Qlobal geosiyasi və iqtisadi proseslərin sürətlə transformasiya olunduğu bir dövrdə regional əməkdaşlıq platformalarının əhəmiyyəti daha da artır. Bu baxımdan Türk Dövlətləri Təşkilatı (TDT) üzv ölkələri arasında formalaşan və getdikcə dərinləşən çoxşaxəli əməkdaşlıq modeli həm region daxilində, həm də beynəlxalq miqyasda diqqət mərkəzindədir.
Bunu AZƏRTAC-a açıqlaması zamanı Kocaeli Heydər Əliyev Mədəniyyət Mərkəzinin sədri Bilal Dündar bildirib.
Onun sözlərinə görə, son illərdə təşkilat çərçivəsində həyata keçirilən islahatlar və institusional inkişaf tədbirləri TDT-ni daha funksional və təsirli beynəlxalq quruma çevirib.
“İqtisadi əməkdaşlıq sahəsində əldə olunan nailiyyətlər xüsusi vurğulanmalıdır. Üzv dövlətlər arasında ticarət dövriyyəsinin artırılması məqsədilə tarif və qeyri-tarif maneələrinin aradan qaldırılması istiqamətində mühüm addımlar atılır. Eyni zamanda, sərmayə qoyuluşlarının təşviqi, birgə sənaye zonalarının yaradılması, kiçik və orta biznesin inkişafı üçün ortaq platformaların qurulması iqtisadi inteqrasiyanın dərinləşməsinə xidmət edir. Bu baxımdan Türk İnvestisiya Fondu kimi mexanizmlər region daxilində maliyyə axınlarının koordinasiyasını təmin edən mühüm alətlərdəndir. Nəqliyyat və logistika sahəsində əməkdaşlıq TDT-nin strateji prioritetlərindən biridir. Dəmir yolu, dəniz və avtomobil nəqliyyatı infrastrukturunun modernləşdirilməsi, rəqəmsal logistika sistemlərinin tətbiqi və tranzit prosedurlarının sadələşdirilməsi üzv ölkələrin tranzit potensialını əhəmiyyətli dərəcədə artırır. Bu isə TDT məkanını qlobal ticarətin əsas qovşaqlarından birinə çevirmək potensialına malikdir”, - deyə o vurğulayıb.
Mərkəz sədri bildirib ki, enerji sahəsində əməkdaşlıq isə təşkilatın strateji gücünü artıran əsas istiqamətlərdəndir. Onun sözlərinə görə, neft və qaz ehtiyatları ilə zəngin olan türk dövlətləri arasında enerji resurslarının hasilatı, nəqli və ixracı sahəsində koordinasiyanın gücləndirilməsi yalnız regional deyil, qlobal enerji təhlükəsizliyi baxımından da mühüm əhəmiyyət kəsb edir: “Bununla yanaşı, bərpaolunan enerji mənbələrinə keçid, yaşıl enerji layihələrinin həyata keçirilməsi və enerji səmərəliliyinin artırılması istiqamətində birgə təşəbbüslər gələcək əməkdaşlığın əsas prioritetləri kimi çıxış edir. Rəqəmsallaşma və innovasiya sahəsində əməkdaşlıq da yeni mərhələyə qədəm qoyur. “Ağıllı şəhər” konsepsiyaları, elektron hökumət sistemləri, startap ekosistemlərinin inkişafı və rəqəmsal iqtisadiyyatın təşviqi üzv ölkələr üçün yeni imkanlar açır. Bu istiqamətdə təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsi TDT-nin qlobal rəqabət qabiliyyətini artırır”
Kocaeli Heydər Əliyev Mədəniyyət Mərkəzinin sədri vurğulayıb ki, Türk Dövlətləri Təşkilatı çərçivəsində inkişaf edən əməkdaşlıq modeli yalnız dövlətlərarası münasibətlərin deyil, xalqlar arasında qardaşlıq və etimad bağlarının daha da möhkəmlənməsinin bariz nümunəsidir. Bu birlik ortaq kimlik və ortaq maraqlar əsasında formalaşaraq gələcək nəsillər üçün möhkəm təməl yaradır.
“Eyni zamanda, qeyri-hökumət təşkilatları, mədəniyyət mərkəzləri və ictimai institutlar bu prosesdə mühüm rol oynayır. Onların fəaliyyəti nəticəsində xalqlar arasında birbaşa əlaqələr genişlənir, ortaq dəyərlər təbliğ olunur və əməkdaşlıq daha geniş sosial baza qazanır. Türk Dövlətləri Təşkilatı qlobal miqyasda yeni güc mərkəzlərindən biri kimi formalaşmaqdadır. Mövcud potensialın səmərəli şəkildə reallaşdırılması, ortaq strategiyaların ardıcıl icrası və qarşılıqlı etimada əsaslanan əməkdaşlıq modeli bu birliyin gələcəkdə daha da güclənəcəyini deməyə əsas verir. Bu isə yalnız türk dövlətləri üçün deyil, bütövlükdə region və dünya üçün sabitlik, rifah və inkişaf vəd edən mühüm amildir”, - deyə o bildirib.