Yeni dialoq təmiz enerjidən süni intellektə qədər müxtəlif sahələrdə əməkdaşlığı dərinləşdirəcək
39 milyard dollardan çox investisiya… Bu, Birləşmiş Krallığın indiyədək Azərbaycana yönəltdiyi sərmayənin həcmini göstərən rəqəmdir. Bu, həmçinin Birləşmiş Krallığın ölkəmizin ən böyük xarici investoru olduğunu təsdiqləyən göstəricidir.
Təqdirəlayiq haldır ki, son dövrdə investisiya axınının hər iki istiqamətdə artması müşahidə olunur. İndi başlıca məqsəd qarşılıqlı investisiyalara əsaslanan ikitərəfli iqtisadi əlaqələri daha da inkişaf etdirməkdir. Böyük Britaniya şirkətlərinin Azərbaycanda, Azərbaycan şirkətlərinin isə orada investisiya fəaliyyətini uğurla genişləndirməsinə şərait yaratmaq əsas vəzifələrdəndir.
Ötən il iki ölkə arasında ticarət dövriyyəsi 67 faiz artıb. Bu ilin ilk yarısında isə ticarət dövriyyəsi təxminən 6 dəfə artaraq 3,6 milyard dollara çatıb. Azərbaycanın Böyük Britaniyaya ixracı 24 dəfə artıb.
İki olkə arasında iqtisadi əməkdaşlığa aid bu və digər məsələlərdən Bakıda energetika naziri Pərviz Şahbazov və Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri Lord Anas Sarvarın həmsədrliyi ilə Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında ticarət və iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 8-ci iclasında bəhs edilib.
Prezident İlham Əliyevin ölkəmizin əsas ticarət tərəfdaşlarından biri olan Birləşmiş Krallıqla dostluq əlaqələrinin möhkəmləndirilməsinə və çoxşaxəli əməkdaşlığın daha da inkişaf etdirilməsinə xüsusi əhəmiyyət verdiyini qeyd edən energetika naziri Pərviz Şahbazov deyib: "Əldə etdiyimiz nəticələr münasibətlərimizi strateji tərəfdaşlıq səviyyəsinə yüksəltmək üçün möhkəm zəmin yaradıb. Bunun üçün həm siyasi iradə, həm də geniş əməkdaşlıq potensialı var. Bugünkü iclas çərçivəsində imzalanan sənədlər, eləcə də əhatəli Fəaliyyət Planının qəbulu siyasi dialoqumuzun konkret nəticələrə çevrildiyini göstərir. Əsas vəzifəmiz razılaşmaları əməli nəticələrə, mövcud potensialı isə yeni layihələrə çevirməkdir".
Böyük Britaniyanın Biznes, İnnovasiya, Elm və Ticarət Departamentində dövlət naziri Anas Sarvar da bildirib ki, Böyük Britaniya şirkətləri 30 ildən artıqdır Azərbaycanın iqtisadi inkişafında fəal iştirak edir. Bu əməkdaşlıqda BP şirkəti xüsusi yer tutur. Britaniya investisiyaları və şirkətlərinin təcrübəsi Azərbaycanın enerji resurslarının işlənilməsi, beynəlxalq bazarlara çıxışının genişləndirilməsi və ölkənin Avropanın enerji təhlükəsizliyində rolunun gücləndirilməsinə mühüm töhfə verib.
Azərbaycan-Böyük Britaniya münasibətlərinin mövcud vəziyyəti və inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparılıb, siyasi dialoq, iqtisadiyyat və ticarət, enerji, nəqliyyat və rəqəmsal infrastruktur, kənd təsərrüfatı, humanitar və səhiyyə sahələri üzrə əməkdaşlığın genişləndirilməsi imkanları müzakirə olunub.
Əməkdaşlıq uğurla davam edir. Məsələn, enerji sahəsində "Azəri-Çıraq-Günəşli" blokundan sərbəst qazın hasilatına başlanması, "Şahdəniz Kompressiya", "Şəfəq-Asiman", "Qarabağ" və "Əşrəfi-Dan Ulduzu-Aypara" layihələri ilə əməkdaşlıq sahəsində yeni addımlar atılır. Həmçinin Özbəkistanda birgə fəaliyyət həyata keçirilir.
Gələn il Cəbrayıl rayonunda 240 MVt gücündə "Şəfəq" Günəş-Elektrik Stansiyasının istismara verilməsi nəzərdə tutulur. Bu stansiyanın enerjisi sayəsində Səngəçal terminalının dekarbonizasiyasının enerji keçidi nümunəvi model kimi özünü göstərəcək.
Onu da qeyd edək ki, keçən il Azərbaycan və Böyük Britaniya arasında tranzit yükdaşımaların 14 faiz artması nəqliyyat sahəsində də əməkdaşlığın təsdiqidir. Bu səbəbdən də sözügedən tədbirdə Orta dəhliz boyunca infrastruktur və logistika layihələrində Britaniya şirkətlərinin, eləcə də Böyük Britaniyanın İxrac Kredit Agentliyinin (UKEF) daha fəal iştirakı təşviq edilib. Eləcə də süni intellekt, kibertəhlükəsizlik, data mərkəzləri və insan kapitalının inkişafı üzrə birgə təşəbbüslərin həyata keçirilməsi, bu sahələr üzrə yol xəritəsinin hazırlanması, həmçinin Böyük Britaniyanın aparıcı universitetləri ilə birgə təhsil proqramlarının yaradılması imkanları müzakirə olunub.
Tədbirin diqqətçəkən məqamlarından biri də yekunda protokolun, eləcə də "yaşıl enerji" və nəqliyyat bağlantıları, şəhər mobilliyi sahələrində əməkdaşlığı əhatə edən 4 sənədin imzalanmasıdır. Bunlar "Xlinks" və "Yaşıl Dəhliz Alyansı" arasında Anlaşma Memorandumu, UKEF və Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi arasında yol xəritəsi, eləcə də Britaniyanın müvafiq qurum və şirkətləri ilə nəqliyyat, təhsil və digər istiqamətlər üzrə əməkdaşlıq sənədləridir. İclasda həmçinin 2026-2027-ci illəri əhatə edən, 10 istiqamət üzrə 60-dan çox tədbiri özündə birləşdirən Fəaliyyət Planı da qəbul edilib.
Lord Anas Sarvar ilə iqtisadiyyat naziri Mikayıl Cabbarovun da görüşü olub. Görüşdə Azərbaycan ilə Birləşmiş Krallıq arasında ikitərəfli iqtisadi əməkdaşlığın cari vəziyyəti və inkişaf perspektivləri müzakirə edilib. Ticarət və investisiya əlaqələrinin genişləndirilməsi, biznes dairələri arasında tərəfdaşlığın gücləndirilməsi və yeni iqtisadi imkanların araşdırılması məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Rəqəmsal iqtisadiyyat və innovasiya sahələrində əməkdaşlığın inkişaf etdirilməsi imkanları nəzərdən keçirilib.
Tərəflər qarşılıqlı iqtisadi əlaqələrin şaxələndirilməsi, biznes subyektləri arasında birbaşa əməkdaşlığın genişləndirilməsi və yeni birgə təşəbbüslərin reallaşdırılması üçün mövcud potensialdan səmərəli istifadənin vacibliyini qeyd ediblər.
Bir sözlə, yeni dialoq təmiz enerjidən süni intellektə qədər müxtəlif sahələrdə əməkdaşlığı dərinləşdirməklə strateji tərəfdaşlığı daha yüksək səviyyəyə qaldırmaq istiqamətində ortaq iradəmizi nümayiş etdirir. Şübhəsiz ki, bu, biznes üçün yeni imkanların açılmasına və hər iki ölkədə iqtisadi artımın sürətləndirilməsinə şərait yaradacaq.
Flora SADIQLI,
"Azərbaycan"