Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

İlham Əliyevin növbəti beynəlxalq qələbəsi

22 Sentyabr 2017
 

Prezidentin ABŞ səfərinin nəticələri Azərbaycan diplomatiyasının mühüm nailiyyətinə çevrildi

 

Nyu Yorkda keçirilən BMT-nin Baş Assambleyasının 72-ci sessiyası Azərbaycan dövlətinin xarici siyasətinin, xüsusilə də Prezident İlham Əliyevin uğurlu diplomatiyasının növbəti parlaq səhifəsi kimi tarixə yazıldı. Qlobal informasiya savaşında möhtəşəm zəfərə imza atan Azərbaycan Prezidenti dünyanın ən böyük ali tribunasından fövqəlgüclərə mühüm mesajlar verdi.

 

Qətiyyət nümunəsi

 

Əlbəttə ki, Azərbaycan Prezidentinin cəsarətli çıxışı, BMT kimi nüfuzlu qurumun ali kürsüsündən beynəlxalq təşkilatlara və dünya ictimaiyyətinə etdiyi müraciət mühüm amil kimi dəyərləndirilməlidir. Çünki mövcud tarixi-siyasi, coğrafi şəraitdən, siyasi sistemin xüsusiyyətindən asılı olmayaraq liderlik fenomeni milli dövlətin formalaşmasında və inkişafında həlledici rola malikdir. Bu, bir həqiqətdir ki, Azərbaycanın müstəqil dövlət kimi mövcudluğu, sabit və inamlı inkişafı liderlik amili ilə birbaşa bağlıdır. Lider öz ağlı, iradəsi, qərar qəbul etmək səriştəsi, insanlara doğru yolu göstərmək bacarığı ilə xalqı vahid amal uğrunda səfərbər edən, arxasınca apara bilən şəxsiyyətdir. Məhz siyasi iradəsi və uzaqgörənliyi ilə modern cəmiyyətdə lider obrazının ən mühüm cəhətlərini özündə birləşdirən Azərbaycan Prezidenti öz fəaliyyəti ilə dəyişən qlobal və regional reallıqlar şəraitində ölkəmizin milli maraqlarını qoruya bilmək qabiliyyəti ilə əsl siyasi lider olduğunu isbatlayır.
Ən nüfuzlu rəsmi beynəlxalq tədbirlərdə Azərbaycan Prezidentinin dünyanın aparıcı liderləri sırasında yer alması, eləcə də ona göstərilən diqqət və ehtiramdan belə qənaətə gəlmək olar ki, İlham Əliyev Azərbaycanı bilavasitə öz sözünü deyən dövlətlər arasında seçilən ölkələrdən birinə çevirib.

 

Azərbaycan-BMT münasibətləri hər il daha da möhkəmlənir

 

Ümumiyyətlə, müstəqil siyasət əsas etibarilə ölkəyə rəhbərlik edən liderin şəxsi keyfiyyətlərindən və effektiv idarəetməsindən, bütövlükdə, onun istinad etdiyi rasional davranış modelindən asılıdır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, ləyaqətli siyasət, kifayət qədər cəsarət və ölkənin gələcəyi üçün aydın strategiya mövcud olduğu halda müstəqil siyasət yeritmək mümkündür.
Ona görə də istər Azərbaycan - BMT, istərsə də ABŞ - Azərbaycan münasibətləri çərçivəsində Prezident İlham Əliyev tərəfindən yürüdülən müstəqil, uğurlu siyasət hər il daha səmərəli nəticələrini göstərməkdədir. Bu görüşlərin, çıxışların hər biri bilavasitə Azərbaycanın dünyanın aparıcı dövlətlər sırasındakı yerini və rolunu daha da möhkəmləndirmiş olur. Azərbaycan-BMT münasibətlərinin inkişafında əsası ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasət Prezident İlham Əliyev tərəfindən daha da şaxələndirilir. Əbəs yerə deyil ki, məhz Azərbaycan Prezidentinin dünya siyasiləri arasında lider mövqeyinə yüksəlməsi faktoru nəticəsində ölkəmiz bu qurumdakı fəaliyyətini getdikcə daha da genişləndirməkdədir. Azərbaycanın 24 oktyabr 2011-ci ildə BMT-nin Təhlükəsizlik Şurasına iki illik müddətə qeyri-daimi üzv olaraq seçilməsi də bunu sübuta yetirən amillərdən biridir.

 

İlham Əliyev Serj Sarkisyanı BMT-də də ifşa etdi

 

Prezident İlham Əliyev bütün beynəlxalq konfranslarda, forumlarda olduğu kimi, BMT-nin Baş Assambleyasının 72-ci sessiyasında da Azərbaycan həqiqətlərini, xüsusilə də üzləşdiyimiz ikili standartları tutarlı arqumentlərlə beynəlxalq ictimaiyyətə çatdırdı.
Ona görə də dövlət başçısının dünyanın ən ali tribunasındakı çıxışını iki yerə bölmək olar: Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsində son durum və Azərbaycanın uğurlu inkişaf prosesi.
Protokol qaydalarına əsasən sessiyada Ermənistan prezidenti Serj Sarkisyan Azərbaycan Prezidentindən öncə çıxış etdi. Terrora dövlət səviyyəsində dəstək verən S.Sarkisyan yenə də sərsəm ritorikaları və diplomatiya tarixinə ləkə gətirən qeyri-ciddi çıxışı ilə diqqəti cəlb etdi.
O, yenə də üzv ölkələrə bu ali qurumun əsas prinsiplərindən biri olan ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsipini arxa plana keçirməyə, yalnız xalqların öz müqəddəratını müəyyən etmək məsələsinə əsaslanmağa çağırdı.
Ancaq İlham Əliyev digər beynəlxalq toplantılarda olduğu kimi, növbəti dəfə S.Sarkisyanın yalan üzərində qurulmuş çıxışını dəqiq faktlara və arqumentə əsaslanan məntiqli fikirləri ilə alt-üst etdi. Azərbaycan Prezidenti bir daha işğalçı rejimin rəhbərini rəzil gününə saldı.
Dövlət başçısı eyni zamanda, işğalçı Ermənistanın son təxribatları, dinc sakinlərə qarşı hərbi cinayətləri barədə məlumat verdi və ardınca beynəlxalq təşkilatların bu münaqişə ilə bağlı arzuolunmaz mövqelərini qınadı. Ermənistanın 24 ildir ki, BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrinə məhəl qoymadığını və buna görə də təcavüzkarın cəzalandırılmadığını söyləyən Prezident dedi ki, bəzi hallarda BMT-nin Təhlükəsizlik Şurasının qətnamələri bir neçə gün ərzində icra olunsa da, Azərbaycana gəldikdə, 24 ildir məlum qətnamələr icra olunmur. Əlbəttə ki, bu, ikili standarta əsaslanan yanaşmadır.
Azərbaycan Prezidenti BMT tribunasından təcavüzkara növbəti xəbərdarlığını etdi. Bir daha bəyan etdi ki, Azərbaycan münaqişənin sülh yolu ilə həllinə sadiqdir, lakin eyni zamanda, Ermənistanın hərbi təxribatı davam edərsə, ölkəmiz BMT-nin xartiyasına uyğun olaraq, öz vətəndaşlarını qoruyacaq və lazım gələrsə, təcavüzkarı 2016-cı ilin aprelində olduğu kimi yenidən cəzalandıracaq.

 

Şərqdən Qərbə, Şimaldan Cənuba gedən ən qısa yollar Azərbaycandan keçir

 

Sessiyada Azərbaycanın müasir, sabit və demokratik dövlət olduğunu, həmçinin ölkəmizdəki multikultral dəyərlər, dini ekstremizmin qarşısının alınmasında atılan addımlar barədə geniş məlumat verən Prezident İlham Əliyev bəyan etdi ki, demokratiyanın inkişafı və insan hüquqlarının müdafiəsi hökumətin əsas prioritetlərindəndir və Azərbaycanda bütün fundamental azadlıqlar, o cümlədən ifadə, mətbuat, yığıncaq və dini azadlıqlar tam şəkildə təmin edilir.
Dövlət başçısı ölkəmizin son 14 ildəki sosial-iqtisadi inkişafını da dəyərləndirərək regionun qüdrətli dövləti kimi həyata keçirdiyi layihələr barədə məlumat verdi. Bildirdi ki, 2004-cü ildə yoxsulluğun səviyyəsi 40 faizdən artıq olan Azərbaycanda indi bu rəqəm cəmi 5-6 faizdir.
Qlobal enerji bazarında mühüm rol oynayan, beynəlxalq bazarlarda etibarlı neft və qaz təchizatçısı olan Azərbaycan dünyanın bir çox ölkələri üçün enerji təhlükəsizliyini təmin edir. Bu gün Azərbaycan öz beynəlxalq tərəfdaşları ilə birlikdə “Cənub qaz dəhlizi” layihəsinin başa çatdırılmasına çox yaxındır. Sərmayələrinin həcmi 40 milyard dollara çatan bu layihə dünyanın ən iri infrastruktur layihələrindən biridir.
Bununla yanaşı, Avropa ilə Asiya arasında yerləşən Azərbaycan Avrasiyada aparıcı nəqliyyat qovşaqlarından birinə çevrilmək istiqamətində öz coğrafi mövqeyindən müdrikcəsinə istifadə edir. Azərbaycan Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinə böyük sərmayələr yatırır. Ölkəmizdən keçən hər iki marşrut Şərqdən Qərbə, Şimaldan Cənuba gedən ən qısa yollar olacaq.
Eyni zamanda, Azərbaycanın kosmik sənayesinin sürətli inkişafı, 2 telekommunikasiya və yer səthinin müşahidəsi peykləri - “Azerspace” və “Azersky” və bu yaxınlarda buraxılacaq “Azerspace-2” adlanan üçüncü peyk ölkəmizi dünya kosmik klubunun üzvləri sırasına daxil edib.

 

Müstəqillik salnaməsində təcəssümünü tapan inkaredilməz gerçəklik

 

Prezident İlham Əliyevin çıxışının ən əlamətdar məqamlarından biri də onun dünya liderlərinə, əslində isə bütün dünya ictimaiyyətinə ölkələrin inkişaf, xalqların isə xoşbəxtlik formulu ilə bağlı mesajı oldu:
- Yalnız azad və müstəqil olduqda, ölkənin taleyi öz xalqının əlində olduğu halda uğur əldə etmək olar.
- Xalqın xoşbəxtliyi ondan ibarətdir ki, o, müstəqil siyasət aparan müstəqil ölkədə yaşayır.
Mübaliğəyə varmadan tam əsasla demək olar ki, İlham Əliyevin bu fikirlərinin nə əlavəyə, nə də əsaslandırılmağa ehtiyac var. Bu iki ali həqiqət dünya siyasi tarixinin əsrlərin sınağından çıxan danılmaz amili və Azərbaycanın 25 illik müstəqillik salnaməsində canlı təcəssümünü tapan inkaredilməz gerçəklikdir.
Amma Azərbaycan miqyasında İlham Əliyevin bu mülahizələrinin bir zəruri əlavəyə ehtiyacı var: Azərbaycanın inkişafı, xalqın xoşbəxtliyi ulu öndər Heydər Əliyev siyasi kursunun sədaqətlə davamında və İlham Əliyevin uğurlu fəaliyyətindədir!
Bəli, biz, eləcə də bütün dünya ictimaiyyəti inkişafımızın və xoşbəxtçiliyimizin təminatçılarını yaxşı tanıyır...

Rəşad BAXŞƏLİYEV,
“Azərbaycan”