Martın 5-də Fövqəladə Hallar Nazirliyi (FHN) işçilərinin həmkarlar ittifaqı tərəfindən 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə onlayn tədbir keçirilib.
FHN-in Mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, onlayn formatda keçirilən tədbirdə çıxış edən Fövqəladə Hallar Nazirliyi işçilərinin həmkarlar ittifaqının sədri Mehman İsmayılov nazirliyin qadın əməkdaşlarını 8 mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, onlara xoşbəxtlik, möhkəm cansağlığı və işlərində müvəffəqiyyətlər arzulayıb. M.İsmayılov Azərbaycan qadınlarının həmişə sədaqət, həya, təmkin, ailəsinin rifahına, qayğısına qalan fədakar, nəcib qadın mücəssəməsi olduğunu bildirib.
O, çıxışında xalqımızın bir neçə minillik tarixində qəhrəman Azərbaycan qadınının roluna toxunaraq qeyd edib: “Azərbaycan qadını tarixin bütün dövrlərində Vətənə qəhrəman övladlar yetişdirməklə, onlarda Vətənə sevgi və sədaqət hissi aşılayıb. 44 günlük Vətən müharibəsində Azərbaycan qadını öz qəhrəmanlıq missiyasını yenə də göstərdi. Böyütdüyü övladını Vətənin dar günündə cəbhəyə şərəflə yola saldığının şahidi olduq. Şəhid və qazi anası olaraq bu ağır gündə öz mətanətini və vüqarını nümayiş etdirdi”.
Mehman İsmayılov bildirib ki, Vətən müharibəsində ordumuz qarşısında duran vəzifənin öhdəsindən məharətlə gələrək, işğal olunmuş torpaqlarımızı qısa müddətdə azad etdi. Qəhrəman Azərbaycan analarının xeyir-duası ilə igid əsgərlərimiz Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin müdrik rəhbərliyi ilə düşməni məğlub edərək, şəhidlərimizin qanını yerdə qoymadı, düşməndən intiqamımızı döyüş meydanında aldı.
Vurğulanıb ki, bu gün dövlətimiz şəhid ailələri, müharibə əlilləri və qazilər üçün lazımi diqqət və qayğı göstərir. Təsadüfi deyil ki, həm birinci, həm İkinci Qarabağ müharibələrində şəhid olmuş Vətən övladlarının ailələrinə Bakıda, Sumqayıtda və digər şəhər və rayonlarımızda yeni mənzillər təqdim edilir, onların sosial problemlərinin həlli istiqamətində mühüm layihələr həyata keçirilir.
Videokonfransda Azərbaycanda qadınlara daim böyük ehtiram və hörmət bəslənildiyini xatırladan Mehman İsmayılov müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkar qadınlarımızın adlarının çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərlə yazıldığını deyib. Bildirilib ki, Azərbaycanda qadın hərəkatı gündən-günə inkişaf edir. Bu, həm bizim tarixi ənənələrimiz, həm də həyata keçirilən dövlət qadın siyasəti və onlara yaradılan şəraitlə bağlıdır. Qadınlarımız dövlətin yaratdığı bütün imkanlardan istifadə edirlər. Onlar hər zaman Azərbaycan Prezidenti İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısını öz üzərlərində hiss edirlər. Məhz bunun nəticəsidir ki, bu gün ölkəmizdə bütün sahələrdə yaradılan şərait qadınların ictimai-siyasi və sosial-mədəni həyata daha fəal cəlb olunmasını şərtləndirməklə yanaşı, həm də öz potensiallarını sərbəst, səmərəli şəkildə reallaşdırmalarına yol açır.
Sonda FHN-in Aparatında və qurumlarında fəaliyyət göstərən həmkarlar ittifaqı komitələrinin qadın sədrlərinə qiymətli hədiyyələr təqdim olunub.