1998-ci il martın 20-si idi. Mərdəkandakı "Abşeron" sanatoriyasında Novruz bayramı münasibətilə qaçqın və məcburi köçkünlər üçün bayram şənliyi təşkil olunmuşdu və Ulu Öndər Heydər Əliyev də bu tədbirdə yurd-yuvasından didərgin düşən insanlarla bərabər idi.
Bütün əlamətdar günlərdə, tədbirlərdə daim qaçqın və məcburi köçkünlərlə görüşən, bu insanlara böyük diqqət və həssaslıqla yanaşan, onların problemlərinin aradan qaldırılması istiqamətində böyük işlər görən Ulu Öndərin gündəliyində duran bir nömrəli məsələ isə bu soydaşlarımızın tezliklə öz torpaqlarına qovuşdurulması idi.
Həmin gün də Novruzun ümid, gələcək rəmzi sayılan bərəkət rəmzlərinin düzüldüyü süfrə arxasında etdiyi çıxışında Ümummilli Lider Heydər Əliyev bu böyük inamı belə dilə gətirmişdi: "Gün o gün olacaq ki, Novruz bayramını bir dəfə gələcəyəm Şuşada, o biri il Laçında, o biri il Kəlbəcərdə, Ağdamda, Füzulidə, Cəbrayılda, Zəngilanda, Qubadlıda keçirəcəyik. Əminəm ki, belə də olacaqdır".
Gün o gün oldu
Ulu Öndərin tarixi torpaqlarımıza qayıdacağımızın böyük əminliyini ifadə edən həmin çıxışının üzərindən çox qısa zaman ötəndən sonra Azərbaycan xalqı o böyük günü yaşadı.
2020-ci il sentyabrın 27-də çıxdığımız haqq yürüşünü cəmi 44 günə Şuşa zəfəri ilə yekunlaşdıraraq torpaqlarımızı 30 illik işğaldan qurtardıq, yüzminlərlə keçmiş məcburi köçkün dədə-baba yurdlarının azadlığının xoşbəxtliyini yaşadı.
2021-ci il martın 20-də isə Qarabağın qürur qalası Şuşanı azadlığına qovuşduran Qalib Sərkərdə İlham Əliyev, hələ Qarabağ xanlığı dövründən yerli əhalinin Novruz bayramını keçirdiyi Cıdır düzündə bayram tonqalı alovlandıraraq Azərbaycanın düşmənlərinin bağrına ox, dostlarının ürəyinə sevinc qığılcımları səpdi.
30 illik işğal dövründə buz tutan yurdlarımızın oyanışının, dirçəlişinin rəmzi mənası olan bu bayram, eləcə də qələbə tonqalı vaxtilə Ulu Öndər Heydər Əliyevin Füzulidə, Horadizdə uğurlu təməlini qoyduğu, daha sonra Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə aparılan 2016-cı ilin şanlı Aprel döyüşlərindən sonra Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinin sakinlərinin yurdlarına qovuşdurulmasının ardınca Qarabağa və Şərqi Zəngəzura Böyük qayıdışın tezliklə gerçəkləşəcəyinin də müjdəçisinə çevrildi.
Həssas qayğı
Ulu Öndər Heydər Əliyev Azərbaycanın üzləşdiyi qaçqın və məcburi köçkün problemini bütün beynəlxalq tribunalarda qaldırır, məsələnin ədalətli həllini tələb edir, yurdundan didərgin salınan bir milyondan çox azərbaycanlının qarşılaşdığı haqsızlıqları beynəlxalq ictimaiyyətin diqqətinə çatdırırdı.
Eyni zamanda o, torpaqlarımız işğaldan azad edilənə qədər ölkə daxilində qaçqın və məcburi köçkünlərin yaşayış şəraitlərinin yaxşılaşdırılması istiqamətində mühüm tədbirlər görürdü.
Xalqının düçar olduğu qaçqınlıq, məcburi köçkünlük bəlasını özünün bir nömrəli problemi hesab edən Heydər Əliyev hakimiyyətə gəldiyi ilk vaxtlardan yurd-yuvasından didərgin salınmış soydaşlarımızın qayğı və problemlərinin həllini dövlətimizin əsas siyasətinə çevirmişdi. Ulu Öndər deyirdi ki, bu insanların məskunlaşdıqları yerlərdə yaşamaları, əmək fəaliyyəti ilə məşğul olmaları üçün bütün imkanlardan istifadə edilir: "Biz əlimizdən gələni edirik ki, sizin yaşayışınız müəyyən qədər normal olsun. Amma aydındır ki, yerini, yurdunu itirmiş insanların yaşayışı çətindir. Bu, sizi də, bizi də incidir".
Özünün də ürək ağrısı ilə ifadə etdiyi kimi, qaçqın və məcburi köçkünlərin sosial problemləri daim Ümummilli Lideri dərindən narahat edirdi. Buna görə də o, dəfələrlə çadır şəhərciklərinə yollanır, orada yaşayan insanların şəraitləri ilə şəxsən tanış olur, problemlərinin həlli istiqamətində mümkün olan bütün işləri görürdü.
Ulu Öndər Heydər Əliyevin çadır şəhərciklərinə gəlməsi, məcburi köçkünlərlə görüşməsi, onlara mənəvi arxa durması bu insanlara böyük sevinc bəxş etməklə yanaşı, Vətənə qayıdış inamlarını da sönməyə qoymurdu, əksinə, onlarda dərin inam yaradırdı.
Heydər Əliyev bütün nitqlərində, çıxışlarında, məcburi köçkünlərlə olan söhbətlərində hər zaman bu məsələ ilə bağlı danışır, bir gün mütləq işğal altındakı torpaqlarımızın azad olunacağına və məcburi köçkünlərimizin öz yurd-yuvalarına qayıdacağına əminliyini bildirirdi.
Bütün çadır şəhərcikləri ləğv olundu
Ümummilli Lider Heydər Əliyev ölkəmizdə əsasını qoyduğu uğurlu neft strategiyası sayəsində əldə edilən ilk vəsaiti də məhz qaçqın və məcburi köçkünlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına yönəltmiş, eləcə də insanlarımızın acınacaqlı vəziyyətdə yaşamağa məcbur olduğu çadır düşərgələrinin ləğvinə başlamışdı.
2001-ci il sentyabrın 7-də Ulu Öndərin "Azərbaycan torpaqlarının erməni silahlı qüvvələri tərəfindən işğalı nəticəsində Ağdam və Füzuli rayonlarından didərgin düşmüş və çadır düşərgələrində müvəqqəti yerləşdirilmiş məcburi köçkünlərin bir qisminin həmin rayonların ərazisində məskunlaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında" və 13 may 2002-ci il "Biləsuvar rayonu ərazisində yerləşən beş çadır düşərgəsində məskunlaşmış məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması ilə bağlı bəzi tədbirlər haqqında" fərmanlarına uyğun olaraq, Biləsuvar, Füzuli və Ağdam rayonlarının ərazisində 5081 ailədən ibarət 22800 məcburi köçkün üçün bütün zəruri sosial-texniki infrastrukturu ilə birlikdə 20 qəsəbə salındı və Biləsuvar rayonu ərazisindəki 5 çadır düşərgəsi 2003-cü ilin iyun ayında ləğv edildi.
Prezident İlham Əliyevin 2003-cü il prezident seçkiləri ərəfəsində proqramının tərkib hissəsi də qaçqın və məcburi köçkünlərin problemlərinin həlli idi.
İlham Əliyev söz vermişdi ki, beş il ərzində Azərbaycanda bir dənə də olsun çadır şəhərciyi qalmayacaq və cəmi 4 il ərzində, 2007-ci ildə bu böyük hədəfə nail olundu. 2020-ci ilə qədər ölkədə məcburi köçkünlər üçün 100-dən çox qəsəbə-şəhərcik salındı.
Ötən müddət ərzində Azərbaycanda 300 mindən çox məcburi köçkün mənzillərlə, fərdi evlərlə təmin olundu, həmçinin onların digər problemləri də ardıcıl şəkildə öz həllini tapdı.
Milli ideyaya çevrilən quruculuq
44 günlük şanlı Vətən müharibəsindən heç iki il ötməmiş Qarabağa və Şərqi Zəngəzura yeni nəfəs verən qurucu lider İlham Əliyev bu ərazilərimizdə qayıdış üçün möhkəm özüllər, təməllər, bünövrələr atır. Qarabağ və Şərqi Zəngəzurun bərpası həm də artıq milli ideyaya çevrilib.
2022-ci ilin iyul ayından etibarən Zəngilanın Ağalı kəndinin sakinləri artıq öz yurdlarına qayıdaraq xoşbəxt həyata qədəm qoyublar. İşğal altındakı digər ərazilərimizdə olduğu kimi, cəmi iki il əvvələ qədər bir həyat nişanəsi belə tapılmayan Ağalı kəndi indi Cənubi Qafqazın ən modern, "ağıllı kənd" ünvanına çevrilib. Ağalılılar bir qərinəlik həsrətdən sonra öz dədə-baba torpaqlarına qovuşublar, hər zaman arzuladıqları kimi, artıq Yeni il, Novruz, Qurban, Ramazan bayramlarını, ümumiyyətlə, qarşıdakı bütün bayram və xoş günlərini əbədiyyətədək doğma kəndlərində qeyd edəcəklər.
"Bu gün biz yeni çağırışlarla üzləşirik. Ancaq bunlar xoş çağırışlardır - Qarabağın və Şərqi Zəngəzurun yenidən qurulması, insanların geri qayıtması və Azərbaycanın hər hansı bölgəsində yaşayan keçmiş məcburi köçkünlər üçün daha yaxşı şəraitin yaradılması". Bu il oktyabrın 5-də Ağdamda baş tutan Azərbaycan Milli Şəhərsalma Forumunun açılış mərasimindəki çıxışında Prezident İlham Əliyevin bəyan etdiyi kimi, hazırda keçmiş məcburi köçkün və qaçqınların öz doğma yurdlarına mümkün qədər tez bir zamanda geri qaytarılması milli prioritetimizdir.
Prezident İlham Əliyevin rəhbərliyi altında həyata keçirilən bu işlər isə onu deməyə əsas verir ki, şuşalıların, ağdamlıların, laçınlıların, kəlbəcərlilərin, ümumiyyətlə, doğma od-ocağından didərgin salınmış bütün keçmiş məcburi köçkünlərin də öz dədə-baba torpaqlarına qovuşdurulacaqlarına sayılı günlər qalıb.
Gələn il yüzillik yubileyini təntənə ilə qeyd edəcəyimiz Ulu Öndər Heydər Əliyevin arzularının zirvəsində yer aldığı kimi…
Yasəmən MUSAYEVA,
"Azərbaycan"