21 Aprel 2021 02:16
1267
SİYASƏT
A- A+

Cənnət Ağdamıncəhənnəm xarabalıqları

 

O xarabalıqlar yenidən abad, gözəl, varlı, qüdrətli şəhərə çevriləcək

 

...Yevlağı keçirik, Bərdəyə doğru Qarabağın ilıq havası vurur adamı.

Qarabağ həyatım, varlığımdır bil,

Ağdam bir gözümdür, Bərdə bir gözüm.

İki söz yaddaşım qurban sadağa,

Ağdam ilk sözümdür, Bərdə son sözüm...

Bu misralar qulaqlarımda səslənir, həm də muğam üstündə Firuz Səxavətin ifasında... Qarabağlılarda belədir, faciəni də, sevinci də musiqi üstündə yaşayarlar...

Medianın İnkişafı Agentliyinin təşkil etdiyi media turla Ağdama gedirdik. Qəzet və televiziya jurnalistləri, ümumilikdə 42 nəfərlik heyətlə...

 

Anadır arzulara hər zaman Qarabağ...

 

Bərdəni keçəndən sonra həmkarlar sürücüyə “dümdüz sür” deyirlər, bu yol həm də Şuşaya aparır.

Şuşa, Ağdam deyəndə dodaqlarımız beş yerdən çat verərdi dərdin ağırlığından, həsrətdən...

İndi dümdüz yol maneəsiz Ağdama, ordan da Şuşaya aparır...

O düz yolu necə gedə bilməmişik bu 28 ildə?..

Ağdam uzunmüddətli döyüşlərdən sonra 1993-cü il iyulun 23-də işğala məruz qaldı. Ona qədər çox mübarizə apardı, çox yurdundan didərgin düşənlərə yurd yeri, çox əlacsızlara əlac, müharibənin ağuşuna düşənlərə ümid yeri oldu...

Ağdam düşmən qarşısında dayanmırdı, döyüşürdü, düşməni yerində oturdurdu. Qarabağı zorla qana çalxamışdı düşmən...

Bunlar artıq arxada qalıb, indi qələbə qazanmışıq. Yurd yerlərimizi azad etmişik. Ağdamı da həmçinin...

2020-ci ildə işğaldan azad edilən həmin Ağdamadır yolumuz.... 

Ağdamlı həmkarlarımız oturduqları yerlərdən qalxıb avtobusun içində ayaq üstündə qalıblar. Hamısı öz evini, həyətini, məktəbini görmək ümidindədir...

Bilirlər, Ağdamın daşı daş üstündə qalmadığını, amma gözlərdə yenə nə isə bir işarə görərik deyə ümid qığılcımları yanır... 

 

Şəhid daşların qınağı

 

Kimsə deyir ki, Qərvənd kəndinə çatmışıq. Getdiyimiz yol həmin kəndin içindən keçir. Ətrafa acgözlüklə, məhz acgözlüklə baxırıq, burada kənd olduğundan yalnız boş sahələr boyu dağılmış daşlar xəbər verir...

Sökülmüş evlərin qırıq-qırıq edilib səpələnmiş daşları...

Buraları bu qədər daşdan təmizləmək nə qədər vaxt tələb edir. Təmizləmək gərək olacaq, çünki bu saysız-hesabsız daş parçaları torpağa qarışdırılsa, torpaq daşlaşar.

Bu şəhid daşları yığıb onlardan dağ silsiləsi düzəltmək olar...

Baş Qərvənd kəndi çox böyük imiş. Görənlər deyir ki, inkişaf etmiş, həm də varlı kənd idi. “Kümbəz” restoranın yanından keçirik...

Son keçdiyimiz postda bizi yoxlayan polis bərk-bərk tapşırıb ki, yoldan kənara çıxmayın. Yalnız traktorun izi olan yerlərə ayaq basa bilərsiniz, xam yerlərə girməyin. Bir bələdçi qoşdular bizə, ağdamlı ağsaqqal Zülfü Qasımovu... Arabir avtobusu saxladıb düşürük, o da bizə ətrafda gördüklərimiz barədə məlumat verir.

Əslində ətrafda görünənlər özləri özləri barədə çox məlumat verir...

Məsələn, daşlar dil açıb danışır ki, insanabənzər məxluqların, - yox, dilim çaşdı, o məxluqlar insana bənzəmirdilər, - “törətdiklərinin nəticəsində böyük, hündürmərtəbəli, geniş binalardan geriyə yalnız biz qalmışıq. Çox çalışdılar bizi yıxmaq, dağıtmaq, izimizi də itirmək üçün... 28 il qırıb-dağıtdılar, daşıdılar... Heç bir daş dözməzdi, biz dözdük...”

Arada bizi də qınayırdılar o daşlar, “niyə illərlə bizi düşmən ümidinə buraxdınız?” deyə ərkyanə qınaqla soruşurdular...

Bələdçimiz Zülfü müəllim isə indi görünməyən keçmişdən bəhs edir, Ağdamın abad günlərini təsvir edir...

Ot boy atıb, hər iki tərəfdə dağınıq çay daşları yamyaşıl otların arasında qalıb...

Yarıuçuq divarların daşları göz yaşları içində bizi qarşılayırdı...

O göz yaşları sevincdən olsa da, lap dərinlikdə itməyən kədərin üstündən gəlir: “Bizi görün nə günə qoyublar, bir qolumuz yarıdan yuxarı qalıb, biri heç yoxdur, ayağımızın biri dizdən yuxarı, biri dibindən yoxmuş kimi... Harda idiniz?..”

 

ANAMA-nın rəşadəti

 

Daşları sığallayıb, “sizi yenidən quracağıq” demək keçir fikrimizdən, amma hələ də onlara yaxın durub sığal çəkə bilmirik...

ANAMA əməkdaşları başımızın üstündə hər dəqiqə xəbərdarlıq edirlər, cığırdan çıxmayın. O uçulmuş-sökülmüş, daşları danışan evlərlə bizim aramızdan hələ də qırmızı xətt keçir...

Dedilər ki, indicə bir baş leytenant minaaxtaran minaya düşüb. Yeganə peşə sahibləridir ki, bircə dəfə səhv edirlər, o da həyatları, ən yaxşı halda hansısa orqanları bahasına başa gəlir...

Ağdamı minadan təmizləyənləri adam qucaqlayıb öpmək, “Allah qorusun” demək istəyir. Necə ki 44 günlük müharibəmizdə döyüşçülərimizi uca tuturduq, indi minaaxtaranları da o zirvəyə çəkmişik...

Gözlərimiz qarşısında tank əlehinə minanı zərərsizləşdirdilər, partlatdılar yəni... Xəbərdarlıq olunduğu üçün gözlədiyimizə rəğmən qulaqbatırıcı səsdən hamımız diksindik.

Görün döyüşçülər nə yaşayıblar... Ona görə də hamıdan ucada təbii ki, bu torpaq uğrunda şəhid gedən oğullarımızdır.

İndi onların qanlarından qızıl lalələr bitib Qarabağda...

Uzundərə yoluna çathaçatda yolun iki tərəfi qıpqırmızı lalələrə bülənd olub...

Yaşılla qırmızının qarışdığı müqəddəs bayrağımıza bənzəyir...

 

Uzundərə yolu

 

Burda da ağdamlı Qulu Ağsəsin şeiri düşür yada...

Bir “Uzundərə” havası çal,

çıx Bərdə yoluna -

Uzundərəynən gəlirik!..

Demək, Uzundərə bura imiş, enirsən aşağı, düşürsən Uzundərəyə, çıxırsan Ağdama...

Bu, Kötəl çayıdır...

Burdan şəhər başlayır, Tofiq İsmayılov prospektidir...

Burda Hadının oğlunun benzindoldurma məntəqəsi vardı...

Bura “Aqrokimya”dır...

Solda yeni evlər idi, hamısı ağ daşdan tikilmişdi. Hə, 640 evlik yeni qəsəbə idi...

Burda yarmarka vardı...

Arxadakı dəmiryol vağzalıdır...

Ağdamlılar belə şərh verirlər. Ətrafda hara haradır, bilinmir. Amma onlar xatırladıqları, hansısa bənzərtidən, işarədən tanıdıqları yerləri bizlərə nişan verirlər...

“Ədalət” qəzetinin əməkdaşı Nicat Novruzoğlu Bakıdan alma ağacı gətrib özü ilə...

Deyir Ağdam məscidinin həyətində əkəcəm. Yolüstü evlərinin axtarışına çıxdı, çətinliklə tapdı, gözlərindən yaş sel verib axdı. “Mən nə şəkli çəkib aparıb anama göstərim. Deyib evimizin şəklini çək gətir. Nə deyim, nəyin şəklidir deyim?!” - özlüyündə özələnir. Elə bil Tanrıdan soruşur...

Məscidin həyətində Nicat alma ağacını basdırdı torpağa. Hərbçilərimiz söz verdilər ki, onu qurumağa qoymayacaqlar, içdikləri sudan ona da verəcəklər. Su hövzələri dağıdıldığından indi su da tapılmır buralarda...

Hamı bilir ki, Ağdamda salamat bina qalmayıb. Amma ağdamlılar yenə hardasa inanır ki, bəlkə onun evi salamatdır...

Bəlkə heç olmasa nə isə nişanə qalıb evindən...

Qalmayıb, heç bir nişanə qoymamaq olub düşmənin məqsədi...

 

Danışan əşyalar

 

Ağdamın mərkəzində, məscidin həyətində bir it gördük. Yazıq it ayaq üstündə quruyub, qarşımıza elə yüyürdü ki, illərin acı və insan həsrətlisi kimi...

Qızlar ona bulka, çörək atdılar, yedi, yenə gəlib qarşımızda əllərini uzadıb yalmandı...

Görəsən bu it Ağdamda əvvəldən olandır, yoxsa işğalçılarla gəlib?.. Nə fərqi var, Allahın heyvanıdır, amma hətta heyvan psixologiyası pozulub haldan-hala düşməkdən...

Daşa o günü verən, məzarlıqları dağıdıb, insan sümüklərini çıxardıb işgəncə verən məxluqlar görün itin başına hansı it oyunu açıblar. Talesiz, sahibsiz heyvan...

Məscidin minbərindən baxırsan, ucu-bucağı görünməyən dağıntı... Faşizmin dağıtdığı Varşavanın şəkilləri yada düşür...

Hansısa xarici jurnalist yaxşı ifadə edib Ağdamın bu görüntülərini - Qafqazın Xirosiması...

Ruhlar şəhəri...

Hardasa gözə həyat işarətləri dəyir. Məsələn, pas atmış dəmir çəlləyin üstündə parçadan geyilmiş, köhnə qadın ayaqqabıları var. Bizim ayaqqabılara oxşayır...

Kişi gödəkçəsi isə o rəzilləri xatırladır - düşməni...

Uçulmamış yeganə divara qolovanı ilə söykədilmiş at arabası kimə məxsusluğu barədə “susur”...

Avtomat telefon aparatı bizdənqalmadır...

Nar ağacının üstündə qurumuş narlar da bizdən bizə xəbər verir...

Məzarlığın yerində salınmış yeni nar bağı isə nədənsə adama çox, çox yad gəlir...

Məzarlıq demiş, məzarlıq əvəzinə cəmi beş-altı məzarın təxmini yeri müəyyən edilib nişan qoyulmuş məkana ziyarətə dönürük. Burda Milli Qəhrəman Allahverdi Bağırov dəfn edilib. Yanında başqa bir qəhrəmanın da məzarı varmış, onu da bərpa ediblər. Bərpa ediblər deyirik, amma yerin altı üstünə çevrilibsə...

Bu yerdə əsasən soyqırımına məruz qalan xocalılılar dəfn olunubmuş. Məzarlarını da soyqırımı edib düşmən... Məzarı da onlara çox görüb... 

 

Nə göyündə quş uçur, nə torpağında qarışqa gəzir...

 

“Vətən səsi”  qəzetinin baş redaktoru Elşən Əliyev deyir uşaq xəstəxanasına çatırıq: “Bu yol vaxtilə ikitərəfli olub, ortasında da park. Sağ tərəfdə doğum evidir, ardınca da uşaq xəstəxanası. On minlərlə ağdamlının dünyaya gəldiyi məkan”...

Ağdam 50 küçədən, 5 kənd sahəsi, 2 məhəllədən ibarətdir, yaxud ibarət imiş... Məhəllələr 2 nömrəli və 81 nömrəli... 81 nömrəli məhəllədə 640 ev olub.

İndi dayandığımız bu xarabalıq ərazidə vaxtilə 11 beşmərtəbəli bina varmış...

Axtarsan tapmazsan

                        ərzi-dünyanı...

Gəl gəzək dünyanı,

                        belə yer hanı...

Bir vaxtlar bu misralarla gözəlliyi vəsf edilən Ağdamdan indi daş, dəmir qırıntısı qalıb...

Nə göyündə quş uçur, nə torpağında qarışqa gəzir...

Dünyaca məşhur Çörək Muzeyindən bir divar qalıb, bizə keçmişindən xəbər verib tarix danışan divar...

Ətraf dağıntıdır, amma o dağıntıların arasında yamyaşıl otlar baş qaldırıb...

Hava adamın ciyərlərini oxşayır, g

ünəş üzümüzə gülümsəyir - bu, cənnət demək deyilmi...

Ağdam xarabalığa dönsə də, mərdi-mərdanə dayanıb...

Düşmən  əlində orqanları kəsilmiş, başına müsibətlər açılıb, işgəncələr görmüş igid döyüşçü kimi dayanıb Ağdam, dimdik, məğrur...

“6 nömrəli məktəb hardadır?” soruşurlar. Zülfü müəllim daşı daş üstdə qalmayan bir tikili göstərib, “bu de, buradır” deyir.

Araya dəhşətin ifadəsi olan sükut çökür...

 

Qarabağ xanlarının son məqamı

 

İmarətə çatırıq...

İmarətdə Pənahəli xanın iqamətgahı olub, sonra da məqbərəsi...

Xan dünyasını dəyişəndə burda dəfn edilib. Birinci məqbərə Pənahəli xanın, yarısı sökülmüş ikinci məqbərə oğlu İbrahim xanın, üçüncüsü nəvəsi Mehdiqulu xanın məqbərəsidir. Onlardan başqa ailədən dörd nəfər burada dəfn edilib.

Sonuncu dəfn olunan Xan qızı Natəvan olub. Özü vəsiyyət edib ki, məni nəslimin yanında dəfn edin. Şuşadan Ağdama 33 km-dir, o qədər yolu Natəvanı qarabağlılar çiyinlərində gətirib Ağdamda dəfn ediblər...

Onun məqbərəsindən indi əsər-əlamət yoxdur...

Natəvanın məzarını da qazıblar, dağıdıblar...

Pənahəli xanın məqbərəsini saxlayıblar, amma qəbrini qazıb sümüklərini çıxarıblar...

O qədər vəhşiliyin şahidi olursan ki, nisbətən salamat qalmış bir bina, divar, yaxud kəsilməmiş ağac görəndə adam düşünür ki, görəsən bunu niyə məhv etməyiblər?..

“Nə fikirləri olub ki, bunu saxlayıblar”, - deyə düşüncəndə araşdırma aparırsan...

Bu edilənlər insan əməli deyil, hansısa məxluqun törətdikləri rəzillikdir, əslində buna ad qoymaq da mümkün deyil...

Erməni vəhşətinin ifadəsi olacaq söz hələ heç bir xalqın leksikonunda tapılmayıb, ad qoyulmayıb bu düşmənçiliyə...

 

Cənnət xarabalığı

 

1982-ci ildən hər il ənənəvi olaraq mayın 2-də Ağdamda Natəvan qızlar bayramı keçirilib...

Min nəfərin iştirakı ilə xor kollektivi Azərbaycan mahnıları ifa edərmiş...

On minlərlə adam toplaşırdı həmin bayrama...

İmarətin belə günləri olub...

1989-cu ildə isə “Xarı bülbül” festivalı Ağdamda keçirilib. Festivalda bütün Orta Asiya respubilkalarından, Türkiyədən, Kanadadan, Amerikadan qonaqlar iştirak ediblər...

Bunları bələdçimiz Zülfü müəllim danışır...

Düşünürsən ki, indi həmin adamları - xaricdəkiləri tapıb gətirəsən, göstərəsən ki, görün erməni xisləti o cənnətdən necə cəhənnəm yaradıb...

Yox, o torpaqlar müqəddəsdir, şəhid qanı ilə azad edilib. Oranı cəhənnəm etmək istəyən erməni, amma tam edə bilməz...

Tezliklə bütün Qarabağ yenə cənnətə çevriləcək...

Ağdamın xarabalığı belə cənnətdir...

Cənnətin xarabalığı da cənnət olur...

3000 adamlıq Ağdam stadionu elə bil hiss edir ki, sakinləri qayıdıb, tezliklə çal-çağırlı günləri geri dönəcək...

 

Tar-mar edilən 3 mərtəbəli binanın qənşərindəki Çinar...

 

Ağdam Dram Teatrı, daha doğrusu, onun xarabalıqları ilə üzbəüz binadan qalan dağıntını çəkirəm videoya, fotolara...

Bu evdəki mənzillərdən birində bizim Bəxtiyar müəllim yaşayıb...

Ona göstərəcəm...

Bu xarabalıqlar vaxtilə Ağdamın ən gözəl, abad məhəllələrindən olub. Şəhərin ən mərkəzi küçəsi, paradların keçirildiyi meydan imiş...

Bütün Ağdam kimi, Bəxtiyar müəllimin də evi tar-mar edilib...

Bir yığın daş-kəsək qalıb...

Bütün ağdamlılar kimi, Bəxtiyar müəllimin də uşaqlıq, yeniyetməlik, gənclik duyğularını, yaddaşını yaşadan bütün əyani mənbələr yox olub...

İndi gəl, bunları Bəxtiyar müəllimə, digər ağdamlılara de...

Həqiqətin nə olduğunu onlar məndən də yaxşı bilir, amma yenə də bizdən onlara keçmişlərini xatırladacaq nə isə bir soraq gözləyirlər...   

Hə, əslində Bəxtiyar müəllimə bir təsəllim, müjdəm var...

Sizə Ağdamlı günlərinizi xatırladacaq bir Çinar ağacı qalıb, ay Bəxtiyar müəllim, olmayan evinizin qarşısında...

Nədənsə o Çinara dəyməyiblər, nədənsə onu saxlayıblar...

Bütün bu vəhşətin, dəhşətin, zülmün, xarabalığın içində kimsəsiz qalan, yetim qalan o Çinar da qurumayıb...

O Çinar özündə güc tapıb, özündən güc alıb, onu əkənlərin gücündən rişələnib, hələ bir az da boy atıb, özünü Sizlər üçün qoruyub...

Keçmişinizdən, Ağdamlı günlərinizdən qalan yeganə nişanə olduğunu sanki anlayıb və dözüb, yaşayıb bu 27 ildə ...

Demək, bu Çinarın timsalında elə Ağdam da ağdamlıları unutmayıb...

Düşmən əsarətində tənha qaldığına görə sakinlərindən küsməyib, inciməyib, onların yolunu həsrətlə gözləyib, onlara SALAM verəcək Çinarları yaşadıb...

Bir topa daş-kəsək içində göylərə dikilən bu Çinar elə Ağdamın yenidən dirçələcəyinə, bəlkə də əslində bəlkəsiz, elə əvvəlkindən daha abad, daha gözəl, daha varlı, daha qüdrətli olacağına inamın, əminliyin rəmzidir!..

Arzulayırıq, ümid edirik ki, “Ağıllı şəhər” konsepti ilə yenidən qurulacaq Ağdamda bu Çinara, bu Çinarlara dəyməsinlər, yerlərini dəyişdirməsinlər, quruculuq prosesində onları zədələrdən qorusunlar...

Hökmən, ancaq hökmən qorusunlar...

Çünki bu Çinarlar keçmişdən bu günə - cənnətdən xarabalığa dönüşün acı nişanəsidir və bu gündən sabaha - tənəzzüldən intibaha keçidin əzm gücüdür, enerjisidir...

 

Qarışqaların açdığı yol

 

...Bələdçimiz Zülfü Qasımov vaxtilə Ağdamda yüksək vəzifələrdə çalışıb, amma bələdçilikdən heç bir təhsil almayıb. Di gəl ki, heç bir muzeydə belə bələdçi görünməyib. O qədər sevgiylə geniş məlumat verir ki, dinləməkdən doymursan...

Qarşıda hələ Şahbulağa da getməliyik, hava isə qaralmağa başlayır. Nə onun söhbətlərindən doymaq olur, nə də Ağdamdan, Qarabağın cənnət havasından...

Nələr görməyib Şahbulaq, dili olsaydı danışardı...

Danışır da, eşidən eşidir...

Suyu cənnət suyudur...

Şuşa qalasını salan Pənahəli xan 1750-ci ildə Ağcabədinin Bayat kəndində yurd qurub. Sonra gəlib Ağdamda 1751-1752 -ci ildə həmin bu sarayı ucaldıb. XVIII əsr yadigarı olan qala divarları iki hissəlidir, evi və divanxanası. Qalanın adı da buradakı bulağın adından - Şahbulağından götürülüb...

Şahbulaq qalası Qarabağ xanlığının ərazisində inşa etdirilən ikinci qaladır...

Şahbulaq qalası Bayat qalasından öncə Qarabağ xanlığına inzibati mərkəz kimi inşa edilib. Müdafiə tipli qala əvvəl yaşayış yeri kimi istifadə olunsa da, sonradan gözətçi məntəqəsi kimi saxlanıb.

Elmi ədəbiyyatda Şahbulaq qəsri adı ilə tanınan abidə əslində iri qəsr kompleksinin içqalası olub.

Erməni çalışıb ki, özününküləşdirsin Şahbulağı, o adda qalanı da həmçinin, tikinti aparıb üstündə...

Amma qalanın ruhu qırılmayıb. Elə bil xəstə yatıbmış, indi sağalır...

Qarabağın ilıq günəşi iliklərimə qədər isitdi, ciyərlərim nəfəs aldı, torpağın, gül-çiçəyin, havanın, boyananın, yarpızın ətrini duydum...

Heç yerdə bu qədər gözəl qoxumur bu sadaladıqlarım...

Bayaqdan Ağdam ərazisində gözə dəyməyən qarışqalar Şahbulağa doğru yol alıblar, onların düzümünü tutub bulağa çıxa bilərsən, daşı ha daşı, yuvalarına nə isə daşıyırlar...

Həyat beləcə başlayacaq Ağdamda...

İnsanlar da qarışqalar kimi dişi-dırnağı ilə yeni Ağdam tikəcəklər...

Şahbulağı kimi qaynayacaq həyat Ağdamda...

Daha “Ruhlar şəhəri” olmayacaq Ağdam...

Şükür külünə, şükür qayıdış gününə!..

“Ağdamdan qayıdırıq”  kəlməsinin gözəlliyinə şükür...

Müqəddəs Ramazan günlərində qan bahasına geri aldığımız Qarabağa səfər etmək elə ən müqəddəs yerləri ziyarətə bərabərdir, qınamayın məni, bəlkə ondan da üstündür...

Ziyarətimiz qəbul olunsun, şəhidlərimizin ruhu şad olsun...

 

Ramilə QURBANLI,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video