Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

Kənd təsərrüfatının ixrac imkanları artır

23 Noyabr 2017
 

Tarixdən bəllidir ki, dünya iqtisadiyyatında əsaslı dönüş emal sənayesinin inkişafından başlanıb. Bir vaxtlar iqtisadi münasibətlər əmtəə şəklində əsasən natural məhsulun satışı və ya dəyişdirilməsi ilə aparılırdı. Əsasən də xammalın satışı həyata keçirilirdi. Belə vəziyyət müxtəlif növ məhsul çeşidinin yaradılmasına imkan vermirdi və üstəlik, cəmiyyətdə gedən inkişaf prosesinə uyğun tələbatı ödəmirdi.

Avropada təşəkkül tapmış emal sənayesi Azərbaycanda emalatxanalar şəklində inkişaf etməyə başlayıb. Həmin emalatxanalarda müxtəlif məhsullar hazırlanırdı. Ən çox istehsal edilən məhsullar əhalinin zəruri tələbatının ödənilməsinə yönəlirdi. Ancaq Azərbaycanda emal sənayesinin inkişafı ötən əsrin əvvəllərində baş verib. Bu da ölkəmizdə neft sənayesinin təşəkkülü ilə bağlıdır.
Azərbaycanda sovet hakimiyyəti qurulduqdan sonra bütün mülkiyyət dövlətin ixtiyarına keçdi və bununla, sahibkarlığa və özəl sektorun inkişafına son qoyuldu. Lakin sovet dövründə də iqtisadiyyatın müxtəlif sahələrinin dirçəldilməsi üçün emal sənayesinin yaradılması prosesi davam etdi. Xüsusilə qeyd etmək lazımdır ki, ulu öndər Heydər Əliyev Azərbaycana rəhbərlik etdiyi ilk dövrdə emal sənayesinin yaradılmasına xüsusi diqqət verirdi. Əvvəllər xammal kimi başqa respublikalara göndərdiyimiz kənd təsərrüfatı məhsulları da özümüzdə emal edilərək son məhsula çevrilirdi.
Müstəqilliyimiz bərpa edildikdən sonra məlum səbəblərə görə ilk dövrlər emal sənayesi, xüsusilə kənd təsərrüfatı məhsullarının emalı da demək olar ki, dayanmışdı. Lakin illər keçdikcə digər sahələr kimi, emal sənayesinin də dirçəldilməsi prosesi başlandı. İlk növbədə, kənd təsərrüfatı məhsullarının istehsalı üzrə bir çox emal müəssisələri fəaliyyətə başladı. Müasir avadanlıq və texnologiyalarla təchiz edilən həmin müəssisələr bu gün yüksək keyfiyyətli məhsul istehsal edirlər. Hətta onların bir çoxu məhsullarını xarici bazarda satır. Amma bu sahədə müəyyən işlər də görülməlidir. Təsadüfi deyil ki, Prezident İlham Əliyevin imzaladığı 6 dekabr 2016-cı il tarixli fərmanla təsdiq edilən “Milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə Strateji Yol Xəritəsi”ndə kənd təsərrüfatı məhsullarının istehsalı və emalının təmini üçün 9 strateji hədəf və 36 prioritet istiqamət müəyyən olunub. Məqsəd həyata keçirilən islahatlar sayəsində istehsal edilən məhsulun keyfiyyət və həcmini artırmaqdır.
Bu gün Azərbaycanda kənd təsərrüfatı məhsullarının emalı sahəsində fəaliyyət göstərən istehsalçıların əksəriyyəti kiçik müəssisələr kateqoriyasına daxildir. Lakin son dövrlər yaradılan və müasir texnika və texnologiyalarla təchiz edilən iri müəssisələrin məhsul emalında gücü getdikcə artır. Bununla belə, onlar ölkənin müvafiq sahələr üzrə istehsal və ixrac potensialının gücləndirilməsini təmin etsələr də, bazarda rəqabətlə tam ayaqlaşa bilmirlər. Elə Strateji Yol Xəritəsində məhz kiçik və orta həcmli emal müəssisələri şəbəkəsinin yaradılması ilə bağlı müvafiq stimullaşdırılma tədbirlərinin görülməsinin nəzərdə tutulması da bununla bağlıdır.
Məlumdur ki, ölkədə son dövrlər kənd təsərrüfatında ənənəvi sahələrin bərpası ilə bağlı mühüm işlər görülüb. Belə ki, pambıqçılıq, baramaçılıq, tütünçülük, üzümçülük, çayçılıq və digər sahələr yeni inkişaf mərhələsinə qədəm qoyub. Bu sahələrdə məhsul istehsalının artımı emal sənayesinin inkişafına yeni impuls verəcək. Məsələn, baramaçılığın perspektivdə nəzərdə tutulan istehsal həcmi “Şəki İpək” Açıq Səhmdar Cəmiyyətinin indiki imkanlarından yüksəkdir. Prezident İlham Əliyev bu barədə demişdir: “...”Şəki İpək”in fəaliyyəti bərpa edildi, tam bərpa edilməlidir, genişləndirilməlidir və 3 min ton yaş barama emal olunmalıdır. Bununla bərabər, biz gərək yeni ipək kombinatının yaradılması haqqında nəinki düşünək, artıq konkret addımlar ataq. Üç min ton emal gücündə olan yeni kombinatın yaradılması zəruridir. Müvafiq dövlət qurumları, Prezident Administrasiyası, nazirliklər, yerli icra orqanları baxsınlar, təklif versinlər. Mən hesab edirəm ki, dövlət bu sahədə öz dəstəyini göstərməlidir. Əlbəttə, çox yaxşı olar ki, özəl investorlar da bu işə qoşulsunlar. Xarici, yerli investorların marağı olarsa, dövlət də onlara dəstək verməyə hazırdır. Yəni, heç bir problem olmayacaq, ondan sonra hazır məhsul istehsal etmək lazımdır”.
Pambıqçılığın inkişafı da bu sahədə məhsul istehsal edən müəssisələrin yaradılmasını tələb edir. Bu baxımdan Mingəçevir Texnologiyalar Parkında fəaliyyət göstərəcək müəssisələrin əsas işi kənd təsərrüfatı məhsullarını son məhsula çevirmək olacaq. Məlum olduğu kimi, dünya bazarında xam məhsul aşağı qiymətlə satılır. Pambıqdan və ya baramadan son məhsulun istehsalı isə həm daha çox gəlir gətirir, həm də daxili tələbat yerli istehsal hesabına ödənilir. Digər tərəfdən, belə müəssisələr yeni iş yerlərinin açılmasına və əhalinin məşğulluğunun təmin edilməsinə imkan yaradır.
Məlumdur ki, kənd təsərrüfatı məhsulları mövsümi xarakter daşıyır. Başqa sözlə, bir çox kənd təsərrüfatı məhsulları mövsüm ərzində daxili tələbatdan çox istehsal edildiyi üçün onun emalına ehtiyac duyulur. Belədə həm məhsulu emal edib digər məhsula çevirməklə uzun müddət saxlamaq mümkün olur, həm də ixrac imkanları yaranır. Bütün bunlar ümumilikdə ölkədə qeyri-neft sektorunun inkişafına təkan verən addımlardır.

Rüstəm KAMAL,
“Azərbaycan”