08 Oktyabr 2026 10:05
151
Mədəniyyət
A- A+
Azərbaycan kinosunun ikiseriyalı monumental epopeyası - "Dədə Qorqud"

Azərbaycan kinosunun ikiseriyalı monumental epopeyası - "Dədə Qorqud"


Hər bir xalqın mədəniyyət tarixində elə sənət əsərləri var ki, onlar, sadəcə, zamanın bir parçası kimi qalmır, bütöv bir millətin mənəvi kimliyinə, onun keçmişini bu gününə bağlayan möhkəm körpüyə çevrilir. Azərbaycan xalqının minillik tarixini, adət-ənənələrini, dövlətçilik təfəkkürünü və fəlsəfi dünyagörüşünü özündə cəmləşdirən "Kitabi-Dədə Qorqud" dastanı bizim ana kitabımızdırsa, onun yarım əsr əvvəl ekranlaşdırılan eyniadlı filmi də milli kinomuzun intibah zirvəsidir. 

1975-ci ildə "Azərbaycanfilm" kinostudiyası tərəfindən ekranlaşdırılan, 1976-cı ilin payızında isə nümayiş etdirilən ikiseriyalı "Dədə Qorqud" bədii filmi sovet senzurasının ən sərt dönəmlərində belə Azərbaycan xalqının milli mənliyini, azadlıq eşqini və qəhrəmanlıq ruhunu yüksəklərə ucaldan bir manifest rolunu oynadı. Rejissor Tofiq Tağızadənin böyük cəsarəti, yazıçı Anarın yaradıcı dühası, Emin Sabitoğlunun musiqisi və ustad aktyorların təkrarolunmaz oyunları sayəsində ərsəyə gələn bu əsər indi də ekran qarşısına keçən hər bir azərbaycanlının qəlbində eyni fəxarət və dövlətçilik hissini oyatmağı bacarır. Vətənin müdafiəsi və ocağın müqəddəsliyi filmin əsas ideyasını təşkil edir. Ekran əsərindəki hadisələr, sadəcə, xarici düşmənlərə qarşı aparılan döyüşlərdən ibarət deyil, bu, xeyirlə şərin, varlıqla yoxluğun, sədaqətlə xəyanətin əzəli-əbədi toqquşmasıdır. Dədə Qorqudun (Həsən Məmmədov) obrazında təcəssüm tapan müdriklik, insanı kainatın mərkəzinə qoyan bir türk təfəkkürünün təzahürüdür. Filmin finalında səslənən və artıq milli fəlsəfəmizin aforizminə çevrilən o məşhur kəlam - "Əgər torpaq qorunmursa, əkilməyinə dəyməz, əgər əkilmirsə, onda qorunmağına dəyməz" - sadəcə, bir ekran replikası deyil. Bu, insanla torpaq arasındakı qırılmaz bağın, əməyin və müdafiənin vahidliyini bəyan edən ali dövlətçilik düsturudur. Torpaq yalnız qanla qorunduqda və tərlə bəsləndikdə Vətənə çevrilir.

Eposun 12 boyunu bütövlükdə bir filmə sığışdırmaq qeyri-mümkün olduğundan, ssenari müəllifi Anar Rzayev əsas diqqəti "Qazan xan" və "Beyrək" qollarına yönəltdi. Bu seçim təsadüfi deyildi, burada həm vətənin müdafiəsi, xalqın birliyi, həm də sarsılmaz sevgi, sədaqət və ailə dəyərləri ön plana çəkilirdi. Filmdə hadisələr, sadəcə, döyüş səhnələri ilə bitmirdi, bütöv bir xalqın mübariz ruhunun tərənnümü idi. 


Aktyor ansamblı: obrazların canlı tarixi


"Dədə Qorqud" filmini uğura aparan ən böyük amillərdən biri onun peşəkar aktyor heyəti idi. Həsən Məmmədovun canlandırdığı Dədə Qorqud obrazı xalqın müdrikliyini, Rasim Balayevin ifasındakı Beyrək milli gəncliyimizin cəsarət və dürüstlük simvolunu təcəssüm etdirirdi. Şəfiqə Məmmədovanın Burla xatunu Azərbaycan qadınının, həm də anasının necə məğrur və sarsılmaz olduğunu bütün dünyaya nümayiş etdirirdi. Həşim Qadoyevin ucaboylu Qazan xanı, Leyla Şıxlinskayanın zərif Banuçiçəyi və Elçin Məmmədovun fədakar Qaraca çobanı indi də kinosevərlərin yaddaşında canlı bir tarix kimi yaşayır.

"Dədə Qorqud" filmini unudulmaz edən daha bir mühüm sütun bəstəkar Emin Sabitoğlunun gözəl musiqiləridir. Qorqudun qopuzunun sədaları, Beyrəklə Banuçiçəyin saf sevgisini tərənnüm edən lirik melodiyalar, eləcə də döyüş səhnələrindəki gərgin ritmlər filmin vizual tərəfini mükəmməl şəkildə tamamlayır. Bunlar filmin ruhunu daşıyan melodiyalardır. Həmin musiqilər hər zaman müstəqil sənət əsərləri kimi dinlənilir və hər bir dinləyicini uzaq əsrlərin ab-havasına aparır. Bu musiqi beynimizdəki qan yaddaşını hərəkətə gətirir. O, tamaşaçını müasir dünyadan qoparıb min il əvvəlki Oğuz elinin coğrafiyasına, sıldırım qayalarına və ucsuz-bucaqsız düzənliklərinə aparıb çıxarır. Musiqi gerçək görüntünü xəyali bir formaya salır: dağlar, sadəcə, dağ deyil, yenilməzlik rəmzi kimi görünməyə başlayır.

Dədə Qorqudun əlindəki qopuz, sadəcə, bir atribut deyil. Emin Sabitoğlu qopuzun səsindən fəlsəfi-psixoloji bir sülh və müdriklik silahı kimi istifadə edir. Filmdə nə vaxt gərginlik pik həddə çatırsa, daxili nifaq qızışırsa, Dədə Qorqudun qopuzunun həzin, təmkinli səsi eşidilir. Bu səs tamaşaçının və personajların psixologiyasına "dayan, düşün, sülhə gəl" ismarıcını ötürür. 

Bəstəkar antaqonist obrazların (şər və xeyirin) daxili çəkişmələrini musiqinin ritmi ilə mükəmməl şəkildə açıb göstərir. Alp Aruzun qıpçaq Məliklə gizli danışıqlarında və ya Beyrəyə tələ qurduğu səhnələrdə musiqinin ritmi ağırlaşır, bas alətlərin qaranlıq tonları ön plana çıxır. Bu, tamaşaçıda şüuraltı olaraq bir təhlükə, boğulma və xəyanətin yaxınlaşması qorxusunu (ansambl gərginliyini) yaradır. Beyrək oxla vurulduğu və daxili nifaqa qarşı aciz qaldığı anlarda musiqi intiqam hırsı deyil, dərin bir kədər və elegiya (ağı) xarakteri alır. Emin Sabitoğlu burada tamaşaçını Aruza qarşı, sadəcə, nifrət etməyə deyil, bütöv bir elin parçalanmasının gətirdiyi faciəni dərindən hiss edib sarsılmağa məcbur edir.

Emin Sabitoğlu "Dədə Qorqud" filmində, sadəcə, dahi bir bəstəkar kimi deyil, həm də böyük bir psixoloq kimi çıxış etmişdir. Onun musiqisi dastan qəhrəmanlarını bütləşdirilmiş daş fiqurlar olmaqdan çıxarır, onları ətiylə-qanıyla hiss edən, acı çəkən, sevinən və sevən real insanlara çevirir. Bir sözlə, lirik mahnıların müəllifi kimi tanınan Emin Sabitoğlu bu filmdə özünün epik-fəlsəfi tərəfini ortaya qoyur.

Filmin gerçək əzəmətini təmin etmək üçün çəkiliş qrupu bütün Azərbaycanı qarış-qarış gəzmişdi. Dastanın ruhuna uyğun olaraq kütləvi döyüş və köç səhnələri Qobustanın sirli qayalıqlarında, Şamaxının (Pirqulu) dumanlı yamaclarında, Naxçıvanın əzəmətli dağlarında lentə alınmışdı. İşıq və kölgə oyunları, təbiət mənzərələrinin qəhrəmanların daxili dünyası ilə uzlaşdırılması operator Rasim İsmayılovun Azərbaycan kinosuna bəxş etdiyi ən böyük töhfələrdən biridir. 

"Dədə Qorqud" filmi, sadəcə, keçmişimizin ekran xronikası deyil. O, Azərbaycan xalqının varlığının, birliyinin və heç vaxt sönməyəcək azadlıq məşəlinin rəmzidir. Yarım əsrə yaxın zaman keçməsinə baxmayaraq, bu film hələ də öz təravətini, aktuallığını saxlayır və gələcək nəsillərə kimliyimizi xatırlatmaqda davam edir.


İki seriyanın gizli tarixi


"Dədə Qorqud" filminin ərsəyə gəlməsi yaradıcı heyətin sovet senzura maşınına qarşı apardığı gizli və zərif bir diplomatik döyüşün nəticəsidir. O illərdə Moskvadakı Dövlət Kino Komitəsi (Qoskino) Azərbaycanın bu böyük milli layihəsinə qısqanclıqla yanaşaraq yalnız birseriyalı format üçün maliyyə və lent ayırmışdı. İmperiya, bu epik dastanımızın bütün əzəməti ilə üzə çıxmasından, xalqın daxilindəki yatmış genetik kodu oyatmasından çəkinirdi. Lakin rejissor Tofiq Tağızadə və operator Rasim İsmayılov dastan coğrafiyasının genişliyini bircə seriyaya sığışdırmağın qeyri-mümkün olduğunu bilirdilər. Onlar böyük bir inzibati və siyasi riskə gedərək ayrılan az vəsaiti və lent materialını zərgər dəqiqliyi ilə idarə etdilər. Yaradıcı heyət rəsmi orqanların xəbəri olmadan çəkilişləri elə bir qənaətlə apardı ki, nəticədə Azərbaycan kinosunun ikiseriyalı monumental epopeyası doğuldu. Film Moskvaya təhvil veriləndə sovet məmurları heyrətə gəldilər və ekran əsərinin sarsıdıcı bədii gücü qarşısında geri addım atmağa məcbur oldular. Bu, milli ruhun sovet bürokratiyası üzərindəki qələbəsi idi.

1995-ci ilin dekabrında Azərbaycan Kinematoqrafçılar İttifaqının yeni seçilmiş üzvləri qarşısında çıxış edən Ümummilli Lider Heydər Əliyev artıq müstəqil Azərbaycan dövlətinin başçısı kimi yenidən xalqın öz köklərinə müraciət etməsinin zəruriliyi məsələsinə qayıdıb. Ulu Öndər vurğulayıb ki, tariximizin kino sənətində əksini tapmalı olduğu hələ çoxlu səhifəsi var: "...Tariximizin hələ çox səhifəsi var ki, onları kinoya salmaq lazımdır. Məsələn, "Dədə Qorqud"un kinoya salınması tariximiz üçün nə qədər böyük hadisədir! Nə üçün? Çünki gəlin açıq danışaq, elə özümüzün içərisində də çoxları "Dədə Qorqud"u yaxşı bilmirlər. "Dədə Qorqud"u, Azərbaycan xalqının kökünü çoxları yaxşı bilmirlər. O əsəri oxumaq, - onun dili də çox adam üçün çətindir, - onu dərk etmək də çətindir. Amma kino elə bir vasitədir ki, gedib baxırsan, hər şey aydın olur".

Tənqidçilərin də qeyd etdiyi kimi, ikihissəli "Dədə Qorqud" filmi məzmununun dərinliyi, ideya zənginliyi ilə seçilir. Rejissor orijinal ədəbi mənbənin ruhunu, onun fəlsəfi dərinliyini və emosional təsirini diqqətlə qoruyub saxlayıb. Dramatik hadisələrin, saysız-hesabsız insan faciələrinin, davamlı müharibələrinin şahidi olduğu bir vaxtda qocaman müdrik Dədə Qorqud hadisələrin mərkəzində dayanır, insanları qoruduqları torpaqda azad əməyə çağırır.

Zaman sonsuz bir ümman, tarixin axarı isə millətləri sınağa çəkən amansız bir fırtınadır. Bu fırtınada yalnız öz kökünə, ruhunun dərinliklərinə və sarsılmaz mənəviyyatına sığınan xalqlar ayaqda qala bilir. Azərbaycan xalqının minillik gen yaddaşını, dövlətçilik təfəkkürünü və kosmoqonik dünyagörüşünü özündə cəmləşdirən "Kitabi-Dədə Qorqud" eposu bizim milli mövcudluq göstəricimiz, zəngin tarixi kitabımızdır.


İradə ƏLİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Türkiyənin azərbaycanlı astronavtı: "Bir millət, iki dövlət" şüarı ilə kosmosda da çiyin-çiyinə irəliləyəcəyik

10:25
08 Oktyabr

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşü keçirilir YENİLƏNƏCƏK  

10:24
08 Oktyabr

Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəldi  

10:24
08 Oktyabr

Antalyada 77-ci Beynəlxalq Astronavtika Konqresi davam edir

10:20
08 Oktyabr

Sevimli aktyor, rejissor və pedaqoq

10:15
08 Oktyabr

Opera səhnəsinin unudulmaz sənətkarı

10:10
08 Oktyabr

Azərbaycan kinosunun ikiseriyalı monumental epopeyası - "Dədə Qorqud"

10:05
08 Oktyabr

Neftdən dərmana - Azərbaycanın yeni sənaye hekayəsi

10:00
08 Oktyabr

Azərbaycanın ən böyük investoru - Birləşmiş Krallıq 

09:50
08 Oktyabr

Prezident İlham Əliyev Türkmənistana işgüzar səfərə gəlib

09:40
08 Oktyabr

Naxçıvanın gələcəyinə strateji baxış: böyük hədəflər, yeni imkanlar 

09:40
08 Oktyabr

Şəhid mayor Elsevər Paşayevin arzusu övladlarının həyat məqsədinə çevrilib 

09:30
08 Oktyabr

Vətən Müharibəsi Qəhrəmanı minnətdarlıqla yad edilib

09:20
08 Oktyabr

ZƏFƏR gündəliyi

09:10
08 Oktyabr

Yekun və dayanıqlı sülhün şərtləri bəllidir

09:00
08 Oktyabr

Kapital qoyuluşunda istehsal sahələrinin inkişafına önəm verilir

08:50
08 Oktyabr

Müasir dövrün milli təhlükəsizlik və ideoloji doktrinası

08:40
08 Oktyabr

Dastan OSPANOV: "Orta dəhliz vahid infrastruktur sistemi kimi inkişaf etdirilməlidir"

08:30
08 Oktyabr

Ümumdünya Layiqli Əmək Günü ilə əlaqədar tədbir keçirilib

08:20
08 Oktyabr

Azərbaycanın təhlükəsizlik prioritetləri

08:10
08 Oktyabr

Azərbaycan bütün qütblərlə təmasda olan nadir ölkədir

08:00
08 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!