28 Yanvar 2024 09:10
17568
SİYASƏT
A- A+

Antiazərbaycançı qüvvələrin “səlib yürüşü" darmadağın edilir

 

Bu ilin elə ilk ayındaca cəmi bir neçə gün ara ilə Fransa Senatı Azərbaycana qarşı qətnamə qəbul etdi, Avropa İttifaqının xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Cozef Borel ölkəmizə qarşı əsassız iddialar səsləndirdi, Avropa Şurası Parlament Assambleyası heç bir hüquqi əsasa söykənmədən Azərbaycanın səsini dondurmaq kimi çirkin təşəbbüs göstərdi. 
Bütün bunlar isə təsadüf yox, Qərbin bəzi ölkə və qurumlarının Azərbaycana qarşı təşkilatlanmış şəkildə hücuma keçmələrini gün kimi ortaya qoyan təkzibolunmaz faktlardır. 
Son üç il ərzində Cənubi Qafqazda baş verən proseslərin, Azərbaycanın ard-arda qazandığı qələbələrin fonunda islamofob, türkofob siyasət yürüdən Qərbin ölkəmizə qarşı "səlib yürüşü"nə çıxması təsadüfi deyildi. Çünki 30 ili əhatə edən böyük bir zaman müddətində bu bölgədə münaqişənin nizamlana bilməməsinin başlıca səbəbi də məhz demokratiya libaslı qərəzli Qərb ölkə və qurumlarının daim təcavüzkar Ermənistanın mövqeyindən çıxış etmələri, separatizmi dəstəkləmələri, ərazilərimizin işğalının sonsuzadək sürməsinə tərəfdar çıxmaları ilə bağlı idi. 
Buna görə idi ki, BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsini öz gücü ilə yerinə yetirərək torpaqlarını işğaldan qurtaran, suverenliyini bərpa edən və  ərazisindəki separatizm yuvasını dağıdan Azərbaycana qarşı Qərbdə dərhal düşmən mövqedən çıxış etməyə başladılar. Azərbaycanın Qarabağ zəfərini həzm edə bilməyən bu köhnə qitənin bütün bu riyakarlıq oyunbazlığına isə Fransa başçılıq edir. 

 

Qərb bölgədə sülh istəmir

 

Hadisələrə başqa yöndən nəzər saldıqda aydın olur ki, hazırda Qərbin qarşısına qoyduğu başlıca məqsədi Ermənistan ilə Azərbaycan arasında sülhün əldə olunmasına bədnam yollarla mane olmaqdır.
Azərbaycanın illərdir "boz zona"ya çevrilmiş Qarabağ bölgəsində separatizmi məhv etməsindən sonra iki ölkə arasında sülh istiqamətində irəliləyişlər əldə olunması  göz qabağındadır. Yaxşı xatırlayırıq, torpaqlarımızın 30 illik işğalı dövründə cidd-cəhdlə müharibə variantını inkar edən Qərb siyasi dairələri bizi işğalla barışmağa məcbur etmək istəyirdilər. İndi Azərbaycan bölgədə tam yeni reallıqlar formalaşdırıb və hazırda iki ölkə barışa heç bir dövrdə olmadığı kimi yaxındır. Bu Qərbi qane etmir. O, maraqları naminə Cənubi Qafqazda savaşı daha uyğun sayır. Ermənistanı silahlandıraraq, ona siyasi dəstək verərək revanşa qızışdırmağa çalışması da buna xidmət edir.
Təbii ki, ABŞ, Fransa, Almaniya kimi qərəzli ölkələrin, Avropa Parlamenti, Avropa Şurası Parlament Assambleyası kimi erməni lobbisinin yuvasına çevrilmiş qurumların da gözündən yayınmayıb ki, Azərbaycanın siyasi iradəsinin, qətiyyətinin sayəsində Cənubi Qafqazda sülh əldə olunmasına çox az qalıb. Buna görə də bölgədə yenidən qarşıdurma yaratmaq, müharibə ocağını təzədən alovlandırmaq üçün meydana atılıblar. Bu dairələr ikiüzlülüklə demokratiyadan bəhs edirlər, insan hüquqlarından dəm vururlar, Qarabağın erməni sakinlərinin olmayan problemləri barədə hay-küy salırlar. 
Amma Qərb siyasi dairələri 1990-cı illərin əvvəllərində Ermənistanın azərbaycanlılara qarşı soyqırımı, qətliamlar törətməsinə, yurdundan didərgin salınan yüz minlərlə vətəndaşımızın uzun illər acınacaqlı vəziyyətdə çadırlarda, vaqonlarda, yataqxanalarda zülm-zillət içərisində yaşamalarına erməni təəssübkeşliyi ilə biganəlik nümayiş etdirdilər. Bu günün  özündə də həmin azərbaycanlıların insan haqlarından bir kəlmə belə kəsmirlər. 

 

AŞPA təzyiqetmə alətinə çevrilib

 

Konkret olaraq AŞPA-dan danışsaq, uzun illər ərzində bu qurum Ermənistanın Azərbaycana qarşı təcavüzü və ərazilərin işğalı faktına qarşı bir dənə də olsa tədbir görməyib, yalnız ara-sıra heç bir hüquqi çəkisi olmayan bəyanatlar və qərarlar verməklə kifayətlənib. Halbuki bir quruma üzv olan iki ölkədən birinin digərinin ərazisini işğal etməsi faktına görə ən azından işğalçının səs hüququ əlindən alına bilərdi, amma biz tamamilə əks fəaliyyətlə, ölkəmizə qarşı ikili standartlarla, qərəzlərlə üzləşdik.  
Avropa Şurası müxtəlif Avropa ölkələrinin Avropa Parlamentinə düşə bilməyən islamofob və türkofob təfəkkürlü nümayəndələrin düşərgəsinə çevrilib.  2001-ci ildə bu təşkilata üzv olandan sonrakı dövrə baxanda görürük ki, ermənipərəst, islamofob qüvvələr bu təşkilatdan daim Azərbaycana qarşı təzyiq etmək aləti kimi istifadə ediblər. 
2023-cü il oktyabrın 23-də qəbul etdiyi "Dağlıq Qarabağda humanitar vəziyyət" adlı qətnaməsində AŞPA açıq şəkildə Azərbaycanı təhdid edərək, 
19 sentyabrda həyata keçirilən lokal xarakterli antiterror əməliyyatlarını hərbi əməliyyatlar kimi qiymətləndirərək, "Dağlıq Qarabağın erməni əhalisinin humanitar vəziyyəti"ndən ciddi narahatçılıq ifadə edib və Azərbaycan nümayəndə heyətinin etimadnaməsini 2024-cü ilin ilk iclasında tanımamaqla hədələyib. Bu il qış yarımsessiyasının açılış günündə isə  AŞPA-da ölkəmizin nümayəndə heyətinin etimadnamələri təsdiq edilməyib. 
Bir sözlə, AŞPA ölkəmizə "insan hüquqları" bəhanəsi ilə təzyiq etməyə qərar verdi. Qalmaqallı təşəbbüs formal olaraq almaniyalı deputat Frank Şvabe tərəfindən irəli sürülsə də, məsələnin arxasında AŞPA rəhbərliyinin özünün durduğu, sadəcə, sosialistləri qabağa verdiyi bilinən faktdır. AŞPA-nın sabiq və qüvvədə olan prezidentinin əleyhimizə səs verməsi təşkilat rəhbərliyinin mövqeyinin göstəricisidir.

 

Fransa-Almaniya cütlüyünə zərbə

 

Bəllidir ki, Fransa və Almaniya tandem şəklində çıxış edirlər. Bir sıra hallarda Fransa öz istəklərini Almaniya vasitəsilə reallaşdırmağa çalışır. 
Bakının müstəmləkəçi Fransanın neokolonializm siyasətini dünyada ifşa etməsi, onu ard-arda siyasi, diplomatik cəbhələrdə məğlub etməsi Parisin beynəlxalq nüfuzunu yerlə bir edib. Elə buna görə də Fransa indi arxa plana çəkilərək mənfur əməllərini Almaniyanın əli ilə həyata keçirmək istəyir.
AŞPA Azərbaycana qarşı qərəzini, riyakarlığını ört-basdır etmək üçün əsassız bəhanələr gətirir. Məsələn, nümayəndə heyətimizin etimadnamələrinin mübahisələndirilməsi təşəbbüsünü irəli sürərkən guya bunu 
7 fevralda Azərbaycanda keçiriləcək seçkiləri müşayiət etməyə dəvət edilməməsi, ölkədə "siyasi məhbus"ların olması ilə əlaqələndirir. Lakin əsl səbəb gün kimi ortadadır. Xristian təəssübkeşliyi, erməni sevgisi ilə silahlanmış Qərbin bəzi ölkə və qurumları Azərbaycanın Şuşa, Xankəndi Zəfərini həzm edə bilmir və bunun qisasını bizdən almağa çalışır. 
Amma müstəqil siyasət yürüdən Azərbaycan riyakar Qərb təsisatlarını hər zaman qabaqlayır və onları gülünc vəziyyətdə qoyaraq ard-arda məğlubiyyətlərə uğradır. Elə AŞPA-nın son iclasına qatılmayaraq qürurlu şəkildə riyakar qurum ilə münasibətləri kəsməsi də buna nümunədir. 
Bir sözlə, Azərbaycan Qərbin "səlib yürüşü"nü darmadağın edir.

Yasəmən MUSAYEVA, 
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video