22 Dekabr 2023 10:20
639
CƏMİYYƏT
A- A+
Doğma ocağımıza uzanan yollar - nisgili sevincə dəyişən anlar...

Doğma ocağımıza uzanan yollar - nisgili sevincə dəyişən anlar...

 

Artıq Cəbrayılın son kəndləridir. Bir azdan Zəngilan rayonunun ərazisi başlayacaq. Bəzi yerlərdə dəmiryol xətti lap yaxınlıqdan keçir. Buna da səbəb işğal dövründə Arazın sahilində yaradılmış süni göldür. Əvvəllər qatar yolu İran İslam Respublikası ilə sərhəddən keçirdi. Süni göl yaradıldığına görə indi dəmiryol xəttini köhnə yerindən çəkmək mümkün olmayıb. Ona görə də rayonun bu hissəsində relslər Arazın xeyli yuxarısından salınıb. Deyirlər ki, qatar yolu Ağalı kəndindən keçərək Həkəri çayının üstündən o tərəfə adlayacaq. Sonra isə üzü yenişə - Alıbəyli, Xumarlı, Şərifan kəndlərinin ərazisindən keçərək Həkəri kəndinə gələcək. Buradan isə dəmiryol xətti əvvəlki yeri ilə Mincivan qəsəbəsinə, Zəngilan rayonuna və üzü Zəngəzura, Naxçıvana doğru uzanacaq. Deməli, çox keçməyəcək ki, uzun illərdən sonra yenə də bu yerlərdən vaqonların, elektrovozların səsi eşidiləcək. İnsanlar doğma ocaqlarına qatarla çox rahatlıqla gedib-gələcəklər.

 

Erməni vəhşiliyini, erməni qəddarlığını heç vaxt unutmamalıyıq

 

Artıq üzü Zəngilana, doğma el-obamıza çatmağa haradasa qırxdəqiqəlik yol qalıb. 2021-ci ilin sentyabr ayında ilk dəfə kəndimizə yaxınlaşanda bundan da həyəcanlı idik. Çünki həmin gəlişimiz 29 ildən sonrakı gəliş idi. Yurd həsrəti ürəyimizi yandırıb yaxırdı. Budəfəki gediş isə iki ildən sonrakı idi. Amma yenə də həyəcanlanırdıq. Qarşıdakı çox da hündür olmayan dərəni aşandan sonra Zəngilan rayonunun ərazisinə qədəm qoyacaqdıq. 
Budur, Zəngilanın başladığını göstərən lövhənin yanına çatırıq. Ətrafdakı gözəl mənzərəyə gözdolusu baxırıq. Doğma yerlərə tamaşa etdikcə sevincdən gözlərimiz nəmlənir. Lövhənin yaxınlığında post qurulub. Yaxınlaşan kimi burada dayanan hərbçilər əl qaldırıb bizi saxladırlar. Sənədlərimizi yoxladıqdan sonra dedilər ki, siz Ağalı kəndinə gedib oradan ANAMA-nın nümayəndəsini özünüzlə götürməlisiniz. Hərbçilərlə sağollaşan kimi yolumuza davam edirik. Qoynunda doğulub böyüdüyümüz kəndimiz yenidən qurulan, yenidən tikilən Ağalıdan aşağıdadır.
Ermənilərin işğal dövründə dərələrin arasından Qubadlı istiqamətinə çəkdikləri torpaq yolla kəndimizə tərəf gedirik. Bir qədər keçəndən sonra qarşımızda geniş və tanış mənzərə açılır. Bu geniş mənzərədə görünən Məmmədbəyli kəndidir. Sağ tərəfdəki dərələrin ətəyində bir vaxtlar kolxozun mal ferması və başqa təsərrüfatı yerləşirdi. İndi həmin binalardan heç bir iz qalmayıb. İz qalsın bir tərəfə, heç həmin istiqamət görünmür də. Çünki buradan iki böyük körpü çəkilib. Körpülərdən birinin üstündən dəmiryolu xətti, ikincisindən isə şose yolu keçir. Körpülər o qədər böyükdür ki, onun arxasındakı geniş əraziləri, bir-birinə söykənmiş dərələri görmək mümkün deyil. 
Torpaq yoldan şoseyə çıxandan sonra Məmmədbəyli kəndinin yaxınlığından keçirik. Gördüklərimizdən dəhşətə gəlirik. O böyüklükdə kənddə bir dənə də olsun salamat ev qalmayıb. Bir vaxtlar axarlı-baxarlı, səsli-küylü olan küçələrə, məhəllələrə indi min ilin sakitliyi hökmranlıq edir. Aman Allah, evlər, həyətlər nə üzücü görkəmdədi! Əvvəlki illər bu küçələrdən, məhəllələrdən çox keçmişdik. Bu yerlərin hər qarışına, hər addımına bələd idik. Üzücü mənzərəyə baxdıqca ovqatımız korlanır. Ağrılı səhnələr ürəyimizi, qəlbimizi göynətsə də baxırıq. Ona görə baxırıq ki, erməni vəhşiliyini, erməni qəddarlığını, erməni vandalizmini heç vaxt unutmayaq. Yaddaşımızın dərin qatlarına yazıb zaman-zaman gələcək nəsillərə çatdıraq.
Əvvəlki günlər gəlib ev-eşiyinə baxan yaxından tanıdığımiz kənd sakinlərinin bir neçəsi ilə görüşüb söhbət etmişdik. Onlardan eşitdiklərimizdən dəhşətə gəlmişdik. Sakinlər danışırdılar ki, ermənilər Məmmədbəyli kəndini dağıtmaqla, evləri uçurmaqla kifayətlənməyərək qəbiristanlığı da viran qoyublar. Başdaşlarını aşırıb, sinə daşını bir tərəfə ataraq qəbirləri qazıblar. Qəbirləri qazandan sonra meyitlərin sümüklərini çıxarıb maşınlara yığıb harasa aparıblar. O böyüklükdə qəbiristanlıqda yolun qırağında iki-üç qəbir qalıb. Sakinlərdən bu sözləri eşidəndə istər-istəməz məəttəl qalırsan ki, axı yüz ilin, min ilin ölülərinin sümükləri ermənilərin nəyinə lazım imiş? Axı çürümüş bu  sümükləri daşnaklar hara, nəyə istifadə edəcəklər?! Qəbiristanlıq da kənddən xeyli uzaqda yerləşirdi. Bircə onu deyə bilirik ki, ermənilər çox yaramaz və ləyaqətsiz məxluqdurlar. Onlardan nə desən gözləmək olar.  

 

Doğma ocaqlarımızın xoş qoxusu ruhumuza sığal çəkdi

 

Məmmədbəyli kəndinin uçurulub-dağıdılmış sonuncu evləri də ötüb arxada qalır. Budur, qoynunda dünyaya göz açdığımız kəndimizin dərələri, təpələri görsənir. Doğma yerləri görən kimi özümüzdən asılı olmadan ürəyimiz sevinc dolu həyəcanla çırpınmağa başlayır. Yol yoldaşlarımın da üz-gözünə sevinc ələnib. Həyəcanlı baxışlarla irəli boylanırıq. İki-üç dəqiqədən sonra doğma kəndimiz bizi qoynuna alacaq. Xoşbəxt anlar, xoşbəxt dəqiqələr yaşayacağıq.         
Kəndimizin adı yazılan kiçik lövhənin yaxınlığında maşını saxlayırıq. Yerə düşüb kövrək addımlarla lövhənin yanına gəlirik. Babaylının doğmadan-doğma olan havası üz-gözümüzü tumarlayır. Buradakı hər daşın, hər qayanın, hər kiçik mənzərənin altında qalaq-qalaq xatirə yatır. Bir-birinə bənzəməyən dərələrimiz yenə də əvvəlki kimi möhtəşəm görünürdü. Torpağın doğma qoxusu ruhumuza sığal çəkirdi. Bu anlarda özümüzü dünyanın ən bəxtəvər insanları sanırıq. Çünki uzun illərdən sonra ayağımız əzizlərimizin uyuduğu torpaqlara dəyir. 
Ağalı kəndinə gedirik. 2021-ci ilin payız günlərində yenidən tikilən bu yaşayış məntəqəsinin yaxınlığından keçib Qubadlıya gedəndə burada qızğın inşaat işlərinin getdiyini görmüşdük. Gördüklərimizdən ürəyimiz dağa dönmüşdü. Axı niyə də dönməsin! Erməni işğalçılarından azad edilmiş torpaqlarımızda geniş quruculuq işlərinə başlanmışdı. 30 il əvvəl ata-baba yurdlarından didərgin düşmüş sakinlər üçün dövlət yeni evlər tikirdi. 
Artıq tikinti işləri başa çatmış, Ağalı kəndinin sakinləri məskunlaşdıqları darısqal yerlərdən çıxaraq geriyə dönmüş və doğma ocaqlarında çox rahatca yaşayırdılar. 
Kəndimizdən çıxıb bir az irəli gedəndən sonra yenidən tikilmiş Ağalı kəndi gözlərimiz qarşısında gözəl bir tablo kimi açıldı. Xeyli müddətdir ki, kənd sakinlərinin bir hissəsi doğma ocaqlarına qayıdıblar. Kənddə böyük quruculuq və bərpa işləri aparılıb. Demək olar ki, Ağalı əvvəlki görkəmini dəyişib, daha da gözəlləşib. Düzdür, hələ bu görkəmə gözümüz alışmayıb. Çünki kənd yaddaşımızda əvvəlki məhəllələri, evləri ilə qalıb. Amma zaman keçdikcə gözümüz yeni görkəmə də alışacaq. Əsas odur ki, həsrətə, intizara son qoyulub, kənd sakinləri 30 ildən sonra doğma el-obalarına qayıdıblar. Bir müddətdən sonra sakinlərin əkdikləri ağaclar böyüyüb səmaya qalxacaq, ətraf yaşıllığa bürünəcək. Getdikcə Ağalı kəndi daha da gözəlləşəcək. İnsanlar bu gözəllik qoynunda bir az da rahat yaşayacaqlar.
Yol bizi Ağalının yeni salınmış mərkəzinə aparıb çıxarır. Kənddə tikinti-bərpa işləri dayanmayıb. Yenə də evlər tikilir, yeni məhəllələr salınır. Evlərlə bərabər insanların rahatlığını təmin etmək üçün yeni obyektlər də inşa edilir. Ağır tonnajlı maşınlar buradakı dərələrin birinin ətəyində "məskən" salıb. Geniş dərələrin birində texnikalar üçün səyyar park yaradılıb. Başqa xidmətlərlə yanaşı, Ağalı kəndində yanacaqdoldurma məntəqəsi də fəaliyyət göstərir. Yeni çəkilən dəmiryol xətti Ağalı kəndinə qədər düz gəlir. Buradan isə üzü Həkəri çayına tərəf dönür. Ağalıda da dəmiryol xətti ilə şose yolu yanaşıdır. Qoşa qanad kimi Həkəriyə tərəf uzanıb gedir. Ağalıdakı ürəkaçan, qəlboxşayan bu gözəllik aparılan quruculuq işlərindən sonra bütün bölgələrə ayaq açacaq.

 

Ovqatımıza ovqat qatan mənzərələr

 

Doğma yurdumuzdaydıq. Səhərimiz sevincə açılıb, üzümüz gülür, yol yorğunluğumuz da keçib. Evləri yenidən tikilib sahiblərinin istifadəsinə verilmiş Ağalı kəndindəki abadlıq işləri ilə yaxından tanış olduqdan və sakinlərlə görüşüb xeyli söhbət etdikdən sonra Zəngilan rayonunun mərkəzinə getməyə hazırlaşdıq. Rayona gedən yol Ağalıdan başlayıb Həkəri çayının üstündən keçirdi. Əvvəllər Zəngilana Şərifan kəndinin ətəyindəki körpüdən keçib gedərdik. 1993-cü ilin payız günlərində ermənilər rayonu işğal edəndə həmin körpünü də partlatmışdılar. İşğal illərində ermənilər dağıtdıqları bu körpünü bərpa etməmiş, Alıbəyli kəndi istiqamətindən Həkərinin üstündən elə də böyük olmayan körpü salmışdılar.
Payız günləridir, havada soyuqluq hiss olunur. Açıq səmadan Yer üzünə boylanan günəş dağları, dərələri güclə isidir. Havanın soyuduğunu hiss edən ağaclar yavaş-yavaş saralmış yarpaqlarını yerə səpələyir. Sanki qızılı yarpaqları ilə güc alıb boy atdığı torpağı qışın soyuğundan qorumaq istəyir. Ətrafda gördüyümüz gözəl mənzərələr ovqatımıza yeni ovqat qatır. Elə bu gözəl əhvali-ruhiyyə ilə Ağalı kəndindən çıxıb  Zəngilanın mərkəzinə gedirik. İllərdən bəri şırıltısına həsrət qaldığımız Həkəri çayının sahilinə çatırıq. Sahilində uşaqlığımız keçən çay elə əvvəlki sürəti ilə, şırıltısı ilə axıb gedir. 
Bu da yenidən tikilmiş və sakinlərini qəbul etmiş Ağalı ilə üzbəüz olan Alıbəyli kəndi. Alıbəyli kəndinin də yenidən qurulması üçün uğurlu işlər aparılır. Gün  gələcək ki, başqa yaşayış məntəqələri kimi, Alıbəyli kəndinin də sakinləri dövlətin onlar üçün tikdiyi evlərinə qayıdacaqlar. İllərdən sonra doğma ocaqlar onları qoynuna alacaq. Üzü Zəngilanın mərkəzinə doğru çəkilən yollar genişliyi və səliqə-sahmanı ilə görənlərin diqqətini özünə çəkir. Bu yollarda son tamamlama işləri aparılır. Yaxın zamanlarda işlər yekunlaşacaq, yollar insanların istifadəsinə veriləcək. Çəkilmiş rahat yollar quruculuq prosesini daha da sürətləndirəcək. Ağırtonnajlı maşınlar tikinti materiallarını bu yollarda vaxtlı-vaxtında ünvanına çatdıracaq.

 

Ulduz kimi parlayan aeroport

 

Geniş yollar bizi qoynuna alır. Yolumuz Zəngilan beynəlxalq aeroportunun yaxınlığından keçir. Aeroport uzandıqca uzanıb gedən düzənlikdə ulduz kimi parlayıb ətrafa gur işıq saçır. Zaman keçdikcə bu gur işıq işğaldan azad olunmuş bütün el-obaları nura boyayacaq. 
Ətrafı seyr edə-edə rayon mərkəzinə doğru gedirik. Bu yerlərin hər addımı, hər qarışı bizə doğmadı. İşğaldan əvvəl səhərlər bu yollarla rayon mərkəzinə, axşamlarsa kəndə tələsərdik. Elə indi də tələsirik. Tələsirik ki, rayon mərkəzinə tez çataq, doğma yerləri bir az da tez görək. Getdiyimiz yolların hər iki tərəfi ilə əvvəllər üzüm plantasiyaları uzanıb gedirdi. İndi bir ədəd də olsun nə üzüm tənəyi, nə də onu saxlayan nazik beton dirəklər gözə dəyir. Ermənilər işlərinə yarayan hər şeyi məhv ediblər, dağıdıblar.  Rayon mərkəzinə yaxınlaşdığımızı göstərən "Zəngilan" sözü yazılmış lövhənin qarşısında maşınımızı saxlayırıq. Doğma yerlərin havasını uda-uda ətrafdakı gözəlliyə tamaşa edirik.
Rayon mərkəzindəki üzücü mənzərəni görəndə isə heyrətdən əlimiz üzümüzdə qaldı. Ermənilər hər yeri darmadağın etmişdilər. Yolun sol tərəfində çaxır zavodu yerləşirdi. Rayon mərkəzinə girən kimi iri çaxır çənləri uzaqdan gözə dəyirdi. İndi zavodun yerində bu çənlərdən heç əsər-əlamət də yoxdur. Elə bil nə vaxtsa burada zavod olmayıb. Zəngilan şəhərinin mərkəzinə çatmağa az qalmış Qıraq Müşlan kəndinə getmək üçün Mincivan yoluna dönürük. Burada gördüyümüz dağıntılar işğalçılara olan nifrətimizi daha da artırır. İşğaldan əvvəl rayon mərkəzindən Mincivan qəsəbəsinə gedən yolun kənarlarında əkilmiş və xeyli hündürə qalxmış çinar ağacları sanki əl-ələ verərək ətrafa kölgə salırdı. Yol gedə-gedə bu gözəl mənzərəni seyr etmək hamımıza zövq verirdi. Erməni vəhşiliyi burada da izini qoyub. İşğalçılar yol uzunu sıralanan həmin çinar ağaclarını kəsiblər. 
Erməni vəhşilərinə lənətlər yağdıra-yağdıra Qıraq Müşlan kəndinə gəlib çatırıq. Yüzdən çox evi, uşaq bağçası, məktəbi olmuş bu kənddə uçurulmamış bir bina qalmayıb. Ermənilər hər tərəfi vəhşicəsinə dağıdıblar. Sonradan düzəldilmiş tövlələrdən hiss olunur ki, yağılar kənddə mal-heyvan saxlayıblar. Yollardakı, həyətlərdəki hündür ağacların hamısı kəsilib. Cənnəti xatırladan kənddən indi yalnız uçurulmuş evlərin divarları qalıb.
Zəngilan rayonunun mərkəzində tikilən məscid uzaqdan diqqətimizi cəlb edir. Maşınımızı saxlayıb tikintisi davam edən məscidə baxırıq. Məsciddə son tamamlama prosesi gedir. Təmir işləri başa çatdıqdan sonra buradan ucalan azan səsi doğma ocaqlarına qayıtmış insanları yuxudan oyadacaq, yeni günlərə, yeni sabahlara səsləyəcək. 

 

"Biz qayıtmışıq, şəhidlər!"

 

Doğmalarımızın məzarlarını ziyarət etmək üçün rayon mərkəzinin yaxınlığındakı qəbiristanlığa getdik. Qəbiristanlıqda gördüklərimizdən dəhşətə gəldik. Aman Allah, ermənilər doğmalarımızın uyuduqları bu müqəddəs məkanı vandalcasına dağıtmışdılar. Sanki məzarlıqdan zirehli texnikaların karvanı keçmişdi. Hər yer viran olunmuşdu. Ermənilər torpaqlarımızı işğal etdikdən sonra ölülərimizi də uyuduqları yerdə rahat qoymamışdılar. Aşırılmış, sındırılıb parça-parça edilmiş qəbir daşları erməni vəhşiliyini, erməni barbarlığını təsdiq edən danılmaz faktdır. Dəhşət püskürən bu səhnələrə baxanlar bunu törədənləri yalnız və yalnız "vəhşi, barbar" adlandırardılar. 
Qəbiristanlıqdan çıxıb Şəhidlər xiyabanına gəldik. Zəngilan işğal olunandan sonra erməni vəhşiləri buradakı qəbirləri də dağıtmışdılar. Qəsbkarlar xiyabandakı məzarlara qarşı daha amansızlıq etmişdilər. Çünki bu müqəddəs məkanda uyuyanlar bir vaxtlar işğalçılara qarşı vuruşmuşdular. Neçə-neçə ermənini məhv etmişdilər. Ona görə də daşnaklar Şəhidlər xiyabanını viran qoymuşular. 20 oktyabr 2020-ci ildə Zəngilan işğaldan azad olunandan sonra xiyabanda uyuyan şəhidlərin doğmaları rayona gələndə yurdumuzun azadlığı uğrunda canından keçən oğulların məzarını bərpa etmişdilər. Ətrafında gül-çiçək əkmişdilər, başdaşından üçrəngli bayrağımızı asmışdılar. Biz Şəhidlər xiyabanına addımlarımızı atanda bu müqəddəs məkanda bayraqların dalğalandığını gördük. Xiyabanın girişində ayaq saxlayıb şəhidlərin ruhuna dualar oxuduq. Həmin gün də ziyarətə gələnlər var idi. Xiyabandakı məzarlara baxanda özümüzdən asılı olmadan dodaqlarımızdan bu sözlər qopdu: "Şəhidlər, biz qayıtmışıq! Artıq torpaqlarımız işğaldan azad olunub. Məzarınızda rahat uyuyun, düşmənlərdən qisasınız alınıb! "           
Zəngilanda hara getdiksə, harada olduqsa, hər addımda quruculuq və bərpa işləri gördük. Şükürlər olsun ki, 2020-ci ilin payızında Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında erməni işğalçıları üzərində Zəfər qazandı. Qazanılan bu Zəfər nəticəsində 30 ilə yaxın erməni işğalında qalmış torpaqlarımız azad olundu. Üç ildən çoxdur ki, düşmənlərdən təmizlənmiş ərazilərdə bərpa və quruculuq işləri aparılır. Artıq həsrətə, intizara son qoyulub. Bundan sonra bütün səhərlərimiz sevincə açılacaq. Sevincə açılan səhərlərimiz isə həmişə bizə xoşbəxtlik gətirəcək...

Elçin VƏLİYEV,
Vahid MƏHƏRRƏMOV,
Dönməz ABBASOV,
"Azərbaycan"

Bakı-Zəngilan-Bakı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

TDT mühüm əməkdaşlıq platformasına çevrilib

08:30
04 Aprel

Türk Dövlətləri Təşkilatı sağlam təməl üzərində qurulur

08:25
04 Aprel

TDT-nin Bakı görüşü gələcəyin strategiyasını müəyyən etdi

08:20
04 Aprel

Türk dünyasının geosiyasi özünüdərki və yeni güc mərkəzinə çevrilməsi

08:15
04 Aprel

Azərbaycanın humanitar diplomatiyası sərhəd tanımır

08:10
04 Aprel

"Heydər Əliyev ideyaları müasir Azərbaycanın Zəfər yoludur"

08:05
04 Aprel

Ölkəmizin öndərliyi ilə TDT qlobal güc mərkəzinə çevrilir

08:00
04 Aprel

"Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə"nin, "Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə"nin və "Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə

02:48
04 Aprel

Ərazilərin minalardan təmizlənməsi sahəsində fərqlənən şəxslərin "Minatəmizləmə sahəsində xidmətlərə görə" medalı ilə təltif edilməsi haqqında

02:40
04 Aprel

Yeni tikilən Əhmədbəyli–Füzuli–Şuşa avtomobil yolunun 81,3 kilometrlik hissəsinin ödənişli avtomobil yolu kimi müəyyən edilməsinə dair tədbirlər haqqında

02:38
04 Aprel

Media: İran ABŞ-nin 48 saatlıq atəşkəs təklifini rədd edib

00:52
04 Aprel

Media: İran səmasında vurulmuş ABŞ-nin helikopteri təhlükəsiz eniş edə bilib  

23:51
03 Aprel

BƏƏ-də Habşan qaz strukturuna hücum olub, ölən var

23:49
03 Aprel

Minifutbol üzrə Azərbaycan çempionu mükafatlandırılıb

23:01
03 Aprel

İranın hücumu nəticəsində zədələnmiş Tailand gəmisində insan qalıqları tapılıb  

22:44
03 Aprel

Türkiyə və Azərbaycan hərbçiləri sarsılmaz dostluq və qardaşlıq əlaməti olaraq bayraqları dəyişiblər  

22:31
03 Aprel

Azərbaycan Kuboku: "Qarabağ" ilk oyunda "Sabah"la heç-heçə edib  

22:08
03 Aprel

“Zirə” minifutbol üzrə Azərbaycan çempionu olub  

21:54
03 Aprel

Nizami Kino Mərkəzinin divarlarına qraffiti çəkən şəxslərin kimliyi məlum olub 

20:12
03 Aprel

Azərbaycan Kuboku: “Turan Tovuz” “Zirə”yə məğlub olub

20:09
03 Aprel

Azərbaycan və Türkiyə arasında konkret cinayət işləri üzrə qarşılıqlı hüquqi yardıma dair fikir mübadiləsi aparılıb

19:56
03 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!