İmkanlar çox, perspektivlər genişdir
Azərbaycan beynəlxalq iqtisadi əməkdaşlığa böyük önəm verən ölkələrdəndir. Bu əməkdaşlıq Balkan regionu dövlətlərini də əhatə edir. Həmin ölkələrdən biri də Monteneqrodur. Azərbaycan ilə Monteneqro arasında mövcud olan iqtisadi əlaqələr qarşılıqlı maraqlara əsaslanır və illər keçdikcə inkişaf etməkdədir.
İki ölkə arasında iqtisadi münasibətlər əsasən ticarət, enerji, turizm və investisiya sahələrində özünü göstərir. Azərbaycan öz enerji resursları və iqtisadi potensialı ilə Monteneqro üçün maraqlı tərəfdaş hesab olunur. Monteneqro isə coğrafi mövqeyi və turizm imkanları baxımından Azərbaycanla əməkdaşlıq imkanlarına malikdir. Azərbaycan-Monteneqro münasibətlərinin inkişafında qarşılıqlı rəsmi səfərlər və yüksəksəviyyəli görüşlər mühüm rol oynayıb. Xüsusilə dövlət başçıları səviyyəsində həyata keçirilən səfərlər iki ölkə arasında siyasi dialoqun möhkəmlənməsinə və iqtisadi əməkdaşlığın genişlənməsinə şərait yaradıb.
Prezident İlham Əliyevin 2013-cü ildə Monteneqroya rəsmi səfəri ikitərəfli münasibətlərin yeni mərhələyə qədəm qoymasında əhəmiyyətli hadisə kimi yadda qalıb. Həmin səfər zamanı iqtisadi əməkdaşlıq, investisiya imkanları və müxtəlif sahələrdə qarşılıqlı əlaqələrin inkişafı müzakirə edilmişdi. Monteneqro Prezidenti Yakov Milatoviçin 2024-cü ilin noyabrında COP29 çərçivəsində Azərbaycana səfəri də iki ölkə arasında əlaqələrin davamlı xarakter daşıdığının göstəricisidir. Bu səfər çərçivəsində enerji, iqlim dəyişikliyi və iqtisadi əməkdaşlıq məsələləri diqqət mərkəzində olmuş, tərəflər arasında əməkdaşlığın genişləndirilməsi imkanları vurğulanmışdır.
Qeyd edək ki, Azərbaycan və Monteneqro parlamentləri arasında da əməkdaşlıq uzunmüddətli və məhsuldardır. Parlamentlərdə fəaliyyət göstərən dostluq qrupları qarşılıqlı təmasları gücləndirir, qanunvericilik sahəsində təcrübə mübadiləsinə şərait yaradırlar. Həmçinin qanunverici orqanlar arasında qarşılıqlı səfərlər və görüşlər siyasi dialoqun inkişafına, etimadın möhkəmlənməsinə və ikitərəfli münasibətlərin daha çox genişlənməsinə imkan verir. Bu baxımdan, 2024-cü ilin aprelində Milli Məclisin Sədri Sahibə Qafarovanın Monteneqroya rəsmi səfəri xüsusi əhəmiyyət kəsb edir. Həmin səfərin məntiqi davamı olaraq bu günlər Sahibə Qafarova Monteneqro Baş nazirinin müavini, xarici işlər naziri Ervin İbrahimoviçin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Görüşdə qeyd etdiyimiz qarşılıqlı səfərlərdən bəhs olunub və bunun iki ölkə arasındakı dostluq münasibətlərinin inkişafına mühüm töhfə verdiyi diqqətə çatdırılıb. Bundan başqa, ölkələr arasında iqtisadiyyat, turizm, investisiya və digər sahələrdə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.
Onu da əlavə edək ki, Azərbaycan ilə Monteneqro arasında ticarət dövriyyəsi hələlik böyük həcmdə olmasa da, artım potensialına malikdir. İki ölkənin ticarət əlaqələri əsasən idxal və ixrac əməliyyatları, eləcə də biznes subyektləri arasında əməkdaşlıq vasitəsilə həyata keçirilir. Qarşılıqlı iqtisadi maraqlar ticarət münasibətlərinin genişləndirilməsi üçün imkanlar yaradır. Bu sahədə hüquqi baza və ikitərəfli razılaşmalar ticarət əlaqələrinin inkişafına müsbət təsir göstərir.
Enerji sahəsi Azərbaycan-Monteneqro iqtisadi əlaqələrinin perspektivli istiqamətlərindən biridir. Azərbaycan enerji resursları və bu sahədə əldə etdiyi təcrübə ilə Avropa və Balkan regionu ölkələri üçün etibarlı tərəfdaş kimi çıxış edir. Monteneqro isə enerji təhlükəsizliyi və alternativ enerji mənbələrinin inkişafı baxımından Azərbaycanla əməkdaşlıqda maraqlıdır.
Turizm sahəsində də iki ölkə arasında əməkdaşlıq imkanları mövcuddur. Monteneqronun Adriatik dənizi sahilində yerləşməsi və təbii gözəllikləri, Azərbaycanın isə zəngin mədəni irsi və turizm infrastrukturu qarşılıqlı turist axınının artmasına şərait yarada bilər. Bu sahədə əməkdaşlıq xalqlar arasında mədəni əlaqələrin möhkəmlənməsinə xidmət edir.
Ervin İbrahimoviç səfər çərçivəsində Azərbaycanın maliyyə naziri, Azərbaycan və Monteneqro Hökumətləri arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Komissiyanın həmsədri Sahil Babayevlə də görüşərək, iki ölkə arasında maliyyə sahəsində əməkdaşlıq imkanlarını müzakirə edib. Tərəflər ticarət əlaqələrinin genişləndirilməsi, investisiya layihələrinin maliyyələşdirilməsi, vergi və maliyyə tənzimləmələri, eləcə də bank və maliyyə sektorunda əməkdaşlıq imkanlarını müzakirə edib, iki ölkənin maliyyə sistemləri arasında təcrübə mübadiləsinin artırılması, investisiya təhlükəsizliyi və uzunmüddətli iqtisadi layihələrin dəstəklənməsi məsələlərinə diqqət yetiriblər. Bu danışıqlar qarşılıqlı iqtisadi maraqların gücləndirilməsinə və maliyyə sahəsində əməkdaşlığın bir qədər də dərinləşməsinə xidmət edir.
Qeyd edildiyi kimi, enerji və turizm əməkdaşlıq üçün geniş perspektivli sahələrdir. Bu fonda investisiya sahələrində hüquqi baza və ikitərəfli razılaşmalar iqtisadi əlaqələrin genişlənməsinə müsbət təsir göstərir. Ona görə də bu perspektivlər çərçivəsində tərəflər gələcəkdə əməkdaşlığın konkret layihələr vasitəsilə genişləndirilməsinə hazırdırlar. Bu mənada 2026-cı ilin mart ayında keçiriləcək Birgə Komissiyanın növbəti iclasında ticarətin şaxələndirilməsi, qeyri-neft sektoruna investisiyalar, "yaşıl enerji", turizm, infrastruktur, kiçik və orta sahibkarlıq sahələrində əməkdaşlıq məsələləri geniş şəkildə müzakirə olunacaq.
Hələliksə qarşıda bir il var. O zamana kimi Azərbaycanla Monteneqro arasında iqtisadi əlaqələrin möhkəmləndirilməsi, investisiya layihələrinin reallaşdırılması istiqamətində addımların atılması gözlənilir. Proses iki ölkə arasındakı iqtisadi dialoqun dərinləşməsinə və qarşılıqlı maraqların güclənməsinə şərait yaradacaq.
Azərbaycan və Monteneqro arasında iqtisadi və parlamentlərarası əməkdaşlıq davamlı şəkildə irəliləyir. Qarşılıqlı səfərlər, görüşlər və ikitərəfli razılaşmalar iki ölkə arasında etimadın və dostluğun möhkəmlənməsinə xidmət edir. Ticarət, enerji, turizm, investisiya və digər sahələrdə əməkdaşlıq imkanlarının genişləndirilməsi gələcəkdə faydalı layihələrin həyata keçirilməsinə şərait yaradacaq.
Züleyxa ƏLİYEVA,
"Azərbaycan"