27 Aprel 2023 11:00
1437
Mədəniyyət
A- A+
Dilimiz milli mənəviyyatımızın tərkib hissəsidir

Dilimiz milli mənəviyyatımızın tərkib hissəsidir

 

Milli düşüncə tərzinin inkişafında müstəsna rol oynayan  milli dil hər bir xalqın ən qiymətli sərvəti və qürur mənbəyidir. Hər bir  millətin dili onun təfəkkürünün, həyat tərzinin ifadə formasıdır. Tarix sübut edir ki, dili yaşadan və zənginləşdirən onun mənsub olduğu xalqdır. 
Kimliyimizin, mövcudluğumuzun göstəricisi olan ana dilimiz həm də dövlətçiliyimizin əsas atributlarından biridir, azərbaycançılıq ideologiyasının mühüm tərkib hissəsidir. Onun saflığını, özünəməxsusluğunu qorumaq hər birimizin əsas vəzifələrindəndir. Bu vəzifədə hüquqi və siyasi məna olmaqla yanaşı, həm də böyük fəxarət  hissi var. 
Dil siyasəti Ümummilli Lider Heydər Əliyevin fenomenal fəaliyyətində xüsusi yer tutmuşdur. Respublikamızda dil siyasətinin formalaşdırılması, dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi, beynəlxalq aləmdə nüfuzunun artırılması onun adı ilə bağlıdır. Ulu Öndər ana dilinin qorunması, inkişaf etdirilməsi, zənginləşdirilməsi istiqamətində müxtəlif taleyüklü fərman və sərəncamlar qəbul etmiş, dilimizin hüquqi statusunu, tətbiqi və tədrisi üçün zəruri olan tədbirləri müəyyənləşdirmişdir.   Ulu Öndər Heydər Əliyevin ana dilinə olan böyük sevgi və qayğısı bu gün hər bir azərbaycanlı üçün əsl örnək olmalıdır. 
Azərbaycan dilinin saflığının qorunması, tətbiqi sahəsinin genişləndirilməsi istiqamətində dahi rəhbərin əsasını qoyduğu siyasət bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlət Dil Komissiyasına möhtərəm Prezidentimizin özünün rəhbərlik etməsi dilimizə dövlət səviyyəsində diqqət və qayğının əsas göstəricilərindəndir. Dövlət başçısının dilimizin saflığının qorunmasına, inkişaf etdirilməsinə və təbliğ olunmasına yönələn dil siyasəti, bu istiqamətdə apardığı genişmiqyaslı islahatlar, qəbul etdiyi fərman və sərəncamlar öz müsbət nəticəsini vermişdir. Hər bir azərbaycanlı, xüsusilə gənclər bundan sonra da bu məsələdə vətəndaşlıq borcunu yerinə yetirməli, ana dilimizə qayğı göstərməli, onun qorunması və inkişafı üçün bütün səylərimizi birləşdirməliyik. 
Ana dili xalqın özü, varlığı, mənəviyyatıdır və mühüm tarixi əhəmiyyətə malikdir. Çünki o harada yaşamasından asılı olmayaraq, azərbaycanlıları birləşdirən, onların doğmalığının, həmrəyliyinin əsası olan ən etibarlı vasitədir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev mədəniyyət paytaxtımız Şuşada keçirilən Dünya Azərbaycanlılarının Zəfər Qurultayında bu məsələni xüsusi vurğulayaraq "Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir", - dedi.
Dil həm də mənsub olduğu xalqın tanınmasında əhəmiyyətli rol oynayan  amillərdən biridir. Bu mənada onun təbliğ edilməsi, beynəlxalq aləmdə nüfuzunun artırılması olduqca vacibdir. Qürurverici haldır ki, dövlətimizin nüfuzu artdıqca dilimizin mövqeyi də güclənir. Bu gün Azərbaycan dili dünyanın müxtəlif universitetlərində tədris olunur. Ayrı-ayrı xalqların nümayəndələri  bu dilə maraq göstərir, onu öyrənməyə çalışırlar. 
Qədim tarixi köklərə malik olan Azərbaycan ədəbi dili özündə xalqımızın maddi-mənəvi dəyərlərini, zəngin düşüncə səviyyəsini əks etdirir. Dilimiz öz fonetik ahənginə, leksik tərkibinə və qrammatik quruluşuna görə qeyri-adi gözəlliyə malikdir. İfadə imkanlarının zənginliyi, qrammatik quruluşunun sabitliyi onun qədim tarixindən və bugünkü inkişafından xəbər verir. Dilimizin zəngin söz ehtiyatı bizə öz hisslərimizi, düşüncələrimizi tam və aydın şəkildə ifadə etməyə imkan verir. Lakin təəssüflə qeyd etməliyik ki, son zamanlar onun geniş imkanlarından düzgün istifadə edilməməsi halları ilə tez-tez rastlaşırıq. Kütləvi informasiya vasitələrində, internet resurslarında və reklam daşıyıcılarında ədəbi dil normalarının kobud şəkildə pozulmasının, dilimizdə müvafiq qarşılığı olduğu halda əcnəbi söz və ifadələrdən yersiz istifadənin, dilimiz üçün səciyyəvi olmayan yad intonasiyanın işlədilməsinin şahidi oluruq. 
Nəzərə alsaq ki, KİV-in auditoriyası və təsir imkanları çox genişdir, deməli, istər saytların, qəzetlərin dilində, istərsə də televiziya və radio efirlərində bu kimi hallar yolverilməzdir. Çünki efirdən eşitdiyimiz hər hansı bir nitq qüsuru, məişət danışığına xas olan məhəlli, kobud və tüfeyli söz nitqimizə daxil ola bilər. Hətta bəzən elə geniş yayıla bilər ki, onu norma, qanunauyğunluq saya bilərik. Odur ki, biz gənclər bu məsələdə çox ehtiyatlı və daim ayıq-sayıq olmalıyıq. Nitqimizi yersiz işlədilən əcnəbi söz və ifadələrdən, başqa dillərin yad təsirlərindən mühafizə etməliyik. Unutmamalıyıq ki, bu dil bizə ulularımızdan yadigar qalan mirasdır və biz də onu gələcək nəsillərə ötürməyə borcluyuq!
Hər bir dilin qorunub saxlanılması üçün yad təsirlərə qarşı müqavimətli olması mühüm şərtdir. Bu önəmli məsələdə biz gənclərin üzərinə böyük məsuliyyət düşür. Dildə alınma sözlərin mövcudluğu dillərin qarşılıqlı əlaqəsindən yaranan təbii bir prosesdir. Bu təbii prosesin nəticəsi kimi ümumişlək leksikamıza xeyli sayda alınma söz daxil olub. Lakin biz onlarla dildə qarşılığı olduğu halda, ehtiyac duyulmadan, yersiz  işlədilən əcnəbi söz və ifadələr arasındakı sərhədi düzgün müəyyən etməliyik. 
Ana dilimizə sevginin və hörmətin ən yaxşı nümayiş üsulu, ilk növbədə, onu düzgün işlətməkdir. Əlbəttə ki, qloballaşma dövründə müxtəlif dilləri bilmək, onlardan məqsədyönlü istifadə etmək üstünlükdür. Lakin milli dilə sevgi bütün bunların fövqündə dayanmalıdır. Bu baxımdan müxtəlif dillərdə mükəmməl danışmağı bacarsa da, Azərbaycan dilində əsl natiq kimi səlis, aydın çıxışlar edən, bu dilə dərindən bələd olan Prezident İlham Əliyevin nitqi bizim üçün əsl nümunə olmalıdır.
Möhtərəm Prezident dəfələrlə çıxışlarında dilin saflığının qorunmasının vacibliyini vurğulayaraq demişdir: "Azərbaycan dili o qədər zəngindir ki, heç bir xarici kəlməyə ehtiyacı yoxdur. Biz əsrlər boyu dilimizi qorumuşuq, bu gün də qorumalıyıq. Biz Azərbaycan dilinin saflığını təmin etməliyik. Digər tərəfdən, gənc nəsil imkan verməməlidir ki, ana dilimizə yad kəlmələr daxil olsun. Buna ehtiyac yoxdur. Mən bir vətəndaş kimi hesab edirəm ki, yeni kəlmələrin icad edilməsinə heç bir ehtiyac yoxdur. Lüğətimiz o qədər zəngindir ki, bunu qorusaq və gələcək nəsillərə əmanət kimi təhvil versək, bu bizim bu sahədəki ən böyük nailiyyətimiz olacaqdır". Bu fikirlər bizim üçün olduqca qiymətli tövsiyələrdir. 
Azərbaycan dilinin geniş tətbiq olunduğu sahələrdən biri də təhsil sahəsidir. Dilimizin inkişafında və saflığının qorunması işində gənclərlə birbaşa bağlı olan təhsil sahəsinin müstəsna rolu var. Məhz bu səbəbdən təhsil müəssisələri, pedaqoji heyət məsələ ilə çox ciddi məşğul olmalı, ümumi nəzarət mexanizmi formalaşdırmalıdır. Dili  sevdirməyin ən yaxşı  yollarından biri onu dərindən mənimsətməkdir. Bu isə təkcə metodikanin işi sayılmamalıdır. Nəzərə alsaq ki, dilimiz milli mənəviyyatımızın tərkib hissəsidir, deməli, onu həm öyrənmə, həm də öyrətmədə təəssübkeşlik hissi əsas olmalıdır.
Dil təlimində tələb olunan sistemlilik, əslində, dilin öz daxili məzmununda var. Çünki o tarixən müxtəlif inkişaf mərhələlərindən keçsə də, öz bütövlüyünü qoruyub saxlaya bilmişdir. Məqsədyönlü mütaliə də ədəbi dil normalarının praktik səviyyədə öyrənilməsinə yol açır, düzgün nitq təcrübəsinin zənginləşdirilməsinə, yazı qaydalarının möhkəmləndirilməsinə səbəb olur. Bununla da nitq mədəniyyətinin inkişafına birbaşa təsir göstərir. Həmçinin nitqin tədricən dialekt xüsusiyyətlərindən təmizlənməsini də təmin edir. Ümumilikdə isə dilə sevgi aşılayır. Çünki ümumi mədəniyyətin tərkib hissəsi olan nitq mədəniyyəti özündə dilə şüurlu sevgini əks etdirir.
Ədəbi tələffüz və yazı qaydaları, durğu işarələri və onların işlədilmə mövqelərinin düzgün mənimsənilməsi, nitq etiketlərindən yerində istifadə etmək qabiliyyətinin, şifahi və yazılı nitq vərdişlərinin formalaşdırılması çox vacibdir. Dilimizin üslubi imkanlarından düzgün istifadə etməli, sözlərin semantikasını bilməli, "Ən gözəl fikir belə, pis ifadə edildikdə qiymətini itirir" tezisini yaddan çıxarmamalıyıq. Bilməliyik ki, lüğət ehtiyatının zəngin olmaması sadə bir fikrin ifadəsində belə çətinlik törədə bilər. Odur ki, söz ehtiyatımızı daim zənginləşdirməyə çalışmalı, fikirlərimizi öz dilimizdə səlis, aydın və ətraflı çatdırmaq rahatlığını təmin etməliyik.  
Dili sevmədən Vətəni sevmək mümkün deyil. Çünki dil də Vətən qədər əziz, müqəddəsdir. Hər ikisinin sərhədlərini qorumaq ümdə borcumuzdur. 

Səma VƏLİYEVA,
Azərbaycan Respublikasının Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzinin Reklam və KİV-in monitorinqi şöbəsinin aparıcı mütəxəssisi

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan Türkiyənin internet ixracı üzrə əsas hədəf bazarları sırasında yer alıb

19:48
30 May

Britaniyalı nazir: Azərbaycan Britaniya üçün təhlükəsizlik və diplomatiya sahələrində vacib tərəfdaşdır  

18:28
30 May

Birinci Qax Kitab Sərgisi başlayıb

17:34
30 May

Avropa çempionatı: Minifutbol üzrə Azərbaycan millisindən növbəti qələbə  

17:16
30 May

Qəbələdə təbii fəlakətin fəsadlarının aradan qaldırılması istiqamətində işlər davam etdirilir

16:44
30 May

Çin avtomobil batareyalarının təkrar emalına nəzarəti gücləndirir

15:43
30 May

Ombudsmanların beynəlxalq konfransında Azərbaycanda insan hüquq və azadlıqlarının müdafiəsi istiqamətində görülən işlərdən danışılıb

13:41
30 May

Sabahın hava proqnozu açıqlanıb

13:04
30 May

Bakıda şiddətli külək nəticəsində 41 ağac sınıb

13:03
30 May

İran yığması FIFA-dan cavab gözləyir

12:57
30 May

Rusiya Ermənistandan tərəvəz və giləmeyvə idxalını məhdudlaşdırdı

12:56
30 May

Bu gün UEFA Çempionlar Liqasının qalibi bəlli olacaq

12:22
30 May

Azərbaycan neftinin qiyməti 98 dollar olub

11:43
30 May

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

11:34
30 May

Rusiya Ermənistandakı səfirini geri çağırıb

11:13
30 May

Xorvatiya Respublikasının Prezidenti Zati-aliləri cənab Zoran Milanoviçə  

11:02
30 May

Zəngilanın “ağıllı kənd”indən dünyaya: Ağalı bağlarının meyvələri xarici bazarlarda  

10:49
30 May

Vaşinqtonda Müstəqillik Günü və Silahlı Qüvvələr Gününə həsr olunmuş rəsmi qəbul keçirilib

10:32
30 May

Pentaqon rəsmisi: Azərbaycanı geostrateji tərəfdaş hesab edirik

10:19
30 May

Daha bir ölkə uşaqların sosial şəbəkələrdən istifadəsini məhdudlaşdırır

09:31
30 May

Sonata Koulter: ABŞ Azərbaycanla strateji tərəfdaşlıq xartiyası imzalamaqdan olduqca məmnundur 

09:24
30 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!