Heç bir qüvvə Azərbaycanı İslam dünyasının həmrəyliyi yolunda təşəbbüslərindən, mənəvi dəyərlərimizi qorumaq siyasətindən döndərə bilməz
Azərbaycanın yüksəlişinin, gündən-günə dəyişərək gözəlləşən simasının əsas ünvanı Bakıdır, desək yanılmarıq. Ölkəmizin inkişaf dinamikasına paralel olaraq son illərdə Bakı olduqca dəyişib, dünyanın ən gözəl şəhərlərindən birinə çevrilib. Paytaxtımızda qədimiliklə müasirliyin bir-birini tamamlayan harmoniyası buraya ayaq basan hər kəsi valeh edir.
Prezident İlham Əliyev paytaxtımızda aparılan abadlıq və quruculuq işlərini xüsusi diqqət mərkəzində saxlayır. Təsadüfi deyil ki, Bakının inkişafı və abadlaşdırılması ilə bağlı cənab Prezident çox böyük təşəbbüslər irəli sürüb və bunlar uğurla həyata keçirilib. Bu təşəbbüslərə Bakının ekoloji vəziyyətinin yaxşılaşdırılmasını, Bakı bulvarının dünyanın ən gözəl dənizkənarı bulvarları sırasına daxil olmasını, nəqliyyat sisteminin yenilənməsini, onlarla yol ötürücülərinin, körpülərin, keçidlərin tikintisini, şəhərin mərkəzinin gecəqondulardan təmizlənib “Qış bulvarı” kompleksinin salınmasını, dünyanın aparıcı hotel brendlərinin paytaxtımıza cəlb edilməsini və s. misal göstərmək olar. Bunların nəticəsidir ki, bu gün Bakı dünyanın ən gözəl şəhərlərindən birinə və beynəlxalq tədbirlər mərkəzinə çevrilib.
Son illər ərzində Bakıda yüzlərlə məktəb, uşaq bağçası, mədəniyyət evləri yenidən qurulub, tikilib, təmir olunub. Göz oxşayan yaşayış binaları, göydələnlər şəhərimizin simasına yeni kolorit gətirib. Heydər Əliyev Mərkəzinin, “Alov qüllələri” kompleksinin əzəmətli və möhtəşəm binaları müasir Bakının simvollarına çevrilib.
Keçmişdə “Sovetski” adlandırılan ərazidə görülən işlər də paytaxtımızın abadlaşdırılması istiqamətində həyata keçirilən layihələrin davamıdır. Əlbəttə ki, Bakı daha da müasirləşməli, bugünkü tələblə uyğunlaşmayan yaşayış massivləri şəhərin mərkəzindən yığışdırılmalıdır. Bu, günün qaçılmaz tələbidir. Ona görə də Azərbaycan hökuməti paytaxtın siması ilə uyuşmayan, ən kiçik avtomobilin belə hərəkətinin qeyri-mümkün olduğu əyri, köndələn yolları, havasız, üfunətli məhəllələri, XX əsrin əvvəllərinin nizamsız urbanizasiyasından miras qalmış “gecəqondu memarlığı”nı öz vətəndaşlarına rəva görmür. Bunların əvəzində şəhər sakinlərinə təmiz şəhər, rahat yollar, ekologiyanın yaxşılaşmasına töhfə verən yaşıl parklar, geniş mənzillər, dünyanın ən yeni memarlıq inciləri, böyük təhsil və ibadət kompleksləri təklif edilir.
Təqdirəlayiq haldır ki, Bakı və bütövlükdə ölkədə aparılan yenidənqurma işlərinin bir istiqamətini də dini və tarixi komplekslərin, o cümlədən məscid binalarının təmiri təşkil edir. Cənab Prezidentin tapşırığı və şəxsi nəzarəti ilə Bibiheybət məscid-ziyarətgah kompleksi, Təzəpir məscidi, İçərişəhər Cümə və Həzrət Məhəmməd məscidləri, Əjdərbəy məscidi, Şamaxı Cümə məscidi, Gəncə “İmamzadə” kompleksi və onlarla digər dini abidə dövlət tərəfindən əsaslı şəkildə təmir və bərpa edilərək yenidən dindarların istifadəsinə verilib. Son olaraq Bakıda inşa olunan Heydər məscidi Azərbaycan Prezidenti İlham Əliyevin dini mənəvi dəyərlərimizə dərin bağlılığının və inanclı vətəndaşlarımıza böyük ehtiramının növbəti təsdiqi oldu. Artıq Azərbaycanda məscidlərin sayı 2166-ya çatıb. Halbuki sovet dövrü məscid statuslu tikililərin sayı cəmi 17 idi. Hazırda ölkədə 306 məscid dövlət tərəfindən tarixi abidə kimi qorunur. Onu da qeyd edək ki, Azərbaycanda son illərdə yüzlərlə yeni məscidin inşası və ya köhnələrin bərpası xüsusi reklam edilmədən həyata keçirilib. Çünki bu işlər dövlət başçısının öz ölkəsinin dini çoxluğuna, özünün də mənsub olduğu dini icmaya qayğısının təzahürüdür.
Prezident İlham Əliyev müsəlman bayramlarını dindarlar və müsəlman ölkələrinin səfirləri ilə birgə qeyd edir. Eyni zamanda özü və ailə üzvləri müqəddəs Kəbəni ziyarət ediblər. Azərbaycanda dini təhsilin genişləndirilməsi, yenidən təşkil olunması istiqamətində də ciddi addımlar atılıb.
Bu işləri görən dövlət təqdir olunmalıdır, yoxsa bəzilərinin aprelin 12-də etdiyi çağırışlardakı kimi lənətlənməlidir? Əlbəttə, bu sahədə görülən işlər dəyərləndirilməlidir. Təəssüflə qeyd etməliyik ki, Yasamal rayon Abdulla Şaiq küçəsi, 79 ünvanında yerləşən yöndəmsiz və qəzalı Hacı Cavad məscidinin sökülməsinə etiraz edən bir qrup “dini təəssübkeş” radikal çağırışlar edərək insanları çaşdırmağa və Azərbaycan dövlətinin milli-dini dəyərlərinin qorunmasına yönəlik həyata keçirdiyi işləri qaralamağa cəhd göstəriblər.
Məlum olduğu kimi, İslam mədəniyyətinin mərkəzləri olan Məkkə və Mədinədə, Məşhəd, Kərbəla kimi şiə ziyarətgahlarında, digər müsəlman ölkələrinin aparıcı şəhərlərində hər il neçə-neçə köhnə dini tikili sökülür və onların yerinə yeni-yeni binalar ucaldılır. Qoy 30 il bundan qabaq Məkkə və Mədinədə Peyğəmbər məscidini ziyarət edənlər söyləsinlər, orada hansı dəyişikliklər baş verib, hansı köhnə tikililər sökülərək yerində necə müasir ziyarətgahlar yaradılıbdır. İndi bunlar təqdirəlayiq haldır, yoxsa qınanmalı?
Aprelin 12-də “din təəssübkeşləri”nin düyməsini basanlar da, qanun keşikçilərinə və ərazini abadlaşdıran insanlara qarşı təhqiramiz hərəkətlər edənlər də sağlam düşüncə və vətənpərvərlik nümunəsi ortaya qoymadılar. Onlardan fərqli olaraq Prezident İlham Əliyev Azərbaycanda İslamın qorunması və inkişafı, İslam həmrəyliyinin gücləndirilməsi və xarici islamofob dairələrə qarşı mübarizə sahəsində 50-dən artıq İslam dövlətləri başçısı sırasında həmişə xüsusi fəallığı ilə seçilib. Azərbaycan dövləti ölkəmizə qarşı qərəzli siyasət yürüdən bəzi xarici dairələrdən, rəsmi və qeyri-rəsmi ünsürlərdən fərqli olaraq, əsl İslam təəssübkeşliyi nümayiş etdirir.
Bu hadisə Azərbaycanın İslam dünyası, regional əməkdaşlığın gücləndirilməsi ilə bağlı təşəbbüslərinə bu və ya digər yolla mane olmaq cəhdidir. Təəssüf ki, bu ilk dəfə deyil. Bakı İslam mədəniyyətinin paytaxtı elan edildiyi 2009-cu ildə biz müəyyən dindar təbəqəsinin aldadılaraq dövlətimizin İslam dünyasındakı rolunu kiçiltmək, imicini ləkələmək cəhdlərinə alət edilməsinin şahidi olmuşduq. Bu il ölkəmizdə “İslam həmrəyliyi ili” elan edildiyi və Bakı İslam Həmrəyliyi Oyunlarına evsahibliyi etdiyi üçün belə “cəhdlərin” yenə olması istisna edilmir. Digər tərəfdən, bu yalançı təəssübkeşlərin etirazının Şuşa məscidi ilə bağlı işğalçılarla qeyri-rəsmi “əməkdaşlıq” edilməsinə Azərbaycan dövlətinin rəsmi etiraz bəyanatı verdiyi vaxta düşməsi də düşündürücüdür. Amma hər kəs bilməlidir ki, bütün bunlar Azərbaycanı İslam dünyasının birliyi, həmrəyliyi yolunda təşəbbüslərindən, milli-mənəvi dəyərlərimizi qorumaq, İslam irsini inkişaf etdirmək siyasətindən döndərə bilməz.
Bu gün dünyada hər şey yenilənir. İnsanları dünən qane edən məişət normaları, yaşayış massivləri, nəqliyyat vasitələri, ictimai, dini, mədəniyyət və iaşə obyektləri indi onları qane etmir. Xüsusi tarixi mahiyyət kəsb edən tikililər, elm, mədəniyyət obyektləri, dini abidələr istisna olmaqla hər şey dəyişir. Azərbaycan da, əlbəttə, müasir dünyanın bir hissəsi kimi öz inkişafını davam etdirir. Əsas odur ki, insanlara yeni imkanlar yaradılır, yeni alternativlər təklif olunur. Bu seçimi dəstəkləməmək, əlbəttə ki, həm dövləti, həm cəmiyyəti müasir inkişafdan süni yolla saxlamaq deməkdir.
Cəmi bir neçə ilə “Sovetski” adlanan gecəqondu massivinin yerində nümunəvi şəhər kompleksi salınacaq. Yaradılacaq yeni istirahət guşələrini görəcək yeni nəslin isə köhnə tikilinin qorunmasına cəhd edən bu “təəssübkeşlərə” necə qiymət verəcəyini zaman göstərəcək.
Rəşad CƏFƏRLİ,
“Azərbaycan”