Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Azərbaycanda xalçaçılıq: nailiyyətlər və perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirilib

10 İyul 2018
“Azərbaycanda xalçaçılıq: nailiyyətlər və perspektivlər” mövzusunda elmi-praktik konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, iyulun 10-da “Azərbaycanda xalçaçılıq: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən elmi-praktik konfransın iştirakçıları əvvəlcə “Bacarıqlı əllər, sehrli ilmələr” xalça sərgisi ilə tanış olublar. Sərgidə qədim milli çeşnilər əsasında yeni toxunmuş müxtəlif ölçülü xalçalarla yanaşı, 9 xalça sənəti məktəbi tərəfindən toxunmuş müxtəlif kompozisiyalı, ornamentli və koloritli xalça nümunələrini əks etdirən fotostendlər də nümayiş etdirilib.

Konfransda iqtisadiyyat nazirinin müavini Niyazi Səfərov xalçaçılıq sahəsinə olan böyük diqqəti, dövlət qayğısını vurğulayıb və son illərdə bu istiqamətdə görülmüş işlər haqqında tədbir iştirakçılarına məlumat verib. Bildirilib ki, Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 5 may tarixli Sərəncamı ilə “Azərxalça” ASC yaradılıb. Dövlət başçısının 2016-cı il 25 noyabr tarixli Sərəncamı ilə may ayının 5-i Azərbaycanda “Xalçaçı günü” peşə bayramı təsis edilib.

“Azərxalça” ASC-nin yaradılması ilə bu sahəyə dövlət dəstəyi tədbirlərinin genişləndirilməsi ölkədə xalçaçılığın inkişafına təkan verib. 2016-cı ildə Horadiz qəsəbəsində, 2017-ci ildə Şəmkir, İsmayıllı və Quba rayonlarında, 2018-ci ildə isə Xaçmaz rayonunda xalça emalatxanaları açılıb. Ümumiyyətlə, ASC-nin 10 yeni xalça emalatxanası tikilərək təhvil verilib. Daha 10 yeni emalat¬xananın tikintisi həyata keçirilir.

Bundan başqa, Sumqayıt Kimya Sənaye Parkında Yunəyirici Boyaq fabrikinin 2017-ci ilin dekabrında təməli qoyulub və işlərin 2019-cu ildə başa çatdırılması planlaşdırılır. Fabrikdə yerli xammal əsasında iplik istehsal ediləcək. Müəssisəni xammalla təmin etmək məqsədilə 5 yun və boyaq maddələri tədarükü mən¬tə¬qəsinin tikintisi aparılır və tikinti işləri ilin sonunadək yekun¬la¬şa¬caq.

“Azərxalça” ASC-nin idarə heyətinin sədri Vidadi Muradov cəmiyyətin istehsal fəaliyyəti, həmçinin bölgələrdə filial binalarının tikinti-quraşdırma işləri, peşəkar xalçaçı kadrların hazırlanması, dünya xalçaçılığında “Azərbaycan brendi”nin tanıdılması istiqamətində görülən işlər, xalça çeşnilərinin elektron bazasının formalaşdırılması və zənginləşdirilməsi və sair istiqamətində aparılan işlər və perspektivlər barədə məruzə ilə çıxış edib.

Tədbir iştirakçıları çıxış edərək xalçaçılıq sənətinə və xalçaçılara göstərilən böyük diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıq ediblər.

Daha sonra son zamanlar xalçaçılıq sahəsində aparılan quruculuq işləri ilə bağlı videoçarx nümayiş etdirilib.