Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Əbədiyyət yolçuları

04 Fevral 2018
 

Zaman keçdikcə, dövrlər dəyişdikcə nəsillər bir-birini əvəz edir. Hər gələn yeni nəsillə dünya təzələnir. Tarix bəşəriyyətin yaddaşını ələyib saf-çürük edir, illərin, əsrlərin sınağına tab gətirməyənləri unutdurur. Əməlləri ilə yaddaşlara köçənlər isə əbədiyyət qazanırlar. 

Qədim insanlar unutmaq və unutdurmaq istəmədiklərini daşlara “yazırdılar”. Zamanın tufanları nə qədər amansız olsa da, onları tamamilə silməyə gücü yetmədi. Bəşər övladı da bildi ki, daşlara yazdıqları, daş ömrü verdikləri uzunömürlüdür. Beləcə, düşüncələrini, heyran duyduqlarını, unudulmasını istəmədiklərini daşların yaddaşına həkk etməyi öyrəndi.
Daş yaddaşını yaratmaq fikri bəşər övladlarını heç zaman tərk etmədi. Əsrlər ötdükcə bu bir sənətə çevrildi, onun peşəkarları istedadın və zəhmətin gücü ilə mükəmməl əsərlər yaratdılar. Heykəltəraşlıq təsviri incəsənətin bir sahəsi kimi geniş yayıldı.
Yalnız mənsub olduğu millətin deyil, bəşəriyyətin mənəvi sərvətinə çevrilmiş şəxsiyyətlərin heykəlləri bu gün şəhərləri, qəsəbələri, kəndləri bəzəyir. Bakı şəhəri də belə mükəmməl heykəltəraşlıq nümunələri ilə zəngindir. Bu yazımızda onların üçündən söz açacağıq.

 

Üç mütəfəkkir şair

 

Azərbaycanın dünya şöhrətli şairləri Nizami Gəncəvi, Məhəmməd Füzuli və İmadəddin Nəsimi... Onlar ayrı zamanlarda, fərqli məkanlarda dünyaya gəldilər. Heç ömür payları, taleləri də bir-birlərinə bənzəmədi. Amma hər üçü Söz adlı ecazkar aləmdə qərar tutdu. Dünya fanidir, deyirlər. Gələn bir gün gedir. Söz isə əbədidir. Onlar da əbədi olanı - Sözü sevdilər. Sözə könül bağladılar, ruh verdilər. Söz də öz mülkündə onlara taxt qurdu, əbədiyyət məqamı bağışladı.
Əsrlər keçsə də, Sözə sevgi dəyişmədi. Bu böyük şairləri də Sözlərindən tanıdılar, heyran oldular. Onlara vurğunluqlarını hər kəs bir cür ifadə etdi. Heykəltəraşlıq sənətinin böyük şairlərimizə ehtiramı isə hərəsi bir şah əsər olan heykəllərdə təcəssümünü tapdı. Bu üç mütəfəkkir şairin də möhtəşəm sənət nümunələri olan abidələri paytaxtın mərkəz küçələrində ucaldıldı. Biz zamanı nəzərə alaraq şair Nizami Gəncəvidən başlayırıq.

 

Tarixiliklə müasirliyin vəhdəti

 

Nizami Gəncəvinin abidəsi paytaxtımızın ən gözəl guşələrindən birində, Nizami meydanında, İstiqlaliyyət, Əhməd Cavad, Azərbaycan və İslam Səfərli küçələrinin kəsişməsindədir. İçərişəhərin Qoşa qala qapısının girişinin yaxınlığında yerləşən abidə tarixiliklə müasirlik arasında vəhdət yaradır.
Heykəl çox mürəkkəb bir dövrdə hazırlandı. 1939-cu ildə dahi Azərbaycan şairinin 800 illiyi ilə əlaqədar Bakının mərkəzində muzeyin yaradılması və Nizaminin heykəlinin qoyulması barədə qərar qəbul edildi. Hələ 1935-ci ildə İstiqlaliyyət (keçmiş Kommunist), Əzizbəyov, Hüsü Hacıyev və Qara Qarayev küçələri arasındakı, təxminən bir hektar sahədə köhnə binalar sökülmüş, onların yerində bağ salınmışdı. Nizami muzeyinin qarşısında abidəni qoymaq nəzərdə tutuldu. İncəsənət işləri üzrə idarənin Nizami Gəncəvinin abidəsinin layihəsini yaratmaq üçün elan etdiyi açıq və qapalı müsabiqələrə təqdim edilən 70 layihədən heç biri bəyənilmədi. Əsas səbəb müəlliflərin şairin obrazını lazımınca tərənnüm etməmələri idi. Nizaminin xarici görünüşü barədə təsəvvür yaradan nə bir freska, nə qədim miniatür dövrümüzə gəlib çatmadığından heykəltəraşların işləri müşkülə düşmüşdü. Nəhayət, heykəltəraş Fuad Əbdürrəhmanovun layihəsi müsabiqənin münsiflər heyəti və yubiley komitəsinə maraqlı göründü. 1940-cı ildə əsərin bitkin variantını işləmək ona tapşırıldı. Abidənin postamentini yaratmaq və meydanı planlaşdırmaq işi memarlar Sadıq Dadaşova və Mikayıl Hüseynova həvalə edildi.
İşlərə İkinci Dünya müharibəsinin qanlı-qadalı vaxtlarında başlanıldı. 1941-ci ilin fevralında hazır olan Nizaminin abidəsinin layihəsi və 1 metr hündürlüyündəki maketi Moskvada Təsviri İncəsənət Müəssisələri Baş İdarəsinin bədii-texniki şurasında təsdiq edildi. Müəlliflərə abidə üzərində sonrakı işlərində Nizaminin simasındakı milli əlamətləri daha da artırmaq təklif olundu. 1941-ci ilin yayında başlanan Böyük Vətən müharibəsi səbəbindən abidə üzərindəki işlərə ara verildi. Amma müharibə bitməmiş, yəni 1944-cü ildən işlər davam etdirildi. Müharibə qələbə ilə başa çatdıqdan sonra, 1947-ci ilin yanvarında Bakıda Nizami Gəncəvinin monumental abidəsinin ucaldılması ilə əlaqədar inşaat işlərinin bərpası və sürətlə aparılması barədə xüsusi sərəncam verildi.
Həmin ilin yazında Bakının mərkəzində monumental abidə qoyulacaq bağda memarlar M.Hüseynov və V.İvanovun layihəsi ilə planlaşdırma və arxitektura abadlığı işləri həyata keçirildi. Memarlar öz işlərini ustalıqla yerinə yetirdilər. Nizaminin tunc fiqurunun postament üzərinə qaldırılması daxil olmaqla, bütün tikinti, quraşdırma, bəzək və üz çəkmə işləri 1949-cu ilin yazında başa çatdırıldı. Şəhərin ən gözəl heykəllərindən biri müharibə və sonrakı ağır illərdə belə yarandı. 1949-cu il aprelin 30-da abidənin təntənəli açılışı oldu.
Tuncdan tökülmüş Nizami Gəncəvinin fiquru ayaq üstə təsvir edilib. Əlində lülə halında bükülmüş kağız tutmuş şairin vüqarlı baxışları Nizami muzeyinin Azərbaycan ədəbiyyatı klassiklərinin heykəlləri qoyulmuş eyvanına yönəlib. Milli geyimdən - əba və çalmadan böyük məharətlə istifadə edən heykəltəraş Nizaminin obrazının bitkin alınmasına nail olub. Heykəlinin səlis kompozisiyası, formanın həllindəki tamlıq heykəltəraş Fuad Əbdürrəhmanovun, memarlar Mikayıl Hüseynovun və Sadıq Dadaşovun böyük yaradıcılıq uğurudur.
Nizaminin tunc heykəli səkkiz üzlü qranit özül-pyedestal üzərində yüksəldi. Abidənin siluetinə hansı nöqtədən baxılsa, göz önündə poetik bir obraz canlanır. Aşağıdan, postamentin üzlərinin sayına görə abidə səkkiz tunc barelyefdən ibarətdir, eni bir metrə qədər olan qurşaqla dövrələnib. Bunların yeddisinin üzərində Nizaminin “Xəmsə”sindəki dağları yaran Fərhad və at belində Şirin, Leyli və Məcnun, hökmdar Nüşabə ilə söhbət edən Makedoniyalı İsgəndər, əjdaha ilə vuruşan Bəhram, bayquşların söhbətini dinləyən şahla vəzir və başqa obrazlar təsvir edilib. Nizami muzeyinə baxan tərəfdəki səkkizinci barelyef üzərində isə xatirə mətni həkk olunub. Kənarlardan geniş ornamentlə bəzədilmiş tunc zolaqlarla və zərif sütunlarla haşiyələnmiş bu barelyeflər rəssam Q.Xalıqovun eskizləri əsasında heykəltəraş Xryunov tərəfindən hazırlanıb.
Tunc heykəlin hündürlüyü 6,2 metr, çəkisi isə 7 tondur. Postamentlə birlikdə abidənin hündürlüyü 15 metrdir.
Son illər müstəqil Azərbaycanın hər yerində olduğu kimi, Bakı şəhərində də yenidənqurma və bərpa işləri sürətləndirilib. 2008-ci ilin yazında yenidənqurma, bərpa, ilüminasiya-işıqlandırma işləri başa çatandan sonra Nizami Gəncəvinin abidəsi və onun ucaldıldığı meydan daha da cəlbedici görkəm alıb.

 

Fikir yolçusu - Məhəmməd Füzuli

 

Bir əlində “Divan” tutan, digərini çənəsinə söykəyən şair sanki dərin hüznü ilə keçmişdən bugünümüzə baxır. O, 1962-ci ilin 2 iyunundan buranın “sakini”dir. Belə ki, şairin Füzuli meydanında, Dram Teatrının qarşısında qoyulan heykəlinin açılışı həmin gün keçirildi. Müəllifləri məşhur heykəltəraşlar Tokay Məmmədov və Ömər Eldarov, arxitektoru isə Q.Muxtarovdur. Ümumi hündürlüyü 12 metr olan abidənin 6 metri qranit pyedestal, 6 metri isə tunc heykəldir. Heykəltəraşlar Tokay Məmmədov və Ömər Eldarov bu əsərə görə SSRİ Rəssamlıq Akademiyasının gümüş medalları ilə mükafatlandırılıblar.
...1958-ci ildə təşkil edilən müsabiqənin qalibləri iki istedadlı gənc - T.Məmmədov və Ö.Eldarov olmuşdu. Onların birgə işi bəyənilmişdi.
Ömər Eldarov açılış zamanı xüsusi minnətdarlığın Tokay Məmmədova aid olduğunu söylədi. Ancaq əsərin bu qədər uğurlu alınması hər iki sənətkarın qəhrəmanın daxili dünyasına, psixoloji aləminə, ruhuna, eləcə də dövrünə yaxşı bələd olduqlarından xəbər verir. Abidəyə tamaşa edənlər öz daxili dünyasına səyahət edən müdrik fikir yolçusunu görürlər. O, sanki əbədiyyət adlı ünvana uzun bir yol qət edib. Müəlliflər fəlsəfə ilə kədəri, müdrikliklə hüznü sintez etməyə müvəffəq olublar. Hansı səmtdən, hansı məsafədən baxılırsa baxılsın, o öz görüm nöqtəsini itirmir. Rakurs fərqinə baxmayaraq, heykəl vahid kompozisiyaya tabedir.
Sənətkarlıq cəhətdən heykəltəraşlığın nadir nümunələrindən sayılan abidənin yerləşdiyi ərazi bir zamanlar klassik monumentallıq baxımından əlverişli sayılırdı. Çünki el arasında “Beşmərtəbə” deyilən ərazidə o qədər də hündür olmayan və qədim memarlıq üslubuna xas tikililər əzəmətli “Məhəmməd Füzuli”nin görkəminə nəinki təsir etmirdi, hətta heykəl həmin tikililərlə harmonik vəhdətdə idi. Sonradan şəhərsalma və arxitektura baxımından dəyişən Bakının bu ərazisi də yeniləndi. Köhnə üslublu tikililər söküldü, çoxmərtəbəli binalar tikilməyə başladı. Bu yeniliklər heykəlin cazibə qüvvəsini nisbətən azaltdı.

 

Məğrur duruşlu, müdrik Nəsimi

 

Keçən əsrin 70-ci illərində Bakı şəhərsalmanın coşqun çağlarını yaşayırdı. Yeni binalar tikilir, parklar, müəssisələr salınırdı. Həmin vaxtlar UNESCO da Azərbaycanın dünyaya bəxş etdiyi başqa bir dühasının - şair İmadəddin Nəsiminin 600 illiyinin keçirilməsi barədə qərar qəbul etdi. Tədbirlər planında şairə məmləkətində heykəl ucaldılması da nəzərdə tutulurdu.
1973-cü ildə böyük mütəfəkkirin dövlət səviyyəsində 600 illiyi qeyd olundu. Nəsimi haqqında elmi əsərlər, monoqrafiyalar yazıldı. Həmin il dövlət sifarişi ilə Həsən Seyidbəyli “Nəsimi” filmini çəkdi, Fikrət Əmirov “Nəsimi dastanı” baletini tamamladı, İsa Muğanna “Məhşər” romanını, Qabil “Nəsimi” poemasını qələmə aldı. Müəlliflərə sonradan dövlət mükafatları da təqdim olundu. Heykəltəraşlıq sahəsində də şair unudulmadı. Nəsiminin heykəlini yaratmaq sifarişi monumental abidə ustası Tokay Məmmədova verildi. Əsərin qısa müddətdə hazırlanması tələb olunduğundan heykəltəraş bu işi başqa bir istedadlı həmkarı - İbrahim Zeynalovla gördü. Əsərdə orta əsr dərvişlərinin yundan geyindiyi geyim, əllərini arxadan birləşdirən, başını azacıq sağa yönəldən, məğrur duruşlu, müdrik Nəsimi böyük ustalıqla təsvir edilib. 6,5 metr hündürlükdə monumental əsərin yaradılmasında hər ikisinin rolu və əməyi eyni olsa da, sonralar Tokay Məmmədovun bu işdə adı daha çox çəkildi.
...2008-ci ilin aprelində heykəl və üzərində yerləşdiyi park təmirə dayandı. 2010-cu ildə bağ-park kompleksi ilə bərabər “İmadəddin Nəsimi” də yenidən şəhərin mərkəzinə “döndü”.

Zöhrə FƏRƏCOVA,
Ağaəli MƏMMƏDOV (foto),
“Azərbaycan”