Yer kürəsinin 70 faizini təşkil edən okeanlar
hələ də çoxlu sayda sirlər gizlətməkdədir. Belə sirli yerlərdən biri dünya okeanının
ən dərin çökəkliyi olan Marian çökəkliyidir. Dünyanın dibi sayılan Marian alimlərin
diqqətini çoxdan maqnit kimi özünə cəlb edib.
Hələ ötən əsrin ortalarından bu nəhəng çuxurun
sirrini açmaq, onu daha dərindən öyrənmək üçün müxtəlif tədqiqatlar aparılıb. Lakin
bəzi naməlum məqamlar, açılmayan sirlər hələ də qalmaqdadır...
Elmə məlum olan çökəkliklərdən ən dərini
- Marian çökəkliyi Sakit okeanın qərbində yerləşir. "Marian” adı isə yanında olan
Marian adalarına görə verilib. Elm adamları tərəfindən aparılan araşdırmalar nəticəsində
dünyanın ən dərin çuxurunun uzunluğu 2542 km, diametrinin 69 km olduğu təsbit edilib.
Çökəklik Marian adaları boyunca 1500 km uzanıb. Onun V formalı profili var: dik
yamaclar, eni 15 km olan yastı dib. Dibdə suyun təzyiqi 108,6 MP-yə çatır ki, bu
da dünya okeanının səviyyəsində normal atmosfer təzyiqindən 1072 dəfə çoxdur.
Marian çökəkliyinin
ən dərin nöqtəsi Challenger uçurumudur. Bu çökəkliyin dərinliyinin ilk ölçüsünü
buranı tapan "Challenger” adlı Britaniya üç dor korveti 1875-ci ildə əldə etmişdir.
O zaman dərinliyi ölçən lot aparatı vasitəsilə 8367 metr dərinlik müəyyənləşdirmişdilər.
1951-ci ildə ingilis ekspedisiyası "Challenger” elmi tədqiqat gəmisində əks-səda
ilə işləyən alət vasitəsilə 10863 metrlik dərinlik qeydə almışdı. Sovet elmi tədqiqat
gəmisi "Vityaz”ın 1957-ci ildə 25-ci reys zamanı əldə etdiyi ölçülərə əsasən, çökəkliyin
dərinliyi 11023 metrdir. 1995-ci ilin araşdırmaları dərinliyin təxminən 10920 m,
2009-cu ilin tədqiqatları isə 10971 m təşkil etdiyini göstərdi. Ən son tədqiqatlar
2011-ci ildə həyata keçirilmişdir və dərinliyin ±40 m dəqiqliklə 10994 m olduğu
təyin edilmişdir. Beləliklə, çökəkliyin ən dərin nöqtəsi Challenger uçurumu dəniz
səviyyəsindən Everestdən daha aşağıda yerləşir. Bu da deməyə əsas verir ki, planetimizin
ən yüksək dağı olan Everest Marian çökəkliyinin dərinliyinə asanlıqla yerləşə bilər.
2010-cu ilin
avqustundan oktyabrınadək Nyu Hempşir Universitetindən Amerika okeanoqrafiya ekspedisiyası
tərəfindən aparılan tədqiqatlar nəticəsində Marian çökəkliyi dibinin səthində hündürlüyü
ən azı 2,5 kilometr olan 4 okeanik dağ silsiləsi də tapılıb.
Marian çökəkliyi necə əmələ gəlib
Zaman keçdikcə
Yerin qabığını əmələ gətirən platformalardan bəziləri bir-birləri ilə toqquşub.
Bu toqquşma nəticəsində platformalardan biri digərinin üstünə çıxıb, daha sürətlə
gələn platforma digərinin altına keçib. Toqquşma nəticəsində baş verən şiddətli
zəlzələlərin əmələ gətirdiyi dərinliklər lövhələrin böyüklüyündən asılı olaraq
700 km-ə qədər çata bilib. Marian çökəkliyi də Sakit okean platforması ilə Marian
platformasının bir-birinə bu şəkildə yaxınlaşması nəticəsində yaranıb.
Dünyanın dibinə enən səyahətçilər
Təbii hadisə
nəticəsində əmələ gəlmiş Marian çökəkliyinin dibinə ilk eniş 1960-cı il yanvarın
23-də ABŞ hərbi dəniz qüvvələri leytenantı Don Uols və tədqiqatçı Kaj Pikar tərəfindən
"Triyest” batiskafında edilib. Batiskafı Jak Pikarın atası Oqust Pikard layihələşdirmişdi.
Bu, çox yüksək təzyiqə davamlı, sərt poladdan hazırlanmış dairəvi şəkilli sualtı
kapsul idi. Dalğıcların Yerin dibinə səyahəti 5 saat çəkib. Cihazlar 11521 metrlik
rekord dərinliyi qeydə almışdılar. Həmin vaxt ərazidə lövbər salan "Qlomar Challenger”
adlı elmi tədqiqat gəmisinin əməkdaşları dərinlikdən gələn qəribə səslərdən heyrətə
düşmüşdülər. Sanki kimsə mişarla dəmiri kəsirdi. Kamera isə batiskaf ətrafında qeyri-adi
kölgələri qeydə almışdı. Bunu görüb batiskafı suyun üzərinə qaldırırlar və məlum
olur ki, ona quraşdırılan 4 kameradan 3-ü dağıdılıb, batiskafı qaldıran tros-burazlar
isə yarıya kimi kəsilib...
"Kayko” adlı
yapon zondu 24 mart 1995-ci ildə çökəkliyin maksimal dərinlik rayonuna endirilib
və 10911,4 metr dərinliyi qeydə alıb. Zond tərəfindən nümunə kimi götürülən lildə
foraminifera sayılan canlı orqanizmlər tapılıb.
31 may
2009-cu ildə Marian çökəkliyinin dibinə "Nereus” avtomatik sualtı aparatı dalıb.
Aparat 10 902 metr dərinliyə enib, video, bir neçə fotoşəkil çəkib, həmçinin dibində
çöküntülərinin nümunələri toplanıb.
"Titanik”,
"Terminator”, "Avatar” kimi məşhur filmlərin prodüseri olmuş kinorejissor Ceyms
Kemeron isə 2012-ci il 26 martda dünya okeanının ən dərin nöqtəsinə çatan üçüncü
və bunu tək edən ilk insan olub. Bura enən ilk iki şəxsdən fərqli olaraq, Kemeron
orada 3 saat qalıb. O, çökəkliyə "Deepsea Challenger” adında olan biryerli batiskafda
dalıb. Batiskaf şəkil və video çəkmək üçün bütün avadanlıqlarla təchiz edilmişdi,
hətta kino 3D formatda çəkildiyi üçün batiskafa xüsusi işıq avadanlığı qoşulmuşdu.
Kinematoqrafçı suyun 10 898 metr dərinliyinə enib, canlı orqanizmlərin süxur nümunələrini
götürüb və kino çəkmək üçün 3D kameraları istifadə edib. Rejissorun çəkdiyi həmin
kadrlar əsasında "National Geographic Channel” kanalı da elmi-sənədli film çəkib.
Açılmayan sirlər
Müxtəlif illərdə
Marian çökəkliyinin sirrini öyrənmək üçün çoxsaylı cəhdlər edilib. Lakin batiskaflar
müxtəlif problemlərlə üzləşib, əksər hallarda onların daha dərinliklərə enməsinə
hansısa naməlum güclər tərəfindən maneələr törədilib. Məsələn, Marian çökəkliyinin
dərinliklərinə kimi enən "Nereus” avtomatik zondu orada tədqiqatçıları dəhşətə salan
canlıları qeydə almışdı. Videoda əksini tapan ağzı olmayan metryarım uzunluğunda
qurdlar, yapon cizgi filmlərinin personajlarını xatırladan tentakli və səkkizayaqlı
ilbizlər, nəhəng dəniz ulduzlarının hərəkətləri görənləri vahiməyə salmışdı.
Alman tədqiqatçıları
da gözlənilməz hadisələrin şahidi olmuşdular. Almaniya Elmi Tədqiqat İnstitutu tərəfindən
hazırlanan "Xayfiş” adlı batiskaf Marian çökəkliyinin 7 kilometr dərinliyinə endikdə
quraşdırılan videokameralar nəhəng varlıqları qeydə aldı. Bu varlıqlar batiskafı
mühasirəyə alaraq onu dağıtmaq istəyirdilər. Alman tədqiqatçıları naməlum nəhəng
varlıqları "dəniz əjdahaları” adlandırdılar. Bu nəhəng varlıqlar batiskafı sözün
əsl mənasında gəmirməyə, poladı dişləri ilə kəsməyə cəhd edirdilər. Mütəxəssislər
bunu öncədən nəzərə alaraq, batiskafın ətrafında güclü elektrik cərəyanı buraxan
qurğu quraşdırmışdılar. Naməlum varlıqların batiskafı dağıtmasına mane olmaq üçün
dərhal öldürücü cərəyan buraxıldı. Yalnız bundan sonra qorxan naməlum varlıqlar
batiskafı sakit buraxdılar.
Yapon alimlərinin
Marian çökəkliyindəki tədqiqatları da naməlum varlığın aşkar edilməsi ilə nəticələndi.
Belə ki, 1997-ci ildə yaponiyalı tədqiqatçılar tərəfindən Marian çökəkliyinə endirilən
batiskaf tərəfindən milyon il bundan əvvəl yaşayan köpəkbalığı-meqaldon aşkar edildi.
10-12 metr uzunluğunda olan meqaldon-köpəkbalığı batiskafa yaxınlaşaraq onu udmaq
üçün bütün imkanlarını işə salmışdı. Yalnız yenə də ətrafa güclü elektrik cərəyanı
buraxılandan sonra meqaldon batiskafı udmaqdan qorxaraq dərinlikdə gözdən itdi.
2012-ci ilin
yayında pilotsuz "Titan” adlı dərinlik aparatı "Rik Mesenger” adlı elmi tədqiqat
gəmisindən Marian çökəkliyini tədqiq etmək üçün dənizin dərinliyinə buraxıldı. Məqsəd
10 min metr dərinlikdə video-fotoçəkilişlər aparmaq idi. Bu zaman isə batiskafın
kameraları onlarla işıq saçan obyekt qeydə aldı. Batiskafın ətrafında təxminən bir
kilometr ərazidə 50-dən artıq kürə formasında, uçan naməlum obyektləri xatırladan
əşyalar dolaşmaqda idi. Bundan bir neçə dəqiqə sonra "Titan”la əlaqə kəsildi və
o, müəmmalı şəkildə yoxa çıxdı. Belə ehtimal edilir ki, dənizin dərinliklərində
naməlum ağıllı varlıqlar yaşayır. Bu varlıqlar kimlərdir və onlar nə üçün dənizin
dərinliklərində yaşayırlar? Hələlik bu suala cavab tapmaq mümkün olmayıb.
Bütün bunlara
baxmayaraq, Marian çökəkliyinin sirrini öyrənmək üçün tədqiqatlar davam edir. Bu
sirrin nə vaxt açılacağını söyləmək çətindir. Bəlkə də, gələcək tədqiqatlar zamanı
müasir sivilizasiyanı heyrətləndirən və əsl sensasiyaya səbəb olacaq yeni varlıqlar
aşkar ediləcək. Hələliksə dünyanın dibi sayılan Marian çökəkliyi sirlərini gizlətməkdə
davam edir.
Xəyalə MURADLI,
"Azərbaycan”