26 Avqust 2025 02:57
13734
Fərmanlar
A- A+
Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında

Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı 


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Azərbaycan Respublikasında fiskal siyasətin təkmilləşdirilməsini, dövlət maliyyəsi, mühasibat uçotu, dövlət xəzinədarlığı və dövlət maliyyə nəzarəti sahəsində islahatlar aparılmasını, dövlət büdcəsi gəlirlərinin formalaşma mənbələrinin təkmilləşdirilməsini, dövlət büdcəsi xərclərinin optimallaşdırılmasını, habelə rəqəmsal texnologiyalar və innovasiyalar tətbiq edilməklə səmərəli icra və nəzarət mexanizminin yaradılmasını təmin etmək məqsədilə qərara alıram:

1. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin fəaliyyət istiqamətlərinə aid sahələrin, o cümlədən büdcə, vergi, gömrük, dövlət rüsumu, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslər və dövlət adından yaradılan publik hüquqi şəxslər üzrə dividendlərin vədigər büdcə daxilolmalarının, habelə audit, mühasibat uçotu (o cümlədən dövlət maliyyə və qeyri-maliyyə aktivlərinin uçotu), dövlət maliyyə nəzarəti, dövlət xəzinədarlığı, dövlət borcu sahələrinin və maliyyə öhdəliklərinin səmərəli idarə edilməsi məqsədilə "Rəqəmsal dövlət maliyyəsi" informasiya sistemi yaradılsın.

2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:

2.1. Azərbaycan Respublikası Maliyyə Nazirliyinin təklifləri əsasında dövlət orqanlarının (qurumlarının), dövlət büdcəsindən maliyyə vəsaiti alan dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət adından yaradılan publik hüquqi şəxslərin və digər təşkilatların maliyyə sənədlərinin elektron qaydada mübadiləsinin təmin edilməsi üçün üç ay müddətində zəruri tədbirlər görsün; 

2.2. bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

3. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi:

3.1. aşağıdakılarla bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin:

3.1.1. bu Fərmanın 1-ci, 3-cü, 4-cü və 6-cı hissələri nəzərə alınmaqla, Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının təkmilləşdirilməsi; 

3.1.2. bu Fərmanın 1-ci hissəsi ilə yaradılan "Rəqəmsal dövlət maliyyəsi" informasiya sisteminin əsasnaməsinin layihəsi;

3.1.3. dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin illik və ortamüddətli dövr üzrə büdcə layihələrinin və proqnozlarının, habelə gəlir və xərc smetalarının icra vəziyyətinin monitorinqi və icra göstəricilərinin təhlili qaydalarının layihəsi;

3.1.4. dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və publik hüquqi şəxslərin xalis mənfəətinin bölüşdürülməsi və dividend siyasətinin ümumi parametrləri;

3.1.5. dövlət vəsaitindən istifadə üzrə maliyyə qaydalarının pozulması və bu vəsaitdən təyinatı üzrə istifadə edilməməsi hallarına görə məsuliyyətin təkmilləşdirilməsi;

3.2. 2026-cı ildən etibarən, bu Fərmanın 3.1.3-cü yarımbəndində nəzərdə tutulan qaydalara uyğun olaraq, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin illik və ortamüddətli büdcə layihələrinin və proqnozlarının, habelə illik gəlir və xərclər smetalarının icra vəziyyətinin monitorinqini həyata keçirsin və icra göstəricilərini təhlil edərək nəticələri barədə rübdə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat təqdim etsin;

3.3. dövlət orqanlarına (qurumlarına), dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərə, dövlət adından yaradılan publik hüquqi şəxslərə və dövlət büdcəsindən maliyyə vəsaiti alan digər təşkilatlara dövlət büdcəsindən ayrılan vəsaitin istifadəsinin, büdcə ssudalarının, dövlət sifarişi ilə həyata keçirilən layihələrin, subsidiya və subvensiyaların dövlət xəzinədarlığı vasitəsilə ünvanlı icra edilməsi və onların bütün bank hesablarına Azərbaycan Respublikasının Maliyyə Nazirliyi yanında Dövlət Xəzinədarlıq Agentliyi tərəfindən müşahidə mexanizminin yaradılması üçün tədbirlər görsün;

3.4. dövlət vəsaiti hesabına həyata keçirilən dövlət investisiya layihələrinin və digər infrastruktur layihələrinin maliyyə ekspertizasının aparılmasını təmin etsin;

3.5. dövlət vəsaiti hesabına mal, iş və xidmətlərin satın alınmasının elektron müqavilələr əsasında həyata keçirilməsini təmin etsin və bu müqavilələrin elektron qaydada bağlanılmasını təşkil etsin;   

3.6. büdcədənkənar dövlət fondlarının, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin vəsaitlərinin təyinatı üzrə, məqsədli və səmərəli xərclənməsi üzərində dövlət maliyyə nəzarətini həyata keçirsin;

3.7. dövlət orqanlarının (qurumlarının), dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin, dövlət adından yaradılan publik hüquqi şəxslərin və dövlət büdcəsindən maliyyə vəsaiti alan digər təşkilatların strukturu, ştat vahidləri və əməkhaqqı sistemlərinin maliyyə ekspertizasını həyata keçirsin və onların optimallaşdırılması üzrə tədbirlər görsün;

3.8. ümumi dövlət xidmətləri, təhsil, səhiyyə, mədəniyyət, idman, nəqliyyat, rabitə, mənzil-kommunal təsərrüfatı, ətraf mühitin mühafizəsi və digər sahələr üzrə dövlət vəsaiti hesabına maliyyələşdirilən xərclərə dair normativlərin təkmilləşdirilməsi ilə bağlı aidiyyəti dövlət orqanlarının (qurumlarının) iştirakı ilə tədbirlər görsün.

4. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi və Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti, bu Fərmanın 1-ci hissəsi nəzərə alınmaqla, "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanının tələblərindən irəli gələn tədbirlərin həyata keçirilməsini təmin etsinlər.

5. Azərbaycan Respublikasının Mərkəzi Bankına tövsiyə edilsin ki, "Banklar haqqında" Azərbaycan Respublikası Qanununun tələbləri nəzərə alınmaqla, bu Fərmanın 3.3-cü bəndindən irəli gələn məsələlərin həlli üçün zəruri tədbirlər görsün.

6. Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 9 fevral tarixli 48 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 2, maddə 61 (Cild I); 2024, № 3, maddə 257, № 5 (I kitab), maddə 529; 2025, № 2, maddə 119) ilə təsdiq edilmiş Əlavə II - "Azərbaycan Respublikasının Maliyyə Nazirliyi haqqında Əsasnamə"nin 7.1-ci yarımbəndinə "vergi" sözündən sonra", gömrük, dövlət rüsumu, dövlət mülkiyyətində olan və paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan hüquqi şəxslərin və dövlət adından yaradılan publik hüquqi şəxslərin dividendləri və digər büdcə daxilolmaları" sözləri əlavə edilsin. 


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 25 avqust 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya bazarında qızıl və gümüş ucuzlaşıb

10:51
13 Mart

Azərbaycan neftinin qiyməti 105 dolları ötüb 

10:40
13 Mart

Mikayıl Cabbarov: Orta Dəhliz Mərkəzi Asiya ilə Cənubi Qafqazı birləşdirir

10:39
13 Mart

XIII Qlobal Bakı Forumunun ikinci günü: “Çin və Qlobal İdarəetmə Təşəbbüsü”  

10:38
13 Mart

BMT Baş katibinin müavini ilə ətraf mühitin mühafizəsi sahəsində perspektivlər müzakirə olunub  

10:37
13 Mart

Ceyhun Bayramovla Pakistanın xarici işlər naziri arasında telefon danışığı olub

10:25
13 Mart

İrandan atılan üçüncü raket Türkiyənin hava məkanında məhv edilib

10:24
13 Mart

Bahar Muradova: Azərbaycanda gender bərabərliyinin təşviqi üçün Milli Fəaliyyət Planı qəbul edilib  

10:21
13 Mart

Britaniya qoşunları İraqdakı bazaya yönələn İran dronlarını vurub  

10:05
13 Mart

UEFA Avropa Liqası: 1/8 finalın ilk oyunlarında qapılara 13 qol vurulub  

09:58
13 Mart

İraqın Ərbil şəhərindəki hərbi bazaya hücum olub, 6 fransız hərbçisi yaralanıb  

09:56
13 Mart

Türkiyə Jandarm Qüvvələri Komandanlığı Daxili Qoşunlar Günü münasibətilə Azərbaycanı təbrik edib  

09:42
13 Mart

Azərbaycan- Aİ tərəfdaşlığı bütövlükdə Cənubi Qafqazın geosiyasi gələcəyi üçün çox əhəmiyyətlidir

09:39
13 Mart

Azərbaycan dünyada etibarlı tərəfdaş kimi tanınır  

09:36
13 Mart

Qoca qitə lider böhranı yaşayır

09:15
13 Mart

Məsafədən cərrahiyyə

09:10
13 Mart

Müəllimin acı taleyi

09:05
13 Mart

Uçurum

09:05
13 Mart

Yel baba 

09:00
13 Mart

Qubanın Novruz adətləri

08:55
13 Mart

"Cıdır tamaşaları"

08:50
13 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!