Onlar böyük arzularla yola çıxdılar.
Üzərlərində Azərbaycan Xalq Cümhuriyyətinin verdiyi pasportlar, bu pasportlarda ad, soyad, ata adları... Hamısının isə ümumi bir adı vardı: Cümhuriyyət tələbələri...
Azərbaycan Xalq Cümhuriyyəti dövründə 100 azərbaycanlı tələbənin təhsil almaq üçün xarici ölkələrin ali məktəblərinə göndərilməsi faktı demokratik cümhuriyyətin formalaşdırılması və müstəqil dövlətin sosial-siyasi əsaslarının möhkəmləndirilməsində mühüm rol oynamışdır. Bu addımı vacib edən səbəblər vardı. Ölkədə ali təhsilli mütəxəssislər çatışmırdı. Yeni qurulan dövləti idarə etmək, qarşıdakı problemlərin həllinə nail olmaq üçün peşəkar gənc kadrlara böyük ehtiyac duyulurdu. Ona görə də ali təhsilli mütəxəssislər hazırlamaqdan ötrü cümhuriyyətin ən ciddi tədbirlərə əl atması tamamilə qanunauyğun idi. Bu ideya hələ 1918-ci ilin yayında irəli sürülmüşdü. Amma mövcud problemlər layihənin tez bir zamanda reallaşdırılmasına imkan vermirdi. 1919-cu ilin əvvəllərində məsələ yenidən gündəmə gəldi. Əvvəlcə parlamentdə və hökumətin iclaslarında müzakirələr aparıldı, sonra mətbuatda ictimai müzakirələr başladı.
Bir faktı da qeyd edək ki, azərbaycanlı gənclərin xaricdə təhsil almasının tərəfdarları ilə yanaşı, əleyhdarları da vardı. Parlamentin müxtəlif fraksiyalarını təmsil edən qüvvələr təklif edirdilər ki, xaricə, əsasən, kasıb balaları göndərilsinlər, dövlətli övladları onsuz da öz hesablarına oxuya bilərlər. İctimai müzakirələrə paralel olaraq Nəsib bəy Yusifbəylinin rəhbərlik etdiyi hökumət bu istiqamətdə artıq müəyyən işlər görməkdə idi. Nəhayət, 1 sentyabr 1919-cu ildə parlament 1919-1920-ci tədris ilində abituriyent və tələbələrin xarici ali məktəblərə göndərilməsi üçün dövlət xəzinəsi vəsaitindən xalq maarif nazirinin sərəncamına yeddi milyon rublun buraxılmasına qərar verdi. Sənəddə Avropaya gedəcək tələbələrə dörd yüz frank aylıq təqaüdün və min frank yol xərcinin, Rusiya ali məktəblərində təhsil alacaq tələbələrə isə üç min rubl aylıq təqaüdün və üç min rubl da yol xərcinin verilməsi nəzərdə tutulmuşdu. Qərarın ikinci maddəsi bundan ibarət idi ki, hökumət təqaüdündən istifadə edən tələbələr təhsillərini bitirdikdən sonra dövlətin müəyyənləşdirdiyi yerlərdə dörd il qulluq etməyə borcludurlar.
Bu qərardan sonra parlament tələbə işləri üzrə xüsusi komissiya formalaşdırdı. Gərgin və ciddi axtarışlardan sonra ali təhsil almağa göndəriləcək 100 tələbə müəyyən edildi. 10 nəfərin İngiltərəyə, 23 nəfərin İtaliyaya, 45 nəfərin Fransaya, 9 nəfərin Türkiyəyə, 13 nəfərin Rusiyaya göndərilməsi qərara alındı. Seçim mərhələsində komissiyaya 280 ərizə daxil olmuşdu. Burada 100 təqaüdçüdən başqa daha 31 təqaüdə namizəd də müəyyənləşdirilmişdi ki, getməyən olarsa, onlar əvəzlənsinlər.
Ən fərəhli gün
Təqaüdçülərin 24 nəfərlik ilk dəstəsi Bakıdan 14 yanvar 1920-ci ildə yola salındı. Həmin gün Bakı vağzalında əsl bayram ovqatı yaşanırdı. "Azərbaycan" qəzetinin 16 yanvar 1920-ci il sayında yolasalma mərasimindən verilən geniş reportajda bildirilirdi ki, tədbirdə tələbələrin yaxın qohumları, parlament komissiyası üzvləri ilə yanaşı, məclisi-məbusanın və hökumətin üzvləri, tanınmış xeyriyyəçilər, iş adamları, din xadimləri, ictimaiyyət nümayəndələri iştirak edirdilər. Səməd ağa Ağamalıoğlu, İbrahim Əbilov, Əhməd Pepinov və başqaları gənclərə uğurlar dilədilər.
Maarif naziri Həmid bəy Şaxtaxtinskinin Əlimərdan bəy Topçubaşova azərbaycanlı tələbələrin yerləşdirilməsi ilə bağlı yazdığı xahiş məktubu qürbət ellərə yola düşən gənclərin heç də hamısına şamil oluna bilmədi. Hərçənd ki, burada oxumağa göndərilən tələbələrin hamısı nəzərdə tutulmuşdu. 10 nəfər İngiltərədə, 45 nəfər Fransada, 23 nəfər İtaliyada təhsil ala bilmədi. Çünki İngiltərə azərbaycanlı tələbələri qəbul etmədi. İtaliyada təhsil alması nəzərdə tutulan 23 nəfərdən yalnız 6 nəfəri həmin ölkədə qaldı. Fransada 45 tələbənin hamısı yerləşə bilmədi. Parlament komissiyası ölkələrin siyahısını tərtib edərkən Almaniyanı bu siyahıya salmamışdı. Lakin digər ölkələrdən fərqli olaraq məhz Almaniya tələbələrimizin yaşaması və təhsil alması üçün ən münasib ölkə oldu. Azərbaycanlı tələbələrin çoxu Almaniyanın ali təhsil müəssisələrinə qəbul edildilər.
Lakin bu gənclər üçün taleyin çarxı geriyə döndü. Heç xəyal belə etmirdilər ki, irəlidə onları hansı çətinliklər, ağrı-acılar gözləyir... 27 aprel tarixində Azərbaycan bolşevizmin işğalına məruz qaldı. Cümhuriyyət qurucuları yeni hökumətin təzyiq və təhdidləri ilə olmazın əzab və əziyyətlərə tuş gəldi... Onlardan bir qrupu qətlə yetirildi, bir qismi həbsə atıldı, sürgün edildi, bir qismi isə xaricə mühacirət etmək məcburiyyətində qaldı. Sovet hökumətinin ilk illərində müxtəlif ölkələrə göndərilmiş azərbaycanlı gənclərin təhsili barədə xalq komissarları sovetinin sədri Nəriman Nərimanov tərəfindən xüsusi dekret imzalandı. Bu məsələdə Nərimanovun böyük rolu vardı. İlk vaxtlar onların ali təhsili başa vurmalarına şərait yaradıldı. Amma bu iş sona qədər başa çatdırılmadı. Ona görə də cümhuriyyət tələbələrinin bəziləri öz təhsillərini yarımçıq qoyub Azərbaycana qayıtdılar. Bəziləri getdikləri ölkələrdə başqa sahələrdə işləməyə başladılar. Aralarında ağır vəziyyətə dözməyib intihar edənlər, səfalət içində dünyasını dəyişənlər, Vətənə dönəndən sonra ağır repressiyalarla üzləşənlər də çox oldu. Gənclərin arzu və ümidləri puça çıxdı. Hərçənd ki, bu insanlar perspektivli mütəxəssis, sağlam düşüncəli ziyalı, bacarıqlı dövlət məmurları idilər...
Bitməyən repressiyalar… məhv edilmiş ömürlər
Həmin yüz nəfər içərisində "Azərbaycan" qəzetinin fəal yazarlarından olan Əbdül Əbdülzadə, görkəmli ədəbiyyatşünas alim, folklorşünas, tənqidçi, müəllim, naşir Hənəfi Zeynallı oxumağa İstanbul Universitetinə, Cəmiş Əlmuradbəyli Almaniyanın Frayberq Dağ-Mədən Akademiyasına, istiqlal poeziyasında orijinallığı ilə tanınan şair Əli Yusif Parisə, Ağdamın Gülablı kəndindən olan Firudun Əliyev Almaniyaya və neçə-neçə ziyalı gənc Avropanın müxtəlif ölkələrinə göndərilmişdilər. Lakin 1937-ci ilin Stalin repressiyası gənclərin işıqlı ömürlərinə nöqtə qoymuşdu.
Yüz tələbənin bircə günahı vardı: onları xaricə oxumağa cümhuriyyət hökuməti göndərmişdi.
1920-ci ilin axırlarından başlayan həbslər, istintaqlar, dindirmələr 1930-cu illərdə dəhşətli bir vəziyyət aldı. Fövqəladə komissiya müsavatçılar arasında kütləvi həbslər aparırdı. Yüz tələbə də belə bir tale yaşamalı oldu. Ovaxtkı rejim bu gənclərin qol-qanadını dəfələrlə sındırdı, onları alçaltdı, nahaq yerə incitdi, həbsxanalara saldı. Lakin onların iradəsi sınmadı, gücdən də düşmədilər. Dəlil-sübut tapılmayanda azadlığa buraxıldılar. Öz ixtisasları üzrə vicdanla işlədilər, xalqa böyük töhfələr verdilər. Amma bir müddət keçdikdən sonra yenidən təqiblər, təzyiqlər, şər-böhtanlar, həbslər, sürgünlər onları rahat yaşamağa qoymadı. Həbs düşərgələrində amansız işgəncələr, ağrı-acılar onları həm mənəvi, həm də fiziki cəhətdən məhv edirdi. Hər gün onlara nə vaxt divan tutulacağını gözləyirdilər.
Cümhuriyyət tələbələrindən söhbət gedərkən maarif tariximizdə özünəməxsus yeri olan Abdulla Tahirzadənin, Almaniyanın Leypsiq Universitetinin məzunu, istedadlı hüquqşünas Əsildar Muğanlinskinin, Berlində təhsil alan Abbasmirzə Əliyevin də adlarını çəkmək lazım gəlir. Azərbaycanda genetika elminin əsasını qoyan Əhməd Rəcəbli, Azərbaycanda ilk hüquq professorlarından olan Mustafa Vəkilov, tarix-filologiya üzrə təhsil almış Teymur bəy Aslanov, yol nəqliyyatı üzrə ixtisaslaşmış Lətif Qədimov, Məhiş Səfərov, Beybutəli Zeynalov, İsgəndər Sultanov, Rzaqulu Həsənov, Zeynalabdin Hüseynbəyov, Əliyar bəy Əmircanov... 1937-ci ilin repressiyalarından qurtula bilməmişdilər. Bu gənclərin hamısı əsl ziyalı, xalqını, Vətənini, işini ürəkdən sevən işıqlı insanlar idi.
İradə ƏLİYEVA,
"Azərbaycan"