Son illər Azərbaycanın həyata keçirdiyi ardıcıl dövlət siyasəti ölkəni Cənubi Qafqazın aparıcı siyasi, iqtisadi və diplomatik gücünə çevirib. Prezident İlham Əliyevin rəhbərliyi ilə müəyyənləşdirilən inkişaf strategiyası nəticəsində Azərbaycan təkcə regionda deyil, daha geniş coğrafiyada etibarlı tərəfdaş və nüfuzlu dövlət kimi qəbul olunur.
Bunu AZƏRTAC-a açıqlamasında türkiyəli siyasi ekspert Cafer Dal bildirib.
Onun sözlərinə görə, bu gün ölkənin beynəlxalq proseslərə təsir imkanlarının genişlənməsi, irəli sürdüyü təşəbbüslərin dəstək qazanması və müxtəlif platformalarda nümayiş etdirdiyi prinsipial mövqe onun qlobal səviyyədə artan rolunun bariz göstəricisidir: “Azərbaycanın əldə etdiyi uğurlar təsadüfi deyil. Bu nəticələr uzunmüddətli strateji planlaşdırmanın, milli maraqlara söykənən siyasətin və dövlət idarəçiliyində ardıcıllığın məntiqi yekunudur. Ölkənin iqtisadi dayanıqlığının möhkəmləndirilməsi, enerji sektorunda əldə olunan nailiyyətlər, qeyri-neft iqtisadiyyatının inkişafı, müasir infrastrukturun yaradılması və rəqəmsallaşma istiqamətində atılan addımlar Azərbaycanın regional liderliyini daha da gücləndirib”.
Cafer Dal vurğulayıb ki, Azərbaycanın xarici siyasətinin əsas üstünlüklərindən biri müstəqil qərarlar qəbul etməsi və milli maraqları hər zaman prioritet hesab etməsidir. Ölkə heç bir xarici təsir mərkəzindən asılı olmayan, balanslaşdırılmış və çoxşaxəli diplomatiya həyata keçirərək həm Şərq, həm də Qərb dövlətləri ilə qarşılıqlı hörmətə əsaslanan münasibətlər qurmağı bacarıb. Bu yanaşma beynəlxalq ictimaiyyətdə Azərbaycana olan etimadı daha da artırıb.
“Hazırda Azərbaycan Avrasiyanın əsas nəqliyyat və logistika qovşaqlarından biri kimi çıxış edir. Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında ölkənin rolu ildən-ilə artır. Orta Dəhlizin imkanlarının genişləndirilməsi, dəmir yolu və dəniz nəqliyyatı infrastrukturunun müasirləşdirilməsi, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının fəaliyyətinin genişləndirilməsi Azərbaycanın qlobal ticarət marşrutlarında strateji mövqeyini daha da möhkəmləndirib. Enerji sahəsində həyata keçirilən layihələr də Azərbaycanın beynəlxalq nüfuzunu əhəmiyyətli dərəcədə yüksəldib. Xəzər hövzəsinin zəngin enerji resurslarının dünya bazarlarına təhlükəsiz şəkildə çatdırılması, Avropanın enerji təhlükəsizliyinə verilən töhfələr və bərpaolunan enerji istiqamətində həyata keçirilən yeni layihələr ölkənin etibarlı enerji tərəfdaşı kimi mövqeyini gücləndirib. Bu siyasət Azərbaycanın yalnız enerji ixracatçısı deyil, həm də qlobal enerji təhlükəsizliyinə töhfə verən məsuliyyətli dövlət olduğunu nümayiş etdirir”, - deyə ekspert bildirib.
O hesab edir ki, Azərbaycanın beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan mövqeyi ölkənin diplomatik uğurlarını şərtləndirən əsas amillərdəndir. Dövlətin beynəlxalq öhdəliklərinə sadiqliyi, çoxtərəfli əməkdaşlığa verdiyi önəm və qlobal problemlərin həllinə konstruktiv yanaşması müxtəlif beynəlxalq platformalarda yüksək qiymətləndirilir. Bu gün Azərbaycan beynəlxalq təşkilatlar çərçivəsində fəal iştirak edən, mühüm təşəbbüslərlə çıxış edən və etibarlı tərəfdaş kimi qəbul olunan ölkələr sırasındadır.
Ekspert diqqətə çatdırıb ki, Azərbaycanın beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsi də ölkənin artan nüfuzunun mühüm göstəricisidir. Dünyanın müxtəlif ölkələrindən dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilat rəhbərlərinin və ekspertlərin Bakıda keçirilən tədbirlərdə fəal iştirakı Azərbaycanın dialoq, əməkdaşlıq və qarşılıqlı etimad məkanı kimi qəbul edildiyini göstərir. Belə platformalar regional və qlobal problemlərin müzakirəsinə, yeni əməkdaşlıq formatlarının formalaşmasına mühüm töhfə verir.
Cafer Dal bildirib ki, Azərbaycan-Türkiyə strateji müttəfiqliyi də regionun gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır. İki qardaş ölkə siyasi, iqtisadi, enerji, nəqliyyat, müdafiə sənayesi və humanitar sahələrdə uğurlu əməkdaşlıq modeli formalaşdırıb. Bu əməkdaşlıq təkcə iki dövlətin milli maraqlarına xidmət etmir, eyni zamanda, Cənubi Qafqazda sabitliyin, təhlükəsizliyin və iqtisadi inteqrasiyanın güclənməsinə də mühüm töhfə verir: “Azərbaycanın təşəbbüsü və fəal iştirakı ilə həyata keçirilən beynəlxalq layihələr regionun geosiyasi əhəmiyyətini artırmaqla yanaşı, müxtəlif ölkələr arasında qarşılıqlı iqtisadi əlaqələrin möhkəmlənməsinə də şərait yaradır. Bu baxımdan Azərbaycan etibarlı tərəfdaş, sabitlik yaradan və əməkdaşlığı təşviq edən dövlət kimi fərqlənir. Azərbaycanın güclü iqtisadi potensialı, müasir Silahlı Qüvvələri, davamlı sosial-iqtisadi inkişafı və çevik diplomatiyası ölkənin regional liderlik mövqeyini daha da möhkəmləndirir. Dövlətin milli maraqları qətiyyətlə müdafiə etməsi, beynəlxalq münasibətlər sistemində prinsipial mövqe nümayiş etdirməsi və bütün tərəfdaşlarla bərabərhüquqlu əməkdaşlıq prinsiplərinə sadiq qalması dünya miqyasında yüksək qiymətləndirilir. Azərbaycanın əldə etdiyi beynəlxalq nüfuz gələcək illərdə də artmaqda davam edəcək”.
Ekspertin qənaətincə, ölkəmizin həyata keçirdiyi müstəqil siyasət, strateji baxışa əsaslanan inkişaf modeli, güclü iqtisadi imkanları və fəal diplomatiyası Azərbaycanın Cənubi Qafqazın aparıcı dövləti kimi mövqeyini daha da möhkəmləndirəcək, eyni zamanda, qlobal əməkdaşlıq, regional sabitlik və beynəlxalq təhlükəsizliyə verdiyi töhfələri artıracaq.