (Köçəri, Tənzərə), Naxçıvanın ənənəvi qrup rəqsləri” və Azərbaycanın
Türkiyə və Qazaxıstanla birgə təqdim etdiyi "Dədə Qorqud irsi. Dastan mədəniyyəti,
xalq nağılları və musiqisi” nominasiya faylları da təşkilatın müvafiq siyahılarına
salınaraq bəşəri status qazanıb. Bundan əlavə, ötən illərdə Qız qalası və Şirvanşahlar
sarayı ilə birlikdə İçərişəhər, Qobustan qayaüstü rəsmləri UNESKO-nun dünya İrs
Siyahısına daxil edilib. 2019-cu ilin iyulunda - UNESKO-nun Ümumdünya İrs Komitəsinin Bakıda keçirilən
43-cü sessiyasında isə Şəkinin tarixi mərkəzi (Xan sarayı ilə birlikdə) bu mötəbər
siyahıya salındı. Bütün bunlar mədəni irsimiz və ölkəmiz adına mühüm önəm kəsb edən,
əlamətdar hadisələrdir. Mədəni irsimizi dünyaya tanıdan bu böyük işlər Azərbaycanın
birinci xanımının dəstəyi, rəhbərliyi, Mədəniyyət Nazirliyi və digər qurumların
birgə əməkdaşlığı ilə gerçəkləşib. Bu həm də Azərbaycanın beynəlxalq arenada artan
nüfuzunun, ölkəmizə göstərilən yüksək etimadın örnəkləridir.
Azərbaycanın
müasir inkişafından pay alan mədəniyyət sahələrindən biri də teatrdır. Köklü ənənələrə
malik olan, bu il 147-ci mövsümünü yaşayan peşəkar milli teatrımız zəngin inkişaf
yolu keçib. Teatrlarımızın maddi-texniki baxımdan inkişafı ilə yanaşı, bu sahədə
hüquqi bazanın təkmilləşdirilməsi istiqamətində də mühüm addımlar atılıb. MDB məkanında
ilk dəfə ölkəmizdə "Teatr və teatr fəaliyyəti haqqında” qanun (2007), habelə "Azərbaycan
teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı qəbul edilib. Prezidentin müvafiq sərəncamları
ilə paytaxtdakı beş teatrın (Kukla, Rus Dram, Gənc Tamaşaçılar, Milli Dram, Musiqili
teatrlar), eləcə də Mingəçevir, Füzuli, Ağdam, Şəki, Sumqayıt dram, Gəncə kukla
teatrlarının binaları əsaslı şəkildə təmir-bərpa olunub, İrəvan və Pantomima teatrlarına
binalar verilib. Şuşa Dövlət Musiqili Dram Teatrı bu mövsümdən paytaxtımızda yeni
binada qapılarını tamaşaçılarının üzünə açıb.
Teatrların
maddi-texniki bazasının yaxşılaşdırılması yaradıcı fəaliyyətə də öz müsbət təsirini
göstərir. Bu illər ərzində teatr kollektivləri 30-dan çox ölkədə qastrol səfərlərində
olub, onlarca beynəlxalq festivala qatılıb. Ölkəmiz teatrla bağlı beynəlxalq tədbirlərə
uğurla evsahibliyi edir, dünya teatr sənətinin problemləri Azərbaycan paytaxtında
müzakirə olunur. 2010-cu ildə əsası qoyulan Bakı Beynəlxalq Teatr Konfransı ötən
müddətdə həm ölkəmizdə keçirilən beynəlxalq mədəniyyət tədbirləri sırasında, həmçinin
beynəlxalq teatr təşkilatlarının fəaliyyət təqvimində özünə mühüm yer qazanıb.
Bu illərdə
ölkəmizdə teatr sahəsində digər beynəlxalq tədbirlər də gerçəkləşib. Bakı Beynəlxalq
Kukla Teatrları Festivalı (2011, 2013), Şəki Beynəlxalq Teatr Festivalı (2014,
2016, 2018) ölkəmizin dünya teatr aləminə inteqrasiyasının nümunələridir. 2019-cu
ilin iyununda Lənkəranda Beynəlxalq Teatr Festivalının əsası qoyulub. Bundan əlavə,
teatrlarımızın peşəkarlığını artırmaq məqsədilə respublika miqyaslı festivallar
da təşkil olunur.
Son on altı
ilin mədəniyyət salnaməsinə nəzər yetirəndə ölkəmizdə musiqi sahəsinin yüksəliş
dövrünü yaşadığını əminliklə söyləyə bilərik. Heydər Əliyev Fondu Mehriban xanım
Əliyevanın rəhbərliyi ilə Azərbaycan musiqisinin inkişafına və təbliğinə misilsiz
töhfələr verir. 2009-cu ildə Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı
ilə əsası qoyulan "Muğam aləmi” Beynəlxalq Muğam Festivalı, Qəbələ Beynəlxalq Musiqi
Festivalı və Üzeyir Hacıbəyli Beynəlxalq Musiqi Festivalı təkcə musiqimizin deyil,
ümumilikdə ölkəmizin dünya miqyasında təbliğinə xidmət edən mühüm mədəniyyət layihələridir.
Eyni zamanda ənənəvi olaraq keçirilən Bakı Caz Festivalı, Rostropoviç Musiqi Festivalı,
"İpək Yolu” Beynəlxalq Musiqi Festivalı, Qara Qarayev Müasir Musiqi Festivalı, Vokalçıların
Bülbül adına Beynəlxalq Müsabiqəsi, Qəmər Almaszadə adına Beynəlxalq Rəqs Müsabiqəsi müxtəlif ölkələrdən tanınmış ifaçıları bir araya
gətirərək dünya musiqi xəritəsində Azərbaycanın yerini daha da möhkəmləndirir. Musiqi
sənətimiz dünya səhnələrini fəth edir, ifaçılarımız yüzlərlə sənət yarışmasında
uğur qazanırlar.
Azərbaycan
musiqisinin inkişafına töhfə verən iri mədəniyyət ocaqlarının yaradılması paytaxtla
yanaşı, bölgələrimizi də əhatə edir. Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2008-ci
ildə Bakıda və Ağcabədidə, 2010-cu ildə Füzuli rayonunda muğam mərkəzləri tikilib
istifadəyə verilib. 2017-ci ildə musiqi sahəsində əlamətdar hadisələrdən biri respublikanın
ikinci böyük şəhərində - Gəncədə möhtəşəm filarmoniya binasının açılışı olub.
2018-ci ildə Ağdamda (Quzanlı qəsəbəsi), bu il isə Sumqayıt şəhərində muğam mərkəzləri
bu sənəti yaşadanların ixtiyarına verilib. Musiqi sahəsinə dövlət qayğısı yaradılan
infrastrukturla bitmir. İstedadlı gənc musiqiçilərimiz Prezident təqaüdünə layiq
görülür, xaricdə dövlət hesabına təhsil alırlar. Fitri istedadı ilə seçilən heç
bir gəncimiz ölkə rəhbərliyinin diqqətindən kənarda qalmır. Onlarca gənc musiqiçi
adları Azərbaycanın gənc istedadlarının "Qızıl kitab”ına yazılmaqla, Prezidentin
xüsusi təqaüdünə layiq görülür.
Prezident
İlham Əliyev ölkə rəhbərliyinə gəldiyi ilk dövrlərdə milli-mənəvi dəyərlərə söykənən
və müasir çağırışlara cavab verən mütərəqqi ideyaları yaşadıb inkişaf etdirəcəyini
vurğulamışdı. Dövlət başçısı bütün fəaliyyətində qeyd olunan bu sahələrin inkişafını
daim diqqət mərkəzində saxlayıb, öz qayğısını əsirgəməyib.
Ölkənin bütün
regionlarını, cəmiyyət həyatının hər bir sahəsini əhatə edən islahat real nəticələr
verə bilər. Məmnunluq doğuran haldır ki, son on altı ildə ölkəmizdə aparılan islahatlar
paytaxt və digər böyük şəhərlərlə məhdudlaşmayaraq ən ucqar bölgələrimizi də əhatə
edib. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası yerlərdə
mədəni həyata da mühüm və müsbət təsir göstərib. Dövlət başçısının bölgələrimizə
hər səfəri müasir mədəniyyət ocaqlarının açılışı ilə də yadda qalır. Regionların
mədəniyyət infrastrukturunun yenilənməsi ilə bərabər, tarixi-mədəni abidələrimiz
də təmir-bərpa olunur.
Dövlət başçısının
mədəni irsə, eləcə də bölgələrimizin mədəni inkişafına diqqət və qayğısı bu sahədə
mühüm layihələrə zəmin yaradır. Mədəniyyət Nazirliyi tərəfindən bu istiqamətdə qabaqcıl
dünya təcrübəsi də nəzərə alınaraq müxtəlif proqramlar, layihələr icra olunur, festivallar
keçirilir. "Xalq yaradıcılığı paytaxtları” proqramı (2010-2014), "Ədəbiyyat paytaxtı”
və "Milli mətbəx paytaxtı” (2015), "Bölgələrdən paytaxta” (2016-2017) layihələri
bu qəbildəndir. 2018-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə
daha bir layihənin - "Bölgələrdən bölgələrə” yaradıcılıq festivalının əsası qoyuldu.
Cari ildə ikinci dəfə keçirilən bu festival şəhər və rayonlarımızın mədəni irsinin
təbliğinə daha bir töhfədir.
Bu illərdə
bir sıra regional layihələr geniş miqyas qazanaraq beynəlxalq tədbirlərə çevrilib.
Masallıda folklor, Qəbələdə mürəbbə, Şəkidə şirniyyat festivalları buna nümunədir.
Milli mətbəxlə bağlı digər festivallarda (dolma, plov) da müxtəlif ölkələr təmsil
olunur. Belə festivalların sırasına Gədəbəydə təşkil olunan Milli Yaylaq Festivalı
da qoşulub. Sevindirici haldır ki, bəzi bölgələrimiz beynəlxalq təşkilatlar formatında
"Mədəniyyət paytaxtı” adını qazanır. 2013-cü ildə Qəbələnin "MDB-nin mədəniyyət
paytaxtı”, 2016-cı ildə Şəkinin "Türk dünyasının mədəniyyət paytaxtı” seçilməsi
regionlarımızın mədəni irsinin tanıdılmasına əlavə imkanlar açdı. 2017-ci ildə Şəki
şəhəri, bu il isə Bakı UNESKO-nun "Yaradıcı şəhərlər şəbəkəsi”nə daxil edilib.
Mədəniyyət
Nazirliyi tərəfindən "Azərbaycan - doğma diyar” devizi altında keçirilən (2006,
2008, 2011, 2014, 2016) milli azlıqların incəsənət festivalları ölkəmizdəki mədəni
müxtəlifliyi nümayiş etdirir. Ölkə Prezidenti tərəfindən 2016-cı ilin Azərbaycanda
"Multikulturalizm ili”, 2017-ci ilin "İslam Həmrəyliyi ili” elan olunması yurdumuzun
mədəni zənginliyini, tolerantlıq mühitini dünyaya bəyan etməklə yanaşı, bu xüsusda
yeni mədəni təşəbbüslərə də mühüm zəmin yaradır.
Ölkəmizdə
tarixi-mədəni irsin qorunub saxlanılmasına xüsusi qayğı göstərilir. Prezidentin
sərəncamları ilə 2007-ci ildə Qobustan Dövlət Tarix-Bədii Qoruğuna "Milli Qoruq”
statusu verilib, Abşeron rayonunda "Yanardağ”, Ağstafada "Keşikçidağ”, Suraxanı
rayonunda "Atəşgah məbədi”, Qubada "Xınalıq” tarix-mədəniyyət, tarix-memarlıq və
etnoqrafiya qoruqları təşkil edilib. Dövlət başçısının fərmanı ilə yaradılan Mədəniyyət
Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti
bu istiqamətdə kompleks işlər həyata keçirir.
Paytaxtda
və bölgələrdə muzeylərin inkişafı da dövlət başçısının diqqət mərkəzindədir. Tarix-diyarşünaslıq
muzeyləri ilə yanaşı, yerlərdə yaradılan Heydər Əliyev mərkəzlərinin fəaliyyətinin
müasir tələblər səviyyəsində qurulmasına böyük önəm verilir. Qobustan Dövlət Tarix-Bədii
Qoruğunun yeni muzey kompleksi, Qız qalasında yaradılan ekspozisiya müasir texnologiyaların
uğurlu tətbiqinin nəticəsidir. Bu sahədə beynəlxalq təcrübənin öyrənilməsi və tətbiqi
istiqamətində işlər davam etdirilir. Mədəniyyət Nazirliyinin Avropa İttifaqının
dəstəyi və İtaliyanın müvafiq sahə üzrə nazirliyinin iştirakı ilə həyata keçirdiyi
Tvinninq layihəsi çərçivəsində ötən il İtaliyaya təlim səfərləri, Bakıda muzey işçiləri
üçün treninqlər təşkil edilib.
Ötən dövrdə
ölkəmizdə kitab və nəşriyyat işi sahəsində mühüm nailiyyətlər əldə olunub. Azərbaycan
kitablarının sorağı dünyanın nüfuzlu beynəlxalq sərgilərindən gəlir, nəşrlərimiz
beynəlxalq müsabiqələrdə müxtəlif mükafatlara layiq görülür. 2009-cu ildən etibarən
Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə Bakıda ənənəvi (iki ildən bir) beynəlxalq
kitab sərgi-yarmarkası keçirilir. Bu ilin sentyabrında 6-cı dəfə gerçəkləşən bu
tədbir ölkə ictimaiyyətini dünyanın müasir kitab mədəniyyəti ilə tanış etməklə bərabər,
Azərbaycanda nəşriyyat-poliqrafiya işinin inkişaf mənzərəsinin beynəlxalq səviyyədə
təbliğinə xidmət edir.
Respublikamızda
kitabxana-informasiya sahəsi dünyanın qabaqcıl ölkələri ilə müqayisə ediləcək səviyyədə
yenidən qurulur. Azərbaycan Milli Kitabxana-İnformasiya Mərkəzinin (AZLİBNET), ölkə
kitabxanalarını vahid məkanda birləşdirən Mərkəzləşdirilmiş Elektron Kitabxana Sisteminin
(ALİSA) yaradılması bu sahədə inkişafın göstəricisidir. Nazirliyin dəstəyi ilə keçirilən
Buktreyler festivalı kitab və mütaliənin təbliği baxımından diqqətəlayiq hadisədir.
Hazırda ölkəmizdə bütün sahələrdə tətbiq olunan innovativ yeniliklər kitabxana-informasiya
istiqamətini də əhatə edir. "Açıq kitabxana”, "Book-kafe”, "Səyyar kitabxana” xidmətləri
insanların kitaba olan marağını artırmağa xidmət edən əhəmiyyətli layihələrdir.
Son on altı
ildə zəngin mədəniyyət salnaməmizə parlaq səhifələr yazan Azərbaycan kinosu yeni
inkişaf mərhələsini yaşayır. Ölkə rəhbəri tərəfindən "Azərbaycan kinosunun
2008-2018-ci illər üzrə inkişafına dair Dövlət Proqramı”nın təsdiq edilməsindən
keçən müddət ərzində 50-dək tammetrajlı bədii, 50-dən çox qısametrajlı bədii,
200-dən çox sənədli, 20-dən artıq cizgi filmi çəkilib. Kinoda gənclərə geniş meydan
verilib, 60-dan çox rejissor özünün ilk ekran əsərini çəkib. Son dövrdə çəkilən
filmlərimiz 50-dək ölkədə beynəlxalq festivallarda iştirak edib, mükafatlara layiq
görülüb.
"Azərbaycanfilm”
kinostudiyasında, Bakı Media Mərkəzində milli tarixi yaddaşın bərpasına, Azərbaycanın
ictimai-siyasi həyatına, görkəmli şəxsiyyətlərə həsr olunan qiymətli bədii və sənədli
ekran əsərləri ərsəyə gətirilib. Bu qəbildən filmlərin ölkəmizlə yanaşı, xaricdə
də təqdimatları keçirilir.
Kino irsinin
qorunması, filmlərin nümayişi sahəsində də mühüm işlər görülür. 2009-cu ildə istifadəyə
verilən Dövlət Film Fondunun binası texniki imkanlarına görə dünyada ən müasir kino-arxiv
müəssisələrindən hesab olunur. Əsaslı yenidənqurmadan sonra 2011-ci ildə Bakıda
Nizami Kino Mərkəzinin istifadəyə verilməsi ilə müasir səviyyəli kino prokatının
əsası qoyulub. Dövlətin bu sahədə nümunə olan addımından sonra müasir tələblərə
uyğun özəl kinoteatrlar şəbəkəsi inkişaf etməyə başlayıb.
Mədəniyyətimizin
davamlı inkişafında ənənə və varisliyin qorunması əhəmiyyətli məsələdir. Bu sahədə
kadr hazırlığı və müasir tədris sisteminin qurulması böyük önəm kəsb edir. Ötən
illərdə Prezident İlham Əliyevin diqqət və qayğısı ilə bədii təhsil sahəsində də
mühüm işlər görülüb. Paytaxtda və regionlarda onlarca musiqi və incəsənət məktəbinin
yeni binaları inşa edilib, mövcud binalar əsaslı təmir olunub, maddi-texniki bazası
yaxşılaşdırılıb. 2014-cü ildə Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə
Bakı Xoreoqrafiya Məktəbinin bazasında ümumtəhsil, orta ixtisas və ali təhsil pilləsində
tədris verən Bakı Xoreoqrafiya Akademiyasının yaradılması milli xoreoqrafiya sənətinin
inkişafına dövlət qayğısının bariz nümunəsidir.
Hazırda Mədəniyyət
Nazirliyi sistemində 200-dən çox uşaq musiqi, incəsənət və rəssamlıq məktəbində
müxtəlif ixtisaslar üzrə tədris aparılır. Təhsil ocaqlarında tədrisin keyfiyyətinin
yüksəldilməsinə, istedadlı uşaq və gənclərin üzə çıxarılmasına xüsusi diqqət yetirilir.
Bu məqsədlə müxtəlif müsabiqələr təşkil olunur, şagird və tələbələrin yaradıcılığının
stimullaşdırılması prioritet təşkil edir. Görkəmli incəsənət xadimlərimizin, eləcə
də xaricdən dəvət olunmuş mütəxəssislərin ustad dərsləri təşkil olunur, müxtəlif
sahələr üzrə təcrübə mübadiləsi aparılır.
Hər bir xalqın
mədəni irsi onun ən gözəl təqdimatıdır. Prezident İlham Əliyevin respublikamıza
rəhbərliyi dövründə bu sahəyə xüsusi diqqət yetirilib. Ötən illər ərzində mədəni
irsimizin dünyada təbliği istiqamətində çox mühüm addımlar atılıb. Xalça ustası
Lətif Kərimovun, Ü.Hacıbəylinin "Leyli və Məcnun” operasının, "Arşın mal alan” operettasının,
görkəmli yazıçı Mir Cəlal Paşayevin, Xalq rəssamı Səttar Bəhlulzadənin, Xalq yazıçısı
İlyas Əfəndiyevin 100 illik yubileyləri, böyük mütəfəkkir Seyid Yəhya Bakuvinin
vəfatının 550, şairə Məhsəti Gəncəvinin yaradıcılığının 900, "Kitabi-Dədə Qorqud”
dastanının alman dilinə tərcüməsi və nəşrinin 200 illiyi UNESKO səviyyəsində qeyd
edilib. Böyük şair və mütəfəkkir İmadəddin Nəsiminin vəfatının 600-cü ildönümü,
görkəmli şair Molla Pənah Vaqifin 300 illiyi UNESKO-nun 2017-ci il üzrə yubileylər
proqramında yer alıb. 2018-ci ildə UNESKO-nun yubileylər proqramına dahi bəstəkar
Qara Qarayevin 100 illiyi daxil edilib.
Prezident
İlham Əliyevin müvafiq sərəncamları ilə 2019-cu il ölkəmizdə "Nəsimi ili” elan olunub
və Azərbaycanın böyük şair və mütəfəkkirinin 650 illiyi silsilə tədbirlərlə qeyd
edilir. Yubiley ili çərçivəsində ölkəmizdə və onun hüdudlarından kənarda layihələr
həyata keçirilir, İmadəddin Nəsiminin əsərləri müxtəlif dillərə tərcümə edilərək
nəşr olunur, yaradıcılığına dair tədqiqatlar aparılır, ömrünü vətəndən uzaqda başa
vuran şairin həyatı ilə bağlı yeni məlumatlar üzə çıxarılır.
Bu il Nəsiminin
yubileyi Parisdə - UNESKO-nun mənzil-qərargahında da qeyd olunub. Həmçinin Heydər
Əliyev Fondunun vitse-prezidenti Leyla xanım
Əliyevanın təşəbbüsü ilə 2018-ci ildə ölkəmizdə ilk dəfə Nəsimi - şeir, incəsənət
və mənəviyyat Festivalı keçirilib. 2019-cu ildə ikinci dəfə Nəsimi festivalı təşkil
edilib, müxtəlif ölkələrdən nümayəndələrin iştirakı ilə rəngarəng layihələr həyata
keçirilib.
Ölkəmizdə
qeyd edilən "Nəsimi ili” daha bir əlamətdar hadisə ilə yaddaşlara yazıldı. Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə ölkəmizdə mütəfəkkir
şairin 650 illiyi münasibətilə 650 min ağac əkildi. Bu nəcib təşəbbüs böyük söz
ustadının xatirəsinə ehtiram olmaqla yanaşı, həm də təbiətə sevgi və qayğı deməkdir.
Bu il də dövlət
başçısının sərəncamları ilə Azərbaycan mədəniyyətinin, ədəbiyyatının inkişafında
mühüm xidmətləri olan görkəmli şəxsiyyətlərin yubileyləri qeyd olundu. Cəlil Məmmədquluzadə
və Əhməd bəy Ağaoğlunun 150, Məhəmməd Hadinin 140, Cəfər Cabbarlının 120, İsmayıl
Şıxlı, Hüseyn İbrahimov, Soltan Hacıbəyov, Əminə Dilbazi, Tofiq Tağızadə və Hacıbaba
Hüseynovun, eləcə də Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının 100 illik yubileylərinin
qeyd olunması ölkə rəhbərliyinin milli mədəni yaddaşa ehtiramın bariz nümunəsidir.
2020-ci ildə görkəmli yazıçı-dramaturq Əbdürrəhim bəy Haqverdiyevin anadan olmasının
150 illiyi tamam olacaq. Ölkə Prezidenti bununla bağlı müvafiq sərəncam imzalayıb.
Sevindirici haldır ki, böyük ədibimizin 150 illiyi, eyni zamanda UNESKO-nun
2020-ci il üçün yubileylər siyahısına da daxil edilib. Bu da təşkilat səviyyəsində
Azərbaycan mədəniyyətinə böyük diqqət deməkdir.
Prezident
İlham Əliyevin uğurlu xarici siyasəti nəticəsində ölkəmiz BMT, İslam Əməkdaşlıq
Təşkilatı, UNESKO, Avropa Şurası, Avropa İttifaqı, ISESCO və başqa təşkilatlarla
səmərəli əməkdaşlıq əlaqələri qurub. Bu əlaqələrin mühüm bir müstəvisini mədəniyyət
təşkil edir. Bu gün Azərbaycan dünyada mədəniyyətlərarası, sivilizasiyalararası
dialoq mərkəzidir. 2008-ci ildə Prezident İlham Əliyev tərəfindən irəli sürülən
mədəniyyətlərarası dialoqa dair "Bakı Prosesi” regional təşəbbüsdən beynəlxalq platformaya
çevrilib. Azərbaycan paytaxtı 2010-cu ildən Beynəlxalq Humanitar Foruma, 2011-ci
ildən Dünya Mədəniyyətlərarası Dialoq Forumuna evsahibliyi edir. 2016-cı ildə Bakıda
BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunun keçirilməsi Azərbaycanın
dünyaya sülh mesajı oldu.
Təkcə bu il
paytaxtımız dörd mühüm beynəlxalq tədbirə ev sahibliyi edib. V Dünya Mədəniyyətlərarası
Dialoq Forumu, UNESKO-nun Ümumdünya İrs Komitəsinin
43-cü sessiyası, Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının
XVIII Zirvə Görüşü və Dünya dini liderlərinin II Sammitinin Bakıda keçirilməsi ölkəmizdəki
tolerantlıq mühitindən xəbər verir. Xüsusilə Dünya Mədəniyyətlərarası Dialoq Forumu
son 10 ildə beynəlxalq müstəvidə böyük nüfuz qazanıb. İki il əvvəl BMT-nin baş katibi
və bu il BMT-nin Baş Assambleyası Mədəniyyətlərarası Dialoq Forumunu dünyanın ən
əsas qlobal platformalarından biri elan edib. Sözsüz ki, bu istiqamətdə Azərbaycanda
keçirilən beynəlxalq tədbirlər ölkəmizin mövqeyini daha da gücləndirir.
Mədəniyyət
sahəsində dövlət siyasətinin həyata keçirilməsi, bu sahənin inkişafı onun effektiv,
dövrün tələblərinə uyğun idarə edilməsindən bilavasitə asılıdır. Bu mühüm məqam
ötən dövrdə cənab Prezidentin mədəniyyət sahəsində idarəçiliklə bağlı qəbul etdiyi
qərarlarda, aparılan struktur islahatlarında öz əksini tapıb. 2006-cı ildə dövlət
başçısının fərmanı ilə Mədəniyyət və Turizm Nazirliyi yaradılarkən qarşıya qoyulan
vəzifələrdən biri mədəniyyətin inkişafı ilə bərabər mədəni irs, zəngin incəsənətimiz
və qonaqpərvərlik ənənələrimizlə yeni təşəkkül tapan turizm sənayesinə də dəstək
verilməsi idi. Sonrakı 12 ildə nazirlik həmin vəzifənin öhdəsindən gəldi, mədəniyyət
sektoru milli turizm sənayesinin inkişaf etdirilməsində mühüm rol oynadı, bu istiqamətdə
dünya təcrübəsinə əsaslanan layihələr həyata keçirildi.
Prezident
İlham Əliyevin 20 aprel 2018-ci il tarixli "Mədəniyyət və turizm sahəsində dövlət
idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” sərəncamı ilə
Mədəniyyət və Turizm Nazirliyinin əsasında Azərbaycan Respublikasının Mədəniyyət
Nazirliyi və Dövlət Turizm Agentliyi yaradıldı. Dövlət başçısının müvafiq fərmanı
ilə Mədəniyyət Nazirliyinin Əsasnaməsi və strukturu, həmçinin nazirlik yanında Mədəni
İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin Əsasnaməsi təsdiq edildi.
Prezidentin 29 mart 2016-cı il sərəncamı ilə aparılan struktur islahatları nəticəsində
nazirliyin Bakı Şəhər Mədəniyyət Baş İdarəsi və 15 regional idarəsi yaradılıb. Həyata
keçirilmiş islahatlar mədəniyyət sahəsində daha çevik idarəçiliyin təmin olunması,
mədəniyyət müəssisələrinin fəaliyyətinin optimallaşdırılması məqsədi daşıyır.
Azərbaycan
Prezidenti İlham Əliyevin rəhbərliyi ilə son 16 ildir ölkəmiz dinamik və sürətli
inkişaf dövrünü yaşayır. Göründüyü kimi, bu tərəqqi həm mədəniyyət sahəsində uzun
illərdən bəri kök salmış uğurlu ənənələr əsasında, həm də müasir dövrün tələbləri
kontekstində formalaşır.
Bu gün dövlət
başçısının həyata keçirdiyi siyasət müasir modern dünyanın çağırışlarına adekvat
siyasətdir. Azərbaycan dövlətinin çevik, uzaqgörən daxili və xarici siyasəti milli
mədəni yaddaşa qayıdışa əsaslanmaqla mədəniyyətlərin və sivilizasiyaların qarşılıqlı
əlaqələrinə, düşünülmüş inteqrasiyaya hesablanıb. Bu inteqrasiyada Azərbaycanı dünyada
tanıdan, onun nüfuzunu daha da yüksəldən mühüm amillərdən biri də ölkə rəhbərliyinin
böyük diqqət və qayğısı ilə əhatə olunan mədəni-mənəvi sərvətimizdir.
Əbülfəs QARAYEV,
Azərbaycan
Respublikasının Mədəniyyət naziri