Bu günlərdə "Firəngiz Əlizadə - dünya şöhrətli
bəstəkarımız” adlı yeni kitab oxuculara təqdim olundu. Kitabda Azərbaycan Bəstəkarlar
İttifaqının sədri, xalq artisti, professor, Azərbaycan Milli Elmlər Akademiyasının
müxbir üzvü, "Şöhrət” və "Şərəf” ordenli, UNESCO-nun "Sülh artisti” kimi dünya miqyaslı
mötəbər mükafatın sahibi Firəngiz Əlizadənin yaradıcılığının son 10 ili əhatə olunub.
Həmçinin nəşrdə dünyanın ən məşhur musiqi xadimlərinin Firəngiz Əlizadə haqqında
xoş sözləri, onun iştirak etdiyi tədbirlər, beynəlxalq konfranslar, müsabiqələr
barədə ətraflı məlumatlar, fotoşəkillər yer alıb. "Vətənoğlu” çap evində işıq üzü
görən yeni kitabın müəllifi tanınmış musiqişünas, sənətşünaslıq doktoru, Ü.Hacıbəyli
adına Bakı Musiqi Akademiyasının professoru, əməkdar incəsənət xadimi Həcər Babayevadır.
Kitabda görkəmli bəstəkar müasir Azərbaycan
musiqi mədəniyyətinin dünya miqyasında ən tanınmış simalarından biri kimi təqdim
olunur. F.Əlizadənin əsərlərinin xarici ölkələrdə ən böyük konsert və teatr səhnələrində,
beynəlxalq festivallarda adlı-sanlı ifaçılar tərəfindən səsləndirildiyi, onun musiqisinin
hər zaman böyük rəğbətlə qarşılandığı, geniş beynəlxalq arenada şöhrət qazandığı
qeyd edilir. Müəllif onu da bildirir ki, F.Əlizadə bir bəstəkar, pianoçu, dirijor,
ictimai xadim kimi beynəlxalq aləmdə böyük nüfuza malikdir. Pianoçu kimi XX əsr
xarici ölkə bəstəkarlarının müasir əsərlərinin ölkəmizdə tanıdılmasında mühüm rol
oynamaqla yanaşı, o, bir çox Azərbaycan bəstəkarlarının əsərlərinin ilk ifaçısıdır.
Müəllif F.Əlizadənin öz əsərlərinin təqdimatında da həm pianoçu, həm də dirijor
kimi çıxış etdiyini diqqətə çatdırır, onun öz yaradıcılığı ilə milli mədəniyyətimizi
Azərbaycanın hüdudlarından kənarda da parlaq şəkildə təmsil etdiyini vurğulayır.
Oxuculara məlumat verilir ki, əsərləri bir çox xarici ölkələrdə ifa olunmaqla həmin
ölkələrin "composer in residence” (ölkənin rəsmi bəstəkarı) fəxri tituluna layiq
görülən F.Əlizadə müxtəlif janrlarda bir sıra musiqi əsərlərinin - "İntizar”, "Sənin
adın Dənizdir”, "Ağ atlı oğlan” operalarının, "Boş beşik” və "Stadt-Graniza” baletlərinin,
"Habilsayağı”, "Muğamsayağı”, "Oazis”, "Dərviş”, "Abşeron” kimi əsərlərin müəllifidir.
Həmçinin F.Əlizadə müxtəlif ifaçılıq tərkibi üçün instrumental əsərlərin, "Silk
road” konserti, "Mərsiyə” violonçel və simfonik orkestr üçün konsert, böyük simfonik
orkestr üçün "İthaf” və digər əsərlərin yaradıcısıdır.
Bu günlərdə "Firəngiz Əlizadə - dünya şöhrətli
bəstəkarımız”ın Bakı Kitab Mərkəzində keçirilən təqdimat mərasimində çıxış edən
müəllif kitabın faktlar əsasında tərtib edildiyini, Firəngiz Əlizadənin
2007-2017-ci illəri əhatə edən yaradıcılığı, fəaliyyəti və gördüyü digər işlərin
işıqlandırıldığını vurğuladı. H.Babayeva qeyd etdi ki, kitabda Azərbaycan Yazıçılar
Birliyinin sədri, xalq yazıçısı Anar, akademik Teymur Kərimli, eləcə də Azərbaycanın
tanınmış musiqişünasları - Bakı Musiqi Akademiyasının professorları, əməkdar incəsənət
xadimləri Zemfira Qafarova, İmruz Əfəndiyeva, həmçinin Kamilə Dadaşzadə, Cəmilə
Həsənova və başqalarının Firəngiz xanımın yaradıcılığından bəhs edən məqalələri,
o cümlədən KİV-də yer alan müsahibələri verilib.
H.Babayeva diqqətə çatdırdı ki, F.Əlizadə
respublikanın musiqi-ictimai həyatında önəmli rolu olan görkəmli musiqi xadimidir.
Onun Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən I, II və III "Muğam aləmi” Beynəlxalq
Musiqi festivallarının, Azərbaycan Bəstəkarlar İttifaqının layihəsi əsasında Şəkidə
və Bakıda keçirilən I, II, III, IV, V, VI və VII "İpək yolu” Beynəlxalq Musiqi festivallarının
bədii rəhbəri, "Üzeyir dünyası” layihəsinin baş redaktoru kimi səmərəli fəaliyyəti
var.
Təqdimat mərasimində çıxış edən Azərbaycan
Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar belə bir nəşrin ərsəyə gəlməsini
yüksək dəyərləndirdi. O, F.Əlizadənin Azərbaycan musiqi mədəniyyətinin formalaşmasında
böyük xidmətləri olduğunu diqqətə çatdırdı: "Firəngiz Əlizadə iki dövrün - sovet
və müstəqillik dövrünün bəstəkarıdır. Onun yaradıcılığı hər zaman ölkəmizin musiqi
mədəniyyətinin formalaşmasına, inkişafına böyük təsir edib, bundan sonra da təsir
edəcək”.
Tədbirdə əməkdar incəsənət xadimləri Zemfira
Səfərova, Cəmilə Həsənova və başqaları çıxış edərək kitabın əhəmiyyətindən, görkəmli
bəstəkarın sənət fəaliyyətindən söz açdılar.
Sonda beynəlxalq müsabiqələr laureatı Ceyla
Seyidova Səidə Tağızadənin (piano) müşayiəti ilə F.Əlizadənin "İmpuls” əsərini ifa
etdi.
Zöhrə FƏRƏCOVA,
"Azərbaycan”