Azərbaycan Ordusu tariximizin qara ləkəsini şərəflə, qəhrəmanlıqla təmizlədi
Strateji baxımdan böyük əhəmiyyətə malik olan Daşaltıda aparılan döyüşlər həm Birinci Qarabağ müharibəsi, həm də Vətən müharibəsi zamanı Azərbaycan üçün çox həlledici olub.
1992-ci il yanvarın 25-də başlayan və 26-da yekunlaşan ilk “Daşaltı əməliyyatı” Birinci Qarabağ müharibəsi zamanı əsas hərbi əməliyyatlardan biri kimi qiymətləndirilirdi. Plana görə, Əsgəran və Daşaltı əməliyyatlarından sonra Qarabağdakı erməni qüvvələri iki hissəyə bölünəcək, bundan sonra isə düşmən hissə-hissə məhv ediləcəkdi.
İbrahimxəlil xanın kəndi
O zaman uğursuzluqla nəticələnmiş Daşaltı əməliyyatı müharibənin gedişatına ciddi təsir etmişdi. Müdafiə naziri, general-mayor Tacəddin Mehdiyevin birbaşa rəhbərliyi ilə aparılmış bu əməliyyatdan sonra ermənilər cəbhədə əsas üstünlüyü ələ keçirmişdilər. Azərbaycanın Qarabağdakı davamlı şəkildə müşahidə olunan məğlubiyyətləri də elə o vaxtdan başlamışdı...
Ancaq ilk “Daşaltı əməliyyatı”ndan fərqli olaraq, Vətən müharibəsi dövründə aparılmış ikinci “Daşaltı əməliyyatı” bizi zəfərə daha da yaxınlaşdıran, haqqında qürurla, fəxrlə danışa biləcəyimiz əməliyyatlardan biri oldu. Həmin əməliyyat nəticəsində 1991-ci ildə işğal edilmiş Daşaltı kəndi Azərbaycan Ordusunun nəzarəti altına keçdi.
Azərbaycan Ordusunun böyük şücaəti ilə alınan Daşaltının tam olaraq, işğaldan azad edilməsi xəbərini Ali Baş Komandan, Prezident İlham Əliyev 2020-ci il noyabrın 9-da “Tviter” hesabında açıqladı. Həmin gün azad edilən 48 kəndin arasında Daşaltının da adı var idi.
Qayaaltı mənasını verən Daşaltı kəndi XVIII əsrdə Qarabağ xanı İbrahimxəlil xan tərəfindən salınmışdı. Bu kənddə Zəngəzur qəzasının Düzəburd kəndindən gəlmiş ailələr məskunlaşdırılmışdı. Yerləşdiyi ərazinin adını daşıyan kənd 29 il - 1991-ci ildən 2020-ci ilədək erməni silahlı dəstələrinin nəzarəti altında olmuşdu.
Uğursuz “Daşaltı əməliyyatı” Azərbaycandakı siyasi vəziyyətin indikatoru idi
Milli Məclisin deputatı, siyasi elmlər doktoru, politoloq Elşad Mirbəşiroğlu deyir ki, Şuşaya gedən yolun üzərində yerləşən, şəhərin müdafiəsi baxımından olduqca strateji mövqeyə malik olan Daşaltı kəndinin SSRİ süqut edər-etməz ermənilər tərəfindən işğal edilməsi Şuşa üçün ciddi təhlükə yaratdı. Bundan başqa, kəndin işğal olunması həm də ermənilərin sonrakı işğalçılıq fəaliyyətinin anonsunu verdi.
Hədəf Şuşanın işğal olunmasından və beləliklə, Qarabağın dağlıq hissələrində bütün strateji nöqtələri nəzarət altına almaqdan ibarət idi. 1992-ci il yanvar ayının 25-də başlayan “Daşaltı əməliyyatı” uğursuz olmaqla yanaşı, həm də həmin dövrdə Azərbaycandakı siyasi vəziyyətin indikatoru rolunda çıxış edirdi. Ölkədə hökm sürən siyasi xaos, hakimiyyət uğrunda sərt çəkişmələr hərbi müstəviyə sirayət etmişdi. Yəni “Daşaltı əməliyyatı” öz-özlüyündə vəzifə, nüfuz uğrunda mübarizənin bir aləti kimi müəyyənləşdirilmişdi.
Politoloq hesab edir ki, Şuşa qalasının dibində yerləşən bir kəndi ermənilərdən təmizləmək çox asan olardı. Çünki Şuşa hələ bizim nəzarətimizdə idi. Hakimiyyət, vəzifə hərisliyi sonradan qarşısıalınmaz bəlalara yol açdı, Şuşanın itirilməsinə, daha sonra isə digər ərazilərin işğal olunmasına səbəb oldu. Bu yarıtmaz əməliyyatda Azərbaycan Ordusu 130-dan çox insan itkisi verdi. Əməliyyatın başlanğıcdan uğursuz hazırlanmasına, hərbi məlumatların sızdırılmasına baxmayaraq, igid Azərbaycan əsgərləri böyük şücaət göstərərək xeyli sayda erməni işğalçılarını və onların texnikasını məhv etdi.
Bütün bunlara rəğmən əməliyyat uğursuz oldu. Bu məğlubiyyət müstəqilliyinin ilk aylarını yaşayan Azərbaycan cəmiyyəti üçün ağır sarsıntıya səbəb oldu. Ən dəhşətlisi isə bu əməliyyatın ordunun döyüş ruhuna olduqca mənfi təsir göstərməsi idi: “Kənardan ciddi dəstək alaraq, torpaqlarımızı ardıcıl işğal edən erməni silahlılarının qarşısında təbii ki, belə məğlub ruhunda dayanmaq çətin idi. Həmin dövrdə hakimiyyətdə olanların döyüşü torpaq, vətən uğrunda deyil, şəxsi maraqlar uğrunda gedirdi. Ötən ilin 8 noyabr tarixində şanlı Azərbaycan Ordusu tariximizi daha bir qara və qanlı ləkədən təmizlədi. Uğursuz “Daşaltı əməliyyatı”ndan 29 il keçir. Şanlı Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında yeni “Daşaltı əməliyyatı” keçirdi. 1992-ci il yanvar ayının 25-də keçirilmiş uğursuz “Daşaltı əməliyyatı” zamanı şəhid olmuş igid oğullarımızın qanını Azərbaycan Ordusu aldı. 29 il sonra Azərbaycan Ordusu hərb tariximizin ən şanlı səhifəsini yazdı, Daşaltı kəndini erməni işğalçılarından təmizlədi. Artıq uğurlu “Daşaltı əməliyyatı”mız var. 44 günlük Vətən müharibəsi göstərdi ki, Azərbaycan xalqının iradəsi poladdan möhkəmdir, Vətən sevgisi isə sarsılmazdır. 1991-ci ildə Daşaltı kəndinin ermənilər tərəfindən işğal olunması məğlubiyyətimizin başlanğıcı oldusa, 2020-ci ildə ordumuz tərəfindən azad edilməsi qələbəmizin zirvəsi oldu”.
Vətən müharibəsi zamanı əvvəlki uğursuz əməliyyatlardan düzgün nəticə çıxarıldı
Milli Məclisin deputatı, 1991-2000-ci illərdə Xocalı İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmış Elman Məmmədov çox sayda igid oğullarımızın şəhid olması ilə nəticələnən birinci “Daşaltı əməliyyatı”nın uğursuzluğunun səbəbini bu əməliyyatın qüsurla hazırlanması, əməliyyatdan əvvəl bu barədə düşmənə məlumatların sızdırılması ilə izah edir. Onun sözlərinə görə, düşmən əvvəldən əməliyyatın keçirilməsindən məlumatlı olduğu üçün pusqular quraraq gözləyib.
E.Məmmədov əməliyyatın uğursuzluqla nəticələnməsinin digər səbəbini isə peşəkar hərbi kadrların olmaması ilə əlaqələndirir. Onun fikrincə, həmin dövrdə Azərbaycan Müdafiə Nazirliyi adlı qurum olsa da, ölkədə peşəkar hərbçi kadrlar yox idi. Ermənilərin daha yüksək hazırlığa malik olması, Azərbaycan Ordusundakı nizam-intizam da uğursuzluğa gətirib çıxaran səbəblər sırasında önə çəkilməlidir: “Əgər ciddi nizam-intizam olsaydı, hərbçilər əməliyyatı yüksək hərbi biliklərə əsaslanaraq hazırlasaydılar, yəqin ki, “Daşaltı əməliyyatı” belə uğursuz olmazdı. Qırx dörd günlük Vətən müharibəsindəki uğurlarımızın səbəblərinə nəzər salaq. Bizi qələbəyə aparan çox səbəblər var idi. Ancaq bütün əməliyyatların zərgər dəqiqliyi ilə hazırlanması, əməliyyat planlarının hər birinə Ali Baş Komandan, Prezident İlham Əliyevin özünün imza atması və icrasına şəxsən nəzarət etməsi, eyni zamanda çox ciddi məxfilik və professionallıq qələbənin əldə edilməsinə səbəb oldu. Qeyd edilən bu vacib şərtlər uğursuz “Daşaltı əməliyyatı”nın aparıldığı dövrdə yox idi. Ona görə də həmin dövrdə düşmən fürsətdən istifadə edərək Daşaltını ələ keçirdi və bu əməliyyat çox sayda oğullarımızın şəhid olmasına səbəb oldu”.
E.Məmmədov əlavə etdi ki, ötən dövrdə Azərbaycan rəhbərliyi yalnız “Daşaltı əməliyyatı”ndan deyil, digər uğursuz əməliyyatlardan da nəticə çıxardı, onların uğursuzluqlarının səbəbini araşdırdı. 44 günlük müharibə zamanı bu nəticələrdən, təhlillərdən düzgün istifadə olundu.
Şuşanın ətrafının azad edilməsinə on gündən artıq zaman sərf edildi
Hərbi ekspert, polkovnik Şair Ramaldanov deyir ki, Vətən müharibəsi zamanı Daşaltının azad edilməsi Laçından Şuşaya gedən yolun nəzarət altına alınmasına səbəb oldu, düşmənin ehtiyat qüvvə və təchizatlar gətirə bilməsinin qarşısını aldı.
Onun sözlərinə görə, Şuşanın azad edilməsi üçün xüsusi təyinatlılarımızın ətrafdan atəşə məruz qalmamasından ötrü kənar ərazilərin də əvvəlcədən işğaldan azad edilməsi vacib idi. Buna görə Şuşa noyabrın 8-də azad edilsə də, onun ətrafında döyüşlər bir necə gün əvvəldən aparılırdı. Şuşanın azad edilməsi üçün on gündən də çox zaman Şuşa ətrafının, vacib yüksəkliklərin, oraya gedən yolların azad edilməsinə sərf edildi. “Daşaltı əməliyyatı” da bunlardan biri idi. Ekspert bu fikirdədir ki, Daşaltı və digər əməliyyatlar aparılmasaydı, xüsusi təyinatlılarımız Şuşaya gedərkən müəyyən problemlərlə qarşılaşa bilərdilər. Ətraf ərazilər işğaldan azad edildiyi üçün xüsusi təyinatlılarımız Şuşa əməliyyatını yüngül silahlarla azad edə bildilər.
Ş.Ramaldanov qeyd etdi ki, Vətən müharibəsinin iştirakçıları Birinci Qarabağ müharibəsinin iştirakçılarının övladlarıdırlar. Həmin ataların övladları “Daşaltı əməliyyatı”nın uğursuzluğunu uğura çevirdilər və o ərazini azad edərək Şuşanın düşmən qüvvələrindən təmizlənməsinə şərait yaratdılar: “Birinci Qarabağ müharibəsi dövründə ordunun formalaşmaması, hərbçi kadrların sayının azlığı, hazırlıq səviyyəsinin çox aşağı səviyyədə olması, özünümüdafiə batalyonlarının hərbi xidmətə könüllü gələn şəxslərdən ibarət olması, komandir heyətinin əməliyyatları idarəetmə bacarığının zəif olması, əməliyyatları həyata keçirənlərin ərazini yetəri qədər tanımadıqları üçün bələdçilərdən istifadə etməsi - bütün bu amillər “Daşaltı əməliyyatı”nın uğurla sonlanmasına imkan vermirdi. Azərbaycan tərəfindən fərqli olaraq, düşmən müdafiəni düzgün, möhkəm qurmuşdu. Ərazinin relyefinin olduqca mürəkkəb olması da əməliyyatın uğursuz başa çatmasında müəyyən qədər rol oynayırdı. Vətən müharibəsi ilə müqayisə etsək, deyə bilərik ki, o dövrdə silah və texnika ilə təchizat, nizam-intizam, komandir heyəti zəif olsa belə, vətənpərvərlik ruhu yüksək idi. O dövrdə də əsgərlərimiz Vətən üçün canlarından keçməyə hazır idilər. O zamankı cavanlarla indiki cavanları birləşdirən əsas keyfiyyət də məhz bu - vətənpərvərlik ruhunun yüksək olması idi. Amma ərazinin düşməndən azad edilməsi üçün lazım olan digər amillər - əməliyyatın hərbi taktiki baxımdan uğurla aparılması, döyüş hazırlığı və s. yetərli deyildi. Ona görə də o əməliyyat uğursuzluq və itkilərlə nəticələndi. Vətən müharibəsinin iştirakçıları isə “Daşaltı əməliyyatı”nın uğursuzluğunu uğura çevirdilər”.
Daşaltı kəndindən Şuşaya gedən yolun bağlanması ermənilərin manevrlərini tam məhdudlaşdırdı
Hərbi ekspert Ədalət Verdiyev bildirir ki, Şuşaya gedən yolun Daşaltıdan keçməsi və həmin ərazilərin erməni nəzarətində olması ordumuzun Şuşa istiqamətində hücumlarını davam etdirməsinə müəyyən maneələr törədirdi. Oktyabrın son günlərində artıq Daşaltı və Şuşa yaxınlığında olan bəzi ərazilərdə Azərbaycan Ordusu ilə düşmən arasında döyüşlər gedirdi.
Ekspert nəzərə çarpdırır ki, Azərbaycan Ordusu Daşaltının ətrafını azad etdikdən sonra düşmənin Şuşada və Daşaltıda olan əsas qüvvələrinin Daşaltı-Şuşa yolu istiqamətində cəmləşdirməsinə nail oldu. Bununla da xüsusi təyinatlı qüvvələrin Şuşanın arxa tərəfinə keçərək oradan şəhərə hücum etməsinə şərait yaratdı. Əsas hücumu Daşaltı istiqamətindən həyata keçirən xüsusi təyinatlıların Şuşa şəhərinə arxa tərəfdən - qayalardan dırmaşması, düşmənin canlı qüvvəsi ilə bərabər, şəhərdəki zirehli texnika və artilleriyasının sıradan çıxarılmasına imkan verdi: “Noyabrın 4-də artıq Daşaltı kəndinə gedən yol uğrunda şiddətli döyüşlərin getməsi barədə xəbərlər verilirdi. Həmin zamana qədər Azərbaycan Ordusu artıq Şuşanın Laçın şəhəri ilə əlaqəsini kəsməyə və Şuşanın arxa tərəfindəki qayalıqlarla bu şəhərə daxil olmaq üçün cığırlar tapıb marşrut seçməyə nail olmuşdu. Şuşa-Laçın və Şuşa-Xankəndi yollarının ermənilər üçün bağlanması onların həmin yollarla özləri üçün təchizat gətirməsini mümkünsüz etmişdi. Həkəri çayı üzərindəki əsas körpü də qismən dağıdılmış və Şuşa şəhəri üç tərəfdən mühasirəyə alınmışdı”.
Ə.Verdiyev bildirir ki, Daşaltı kəndindən Şuşaya gedən yolun bağlanması erməni qüvvələrinin Şuşadakı manevrlərini tam məhdudlaşdırmışdı. Noyabrın 6-da Ermənistanın təhlükəsizlik xidmətinin rəhbərliyi də daxil olmaqla, Qarabağda olan Ermənistan rəhbərləri Şuşanı tərk etmişdilər. Azərbaycan Silahlı Qüvvələri isə noyabrın 7-də Şuşaya daxil olmuş, noyabrın 8-də şəhəri tamamilə düşməndən təmizləyərək orada Azərbaycan bayrağını qaldırmışdılar. Ermənilərin Şuşaya “İsgəndər” ballistik raketini atması da məhz noyabrın 7-də səhər saatlarında olmuşdu. Bu o deməkdir ki, noyabrın 7-də artıq Şuşada Ermənistan silahlı qüvvələri qalmamışdı, qalmışdırsa belə onların sayı kifayət qədər az olmuşdu: “Atılan bu raket təbii ki, Şuşaya yox, şəhərin yaxınlığına, az sayda erməni hərbçilərinin olduğu yerə düşmüşdü. Şuşa şəhərində düşmən tərəfinə aid olan təxminən 2000-dən çox cəsədin tapıldığını Beynəlxalq Qırmızı Xaç Komitəsi də təsdiqləyib. Azərbaycan isə Şuşa uğrunda döyüşlərdə 400 nəfərədək insan itkisi verib”.
“Qanlı dərə” “Ölüm dərəsi” oldu
Hərbi ekspert Ədalət Verdiyevin qənaətincə, Şuşa işğaldan azad edilmədən Daşaltının azad edilməsi riskli və kifayət qədər çətin idi. Çünki coğrafi baxımdan mürəkkəb relyefə malik olan ərazidə yerləşən Daşaltı kəndi Şuşa şəhərinin və Cıdır düzünün tam altındadır. Ermənilərin Cıdır düzündə yerləşdirdikləri çox az sayda döyüş vasitələrinin doğru istifadəsi belə Daşaltının azad edilməsini mümkünsüz edə bilərdi. Lakin görünən odur ki, qəhrəman Azərbaycan əsgəri digər ərazilər kimi, Daşaltını - nəhəng qayalığın altında, başgicəlləndirən bir uçurumun altında yerləşən kəndi də düşmən işğalından azad edə bildi. Azərbaycan Ordusu Daşaltını erməni işğalından azad etməklə, oradakı düşmən qüvvələrini məhv etməklə 27 il qabaq burada baş verən qanlı hadisələrin qisasını aldı.
Ekspert bildirir ki, Azərbaycan 1992-ci il yanvarın 25-26-da keçirilən əməliyyatı “Daşaltı əməliyyatı” adlandırsa da, ermənilər ona “Qanlı dərə” deyiblər. Hazırda isə ermənilər bu əməliyyatı “Ölüm dərəsi” adlandırırlar.
Bu gün Azərbaycan Vətən müharibəsində həyata keçirilən bütün əməliyyatlardan fəxrlə danışır. “Daşaltı əməliyyatı” isə həmin əməliyyatlardan yalnız biridir...
İlhamə İSABALAYEVA,
“Azərbaycan”