Alternative content

AZƏRBAYCAN RESPUBLİKASI MİLLİ MƏCLİSİNİN ORQANI

“Əsrin müqaviləsi”ndən “Yeni əsrin müqaviləsi”nədək

16 Sentyabr 2017
 

23 il əvvəl Xəzərin Azərbaycan sektorundakı “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlarının tammiqyaslı işlənməsi və Hasilatın Pay Bölgüsü Sazişi (HPBS) imzalanmışdır və o, sonralar “Əsrin müqaviləsi” adını almışdır. O zaman ulu öndər Heydər Əliyev böyük uzaqgörənliklə “Əsrin müqaviləsi”nin qarşıdakı inkişaf yolunun, nəhəng işlərin başlanğıcı olduğunu demişdir: “1994-cü il sentyabrın 20-də “Əsrin müqaviləsi”nin imzalanması Azərbaycanın yeni neft strategiyası və doktrinasının başlanğıcıdır”. Zaman göstərdi ki, bu həm də gələcək əsrlərə hesablanmış bir sazişdir. Bu günlərdə AÇG-nin birgə işlənməsi və hasilatın pay bölgüsü haqqında dəyişdirilmiş və yenidən işlənmiş sazişin imzalanması deyilənlərin əyani təsdiqidir. 

Prezident İlham Əliyev 2017-ci il sentyabrın 14-də yeni müqavilənin imzalanması mərasimində bunları bir daha vurğulayaraq demişdir: “23 ildən sonra ulu öndərin adını daşıyan bu möhtəşəm, dünya miqyasında ən gözəl memarlıq abidələrindən biri olan Heydər Əliyev Mərkəzində imzalanma mərasimi keçirilir. Yenə də “Azəri-Çıraq-Günəşli” yatağı üzrə. Bu, eyni zamanda, onu göstərir ki, bu gün Azərbaycanda Heydər Əliyev siyasəti yaşayır və yaşayacaq”.
1994-cü ildə AÇG-nin tammiqyaslı işlənməsi üçün saziş 30 il müddətinə imzalanmışdı. İndi dəyişdirilmiş və yenidən işlənmiş sazişin imzalanması vaxtilə başlanan möhtəşəm işlərə mane olmaq istəyənlərə - xaricdəki əleyhdarlarmıza və daxildə aranı qarışdıran, “sapı özümüzdən olan baltalara” tutarlı cababdır. Onlar “Azərbaycanda neft yoxdur, olmayacaq” deyirdilər. Gələcəkdə nefti nəql edəcək infrastrukturun qurulmasına hər vəchlə mane olmağa can atırdılar.
Azərbaycanda neft olub və var. Yeni müqavilə isə göstərdi ki, hələ bundan sonra da olacaq!
Xəzərin ölkəmizə məxsus sektorunda, sahildən təxminən 120 kilometr şərqdə yerləşən AÇG yataqları dünyanın ən zəngin neft mənbələrindədir. “Çıraq”dan artıq 20 ildir neft hasil olunur. 2005-ci ildən “Azəri” yatağı da neft verməyə başlayıb (“Azəri”nin özü üç hissədən - “Mərkəzi Azəri”, “Qərbi Azəri” və “Şərqi Azəri” yataqlarından ibarətdir ki, bu da təbiətin Azərbaycana bir töhfəsidir). “Günəşli”nin dayaz hissəsi sovet dönəmindən Azərbaycan neftçiləri tərəfindən istismar olunur. Dərinsulu hissəsinin işlənməsi isə “Əsrin müqaviləsi”nin tərkibinə daxildir.
İndiyədək AÇG-dən 3,2 milyard barel (təqribən 440 milyon ton) neft çıxarılıb. Müqavilə imzalanandan bəri layihəyə 33 milyard dollar sərmayə qoyulub. Azərbaycan 125 milyard dollardan çox birbaşa mənfəət əldə edib.
AÇG üzrə HPBS-dən əldə olunan bilavasitə gəlirlərə Azərbaycan Respublikasına bonus ödənişləri, mənfəət neftindən pay, vergilər, təmənnasız səmt qazı, SOCAR-ın mövcud infranstrukturunun (gəmilər, qazma qurğuları, tikinti-quraşdırma sahələri və s.) modernləşdirilməsi, icarə haqları, məşğulluq fonduna, sosial və digər fondlara ödənişlər daxildir.
“Əsrin müqaviləsi”nin imzalanmasından keçən 23 il tarix üçün böyük zaman kəsiyi deyil. Bununla belə, həmin qısa dövr ərzində Azərbaycan bir sıra qlobal layihələr həyata keçirmiş, böyük uğurlara imza atmışdır. Bakıda 55 kilometr cənubda Səngəçal terminalı - dünyanın ən böyük neft-qaz terminallarından biri tikilmişdir. Bakıdan Supsaya uzanan Qərb İxrac Boru Kəməri, üç ölkənin ərazisindən keçən Bakı-Tbilisi-Ceyhan neft və Bakı Tbilisi-Ərzurum qaz kəmərləri çəkilmişdir.
İndi Azərbaycan Bakıdan Avropayadək uzun məsafə qət edən, Xəzərdən başlayıb Adriatik dənizindən keçən bir dəhliz yaradır. Həm də 3500 kilometrlik bu dəhlizin yolları şaxələnəcək, Azərbaycan getdikcə yeni-yeni ölkələri qazla təmin edəcək.
Azərbaycanın götürdüyü xətt düzgün, inkişafı davamlıdır. Özü də hər sahədə! Prezident İlham Əliyevin yeni müqavilənin imzalanmasında dediyi kimi: “Bizim çox böyük maliyyə resurslarımız var. Artıq 1999-cu ildən fəaliyyətə başlamış Azərbaycan Dövlət Neft Fondu bizim üçün çox önəmli bir amildir. Biz valyuta ehtiyatlarımızı artırırıq, hətta neftin qiymətinin aşağı düşməsi ilə əlaqədar yaranmış bəzi çətinliklər də bizi bu yoldan döndərə bilmədi. Biz hətta bu illərdə öz valyuta ehtiyatlarımızı artırmışıq, artıracağıq. Əlbəttə ki, “Əsrin kontraktı”nın uzadılması və “Şahdəniz” layihəsinin, “Cənub qaz dəhlizi”nin icrası nəticəsində bizim maddi imkanlarımız daha da genişlənəcək”.
Beləliklə, AÇG-dən növbəti illərdə çıxarılacaq neftdən gələn gəlirlər ölkəmizin maddi imkanlarının genişləndirilməsinə daha bir təkan verəcək. Çünki AÇG potensialı böyük olan yataqlar blokudur. Hesablamalara görə, burada bir milyard ton neft ehtiyatı var. Deməli, imzalanan saziş - onu haqlı olaraq “Yeni əsrin müqaviləsi” adlandırırlar - 1994-cü ildə imzalanmış sazişdən daha böyük miqyaslıdır. Başqa sözlə, növbəti 32 il ərzində AÇG-nin ölkəmizə gətirdiyi iqtisadi mənfəətlər maksimuma çatdırılacaq.
Yeni müqavilənin şərtləri Azərbaycanın və SOCAR-ın son 23 ildə artan maliyyə və texnoloji potensialını əks etdirməklə yanaşı, həm də xarici tərəfdaş şirkətlərin Azərbaycan iqtisadiyyatına olan inamını da göstərir. Yəni, ölkəmizin yaratdığı tərəfdaşlıq formatını yeni müstəviyə qaldırır.
Tərəfdaşlıqdan söz düşmüşkən, yeni sazişdə AÇG-nin tərəfdaşları dəyişməyib. BP (30,37 faiz, Böyük Britaniya) layihənin operatoru olaraq qalır. SOCAR (Azərbaycan) layihədə AzAÇG şirkəti ilə təmsil olunur. Digərləri “Şevron” (9,57 faiz, ABŞ), “İnpeks” (9,31 faiz, Yaponiya), “Statoyl” (7,27 faiz, Norveç), “EksonMobil” (6,79 faiz, ABŞ), TP (5,73 faiz, Türkiyə), “İtoçu” (3,65 faiz, Yaponiya) və OVL (2,31 faiz, Hindistan) şirkətləridir. Sazişin bir hissəsi olaraq SOCAR-ın layihədəki iştirak payı əvvəlki 11,65 faizdən 25 faizə çatdırılıb.
Ölkəmizdə neft gəlirlərindən düzgün və məqsədyönlü şəkildə istifadə olunur. Azərbaycan Dövlət Neft Fondu dünyadakı ən şəffaf neft fondlarındandır. Ulu öndər Heydər Əliyev düzgün və uzaqgörən siyasət həyata keçirərək neftdən əldə olunan gəlirləri xalqın ən ümdə problemlərinin qısa müddətdə həllinə yönəltmişdir. Bu uğurlu xətt indi Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla həyata keçirilir və günün tələbləri baxımından daha da inkişaf etdirilir. Azərbaycan nefti, əsasən AÇG nefti hesabına ölkədə yeni müasir yollar və möhtəşəm körpülər salınıb. Qaçqın və məcburi köçkünlər üçün yeni qəsəbələr tikilib. Bütün sahələrdə yeni infrastruktur qurulub. Yeni müqavilənin imzalanması mərasimindəki nitqində dövlət başçısı bu barədə də geniş danışmışdır: “Bu gün bizim abadlaşan bölgələrimiz, inkişaf edən ölkə, Bakı şəhəri, - dünyanın ən gözəl şəhərlərindən biridir, - tikdiyimiz 3 mindən artıq məktəb, 600-dən çox xəstəxana, bölgələrdə tikdiyimiz 50-dən çox olimpiya mərkəzi, inşa etdiyimiz 11 min kilometrdən çox yollar, enerji infrastrukturumuz, iqtisadi inkişafımız, iqtisadiyyatın şaxələndirilməsi - bütün bunların təməlində neftdən əldə edilən gəlirlərdən səmərəli istifadə etmə imkanlarımız dayanır”.
İndi Azərbaycanda qeyri-neft sektoru getdikcə şaxələnməkdədir. Kənd təsərrüfatında, eləcə də digər sahələrdə nəzərəçarpan irəliləyişlər əldə olunub. Onların da əsasında neftdən əldə olunan gəlirlər dayanır. Bir sözlə, Azərbaycan neft kapitalını insan kapitalına çevirə bilmişdir. Həyata keçirilən qlobal layihələrin, konkret olaraq AÇG üzrə imzalanan yeni sazişin də bu möhtəşəm işlərə böyük töhfəsi olacaq. Prezident İlham Əliyev baş verən müsbət dəyişikliklərin hamısının məhz hər bir Azərbaycan vətəndaşının həyatında, yaşayışında görünməsinin məqsəd olduğunu vurğulamışdır.

Flora SADIQLI,
“Azərbaycan”