18 Yanvar 2024 09:20
6762
İQTİSADİYYAT
A- A+
Xoşbəxt gəmi

Xoşbəxt gəmi

 

"Mən elə bu gün Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinə göstəriş verirəm ki, gəmiçiliyin yeni gəmisinə Xoşbəxt Yusifzadənin adı verilsin".
2020-ci il yanvarın 14-də Prezident İlham Əliyev bu möhtəşəm xəbəri elə görkəmli neftçi-alim və geoloq,  akademik Xoşbəxt Yusifzadənin özünə bildirdi.  
Üzərindən çox az, cəmi üç ilə yaxın keçdikdən sonra - 2022-ci il dekabrın 7-də isə  dövlət başçısı İlham Əliyev elə yenə də əfsanəvi neftçinin özünün iştirakı ilə "Akademik Xoşbəxt Yusifzadə" tankerinin istismara verilməsi mərasimində iştirak edir, onunla bərabər tankerin istismara verilməsini bildirən lenti kəsirdi...
Azərbaycanın dəniz nəqliyyatı tarixində 1957-ci ildən sonra ilk hadisə idi ki, hər hansı bir gəmiyə həyatda olan şəxsin adı verilmişdi... 
Bu, həm ölkəmizin neft sənayesinin canlı əfsanəsi Xoşbəxt Yusifzadəyə dövlətimizin diqqət və qayğısının ifadəsi, həm də Xoşbəxt Yusifzadənin timsalında qəhrəman neftçilərimizə, dənizçilərimizə verilən yüksək qiymətin ümumi təcəssümü idi. 
Həmin mərasimdə, qocaman neftçi keçirdiyi xoşbəxtlik və minnətdarlıq hisslərini isə bu səmimi sözlərlə dilə gətirmişdi: "Bu gün mənim demək olar ki, ən xoşbəxt günlərimdən biridir. Hər şeyi gözləyərdim, amma dənizdə mənim adıma gəmi olsun, vallah, bunu heç yatıb yuxuda da görə bilməzdim..."

 

Növbəti uğurlu səfər 

 

Səhərə yaxın, saat 4:30-dur. Hələ dan üzü qızarmayıb, Günəş gözə görünmür. Bu zaman üfüqə qədər uzanan ucsuz-bucaqsız dəryanın beşik kimi yırğaladığı bir nəhəng gəmi aram-aram sahilə yaxınlaşır. Əsən soyuq küləyin vıyıltısının müşayiəti ilə suları yara-yara irəliləyən tankerin bütün heyəti bir nəfər kimi ayaq üstündədir. Çıxdıqları daha bir çətin və məsuliyyətli səfəri başa çatdırmalarına dəqiqələr qalıb... 
Artıq saat 5 tamamı göstərir. Gah kükrəyən, gah sakitləşən dalğaların qoynunda ləngər vuran gəmi körpüyə yan alır. Bayaqdan bəri öz yerlərini alan gəmi heyəti də böyük məsuliyyətlə üzərlərinə düşən vəzifəni yerinə yetirməyə başlayır. Kapitan körpüsündən gəminin bütün hərəkətinə nəzarət edən kapitan, köməkçilərinə göstərişlər verir. Bosman lövbər qurğusunun vasitəsilə kapitan köməkçisindən aldığı göstərişləri bir-bir yerinə yetirir. Nəhayət, kəndirlərlə bu dəniz nəhəngi körpüyə möhkəm-möhkəm bənd edilir... 
Növbə gəminin gətirdiyi tonlarla yükü - xam nefti boşaltmağa çatır. Pompa maşinisti gəmidəki xüsusi sistemi işə salaraq yükü sahildəki anbarlara boşaltmağa başlayır, bu zaman  gəminin müvazinətinin pozulmamasına xüsusi diqqət yetirir...
Milli istehsalımız olan və artıq bir ildən artıqdır ki, Xəzərin sularında üzərək yük daşıyan "Akademik Xoşbəxt Yusifzadə" tankerindən və onun peşəkar heyətindən danışırıq... 

 

Bu tanker xeyli özəlliklərə malikdir

 

Ölkəmizin iqtisadiyyatında bütün sahələr üzrə hərtərəfli və yüksək səviyyədə inkişaf gedir. O cümlədən də gəmiçilik sahəsində böyük nailiyyətlər, uğurlar əldə edilib ki, Bakı Gəmiqayırma Zavodunda dünya standartlarına cavab verən gəmilərin istehsalı da bunun əyani göstəricilərindəndir. Bu baxımdan milli istehsalımız olan və müasir avadanlıqlarla təchiz edilmiş "Akademik Xoşbəxt Yusifzadə" tankerinin qısa zamanda istismara verilməsinin özü də Azərbaycan iqtisadiyyatının yüksək potensialını, ölkəmizin sosial-iqtisadi inkişafını bir daha gözlər önünə sərir. 
"Akademik Xoşbəxt Yusifzadə" tankerinin uzunluğu 141, eni 16,9 metrdir.  14 nəfərlik daimi gəmi heyətinə malik  tankerin yükgötürmə qabiliyyəti 7800 tondur. 
İnşasına 2019-cu ilin avqustunda başlanılan tankerdə "Wartsila Finland Oy" (Finlandiya), "Wartsila Svanehoy A/S" (Norveç), "Carrier" (ABŞ), "Gürdesan Gemi Mak.San" və "Tic. A.Ş." (Türkiyə), "Tranzas" (Norveç), "Alfa-Laval" (İsveç) kimi tanınmış istehsalçıların avadanlıqları quraşdırılıb.
Heyət üzvləri tamamilə yerli mütəxəssislərdən ibarət olan tanker üç yarusludur və 15 kayutu var. Xəzər dəniz su hövzəsində üzən tankerdə bütün sistem avtomatlaşdırılıb və birbaşa kapitan körpüsündən idarə olunur. Kapitan körpüsündə idarəetmə panelləri, radar, radioəlaqə, sükan mexanizmi, elektron xəritə, exoloq (dərinliyi göstərən) və sair müasir avadanlıqlar var... 
Tankerdə baş köməkçi vəzifəsində çalışan Xanlar Bəşirov söyləyir ki, gəminin tam müasir avadanlıqlarla təchiz olunması onun idarə edilməsini, sahilə yan almasını, yükləmə və yükboşaltma işini xeyli asanlaşdırır. Baş köməkçi deyir ki, gəmi müasir sükan sisteminə malikdir və 360 dərəcə fırlana bilir. Gəminin həm sükan, həm vinti vəzifəsini yerinə yetirən bu sistem sayəsində tanker yan alanda da əlverişli manevrə malik olur. Tankerin özəlliklərindən biri də, onun eyni zamanda iki ayrı yükü daşımağa qadir olmasıdır. Gəmidə hər trümün öz nasosu var. Digər gəmilərdə yalnız iki nasos burunda, iki nasos arxa hissədə olur. 
O məlumat verir ki, tankerlə xam neft daşıyırlar. Qazaxıstanın Aktau, Türkmənistanın Türkmənbaşı limanlarından da yük daşınır, amma hazırda marşrut istiqamətləri Türkmənistanın Alaca limanıdır. Hazırda o limandan yük götürərək Səngəçal limanına gəliblər: "Həmin limana gedəndə gəmi boş olduğu üçün yolu təxminən 20, 22 saata qət edirik, amma yüklə qayıdanda 27 saata dönürük". 
Baş köməkçi söyləyir ki, atası Sabir Bəşirov da vaxtilə dənizçi olub, ömrünün 40 ilini bu sahəyə həsr edib: "Uşaq vaxtımdan atama deyirdim ki, mən də sənin kimi dənizçi olacam və belə də oldu, bu peşəyə gəldim. Dənizçiliyin çətinliyi sadəcə ailədən uzaq olmaqdır, başqa heç bir problemi yoxdur. Düzdür, küləkli havalarda, fırtınalarda bir az narahatlıq olur, amma müasir gəmi olduğu üçün, hava proqnozunu əvvəlcədən alıb ona uyğun hərəkət edirik. Güclü külək olanda sığınacaqlarda dayanıb  gözləyirik, sakitləşəndə səfərimizi davam edirik. Qaranlıq olanda isə lakatrlar "gəminin gözü" sayılır. Gecə vaxtı sırf onların nəzarəti altında hərəkət edirik. Dumanlı havalarda isə duman siqnallarından istifadə edirik". 
Xanlar Bəşirov deyir ki, milli istehsalımız olan, Azərbaycanın əfsanəvi neftçisinin adını daşıyan, o cümlədən də peşəkar yerli heyətə malik olan bu cür müasir tankerdə çalışmasından böyük fəxr, qürur duyur. 

 

Gənc dənizçinin zəfər yolu 

 

Azərbaycan Dövlət Dəniz Akademiyasının dəniz naviqasiya mühəndisliyi ixtisasını bitirən Kamran İmanov ötən ilin yanvar ayından bu tankerdə işləyir. Hazırda gəmidə növbə köməkçisi (kapitanın ikinci, üçüncü köməkçisi) vəzifəsində çalışan Kamran İmanov bundan əvvəl "Şah İsmayıl Xətai", "Zəngəzur" adlı gəmilərimizdə çalışıb. 
Öyrənirik ki, Kamran İmanov həm də böyük Zəfərimizlə bitən Vətən müharibəsinin iştirakçısı olub. 2020-ci ilin iyul ayında hərbi xidmətə yollanan Kamran İmanov cəmi iki ay sonra işğal altında olan torpaqlarımızın azadlığı uğrunda haqq savaşına qatılıb: "Onsuz da düşməndən bir gün torpaqlarımızı işğaldan azad edəcəyimizi, qisasımızı alacağımızı, şəhidlərimizin qanını yerdə qoymayacağımızı bilirdim. Amma özümün də bu möhtəşəm qələbədə kiçik payımın olacağını, bu xoşbəxtliyi yaşayacağımı heç ağlıma da gətirməzdim". 
Füzuli və Xocavənd istiqamətində döyüş əməliyyatlarında iştirak edən Kamran İmanov deyir ki, ilk gündən bütün döyüşçülərimizdə elə bir ruh yüksəkliyi var idi, sanki qanlı döyüşə getmirdik: "Biz düşmənə olan qisas, tapdaq altında olan yurdlarımızın azadlığının sevinc hissi ilə daim irəliləyirdik. 30 ildən sonra o torpaqlara ilk qədəm qoymağın qürurunu yaşayırdıq". 
"Vətən müharibəsi iştirakçısı", "Füzulinin azad olunmasına görə" və "Xocavəndin azad olunmasına görə" medalları ilə təltif olunan Kamran İmanov 2021-ci ildə hərbi xidmətini başa vuraraq tərxis olunub. O, dənizçi kimi peşə fəaliyyətinə ilk olaraq matrosluqdan başlayıb və zamanla öz sahəsində ixtisaslaşaraq, daha yüksək pillələrə qalxıb: "Dənizdə işləmək böyük məsuliyyət, eyni zamanda daim öz üzərində işləmək, öyrənmək tələb edir. Belə bir deyim var ki, dəniz nəhayətsizdir, onu nə qədər öyrənsən də, bitmək bilmir. Mən də çalışıram ki, daim bu sahəyə aid yeni bilgilər öyrənim, həm də peşəkar dənizçilərimizin təcrübəsindən yararlanım". 

 

Yükboşaltma əməliyyatı gedir...

 

Tankerdə olduğumuz müddətdə yükboşaltma əməliyyatı həyata keçirilirdi. Bu işi  pompa maşinisti (donkerman) Eduard Atakişiyev yerinə yetirirdi. 
54 yaşlı donkerman məlumat verir ki, borular stenderə birləşdirilir və gəmi nasoslarından istifadə edilərək yük boşaldılır. Hazırda isə birinci trümdə olan tankın nasosu işləyir. O bitəndən sonra stender digər boruya bağlanacaq. Ümumilikdə isə bütün yükboşaltma təxminən 16-17 saat çəkəcək: "Eyni zamanda gəminin müvazinətini saxlamasını tənzimləyirəm. Əgər yük borularla bərabər formada paylanmasa, tanker müvazinətini itirər, sağa-sola, önə-arxaya əyilər".
Eduard Atakişiyev vurğulayır ki, dənizçilik çətin peşədir. Dənizin soyuğu, dalğası, fırtınası var. İstər soyuq, istərsə də qar, çovğun olsun, onlar mütləq çöldə olmalı və yükü düzgün yükləyib boşaltmalıdırlar: "Yəni işimiz soyuğa, küləyə baxmır, elə olub ki, hətta dizə kimi qarda da işimizi yerinə yetirmişik. Bu, peşəmizə, dənizçiliyə olan bağlılığımızdan, sevgimizdən irəli gəlir". 
Donkerman onu da qeyd edir ki, bu tankerin müasir avadanlıqlarla təchiz olunması, təbii ki, onların işini də xeyli yüngülləşdirib. 
Gəminin göyərtəsində bosman İlqar Əsədovla da həmsöhbət oluruq. Dənizçi gördüyü iş barədə məlumat verərək, gəminin yanalma zamanında onun burun hissəsində bir kapitan köməkçisi, bir matros, bir də bosman olduğunu deyir: "Biz göstərişləri kapitanın köməkçisi vasitəsilə kapitandan alırıq. Yəni gəmi limana yanaşanda kəndirləri verməyi, yaxud gəminin lövbərə dayanmasını, çıxmasını kapitanın göstərişi ilə gerçəkləşdiririk".  
Ömrünün yarısını, 32 ilini dənizdə keçirdiyini deyən 53 yaşlı bosman bildirir ki, tankerin lövbər qurğusunu idarə edir: "Bu qurğu iki cürdür. Biri hidravlikdir, bu kapitan körpüsünə bağlıdır. Tutaq ki, qəza vaxtı olanda hazırlayıram və yuxarı göndəriş edirəm, özləri lövbəri verirlər. Digəri isə mexanikidir və lövbəri mən verirəm. Kilidlər var, hər birinin arası 27 metrdir. Məsələn, kapitanın baş köməkçisi deyir ki, lövbərin verilməsinə tutaq ki, 6, yaxud beş kilid gedəcək, bəzən bu, metrlə də ifadə olunur, mən də o göstərişə uyğun bunu tənzimləyirəm". 

 

Növbəti səfərlərə yelkən açıldı

 

Tankerin sözün əsl mənasında ən isti, qaynar məkanı isə maşın şöbəsidir. Gəminin ən alt hissəsində yerləşən bu şöbədə adlarını bilmədiyimiz və ilk dəfə gördüyümüz müxtəlif və nəhəng avadanlıqlar var. 
Maşın şöbəsindəki mexanizmlərə nəzarət edən növbə mexaniki Etibar Məmmədov bizi məlumatlandırır ki, burada baş və köməkçi mexanizmlər var. Bu mexanizmlərə qazanlar, dizel generatorları, kompressorlar, nasoslar, müxtəlif qurğu nasosları və sair daxildir. 
Növbə mexaniki tankerin maşın şöbəsinə daxil olub, oradakı mexanizmlərə nəzarət edir və işlək vəziyyətdə olub-olmamasına baxır. Həmçinin lazımi mexanizmləri yanacaqla, su ilə təmin edir. Nasazlıq aşkar etdikdə dərhal baş mexanikə xəbər edir və ona uyğun da bu nasazlıq aradan qaldırılır: "Açığı, müasir gəmidir deyə, burada ciddi nasazlıq olmayıb. Xırda-para nəsə olanda da tez aradan qaldırılır. Həmçinin tankerin müasir olması işimizin də köhnə gəmilərdəkindən daha rahat olmasına səbəb olub". 
Bu, "Akademik Xoşbəxt Yusifzadə" tankerində keçirdiyimiz bir iş gününün xülasəsi idi. Ölkəmizin milli istehsalı olan müasir tankerimizə getdik və onun peşəkar yerli heyətinin iş prosesini maraqla müşahidə etdik. Biz orada olduğumuz müddətdə tankerin gətirdiyi yük böyük ustalıqla boşaldıldı və peşəkar gəmi heyəti növbəti səfərlərinə uğurla yelkən açdı...

Yasəmən MUSAYEVA, 
İlham Babayev (foto),
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ və İran arasında növbəti danışıqlar fevralın 27-si baş tuta bilər

19:35
22 Fevral

Trampın iqamətgahına girmək istəyən şəxs güllələnib

18:56
22 Fevral

Tədqiqat: Qışda Günəş işığı çatışmazlığı yuxunu pozur və əhvali-ruhiyyəni aşağı salır

18:09
22 Fevral

Azərbaycan gimnastları Bakıdakı Dünya Kubokunu 6 medalla bitiriblər

16:39
22 Fevral

“Sabah” qəzeti: Azərbaycan və Türkiyə Silahlı Qüvvələri ortaq taleyin birləşdirdiyi ordulardır

15:53
22 Fevral

Sabah Bakıda hava yağmursuz keçəcək

13:42
22 Fevral

Pallonenin əlinə fürsət verənlər onunla eyni məkrli əqidəni bölüşdüklərini təsdiqləyirlər

13:21
22 Fevral

Müdafiə naziri HHQ-nin bölmələrində olub, müvafiq göstərişlər verib  

12:17
22 Fevral

İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Əlahəzrət Salman bin Əbdüləziz Al Səuda

11:05
22 Fevral

Aleksandr Sırski: Ukraynada müharibə hələ dalana dirənməyib  

11:01
22 Fevral

Şamaxıda zəlzələ olub

10:53
22 Fevral

ABŞ qüvvələri Suriyadakı “Qəsrək” bazasını təhvil verir  

00:41
22 Fevral

Azərbaycan və Pakistan XİN başçıları regional və beynəlxalq təhlükəsizliyi müzakirə ediblər  

23:51
21 Fevral

Türkiyə parlamentində Xocalı soyqırımı qurbanlarının xatirəsinə həsr olunmuş tədbir keçiriləcək  

21:28
21 Fevral

“Araz-Naxçıvan” səfərdə “Karvan Yevlax”ı məğlub edib

20:34
21 Fevral

Dövlət idarəçiliyində humanizm və qətiyyətin sintezi

18:19
21 Fevral

Şəhid həkimin xatirəsi ehtiramla yad edilib

18:13
21 Fevral

Moldova Azərbaycanlıları Konqresinin “Bazar günü məktəbi”nin şagirdləri Xalq artisti Emin Ağalarovla görüşüblər  

16:57
21 Fevral

Naxçıvanla bağlı Sərəncam: qlobal çağırışlar, vahid sosial-iqtisadi inkişaf strategiyası  

16:34
21 Fevral

Müdafiə Nazirliyinin rəhbər heyəti hava hücumundan müdafiə bölmələrinin fəaliyyətini yoxlayıb  

16:30
21 Fevral

TÜRKPA nümayəndə heyəti Vyanada ATƏT PA-nın qış sessiyasında iştirak edir

15:59
21 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!