Altı ərəb ölkəsinin xarici işlər nazirləri ABŞ ilə İran arasında davam edən atəşkəsin qorunması yollarını müzakirə etmək üçün telefon danışıqları aparıblar.
AZƏRTAC “Əl-Ərəbiyə” telekanalına istinadla xəbər verir ki, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri, Küveyt, Qətər, Misir və İordaniyanın yüksəkvəzifəli diplomatları arasında aparılan danışıqlar aprelin 8-dən bəri qüvvədə olan atəşkəsin möhkəmləndirilməsinə və Vaşinqtonla Tehran arasında danışıqların canlandırılması səylərinin dəstəklənməsinə yönəlib.
Səudiyyə Xarici İşlər Nazirliyinin açıqlamasında xarici işlər naziri Feysəl bin Fərhanın çərşənbə axşamı BƏƏ-dən Abdullah bin Zayed Əl Nəhyan və Qətərdən Şeyx Məhəmməd bin Əbdürrəhman Əl Sani ilə telefonla danışdığı bildirilib.
Nazirlik əlavə edib ki, bazar ertəsi günü Küveytin xarici işlər naziri Şeyx Cərrah Əl-Əhməd Əl-Sabah və Misirin xarici işlər naziri Bədr Əbdül Atta ilə də telefon danışıqları aparılıb.
Səudiyyə Ərəbistanının bəyanatına görə, müzakirələrdə regional hadisələr, onların nəticələri və davam edən diplomatik səylər, eləcə də regional və beynəlxalq təhlükəsizlik və sabitliyin gücləndirilməsi yolları müzakirə olunub.
Qətər Xarici İşlər Nazirliyi verdiyi açıqlamada bildirib ki, Şeyx Məhəmməd və bin Fərhan son hadisələri, xüsusən də ABŞ-İran atəşkəsini nəzərdən keçirib, habelə təhlükəsizlik və sabitliyi gücləndirmək üçün onu qorumağın vacibliyini vurğulayıblar.
Qətərin bəyanatında deyilir ki, onlar eskalasiyanın qarşısını almaq üçün koordinasiyanın gücləndirilməsinin və birgə səylərin intensivləşdirilməsinin, böhranın köklü səbəblərinin dinc vasitələrlə və dialoq yolu ilə həll olunmasının, nəticədə davamlı sülhə nail olmaq üçün yekun razılaşmanın əldə edilməsinin vacibliyini vurğulayıblar.
Qətər XİN Şeyx Məhəmməd və İordaniya xarici işlər naziri Ayman Səfadi arasında da oxşar müzakirələrin aparıldığını və eyni mövqelərin bir daha təsdiqləndiyini bildirib.
BƏƏ Xarici İşlər Nazirliyi bildirib ki, Abdullah bin Zayed ABŞ ilə İran arasında ikihəftəlik atəşkəsi küveytli həmkarı ilə müzakirə edib və regionda davamlı sülhün bərqərar olması üçün vahid beynəlxalq səylərə ehtiyac olduğunu vurğulayıb.