Azərbaycan Respublikasının Qanunu
Azərbaycan Respublikasının Milli Məclisi
Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 10-cu bəndini
rəhbər tutaraq qərara alır:
Maddə 1. "Dövlət məhkəmə ekspertizası fəaliyyəti
haqqında” Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik
Toplusu, 2000, № 1, maddə 7; 2004, № 2, maddə 57, № 3, maddə 133; 2006, № 11, maddə
928; 2007, № 1, maddə 4, № 3, maddə 211; 2018, № 2, maddə 147) aşağıdakı dəyişikliklər
edilsin:
1.1. Qanunun adında "Dövlət məhkəmə ekspertizası”
sözləri "Məhkəmə ekspertizası” sözləri ilə əvəz edilsin;
1.2. Preambulanın
birinci abzasında "Dövlət məhkəmə ekspertizası fəaliyyətinin (bundan sonra - məhkəmə
ekspertizası fəaliyyəti)” sözləri "məhkəmə ekspertizası fəaliyyətinin” sözləri ilə
əvəz edilsin;
1.3. 1-ci
maddə üzrə:
1.3.1. dördüncü abzasda "marağı olmayan”
sözlərindən sonra ", məhkəmə eksperti şəhadətnaməsi almış” sözləri əlavə edilsin;
1.3.2. beşinci abzasda "təyin” sözündən sonra
"(sifariş)” sözü əlavə edilsin;
1.3.3. yeddinci abzasın sonunda nöqtə işarəsi
nöqtəli vergül işarəsi ilə əvəz edilsin və aşağıdakı məzmunda səkkizinci abzas əlavə
edilsin:
"məhkəmə ekspertizası tədqiqatının metodu
- məhkəmə ekspertizasının predmeti ilə bağlı işin halları barədə informasiya daşıyan
maddi obyektlər, hadisələr və proseslərin tədqiqi zamanı tətbiq edilən üsul və vasitələr
sistemidir.”;
1.4.
6-cı maddənin birinci hissəsinin birinci cümləsində, 8-ci maddənin üçüncü hissəsinin
birinci cümləsində, dördüncü və beşinci hissələrində, 9-cu maddənin ikinci hissəsinin
üçüncü abzasında, üçüncü hissəsinin üçüncü abzasında, 10-cu maddənin birinci hissəsinin
yeddinci abzasında, 12-ci maddənin birinci hissəsinin doqquzuncu abzasında, üçüncü
hissəsinin ikinci abzasında, dördüncü hissəsində, beşinci hissəsinin səkkizinci
abzasında, 13-cü maddənin birinci hissəsinin ikinci abzasında, 16-cı maddədə,
17-ci maddədə, 18-ci maddənin ikinci hissəsinin ikinci cümləsində, 19-cu maddənin
ikinci, üçüncü hissələrində və altıncı hissəsinin birinci cümləsində (birinci halda),
20-ci maddənin birinci hissəsində, 24-cü maddənin üçüncü hissəsinin ikinci cümləsində,
25-ci maddənin birinci və dördüncü hissələrində, 26-cı maddənin ikinci hissəsinin
dördüncü abzasında, üçüncü hissəsinin üçüncü cümləsində "təyin” sözündən sonra
"(sifariş)” sözü əlavə edilsin;
1.5. 8-ci
maddənin üçüncü hissəsinin ikinci cümləsinə "(qərardadda)” sözündən sonra "və ya
məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilədə” sözləri əlavə edilsin;
1.6.
9-cu maddə üzrə:
1.6.1. birinci hissədə "(qərardadı) aldıqdan”
sözlərindən sonra "və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə müqavilə
bağlandıqdan” sözləri əlavə edilsin;
1.6.2. ikinci hissənin ikinci abzasında
"icra edilmədən” sözlərindən sonra "və ya məhkəmə ekspertizasının sifariş edilməsi
barədə rəsmi müraciəti təmin edilmədən” sözləri əlavə edilsin;
1.6.3. ikinci hissənin dördüncü abzasında
"(qərardadda)” sözündən sonra "və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə
müqavilədə” sözləri əlavə edilsin;
1.6.4. üçüncü hissənin ikinci abzasında
"(qərardad)” sözündən sonra "və ya məhkəmə ekspertizasının sifariş edilməsi barədə
müqavilə” sözləri əlavə edilsin;
1.7. 10-cu maddənin birinci hissəsi
üzrə:
1.7.1. ikinci
abzasda "(qərardadı) aldıqdan” sözlərindən sonra "və ya məhkəmə ekspertizasının
sifariş edilməsi barədə müqavilə bağlandıqdan” sözləri əlavə edilsin;
1.7.2. dördüncü
abzasda "qərarda” sözündən sonra "(qərardadda) və ya məhkəmə ekspertizasının sifariş
edilməsi barədə müqavilədə” sözləri əlavə edilsin;
1.8. 11-ci maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə
11. Məhkəmə eksperti
Ali təhsilli
və müəyyən ekspertiza ixtisası üzrə xüsusi biliklərə malik Azərbaycan Respublikasının
vətəndaşı məhkəmə eksperti ola bilər.
İkili vətəndaşlığı,
digər dövlətlər qarşısında öhdəlikləri olan şəxs, din xadimi, məhkəmənin qanuni
qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli
hesab olunmuş, cinayət törətdiyinə görə məhkum olunmuş, barəsində ekspertiza fəaliyyəti
ilə məşğul olma hüququndan məhrum etmə və ya tibbi xarakterli məcburi tədbirlərin
tətbiq edilməsi haqqında qanuni qüvvəyə minmiş məhkəmə qərarı çıxarılmış, habelə
barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş şəxs
məhkəmə eksperti ola bilməz.
Bu maddənin
birinci və ikinci hissələrində göstərilən tələblərə cavab verən şəxs məhkəmə eksperti
qismində fəaliyyət göstərmək üçün məhkəmə eksperti şəhadətnaməsini (bundan sonra
- şəhadətnamə) almalıdır.
Məhkəmə ekspertizası
idarələrində fəaliyyət göstərən ekspertlərə dövlət məhkəmə eksperti şəhadətnaməsi
müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.
Bu maddənin
birinci və ikinci hissələrində göstərilən tələblərə cavab verən və özəl məhkəmə
eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs özəl məhkəmə eksperti şəhadətnaməsini
almaq üçün müvafiq dövlət rüsumunun ödənildiyini təsdiq edən sənədlə yanaşı aşağıdakı
tələblərdən birinə cavab verdiyini təsdiq edən sənədləri təqdim etməlidir:
1) ekspert qismində fəaliyyət göstərmək istədiyi
ixtisas üzrə ən azı 10 il işlədiyini;
2) ekspert qismində fəaliyyət göstərmək istədiyi
ixtisas üzrə fəlsəfə doktoru və ya elmlər doktoru elmi dərəcəsinin olduğunu;
3) xüsusi biliklərə malik olduğunu təsdiq edən
beynəlxalq səviyyədə tanınan sənədlərinin (diplom, sertifikat və sair) mövcudluğunu.
Şəxsin xüsusi
biliklərə malik olduğunu təsdiq edən beynəlxalq səviyyədə tanınan sənədlərin siyahısı
müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Özəl məhkəmə eksperti
qismində fəaliyyət göstərmək istəyən şəxs şəhadətnamə almaq üçün həmin siyahıda
olmayan sənəd təqdim etdikdə, həmin sənədin siyahıya daxil edilməsi məsələsi araşdırılır
və bu sənəd siyahıya daxil edildiyi halda ona şəhadətnamə verilməsi üçün əsas qismində
çıxış edir.
Özəl məhkəmə
eksperti qismində fəaliyyət göstərmək istəyən şəxs müvafiq icra hakimiyyəti orqanı
tərəfindən internet informasiya ehtiyatı vasitəsilə təşkil edilən məhkəmə ekspertizası
fəaliyyətinə dair qanunvericiliyin ümumi tələbləri, ekspert rəyinin tərtib edilməsi
qaydaları və etik davranış kodeksinin müddəalarına dair icbari təlimdə iştirak etməlidir.
Təlimin keçirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir.
Müvafiq icra
hakimiyyəti orqanı özəl məhkəmə eksperti qismində fəaliyyət göstərmək istəyən şəxslərlə
müsahibə keçirir.
Özəl məhkəmə
ekspertlərinə şəhadətnamələr müvafiq icra hakimiyyəti orqanı tərəfindən verilir.
Şəhadətnamənin
verilməsi qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Şəhadətnamə
almış şəxs barədə ətraflı məlumat müvafiq icra hakimiyyəti orqanı tərəfindən dərhal
Məhkəmə Ekspertləri Reyestrinə daxil edilir. Şəxs yalnız şəhadətnamə aldıqdan və
barəsində məlumat Reyestrə daxil edildikdən sonra məhkəmə eksperti qismində fəaliyyət
göstərə bilər.
Reyestrə daxil
edilmiş şəxslər məhkəmə ekspertizasının aparılması və ekspert rəyinin hazırlanması
ilə əlaqədar məhkəmə ekspertləri üçün bu Qanunla və müvafiq prosessual qanunvericiliklə
nəzərdə tutulmuş bütün hüquqlardan istifadə edir, vəzifələri yerinə yetirirlər.
Məhkəmə eksperti
yalnız şəhadətnamədə qeyd edilən məhkəmə ekspertizası ixtisası (ixtisasları) üzrə
ekspert rəyi verə bilər.
Məhkəmə eksperti
müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən məhkəmə ekspertinin etik
davranış kodeksinin tələblərinə riayət etməlidir.
Müvafiq icra
hakimiyyəti orqanlarının məhkəmə ekspertizası idarələrinin ekspertlərinə bu orqanların
işçiləri üçün qanunla müəyyən edilmiş qaydada xüsusi rütbələr verilir.
Müvafiq icra
hakimiyyəti orqanı məhkəmə ekspertlərinin bu Qanunun tələblərinə riayət etməsinə
nəzarət edir.”;
1.9. aşağıdakı məzmunda 11-1 - 11-5-ci maddələr
əlavə edilsin:
"Maddə
11-1. Məhkəmə ekspertinin fəaliyyətinə xitam verilməsi
Aşağıdakı
hallarda müvafiq icra hakimiyyəti orqanı şəhadətnaməni ləğv edərək məhkəmə ekspertinin
fəaliyyətinə xitam verir:
şəxs öz arzusu
ilə şəhadətnamənin ləğv olunması barədə yazılı ərizə verdikdə;
şəhadətnamə
almaq üçün təqdim edilən sənədlərdə bilərəkdən təhrif olunmuş məlumatların qeyd
edildiyi aşkar olunduqda;
şəhadətnamə
aldıqdan sonra 5 il ərzində məhkəmə eksperti qismində fəaliyyət göstərmədikdə;
attestasiyadan
keçə bilmədikdə və ya attestasiya keçməkdən yayındıqda;
qanunvericiliyin
tələblərini kobud və ya mütəmadi pozmaqla ekspertiza apardıqda;
ekspertin
fəaliyyət qabiliyyətinin məhdudlaşdırılması və ya fəaliyyət qabiliyyəti olmayan
şəxs hesab olunması barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduqda;
ekspertin
Azərbaycan Respublikasının vətəndaşlığına xitam verildikdə və ya ekspert Azərbaycan
Respublikasından daimi yaşayış üçün başqa ölkəyə köçüb getdikdə;
ekspert məhkum
edildikdə, onun barəsində ekspertiza fəaliyyəti ilə məşğul olma hüququndan məhrum
etmə və ya tibbi xarakterli məcburi tədbirlər tətbiq edilməsi haqqında qanuni qüvvəyə
minmiş məhkəmə qərarı olduqda;
ekspert barəsində
cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verildikdə;
ekspert vəfat
etdikdə, məhkəmə tərəfindən ölmüş elan edildikdə və ya itkin düşmüş hesab edildikdə.
Müvafiq icra
hakimiyyəti orqanı şəhadətnaməsi ləğv edilmiş ekspertin adını Məhkəmə Ekspertləri
Reyestrdən çıxarır.
Şəhadətnaməsi
ləğv edilmiş ekspertə qəbul edilmiş qərarla bağlı üç iş günü müddətində məlumat
verilir.
Maddə
11-2. Məhkəmə ekspertlərinin attestasiyası
Məhkəmə ekspertləri
5 ildə bir dəfədən çox olmayaraq attestasiyadan keçirilirlər. 20 ildən artıq müddətdə
ekspert qismində fəaliyyət göstərən şəxslər attestasiyadan azaddırlar.
Attestasiya
nəticəsində məhkəmə ekspertizası idarələrinin ekspertlərinə ixtisaslaşmasından və
hazırlıq səviyyəsindən asılı olaraq ixtisas dərəcəsi verilir.
Attestasiyanın
keçirilməsi və ixtisas dərəcəsinin verilməsi qaydalarını müvafiq icra hakimiyyəti
orqanı müəyyən edir.
Maddə
11-3. Məhkəmə Ekspertlərinin Reyestri
Müvafiq icra
hakimiyyəti orqanı məhkəmə ekspertizası idarələrinin ekspertləri və özəl məhkəmə
ekspertləri barədə məlumatları Məhkəmə Ekspertlərinin Reyestrinə daxil edir.
Reyestrin
aparılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Reyestr açıqdır,
müvafiq icra hakimiyyəti orqanının rəsmi internet səhifəsində yerləşdirilir və məlumatlar
daim yenilənir.
Reyestrə daxil
edilməyən şəxslərin məhkəmə ekspertizası fəaliyyəti ilə məşğul olması qadağandır
və qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur.
Maddə
11-4. Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestri
Məhkəmə Ekspertizası
Tədqiqat Metodlarının Dövlət Reyestri müvafiq icra hakimiyyəti orqanı tərəfindən
aparılır.
Məhkəmə Ekspertizası
Tədqiqat Metodlarının Dövlət Reyestrinin aparılması və yeni metodların həmin reyestrə
daxil edilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Ekspertlər
məhkəmə ekspertizasının aparılması zamanı Məhkəmə Ekspertizası Tədqiqat Metodlarının
Dövlət Reyestrinə daxil olan tədqiqat metodlarından istifadə edir. Ekspert Məhkəmə
Ekspertizası Tədqiqat Metodlarının Dövlət Reyestrinə daxil olmayan metoddan yalnız
həmin metodun aşağıdakı bütün şərtlərə cavab verdiyini ekspert rəyində əsaslandırmaqla
istifadə edə bilər:
1) qanunda
nəzərdə tutulmuş norma və prinsiplərə zidd deyildir;
2) elmi cəhətdən
əsaslandırılmışdır;
3) insanların
həyat və sağlamlığı və ətraf mühit üçün təhlükəsizdir.
Maddə
11-5. Məhkəmə ekspertizasının metodik fondu
Məhkəmə ekspertizalarının
elmi-metodik materiallarından ibarət xüsusi fond yaradılır. Həmin materialların
elektron nüsxələri fonda daxil edilir.
Fondun yaradılması
və istifadəsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.”;
1.10. 12-ci maddənin beşinci hissəsi üzrə:
1.10.1. ikinci
abzasda "idarəsinin” sözündən sonra "ekspertlərinə həmin idarənin” sözləri əlavə
edilsin;
1.10.2. üçüncü
abzasda "başqa” sözündən əvvəl "məhkəmə ekspertizası idarəsinin ekspertlərinə” sözləri
əlavə edilsin;
1.11. 13-cü maddənin birinci hissəsinin yeddinci abzasında
"təhqiqat aparan şəxsə, müstəntiqə və ya məhkəməyə (hakimə)” sözləri "məhkəmə ekspertizasını
təyin (sifariş) etmiş orqan və ya şəxsə” sözləri ilə əvəz edilsin;
1.12. 19-cu maddə üzrə:
1.12.1. altıncı
hissənin birinci cümləsində "işləyib hazırlamaq” sözlərindən sonra ", ekspertizanın
aparılmasının ümumi müddəti daxilində ayrı-ayrı tədqiqatların icra müddətlərini
təyin etmək və onlara əməl olunmasına nəzarət etmək” sözləri əlavə edilsin;
1.12.2. dördüncü-səkkizinci
hissələr müvafiq olaraq beşinci-doqquzuncu hissələr hesab edilsin və aşağıdakı məzmunda
dördüncü hissə əlavə edilsin:
"Şəxsin anlaqlı
olub-olmaması ilə bağlı məhkəmə-psixiatrik ekspertizasının aparılması üçün ən azı
üç məhkəmə ekspertindən ibarət tərkibdə komissiya təşkil edilir.”;
1.13. 21-ci və 22-ci maddələr aşağıdakı redaksiyada
verilsin:
"Maddə
21. Məhkəmə ekspertizasının aparılmasının əsasları
Məhkəmə ekspertizası
Azərbaycan Respublikasının prosessual qanunvericiliyində nəzərdə tutulmuş hallarda
təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarı, yaxud məhkəmənin (hakimin) qərarı
(qərardadı) ilə təyin edilir. Təhqiqatçının, müstəntiqin və ya prokurorun qərarı,
yaxud məhkəmənin (hakimin) qərarı (qərardadı) ilə təyin edilmiş ekspertiza məhkəmə
ekspertizası idarələrinin ekspertləri tərəfindən həyata keçirilir.
Azərbaycan
Respublikasının Mülki Prosessual, İnzibati Prosessual və İnzibati Xətalar məcəllələrində
nəzərdə tutulmuş hallarda fiziki və ya hüquqi şəxslər, həmin şəxslərin vəkilləri
və nümayəndələri (qanuni nümayəndələri) məhkəmə ekspertizasının aparılmasını sifariş
vermək üçün məhkəmə ekspertizası idarələrinə və ya özəl məhkəmə ekspertlərinə rəsmi
müraciət etmək hüququna malikdir. Bu halda məhkəmə ekspertizası həmin şəxslərlə
məhkəmə ekspertizası idarəsinin rəhbəri və ya özəl məhkəmə ekspertləri arasında
bağlanan müqavilə əsasında məhkəmə ekspertizasını sifariş edən şəxslərin hesabına
həyata keçirilir. Müqavilədə ekspertin bilə-bilə yalan rəy verməyə görə məsuliyyət
daşıması barədə məlumatlandırıldığı onun imzası ilə təsdiq edilməlidir.
Azərbaycan
Respublikasının Cinayət-Prosessual Məcəlləsinə əsasən cinayət təqibi xüsusi ittiham
qaydasında həyata keçirildiyi halda şübhəli, təqsirləndirilən şəxs və ya onların
müdafiəçisi, yaxud mülki cavabdeh məhkəmə ekspertizasının aparılmasını məhkəmə ekspertizası
idarələrinə sifariş vermək üçün rəsmi müraciət etmək hüququna malikdir.
Maddə 22.
Məhkəmə ekspertizasının aparılması
Məhkəmə ekspertizasını
təyin (sifariş) etmiş orqan və ya şəxs tədqiqatın aparılması və ekspert rəyinin
verilməsi üçün suallar siyahısını, tədqiqat obyektləri və iş üzrə materialları məhkəmə
ekspertizası idarəsinə və ya özəl məhkəmə ekspertinə təqdim edir.
Məhkəmə ekspertizasını
təyin (sifariş) etmiş orqan və ya şəxs Azərbaycan Respublikasının prosessual qanunvericiliyi
ilə müəyyən edilmiş qaydada müqayisəli tədqiqat üçün nümunələr götürür və onları
işə əlavə edir. Nümunənin götürülməsi məhkəmə ekspertizası fəaliyyətinin bir hissəsidirsə,
bu hərəkət məhkəmə ekspertizasını aparan ekspert tərəfindən həyata keçirilir.
Tədqiqat prosesində
ekspert tərəfindən eksperimental nümunələr hazırlana bilər və bu hal ekspertin rəyində
göstərilməlidir. Ekspertizanı təyin etmiş orqan və ya şəxs bu cür nümunələrin hazırlanmasında
iştirak edə bilər və onun bu hərəkəti tərtib etdiyi protokolda əks etdirilir.
Məhkəmə ekspertizasının
aparılması müddətləri Azərbaycan Respublikasının Cinayət-Prosessual, Mülki Prosessual
və İnzibati Xətalar məcəllələrinə müvafiq olaraq müəyyən edilir.”;
1.14. 22-1-ci maddə ləğv edilsin;
1.15. 23-cü maddə aşağıdakı redaksiyada verilsin:
"Maddə
23. Məhkəmə ekspertizası fəaliyyətinin təşkili
Məhkəmə ekspertlərinin
fəaliyyəti müvafiq icra hakimiyyəti orqanının məhkəmə ekspertizası idarələrində,
elmi müəssisə və təşkilatlarda, ali təhsil müəssisələrində, "Uyğunluğun qiymətləndirilməsi
sahəsində akkreditasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq
akkreditasiyadan keçmiş sınaq laboratoriyalarında, özəl hüquqi şəxslərdə, habelə
özəl məhkəmə eksperti tərəfindən ayrıca şəkildə təşkil edilə bilər.
Məhkəmə-tibb
(məhkəmə-psixiatriya), məhkəmə-ballistik, məhkəmə partlayış-texniki, pul nişanları
və qiymətli kağızların, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının,
güclü təsir edən və zəhərli maddələrin, dərman vasitələrinin məhkəmə ekspertizaları
yalnız məhkəmə ekspertizası idarələri tərəfindən həyata keçirilir.
Məhkəmə ekspertizası
fəaliyyətini həyata keçirən şəxslər və qurumlar məhkəmə ekspertizasının aparılması
üzrə fəaliyyətini ekspert təcrübəsinin ümumiləşdirilməsi, ekspertlərin peşəkar hazırlığı
və onların ixtisaslaşdırılması, o cümlədən ekspert praktikasının vahid elmi-metodik
üsullarla öyrənilməsi əsasında həyata keçirirlər.
Məhkəmə ekspertizası
idarələri məhkəmə ekspertlərinə metodik köməklik göstərir.
Məhkəmə ekspertizası
idarələrində məhkəmə ekspertizası fəaliyyəti ilə əlaqədar göstərilən xidmətlərə
görə ödənilən haqqın məbləği müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən
edilir.”;
1.16. 43-cü maddədə "vəzifəli şəxslər və vətəndaşlar”
sözləri "şəxslər” sözü ilə əvəz edilsin.
Maddə 2. Bu
Qanun 2020-ci il martın 1-dən qüvvəyə minir.
İlham ƏLİYEV,
Azərbaycan
Respublikasının Prezidenti
Bakı şəhəri,
29 noyabr 2019-cu il