Qarabağa son səfərimiz də uğurlu alınıb. Belə ki, 16 nəfərə aid qalıqlar tərəfimizdən götürülüb və məhkəmə tibbi ekspertizaya təhvil verilib.
AZƏRTAC xəbər verir ki, bunu AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun Məhkəmə arxeologiyası şöbəsinin müdiri Akif Quliyev Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının təşkilatçılığı ilə “İtkin düşmüş şəxslər probleminin həllində etimadın gücləndirilməsi və effektiv mexanizmlərin inkişaf etdirilməsi” mövzusunda Bakı Dialoqu formatında IV beynəlxalq konfrans çərçivəsində keçirilən “Sübutdan identikliyə: Bakı Dialoqu çərçivəsində itkin şəxslərin məhkəmə-tibbi ekspertiza, molekulyar genetika və DNT əsaslı identifikasiyası üzrə Beynəlxalq Ekspert Forumu” mövzusunda yan tədbirdə çıxışı zamanı deyib.
Azərbaycanda 4 mindən artıq insanın itkin kimi qeydiyyatda olduğunu bildirən mütəxəssis deyib: "Bu günədək şahid ifadələri, Beynəlxalq Qızıl Xaç Komitəsinin köməyi nəticəsində, yəni əks tərəfdən alınan məlumatlar, həmçinin tikinti və torpaq işləri zamanı təsadüfən aşkar edilən insan qalıqlarının tədqiqi nəticəsində 1000-ə yaxın insanın qalıqları aşkar edilib və müvafiq orqanlara təhvil verilib. Hazırda həmin şəxslərin şəxsiyyətlərinin müəyyən edilməsi istiqamətində işlər davam etdirilir”.
Bildirilib ki, tədqiqatlar zamanı kütləvi məzarlıqlarla yanaşı, ayrı-ayrı insan qalıqlarına da rast gəlinir. Bu istiqamətdə əsas çətinliklərdən biri müxtəlif relyeflərdə tədqiqatların aparılmasıdır. Qarabağ ərazisinin, xüsusilə Kəlbəcər, Ağdərə və Laçın zonalarının sərt dağlıq relyefə malik olduğu vurğulanıb: "Lakin müharibə həmin o ərazilərdə də getmişdi. Bu gün biz
hissə-hissə insan qalıqlarını həmin ərazilərdən yığmağa məcburuq".
Qeyd olunub ki, təbiət amilləri – sel, qar uçqunları, həmçinin heyvanların təsiri insan qalıqlarının dağılaraq müxtəlif ərazilərə səpələnməsinə səbəb olub.