31 Dekabr 2023 10:50
4399
Mədəniyyət
A- A+
Dünya Yeni ili necə qarşılayır

Dünya Yeni ili necə qarşılayır

 

Yeni il gəlir. Çoxlarımızın uşaqlıqdan bəri sevdiyimiz, səbirsizliklə gözlədiyimiz, xüsusi atributları olan bu bayram yeni başlanğıcı simvolizə edir. Fərziyyələrə görə, Yeni il bayramını ilk dəfə qədim çinlilər keçiriblər. Ümumiyyətlə, il dəyişimini qeyd etmək adəti isə ilk dəfə Qədim Mesopotamiyada yaranıb. Bayramı ilk dəfə kimin qeyd etməsindən asılı olmayaraq, Yeni ilin qarşılanması, demək olar ki, bir çox xalqın ənənəvi bayramına çevrilib.

 

Yeni il bayramı Milad bayramı ilə səhv salınır

 

Yeni il bayramını xristian bayramı kimi qəbul edib, dekabrın son həftəsində qeyd edilən Milad bayramı ilə qarışdıranlar da az deyil.
Dekabrın 24-dən 25-nə keçən gecə qeyd edilən Milad xristianlar tərəfindən "Xilaskar Məsih" kimi qəbul edilən İsa Məsihin doğum gününün ənənəvi olaraq keçirildiyi bayramdır. Milad bayramının əsasını qədim zamanlardan bəri qeyd olunan bütpərəst və Roma qış bayramları olan Yule və Saturnaliya təşkil edir. 
Roma imperiyası dövründə xristianlar bütpərəst bayramları dini bayramlar kimi qeyd etməyə başladılar ki, yerli əhali bu dini daha rahat qəbul etsin. Əslində, dini və tarixi mənbələrdə İsa Məsihin dəqiq doğum tarixi məlum deyil.
Dekabrın 31-i keçirilən Yeni il gecəsi isə müəyyən bir dinin bayramı deyil, bir ilin sonu və sonrakı ilin başlanğıcının qeyd edildiyi tarixdır.

 

Santa Klaus, Noel baba, Müqəddəs Vasili

 

Yeni il xüsusi atributlara sahibdır. Onun rəmzlərindən biri olan Şaxta babanı müxtəlif ölkələrdə fərqli adlandırırlar. O, ABŞ, İngiltərə və Avstraliyada Santa Klaus, Rusiyada Ded Moroz, Türkiyədə  Noel baba, Avstriyada Sivestr, Böyük Britaniyada Miladi baba, İspaniyada və Meksikada Papa Noel, Fransada Le Pere Noel, Rumıniyada Moş Carile, Hollandiyada Sinte-Klaas, Yunanıstanda isə Müqəddəs Vasili adlanır.
Şaxta babanın vətəni Finlandiya ərazisində yerləşən Laplandiya hesab edilir. Burada Rovaniemi şəhərinin yaxınlığında qədim "Santa Klaus kəndi" yerləşir. Kəndə girəndə Santanın evini, qonaqları qarşılayan cırtdanları və maral qoşqusunu görmək olar. Yeni il bayramı ərəfəsində kəndə minlərlə turist axın edir. Santanın kiçik, amma gözəlliyi ilə insanı heyran edən, cizgi filmlərindəki evlərə bənzəyən taxta evinin qarşısına maraqlı sözlər yazılıb: "Yeni il gecəsi arzu tutmağı unutmayın. Birdən onlar gerçəkləşdi. Mən möcüzələrə inanıram, siz də inanın. Mən də arzu diləyəcəm. Tanrıdan sizin arzularınızın həyata keçməsini istəyəcəm". 
Şaxta babanın geyimi də birdən-birə yaranmayıb. XIX əsrin əvvəllərində hollandlar onu hündürboy, plaş geyinən, qəlyan çəkən və uşaqlara bacadan hədiyyələr atan şəkildə təsvir edirdilər. Elə həmin əsrin sonunda ona xəzlə haşiyələnmiş qırmızı kürk geyindirirlər. 1860-cı ildə amerikalı rəssam Tomas Nayt Şaxta babanı saqqalla bəzəyir, tezliklə isə ingilis Tenniel yumşaq qəlbli gombul obrazını yaradır.
Şaxta babanın nəvəsi Qar qız isə Rusiyada yaranıb. Qar qızın peyda olması qədim rus folklor ənənələrinə gedib çıxır. İvan Kupala bayramında ocağın üstündən tullanaraq əriyən Qar qız qış və yayın əvəzlənməsinin rəmzidir. N.A.Rimski-Korsakovun "Snequroçka" operasından sonra isə bu nağıl personajı daha geniş şöhrət tapır.

 

Şam ağacı - həyatın rəmzi

 

Yeni il bayramını al-əlvan işıqlarla, rəngli oyuncaqlarla bəzədilmiş şam ağacsız təsəvvür etmək qeyri-mümkündür. O, həyat və yeni doğuluşun rəmzi kimi müqəddəs ağac hesab edilir.  İlk zamanlar təbii ağaclardan istifadə edilsə də, sonralar süni ağaclarla əvəzlənib.
Çoxları şam ağaclarını bəzəmək ənənəsini xristian dini ilə əlaqələndirirlər. Əslində isə, həyat rəmzi olan bu ağacın bəzənməsinin tarixi xristianlıqdan əvvəl başlayıb və ümumiyyətlə, hansısa bir dinlə bağlı deyil. Hələ miladdan əvvəl qədim Misirin sakinləri dekabrın ən qısa günlərində yaşıl palma ağaclarını evlərinə gətirirdilər. Bu, həyatın ölüm üzərində qələbəsinin rəmzi idi. Romalılar isə Əkin allahının şərəfinə evlərini yarpaqlarla bəzəyirdilər. Druidlər palıd budaqlarına qızıl almalar asıb qış bayramını qeyd edirdilər. Qədim avropalılar şamın yaşıl budaqlarına məhsuldarlıq və firavanlığın simvolu kimi yumurta asırdılar. Belə bəzədilmiş ağacın şər qüvvələrini qovduğu güman edilirdi. Şamın budaqlarını həm də evin qapısından asırdılar. 
Yeni ilin şam ağacı haqqında ilk yazılı məlumat XVI əsrə təsadüf edir. Həmin mənbələrə görə, o vaxt alman şəhəri olan Strasburqda Yeni il gecəsi şam ağacları rəngli kağızlar, meyvələr və şirniyyatlarla bəzədilirmiş. Vaxt keçdikcə bu adət bütün Avropaya yayılır. Yeni dünyaya, Amerikaya bu rəmzi burada məskunlaşan almanlar gətiriblər. 1851-ci ildə burada ilk dəfə təntənəli şəkildə şam ağacının fənərlərinin yandırılması mərasimi keçirilib. O vaxtdan hər il Yeni il bayramında Ağ Evin qarşısında bu mərasim keçirilir. Beləcə, şam ağacı bütün dünyada məşhurlaşıb.

 

2024-cü il ilk olaraq Sakit Okean, Tonqa, Kribati adalarına qədəm qoyacaq 

 

Yeni ili hər bir xalq öz adət-ənənəsinə uyğun qarşılayır. Bəziləri növbəti ilin düşərli olması üçün Yeni ili toplu şəkildə qarşılayır, digərləri isə süfrədəki yeməklərin uğur gətirəcəyinə inanırlar. Bəzi mədəniyyətlərə əsasən isə, yeni ili qarşılayarkən insanların geyimləri və yaxud evdəki əşyalar da növbəti ilin aqibətini müəyyən edir. 
Yer kürəsi müxtəlif saat qurşaqlarına bölündüyünə görə, Yeni ili bütün dünya eyni saatda qarşılamır. Əgər təyyarə ilə dünyanın müxtəlif paralellərinə səyahət etsək, bir gündə Yeni il atəşfəşanlığını 24 dəfə görərik. 2024-cü ili ilk olaraq Sakit Okean, Tonqa, Kribati adalarının sakinləri qarşılayacaq. Dekabrın 31-i bu adalarda bizim vaxtla səhər saat 10:00-da Yeni il başlayacaq. Yeni il ən gec ABŞ-nin Beyker və Haulend adalarında qeyd ediləcək. Hər iki adada Yeni il yanvarın 1-i saat 16:00-dan etibarən başlayacaq.
Yeni ili ən çox qarşılayan ölkə isə Rusiyadır. Ərazisinə görə dünyanın ən böyük ölkəsi olan Rusiya bir neçə saat qurşağında yerləşir. Ona görə də rusiyalılar gün ərzində bir neçə dəfə köhnə illə vidalaşırlar. Yeni ili qarşıladığımız dəqiqədə harada olmağımızın, nə dinləməyimizin, ən əsası isə özümüzü hansı əhvalda hiss etməyimizin də əhəmiyyətli olduğu düşünülür.
ABŞ-də milyonlarla insan Yeni il gecəsi Nyu Yorkun Tayms meydanına toplaşaraq büllur şarın aşağı endirilməsini izləyir. Bu, 100 ildən artıq davam edən ənənədir. Havada asılı qalan nəhəng şarın 00:00-da möhtəşəm şəkildə işıqlandırılmasını təmin etmək üçün ciddi əmək sərf olunur. Bu ölkədə Yeni ili qarşılamaq üçün uğurlu hesab edildiyinə görə qaragöz lobya yemək və "Auld Lang Syne" mahnısını oxumaq ənənə halını alıb. Ötən günlərin xatirələrindən bəhs edən mahnının sözləri Robert Burns adlı şotland şairə məxsusdur. Amerikalılar düşünürlər ki, yeni ildə həmrəy olmaq üçün keçmiş günləri xoş əhvalla yola salmaq lazımdır.

 

Dalğalara səpilən gül ləçəkləri 

 

Yeni il Cənubi Amerika ölkələrində də maraqlı adət-ənənələrlə qeyd edilir. Argentinada sonuncu iş günündə pəncərələrdən küçələrə köhnə təqvimlər, blanklar və cürbəcür kağızlar atılır. Həmin gün şəhərin xüsusilə biznes mərkəzləri yerləşən ərazilərində səkilər sanki kağızlarla döşənmiş olur. Deyilənlərə görə, hətta bir dəfə yerli nəşrlərdən birinin əməkdaşları qəzetin bütün əvvəlki nömrələrini pəncərədən atıb, arxivi yox ediblər. 
Braziliyada isə bayramı qarşılamaq üçün toplardan atəş açılır. Atəş səsi eşidən kimi hər kəs bir-birini qucaqlayıb öpür. Braziliyalılar bununla bütün ilin xoşbəxt keçəcəyinə inanırlar. Yeni il ərəfəsində həmçinin okean çimərliyində qumların üzərində minlərlə şam yandırılır, dalğaların üzərinə gül ləçəkləri səpilir, növbəti ilin uğurlu keçməsi üçün dua edilir.
Kolumbiya sakinləri isə Yeni il anlayışını səyahətlə assosiasiya edirlər. Onların fikrincə, ötən 364 gün ərzində nə qədər çox səyahət etmisənsə, deməli, ilin o qədər uğurlu keçib. Ona görə də Kolumbiyada insanlar köhnə ilin son günündə evlərin ətrafında boş çamadanlar gəzdirir, dövrə vururlar. Bununla da sonrakı ildə daha çox səyahət edəcəklərinə inanırlar.

 

12 ayı simvolizə edən 12 ədəd üzüm

 

Böyük Britaniyada Yeni ildə evi iynəyarpaqlı və ağ bağamburc budaqları ilə bəzəyirlər. Onlar Miladda kəsdikləri bayram ağacını ilboyu saxlayaraq tamamilə qurudurlar. İngilislər isə Yeni ilin  ilk saatlarında evə birinci gələcək qonağı səbirsizliklə gözləyirlər. İnanca görə, həmin qonaq ilin necə keçəcəyini müəyyən edir. Bu qonağın qadın, eləcə də sarışın və əsmər kişi olması arzuedilən deyil. Böyük Britaniyada ən uğurlu qonaq kürən kişi hesab olunur. Məhz bu adət-ənənəyə görə ingilislər Yeni ili adətən evdə qarşılayırlar. Onu da qeyd edək ki, ilk qonağın özü ilə şirin çörək, viski və kömür gətirməsi önəmli hesab edilir. Ev sahibləri qonağın gətirdiyi kömürü ocağa ataraq bunun sayəsində yeni ildə ocaqlarının isti, ailələrinin daha mehriban olacağına inanırlar.
İspaniyada Yeni il gecəsi 12 ədəd üzüm yemək adəti var. İspanlar hər üzüm dənəsinin növbəti ilin bir ayı üçün uğur gətirdiyinə inanırlar. Madrid və Barselona kimi daha böyük şəhərlərdə isə insanlar üzümlərini birlikdə yemək üçün əsas meydanlara toplaşır və Yeni ili orada qarşılayırlar.
İtalyanların Yeni ili bərkdən qışqıraraq qarşılamaq adətləri var. Ucadan və emosional danışmaq bu xalq üçün adi hal olsa da, bayram günü bu xüsusiyyətlərini daha da qabarıq nümayiş etdirirlər. Urbaniya şəhərində hər Yeni il zamanı təşkil olunmuş Bafana adlı şənlikdə böyüklər cadugər paltarı geyinərək uşaqlara hədiyyə paylayırlar. Həmçinin Yeni il ərəfəsində Roma küçələrində köhnə ev əşyalarına rast gəlmək mümkündür. Onlar növbəti ili qarşılamadan öncə evdəki köhnə əşyaları pəncərədən atırlar və beləcə Yeni il astanasında bütün artıq "yük"lərdən azad olurlar.

 

Yaponların "qızıl həftə"si

 

Yeni ili ən böyük bayram hesab edən yaponlar onu qarşılayarkən pis ruhların qovulması, xoşbəxtliyin, şansın gəlməsi üçün qapılarının önünə ip asırlar. Onlar Yeni il ərəfəsini "qızıl həftə" adlandırırlar. Yaponiyada bayram simvolu küknar və bambukun calağından əldə olunan Kadomaçu ağacı hesab olunur. Ölkədə təzə il daxil olan zaman məbədlərdə 108 dəfə zəng çalınır. İnanca görə, həmin zənglər insanların mənfi xüsusiyyətlərini aradan qaldırır, pislikləri yaxşılıqlarla əvəz edir. Yeni ilin ilk dəqiqələrində yaponlar gülməyə başlayırlar və inanırlar ki, bu gülüş növbəti 12 ayda onlara uğur gətirəcək. Onlar həmçinin avar çəkməklə xoşbəxt olacaqlarına inandıqları üçün əsas Yeni il hədiyyəsinin avar olduğunu düşünürlər.
Çində isə bayram ərəfəsində insanların bir-birlərinə hədiyyə verməsi adət halını alıb. Çinlilər növbəti ilin şans və bərəkət içində keçməsi üçün yeni əşyalar alır, evlərini çiçəklərlə bəzəyirlər. Saat 00:00-da yaxınların bir arada olması, növbəti ilə deyib-gülərək qədəm qoymaları uğurlu hesab edilir. 
Yeni il deyəndə ağıla ilk gələn ölkələr sırasında həm də Rusiya, Belarus və Ukrayna var. Şaxtalı havaları ilə məşhurlaşan bu ölkələr maraqlı Yeni il tədbirləri  ilə fərqlənirlər. Həmin günlərdə ruslar, ukraynalılar və belaruslar ənənəvi Yeni il yeməyi olan kişmişli şirin sıyıq və fəsəli bişirirlər. Bu xalqların nümayəndələri düşünürlər ki, Yeni il süfrəsi nə qədər zəngin olarsa, bütün ilboyu evlərində belə bolluq müşahidə ediləcək. Onlar həmçinin bayram ərəfəsində bütün borcları ödəməyə çalışır, küsülüləri barışdırır və biri-birilərindən üzr istəyirlər. Yeni il gecəsində hər kəs böyük meydanlarda bəzədilmiş Yeni il ağaclarının ətrafına toplaşır və atəşfəşanlığı seyr edirlər.

 

Estoniyada inanırlar ki, 7 növ yemək yeyən 7 insan gücünə sahib olacaq

 

Danimarkalılar köhnə boşqab və bardaqları yaxınlarının qapısına atır, stuldan tullanmaqla pis ruhların getdiyinə və yeni ilin onlara uğur gətirəcəyinə inanırlar. Cənubi Afrikada da yerli əhali Yeni ilin şans və bərəkət gətirməsi üçün köhnə ev əşyalarını pəncərədən atır. Finlandiyada ərimiş metalı suya tökürlər. Əldə edilən fiqura baxaraq gələn ili proqnozlaşdırmağa çalışırlar. Məsələn, ürək və dairə evliliyə işarədir. Panamada xüsusi hazırlanan kuklalar Yeni il tonqalında yandırılır. Köhnə ili təmsil edən kuklanın yandırılması pis ruhların uzaqlaşdırılması və yeni başlanğıc deməkdir.
Filippində masada olan hər şeyin yuvarlaq olmasına diqqət edilir. Çünki yumru forma pulu simvolizə edir. Bu isə zənginlik əlamətidir. Estoniyada isə inanırlar ki, bayram günü bir insan 7 növ yemək yesə, 7 nəfərin gücünə sahib olacaq. Peruda Yeni ildə Takanakuy festivalı keçirilir. Bayram gecəsi insanlar bir-birini yumruqlayır, bununla Yeni ilə daha rahat girəcəklərini düşünürlər. Rumıniyada qəpikləri çaya atır və bunun uğur gətirəcəyinə inanırlar. Boliviyada isə pulu şirniyyatların içərisinə qoyurlar. Bu şirniyyat kimə düşsə, növbəti ilin onun üçün daha uğurlu olacağına inanırlar. Çilidə insanlar yaxınlarının məzarı başında gecələyir, sibirlilər yeni ildə buzlu suya girirlər.
Yeni ilin gəlişi Azərbaycanda da bayram əhvali-ruhiyyəsi ilə qarşılanır. Xalqımız bu bayrama həvəslə hazırlaşır, süfrələr açır, qonaq qəbul edir. Şəhərlərin mərkəzi küçələri Yeni ilə uyğun bəzədilir, hündür bəzəkli şam ağacları qurulur. Bakının Fəvvarələr meydanında "Soyuq əllər, isti ürək" yarmarkası keçirilir. Yeni ilin ölkəmizdə bayram kimi qeyd olunması həm də insanların yeni uğurlara, nailiyyətlərə çatacaqlarına olan xoş inamlarından doğur. 

Ülkər XASPOLADOVA,
"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

21:28
13 Dekabr

Ölkə ərazisinin bəzi yerlərində küləkli hava şəraiti müşahidə edilir  

20:48
13 Dekabr

Azərbaycanın ilk milli tankerinin istismara verilməsindən 6 il ötür  

19:23
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş tədbir keçirilib

18:47
13 Dekabr

Premyer Liqa: “Şamaxı” “Zirə”yə, “Sabah” “Turan Tovuz”a qalib gəlib  

18:32
13 Dekabr

Qərbi Azərbaycan İcmasının Ağsaqqallar Şurasının ilin yekunlarına dair hesabat yığıncağı keçirilib  

17:59
13 Dekabr

Milli Aviasiya Akademiyasında Böyük Britaniya ilə əməkdaşlığın genişləndirilməsinə dair görüş keçirilib  

17:06
13 Dekabr

Qahirədə 8-ci beynəlxalq İdman Sənayesi və İnvestisiya Forumu işə başlayıb  

16:55
13 Dekabr

Hərbi attaşelərlə cari ilin yekununa dair toplantı keçirilib

16:25
13 Dekabr

Prezident Ərdoğan: Rusiya ilə Ukrayna arasında sülh uzaqda deyil və biz bunu görürük  

16:09
13 Dekabr

Ukrayna saytında Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı məqalə dərc edilib  

15:45
13 Dekabr

Rumıniyada məhkəmə sistemində kəskin islahatlar gözlənilir  

15:31
13 Dekabr

Ali Məclisin Hüquq siyasəti komitəsinin iclası keçirilib

15:09
13 Dekabr

Analitik: Avropa Ukraynadan başlayaraq strateji muxtariyyətini bərpa etməlidir

15:01
13 Dekabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb  

14:36
13 Dekabr

Sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir - XƏBƏRDARLIQ

14:31
13 Dekabr

DGK: Mobil telefonda gizlədilmiş qızıl külçələr aşkarlanıb

14:19
13 Dekabr

Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı Belarus Milli Kitabxanasının binası videoproeksiya edilib

13:57
13 Dekabr

Bakıda “16-cı NATO günləri” keçirilib  

13:45
13 Dekabr

QMİ sədri BMT Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda iştirak edəcək

13:42
13 Dekabr

Azərbaycanla ABŞ arasında enerji əməkdaşlığının yeni mərhələyə yüksəldilməsi müzakirə edilib

13:13
13 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!